Səhifə 1 / 2

Məhrəm qoyub önərmə sinəmdə qanlı dağı,

Söndürmə öz əlinlə yandırdığın çırağı.

Əvvəl elə bildi ki, öz “Moskviç”ini sürür, sonra birdən başa düşdü ki, yox öz maşını, həm də “Moskviç” deyil bu maşın, çəhrayı “Volqa”dır. “Volqa”nın sükanı arxasında idi Zaur, özü də lüt idi, – bircə mayka vardı əynində, amma maşını geniş və izdihamlı küçəylə sürürdü. Əvvəl ona elə gəldi ki, bu küçə Moskvadakı Leninqrad prospektidir, sonra gördü ki, yox, Bakıdakı Nərimanov prospektiylə sürür... Tindən milislər çıxdılar, işarə elədilər ki, Zaur saxlasın maşını. Zaur saxlamadı, saxlaya da bilməzdi, axı özgənin maşınını qaçırtmışdı – bu bir, maşın sürmək vəsiqəsini götürməmişdi – bu iki, lüt idi, heç trusiki də yox idi əynində, bircə mayka vardı və maykayla birtəhər örtünmək istəyirdi – bu üç, həm də dəm idi, – bu da dörd – kababxanada “Ekstra” arağı və çex pivəsi içmişdi, bütün bunlarla bərabər küçənin tərs istiqamətində sürürdü, bu da beş, bu da altı, yeddi, səkkiz, kimsə elə bil onun başının üstündə sayırdı və Zaur başa düşürdü ki, yuxudadır, amma ona elə gəlirdi ki, bunu başa düşəndən sonra ayılıb yuxudan və yuxuda yox, doğrudan doğruya, real gerçəklikdə maşın sürür, sükan arxasındadır, əynində də tək bircə maykası var və dəhşətlə onu da duyurdu ki, tək deyil, maşının içində kimsə başqa bir nəfər də var – haçan mindirmişdi bu adamı, yadına gəlmir, yox, heç kəsi mindirməmişdi, amma maşının arxa kürsüsündə kimsə vardı və Zaur çevrilib o sərnişinə baxmasa da, onu görməsə də, nəfəsindən kim olduğunu bilirdi – Təhminə oturmuşdu arxada. Milislər iki motosikldə Zaurun maşınını qovurdular, amma dünya dağılsa da Zaur onların təqibindən qaçıb qurtarmalıydı, çünki ələ keçsəydi biabırçılıq olardı, professor oğlu özgənin maşınını qaçırdıb, həm də kimin maşınını – öz qonşusu Spartakın maşınını?.. Özü də təsəvvür edirsiz, şəhərin içində, günün günorta çağı sükan dalında lüt ətcəbala oturub, bu da kifayət deyilmiş, maşınına yad bir arvadı da mindirib, başqa bir kişinin arvadını – axı Təhminə Dadaşın arvadı idi. Bir az qabaq da məhkəmədə keçmiş əri Muxtardan boşanmış, Dadaşa ərə getmişdi, amma Dadaş da ikiləşirdi, kimsə başqa bir adam da vardı, eynilə Dadaşa oxşayan, onun kimi potaboy, yekəqarın, burnu ziyilli və əlləri də eynilə Dadaşın əlləri kimi gödək, barmaqları da beləcə qısa və toppuş; amma bu adam Dadaş deyildi, onun ikiləşmiş surəti idi. Kim idi bu adam, kim idisə noyabrda pomidor və xiyar yeyirdi, indi də həmin adam tüfəngini Zaurun peysərinə tuşlamışdı, gözləyirdi ki, maşın sürətini bir azca yavaşıtsın və o zaman tətiyi çəkəcəkdi bu adam – bu ikinci Dadaş. Zaur bunu duyduğu üçün sürəti daha da artırırdı, nəhayət, qazı axıracan basdı. Ayağı möhkəm metal səddə dirəndi – sonuncu sürətə çatmışdı, bundan tez gedə bilməzdi maşın... və əksinə sürət get-gedə azalmağa başladı və bu zaman arxadan tüfəng atmağa başladılar. Atan milis paltarı geymiş iki Dadaş idi, amma qəribədir, tüfənglərinin patronları qırmayla deyil, toxumla doldurulmuşdu və Təhminə dedi ki, bu gül toxumlarıdır. Bu zaman qarşı tərəfdən də onlara sarı motosikletlər gəlməyə başladı – hamı burdaydı – Spartak da, atası Murtuz da, Mədinə də, Muxtar da...

Birdən Təhminə arxadan Zaurun boynunu qucaqladı, daha doğrusu qollarını uzun şərf kimi Zaurun boğazına doladı, Zauru boğmağa başladı. Zaur xilas olmaq üçün əllərini sükandan ayırdı. Təhminənin qollarını boğazından qoparmağa çalışdı. Təhminə isə həmin andaca sükandan yapışdı və kəskin hərəkətlə sükanı sola burdu, maşın sola döndü və hər ikisi gördülər ki, yolun sol kənarında dibi görünməyən bir uçurum var və maşın da düz bu uçuruma tərəf gedir...

– Nə olub, a kişi, nə qışqırırsan. – Zaur bu səsə və birdən otağı bürümüş işığa ayıldı. Qapıda Azər Mərdanov dayanmışdı. Azərin əynində zolaq-zolaq piyama vardı. Azər təbəssümlə:

– Nə yaman qışqırırsan. Qara basırdı səni? – dedi.

Zaur:

– Qışqırırdım? – deyə xəbər aldı.

– Bilirsən necə? O biri otaqda eşidib durdum.

Zaurun çarpayısının baş tərəfində pəncərə vardı və pəncərəyə damcı-damcı yağış yağırdı...

Zaur:

– Bağışla, səni də yuxudan elədim, – dedi və əlini uzadıb siqaret götürdü.

Azər işığı keçirib öz otağına keçdi. Zaur siqaretini odladı...

Dünən küçələri dolaşa-dolaşa gəlib bura – köhnə universitet yoldaşı Azər Mərdanovun mənzilinə çıxmışdı. Xoş bir təsadüfdən Azər bu axşam ekspedisiyada deyildi, Bakıdaydı. Zaurun macəralarından bixəbər idi Azər, Zaur da heç nə danışmadı ona. Bircə onu dedi ki, müəyyən səbəblərə görə bir neçə gün Azərgildə qalmaq istəyir, əlbəttə, əgər mümkündürsə, Azəri narahat eləməzsə...

Azər:

– Nə narahatçılıq, canım, nə danışırsan, istəyirsən lap bir il qal, – dedi. – Onsuz da üç gündən sonra ekspedisiyaya gedirəm.

Bəlkə də Zaur bura təsadüfən gəlib çıxmamışdı. Azərin subay həyatından da xəbərdar idi, qonaqpərvərliyindən də, amma bəlkə bura gəlməyinin əsas səbəbi Azərin köməyilə ekspedisiyaya düzəlmək arzusuydu. Axşam bu barədə xeyli danışdılar. Azər: “Mən bir İdrislə məsləhətləşərəm, – dedi, – görüm nə deyir. – İdris universitetdə onların müəllimi olmuşdu, tanınmış geoloq idi. Azərin işlədiyi ekspedisiyaya hamilik edirdi. Azər: “Yəqin ki, İdris səni yaddan çıxartmayıb, – dedi, – mənə elə gəlir ki, düzəltmək olar bu işi. Hər halda mən imkan düşən kimi danışaram”.

“Sadıllı” çaxırı içir, Azərin bişirdiyi qayğanağı yeyir və dünyada hər şeydən danışırdılar. – Azərin çalışdığı ekspedisiyadan, ümumən geologiyadan, universitet illərindən, köhnə yoldaşlarından, dünya futbol çempionatından, qadınlardan, ailə qurmağın vacibliyindən, oğuluşaq atası olmağın ləzzətindən, daha nə bilim nədən və Zaur bircə kəlmə də həyatının son aylarındakı hadisələrdən söz açmadı. Guya olmamışdı da heç bütün bu bəlalar...

* * *

Zaur Dadaşdan ərizəsini götürərək:

– Mən sizin xahişinizə əməl elədim, – dedi. – Üç gün keçdi, bu gün bazar ertəsidir, bu gün ərizəmi direktora vermək istəyirəm:

Dadaş:

– Demək, hər halda, çıxmaq istəyirsən burdan? – dedi. Bəs harda işləyəcəyini necə, fikirləşmisən?

– Fikirləşmişəm, narahat olmayın. Geoloji ekspedisiyaya götürürlər məni.

Dadaş uzun zaman dinmədi, zənlə Zaura baxdı:

– Yaxşı, atangilə necə izah eləyim mən bu xəbəri?

Zaur:

– İzah eləmək lazım deyil, – dedi. – Bu axşam özüm atama deyəcəm, hər şeyi özüm deyərəm ona.

* * *

Hətta futbol oynayan uşaqlar da onu görüb dayandılar və ən balacası oyundan ayrılıb yuxarı, evlərinə qaçdı ki, bu təzə xəbəri çatdırsın... Zaur tamam sakit idi. Həyətlərindən, futbol oynayan uşaqların arasından keçdi, pilləkənlərlə yavaş-yavaş qalxmağa başladı. Artıq xəbər yayılmışdı və qonşular müxtəlif pəncərələrdən oğrun-oğrun baxırdılar. Zaura elə gəldi ki, hətta Murtuzovların pəncərəsində Murtuz Balayeviçin şəxsən öz daz başı da göründü.

Mis lövhə üstündə “Professor M. Zeynallı” yazılmış qapıya yanaşdı. Zəngi basanda tamam sakit idi, amma qapının ardından tələsik addımları – anasının addımlarını eşidəndə öz ürəyinin döyüntülərini də eşitməyə başladı.

Qapı açıldı, anasını gördü, dərhal da başa düşdü ki, bu gəlişi qəfil deyil anası üçün: “Dadaş agah edib” – deyə ağlından keçirdi:

– Xoş gördük, ana! – dedi.

Anası da sakitcə:

– Xoş gördük, – dedi və əlavə etdi, – gəlsənə içəri, – və bircə bu cümlədən məlum oldu ki, didərgin oğul neçə müddətdən sonra doğma ocağının başına qayıdıb. Çünki axı daimi yaşayan adamı içəri xüsusi dəvət eləməyə nə hacət? Dəhlizə girdi. Paltosunu çıxara-çıxara anasının davranışına təəccüblənirdi – nə “ah-of” eləmişdi anası, nə qışqırmış, nə ağlamış, nə onu tənbeh etmiş, nə də bağrına basıb sevinmişdi. Çox adi və sadə görüş idi bu, elə bil heç nə olmamışdı.

Zaur:

– Atam necədir? – dedi. Anası:

– İndi babatdır, – dedi. Sonra əlavə etdi. – Yaman qorxuzmuşdu bizi, təzyiqi qalxmışdı, ürəyi də incidirdi.

Zaur atasının otağına daxil oldu. Məcid stolunun arxasında oturub işləyirdi. Zauru görüb ayağa qalxdı, əl uzatdı.

Sonra hər ikisi oturdu və Zivər xanım getdi çay dəmləməyə.

Sükutu Zaur pozdu:

– Necəsən?

Məcid uzun-uzadı, durğu işarələri işlətmədən, xəstəliyindən, həkimlərin konsiliumundan, təyin etdiyi dərmanlardan danışırdı və hər ikisi başa düşürdü ki, bu müfəssəl söhbətin əsas məqsədi aralarındakı yabançılığı dəf etmək, keçmiş məhrəmliyi yenidən bərpa etmək üçündür – bütün bunlar üçün isə vaxt, müəyyən müddət lazım idi – hər hansı danışıqlarla, kənar, əsil mətləbə dəxli olmayan söhbətlərlə doldurulmalıydı aralarındakı bu vaxt uçurumu, zaman yarğanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri