Üçüncü fəsil
Səhifə 4 / 4 · 75%
Zaur bu bulanıq söz selinin qarşısında tam bir köməksizlik duyurdu, axı, hissə qapılıb çılğın etirazlardan başqa nəylə-hansı dəqiq faktlarla, dəlil-sübutlarla bu axının qarşısında dura bilərdi. Dadaş ancaq gülərdi onun çılğınlığına, “Ürəyi təmiz uşaqsan, onunçün də aldanırsan, onunçün də səni aldadıb barmağına dolaya bilib” – deyərdi, deməsə də düşünərdi. həm də axı Zaur özü əmin deyildi ki, Dadaşın sözləri tək bir quru böhtandır. Təhminənin hər yerdə tanışları vardı, – doğrudan da, beləydi bu – ən müxtəlif adamlar, cürbəcür peşə sahibləri düşməzdi dilindən. Gərək paltarlarını Bakının ən yaxşı dərzisində tikdirəydi, gərək şəkillərini beynəlxalq konkurslarda mükafatlar almış məşhur fotoqraf çəkəydi, bərbəri də gərək şəhərdə birinci bərbər olaydı, diş həkimi də. Nə deyirsən de, belə şeylərin dəlisiydi Təhminə. Belə şeylər, bu cür həyat tərzi isə müəyyən adamlarla, əksər hallarda kişi xeylaqlarıyla əlaqədar idi və belə olan surətdə, bütün bu imtiyazları havayı qazanmırdı ki, Təhminə. Təmənnasız olunmurdu ona bu lütfkarlıq – tapılmayan geyimlər, növbəsiz biletlər, qit şeylər...
Dünəndən bəri ikinci dəfədir ki, Zaur Təhminə haqqında dəhşətli şeylər eşidirdi və onu ağrıdırdı eşitdikləri. Amma məgər üç ay bundan qabaq – yaxınlıqlarından əvvəl də eşidib qulaqardına vurmurdumu ara-sıra aralığa düşən bu cür söhbətləri?.. Onda niyə bu söhbətlər Zaurun zərrəcə vecinə deyildi? Əksinə, bəlkə bu söhbətlər bir növ Zauru şirnikdirmişdi də. Bəlkə də haradasa, qəlbinin dərinliklərində fikirləşmişdi ki, əgər Təhminə, doğrudan da, belə “yüngülməcazdırsa”, ayağı sürüşkəndirsə, mən niyə kənarda qalım? Zaur istədiyinə nail oldu, daha indi ağrımaq, nəyisə ürəyinə salmaq neyçün? Olan olub, keçən keçib... Mənim nə borcuma? Təhminə kimdir ki, mənimçün? Üç ayın xoş xatirələri, vəssalam.
Belə düşünürdüsə də, haradansa xəstə diş kimi hovutqayıb zoqquldayan ağrını da ovuda bilmirdi. Hər halda Dadaşın cavabını verməli idi:
– Mən heç bilməzdim ki, – dedi, – siz Təhminə haqqında belə pis danışarsız.
Dadaş quru bir tərzdə:
– Mən olanı deyirəm, – dedi. – Səni də xəbərdar edirəm. Çünki sən də mənim oğlumsan. Əmin kimi sənin...
Çox gülməli çıxdı: “Mən sənin əminəm, sən mənim oğlum” və Zaur qəhqəhə çəkdi. Əsəbi bir gülüş idi bu, Dadaşın düz gözlərinin içinə baxa-baxa gülürdü. Və gülə-gülə də:
– Nə siz mənim əmimsiniz, – dedi, – nə də mən sizin oğlunuz. Mən uşaq deyiləm... Nə elədiyimi özüm bilərəm...
Düz üzünə dedi bunu Dadaşın və özünün də xoşuna gəldi ki, fikrini necə də açıq, mərd-mərdanə bu burmu ziyilli kişinin üzünə çırpdı.
“Mənimlə ömürlük düşmən olacaq, cəhənnəmə ki, olur-olsun. Əlindən gələni beş qaba çəksin” deyə düşündü və xudahafizləşmədən şəstlə otaqdan çıxdı...
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?*Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?*
On altıncı fəsilƏgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox,*Və gər şərhi-qəmi-pünhanım etsəm qəmküsarın yox.*
On yeddinci fəsilVəfa hər kimsədən kim istədim ondan cəfa gördüm,*Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.*
On səkkizinci fəsilYandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,*Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.*
Başqa şairlərin şeirləri
Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.