İkinci fəsil
Səhifə 2 / 3 · 33%
– Bəs Spartakı hardan tanıyırsan? – deyə soruşdu.
– Mənim bir rəfiqəm var, onun tanışıdır.
“Tanışıdır” sözü Zaurun bütün içini qaynatdı, axı bilirdi Spartakla tanışlıq qadınçün nə deməkdir.
Təhminə birdən:
– Saxla, – dedi. Zaur əyləci basdı və maşın iri dəmir darvazanın düz qabağında dayandı.
– Nədir?
– Gəl düşək. Bilirsən bu eyvandan nə gözəl mənzərə görünür. Adamın ürəyi açılır.
– Bircə elə bu çatmırdı. Özgənin bağında nə işimiz var?
– Tərsliyinə salma, bircə dəqiqəliyə düşək.
Zaur könülsüz-könülsüz maşından çıxdı.
– Deyəsən, sən bu eyvandan çox seyr eləmisən mənzərəni, – dedi.
– Heç ağlıma da gəlməzdi ki, sən Murtuzovgilə gedib-gəlirsən? Bakıda da gəliş-gedişiniz var? Bəs nə əcəb heç rastlaşmamışıq bizim həyətdə?
– Əşi, yox, canım. Bakıda heç evlərini tanımıram. Bu bağda da bircə dəfə olmuşam... Qonaqlıq idi, çoxlu adam vardı, mən də haradansa gəlib düşmüşdüm onların kompaniyasına...
– Kim verirdi qonaqlığı, Spartak, ya Murtuz Balayeviç?
– Murtuz Balayeviç kimdir. Spartakın atası? Heç onun sifətini də görməmişəm. Qonaqlığı Spartak düzəltmişdi... O vaxt mənim rəfiqəmlə gəzirdi. Deyəsən, Spartakın ad günü idi, yadımda deyil, bir söz, məni də dartıb gətirdilər.
– Sən əlbəttə, tək idin, ərsiz...
– Allahu-əkbər. Nə belə məni sorğu-suala tutmusan? hə, Manaf, deyəsən, doğrudan da, Bakıda yox idi.
Zaur:
– Tiflisdəydi, – dedi və dərhal da dediyinə peşman oldu... Elə bil Təhminə birdən-birə söndü, içinə çəkilib büzüşdü. Axı hər ikisinin yadında idi: Təhminə Zaura özü demişdi ki, Manafın Tiflisdə aşnası var, ara-sıra bəhanə tapıb onun yanına cumur. İndi Zaur ona məhrəmliklə açılmış bu sirri şapalaq kimi çırpmışdı Təhminənin üzünə.
Təhminə qəmli-qəmli başını buladı.
– Özün bil, – dedi. – Mən istəyirdim ki, eyvandan baxasan, dəniz, kənd çox qəşəng görünür. İstəmirsən baxma, daha məni sancmaq nəyə lazımdır?
Zaur günahını yumaq üçün yumşaqlıqla:
– Axı qapı bağlıdır, – dedi və nəvazişlə Təhminənin gözlərinin içinə baxdı.
Təhminə, doğrudan da, elə bil yumşaldı.
– Bəs, uşaqlıqda heç üzüm oğurluğuna getməmisən? – dedi. – Bir yandan da idmançısan hələ, aş görüm bu barını.
Zaur da bu yarızarafat danışıq və davranış tərzini saxlamağa çalışdı, odur ki, qıvraq bir hərəkətlə tullanıb barının üstündən yapışdı, dartınıb hasarın üstünə çıxdı və o tərəfə aşdı... Darvazanı taybatay açdı və Təhminəni içəri dəvət elədi.
– Buyuracaqsınız, xanım, – dedi.
Axar-baxarlı eyvandan dənizin, sahilin, qəsəbənin geniş mənzərəsini seyr edirdilər. Eyvanın döşəməsində azı bir on cüt köhnə, yırtıq çəkmə, məst vardı. Onların arasında nimdaş dikdaban qadın ayaqqabıları da vardı,
Təhminə:
– Vaxtilə bu ayaqqabılar dəb idi, – dedi və qəfilcən xəbər aldı. – Bacısını necə, tanıyırsan? Spartakın bacısını.
– Firanı? Əlbəttə, tanıyıram. Dedim axı – bizim qonşularımızdır. Nədir ki?
– Heç. Deyirlər, çox gözəl qızdır, mən görməmişəm...
– Bilmirəm, – dedi, – fikir verməmişəm: gözəldir, ya yox.
Zaur bunu müəyyən əsəbiliklə dedi, çünki xoşu gəlmirdi Murtuzovlardan. Doğrudur, Fira haqqında bunu deyə bilməzdi, bu cavan qızcığazdan nə xoşu, nə acığı gəlirdi. Elə bil o heç yoxmuş, amma ata-anasından, illah da qardaşından zənd-zəhləsi gedirdi.
– Hər halda, – dedi, – Fira ailələrinin başqa üzvlərindən bir cəhətcə üstündür ki, dinib danışmır, heç olmasa həmişə susur...
– Deyəsən, onlarla aran yoxdur, hə? Doğrudan a, heç ağlıma gəlmir, – harda görünüb ki, qonşu-qonşuyla yola getsin... Mətbəxdə yəqin, gündə dava-mərəkədir, xəlvətə salıb bir-birinizin qazanına çəngəllə duz atırsız, elədi?
Zaur quru tərzdə dedi:
– Çox üzr istəyirəm, amma bizim mətbəxlərimiz ayrı-ayrıdır, mənzillərimiz də başqa-başqa mərtəbələrdədir.
– Belə de. Onda deməli qonşuyla ədavət daha yüksək zəmindədir? Murtuzovgil təzə fin mebeli alıblar, amma bizimki, Zeynalovlarınkı köhnə ərəb mebelidir, dad-bidad!
Zaur:
– Adamı sancıb-dalamaqdan ləzzət alırsan? – dedi,
– Yaxşı, yaxşı, mısmırığını sallama, canım-ciyərim, – dərindən nəfəs aldı, – ciyər demişkən, dərindən nəfəs al, Zaur, – dedi, – çək bu havanı ciyərlərinə, məcundur bu... Oxqay...
Zaur siqaret çıxartdı. Təhminə:
– Çəkmə, – dedi, – özünü zəhərləmə. Bir bu təmiz dəniz havasını doyunca ud.
Zaur siqareti qutusuna qoydu.
– Ay səni Zaurik, qiyamət oğlansan.
– Yaxşı, söhbətimiz yarımçıq qaldı axı... Başa salmadın məni ki, niyə bu axırıncı görüşümüzdür və nə səbəbdən ayrılmalıyıq.
– Nə səbəbdən? – Təhminə çiyinlərini çəkdi. – Bunu izah eləmək uzun çəkərdi. O qədər səbəb var ki... Məsələn, belə bir səbəb: birdən bir səhər yuxudan durarıq, görərik ki, bir qəlbdən min qəlbə aşiq olmuşuq bir-birimizə. Hər halda ikimizdən birimiz, tutalım elə mən, aşiq oldum sənə, vuruldum. Onda necə olsun?.. Kimə lazımdır bu – sənə, mənə?.. Bir də ki... ümumiyyətlə, axı, həyatı qəlizləşdirmək neçin, hə? Onsuz da cəncəldir bu həyat...
Zaur düşündü ki, onu düz deyir, həyatı qəlizləşdirmək nəyə gərək?
– Axı belə məlum oldu ki, bu cəhətdən arxayınçılıqdır, – dedi. – Sən aşiq olub eləyən deyilsən, olsaydın olardın da, üç aydır görüşürük – vurulub eləməmisən ki? – “Aşiq olmaq”, “vurulmaq” sözlərini hər ikisi yüngül bir istehzayla tələffüz edirdi. – Hə, vurulmamısan ki, mənə? Düz demirəm?
Təhminə:
– Bəs, sən? – dedi,
– Mən!
– Bəli, sən. Sən necə, vurulmusan?..
– Əlbəttə. Bu nə sözdür. Mən elə birinci görüşümüzdən dəli-divanəyəm... Axı sənə də ilk görüşdən dedim ki sevirəm səni... Məcnun kimi, mən nə bilim, Kərəm kimi, Fərhad kimi...
– Dayan, dayan, küyə basma... Demək – bir şeydir, duymaq, dediklərini doğrudan-doğruya hiss etmək – başqa şey... Bir də ki, sən bütün bu yağlı dilləri o vaxt, üç ay bundan qabaq tökürdün, onda aramızda heç bir şey yox idi. Bəs indi, indi də bu sözləri təkrar eləyə bilərsənmi. Belə yarızarafatnan, lağ-lağıya sala-sala, masqaraya qoya-qoya yox, ciddi-ciddi, tam ciddiliklə... dilinə gətirə bilərsən bu sözləri?..
– Dəli olmusan, Təhminə?.. Əlbəttə, mən zarafat eləmirəm, ciddi sözümdür, doğrudan da sevirəm səni... vurulmuşam sənə...
Zaur bu sözləri deyirdi, amma özü də hiss edirdi ki, tamamilə tutumsuz, içi boş sözləri tələffüz edir, bu sözlərin dalında duran duyğuların heç birini həqiqətdə yaşamadan deyir. Hətta bu yarızarafat tərziylə də gizlədə bilmirdi yalanını və Təhminə də bunu dərhal duydu: tükü-tükdən seçərdi Təhminə...
– Yaxşı, di boşla, Zaur, – dedi. – Adamın lap ürəyi qalxır sənin bu sözlərindən... havayı-havayı danışdıq, bəsdir.
Zaur əlini Təhminənin üzünə çəkdi. Bilirdi ki, sözlər kara gəlməyəndə, gücsüzləşəndə köməyə hərəkətlər, əllərin nəvazişi, sığal, təbəssüm yetir. Təhminə onun əlindən yapışdı, bir qədər öz sifətində saxladı Zaurun əlini, sonra üzündən araladı, çevrilib ovcunun içinə baxdı. Elə baxdı, elə bil Zaurun əlinin içini birinci dəfəydi görürdü.
– Əllərin nə iridir, Zaurik! – dedi.
Haradansa, çox uzaqlardan elektrik qatarının səsi gəldi və bu səs uzun müddət havada qaldı, sonra yavaş-yavaş əriyib itdi...
Təhminə şəhadət barmağını Zaurun ovcunun içinə dirədi, yumşaq, pişik cırmağı kimi iti bir hərəkətlə dırnağını Zaurun ovcundakı cızıqlara çəkdi və dedi:
– İstəyirsən falına baxım?
– Baxa bilərsən?
– Əlbəttə. O biri əlini də aç görüm.
Zaurun hər iki əlini əlləri arasına aldı, uzun-uzadı ovuclarının içinə tamaşa elədi.
– Sağ əl keçmiş və indiki vaxtdır. Ona görə ki, sağ əl fəaldır, işdədir, olmuş və indi bu saat olacaq işləri göstərir. Sol əl isə gələcəkdir, hələ olacaq hadisələri xəbər verir, odur ki, hələ hərəkəti azdır, passivdir... Bax, bu xətlər xoşbəxtlik, yalqızlıq, kədər xətləridir... Bu gözləmədir, bu xətt isə qəribə, gözlənilməz işlərə qadir olub-olmamağını göstərir. Görək indi səndə necədir? Bax bu, şöhrət xəttidir, səndə var bu xətt. Bu xətt Ay xəttindən başlanır, yəni real həyatdan daha çox fantaziyalara qapılırsan... Amma bu xətt də real həyat xəttinə qovuşur. Bunu görürsən, bax, bu xətt... Aha... İşə bax, iki, ya üç uşağın olacaq – hər halda ikisi mütləq oğlan uşağıdır...
– Yəni bunu da təyin eləmək olur?
– Bəs necə? Elə bilirsən halvaymış səninçün... Bax, bu xətti görürsən – sənin bir bacarığın varmış – bütün hisslərini, düşüncələrini işə, zəhmətə yönəldə bilirsənmiş... Şüurun dəqiqdir, müstəqimdir, bir balaca, lap belə cüzi dərəcədə xəyala, fantaziyaya meyil edirsən... Lap qoca yaşlarınacan ömür sürəcəksən və axıra qədər də həyatı sevəcəksən... Dövlətin çox olmayacaq. Başqa şəhərə köçüb eləməyəcəksən... Aha,.. bu xətt mübarizə xəttidir, amma o heç bir başqa xəttə qovuşub eləmir. Bax, bu da Venera kəməridir – sevmək və aldanmaq bacarığı... Bu xətt də yarıda qırılır... Bütün xətlər elə bil yarımçıqdır e, Zaurik!
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Üç yüz otuz üç!Heç kəs hay vermədi.
Nərgizin Xoruz babaya məktubuSalam, Xoruz baba!Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizin tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn, sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, qırqovul, cüllüt, dolaşa, duma, bayquş, kəklik. Ev quşları: toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş.
İki – birFələk iki-bir atdı*Bəxtimin nərdi kimi*
Dadaşın professor Teymur Mahmudova məktubuMoskvaDobrolyubov küçəsi, 11-ci ev, mənzil 7