Günlərin bir günü
Səhifə 8 / 8 · 88%
Nemət:
– Çıx üçüncü mərtəbəyə, – dedi, – on birinci otaq.
Nəşriyyatdan çıxıb studiyaya tərəf getdi. Meydançadan keçəndə gördü ki, on bir-on iki yaşında uşaqlar futbol oynamağa hazırlaşırlar. Ayaq saxladı. Dayanıb onları izləməyə başladı. İçlərində ikisi lap balaca idi. Yeddi-səkkiz yaşında. Yəqin, onları qapıçı qoyacaqlar. Həmişə uşaqlar ən balacaları, ən zəifləri qapıçı təyin edirlər.
Oğlanlardan biri daş qoydu – ştanqa! Bir neçə addım saydı, ikinci daşı qoydu. Bu bir qapı! Sonra gedib eyni üsulla ikinci qapını düzəltdilər.
Doğrudan da balacaları qapıçı qoydular. İki dəstəyə bölündülər. Üç-üç. Bir nəfər artıq idi.
– Sən sudya!
“Sudya” cığallığa başladı.
– Özün ol sudya. Mən istəmirəm. Mən oynamaq istəyirəm.
– Yaxşı, indi sən ol. Üç qoldan sonra mən olaram, sən oynayarsan. Razılaşdılar. Kapitan yerdən çöp götürüb yumruğunda gizlətdi. O biri komandanın kapitanı tapdı.
Oyun başlandı.
Nemətin öz uşaqlığı yadına düşdü. O qədər bax lap bu cür futbol oynayıb ki... Küçə futbolunun ənənələri, texnikası, qanunları dəyişməzdir. 25 il bundan qabaq da hər şey beləcə idi. Daş ştanqalar. Balaca qapıçılar. Vaxt yox, qol hesabı oyun. Qolların cığallanması. “Yox, yan getdi”, ya da “hündürdən getdi, ştanqanın üstündən” – hər şey, eynilə olduğu kimi qalmışdı.
Tofiq, ver mənə! Özün çıx. Ala, Nazim!
– Ruka! Ruka! – deyə qışqırışdılar. Əli topa toxunmuş oğlan küçə futbolunun əfsanəvi qanununa isnad etdi. “Prijataya ruka” – dedi. Mübahisə başlandı. Birdən kiminsə ağlına gəldi ki, hakimin də bir rolu ola bilər, hakim amiranə bir səslə:
– Pinal, – dedi. Nəhayət, o da bir anlıq xəlifə olmuşdu. Cərimənin səbəbkarı bir kəlmə də kəsmədi. Dinməzcə penalti yerini təyin etməyə başladı: qapıdan addımladı. “İndi gör necə addımlayacaq!” Doğrudan da addımlarını elə iri atırdı ki, qorxurdun bağanağı aralı qalsın.
Belə saya-saya onuncu addımda gəlib rəqibin qapısına çıxdı. Özü də başa düşdü ki, deyəsən çox ağ eləyib. Sonuncu addımını bir az qısa etdi.
– Bax, buradır, – dedi, – vurun!
Bayaqdan bəri dinməz-söyləməz ona tamaşa edən rəqib komandanın kapitanı:
– Ala! – dedi və özü saymağa başladı. “İndi gör bu necə sayacaq!”
Bu kapitan elə bil ayağı zəncirli dustaq kimi yeriyirdi – dıpbır-dıpbır. Penalti yeri lap yaxın oldu. Təzədən haray qopdu.
Nemət özü də bilmirdi ki, nə səbəbdən işini-gücünü atıb burada dayanıb, belə maraqla bütün bu şeyləri izləyir, ayrılıb gedə bilmir.
Kövrək uşaq xatirələrinin riqqətindən başqa bu futbolda nə isə başqa bir şey də var idi. Hisslərin, həvəslərin çılpaqlığı, təmənnasızlığı, saflığı, təmizliyi...
Görəsən bizim şöbənin cəfakeşləri bu oyuna baxsaydılar, nə deyərdilər? Əlbəttə, Qurban zəhər tuluğudur. Dedikləri də hamısı tikanlı sözlərdir. Ancaq bəlkə onun dediyində bir faiz, yarım faiz, çərək faiz həqiqət var. Futbol marağında bəlkə də çirkin bir şey yoxdur, ancaq hər halda, çox kədərli bir şey var. “Boşluğu doldurma”. “Cəfakeşlik çoxunuzun boynuna düşüb”. Ay səni, Qurban! Amma bəlkə cəfakeşliyə səbəb işdaşların söhbətindən, marağından, həvəsindən geri qalmamaq istəyidir? Deməli, belə çıxır ki, hamı bir-birinin ucbatından cəfakeş olub. Bir-birinin xətrinə.
– Qol! Qol! – deyə uşaqlar qışqırışdılar.
Studiyanın kassası qarşısında xeyli adam vardı. Nemət yarım saata qədər növbədə durdu. Zənd-zəhləsi getdiyi İ. də burda idi.
İrişə-irişə:
– Görürsən də, – dedi, – soyuruq hökumətimizi.
Bir xeyli pul aldı.
– Kasıbçılığımızı eləyirik də. – İrişə-irişə saydı. Nemətə tərəf uzatdı:
– Sən mənim canım, buyur üstündən götür.
– Çox sağ ol. Özüm alacağam.
İrişə-irişə cibinə qoydu:
– Di sağ ol!
İrişə-irişə çıxıb getdi.
Nemət: “Pulu da adamlar cürbəcür alır – deyə düşündü. – Biri halal zəhmətinin dəyəri kimi, açıq üzlə. Birisi də bax bunun kimi, elə bil qəbih bir iş tutur, qanunla aldığı pulu da oğru təki alır. Elə bil haram mal yeyir, üstünü açmasınlar deyə də hamıya irişir. Eh, nə isə...”
Deməli, belə. İndi gedək, maqnitofon alaq.
Poçtamtın yanından keçəndə əlini döş cibinə atdı. Pasportu yanında idi. İçəri girdi “Do vostrebovaniya” yazılmış pəncərəyə yanaşdı:
“Mənim bura gəlməyim nəyə oxşayır? Elə bil qəbir üstünə gəlirəm. Ya da suyu qurumuş dəyirmana. Yox, bu bənzətmələrin heç biri düz deyil. Bu pəncərənin ardında heç kəsi basdırmamışam. Burda qurumalı bir şey də yox idi”.
Hər dəfə yolu bu küçədən düşəndə poçta girər, pasportunu uzadıb gözləyərdi. Qəribə bir həyəcanla gözləyərdi. Kağızçı səliqəylə zərfləri yoxlayar, hər dəfə də eyni sözləri deyərdi: bir şey yoxdur. Məktub hələ yəqin, yoldadır.
Hardan da olaydı? Nemət bilirdi ki, yolda-zadda da deyil. O heç yerdən, heç kimdən məktub gözləmirdi: Yox yerdən məktub çıxmayacaqdı ki... Yaddaşım ələk-vələk eləsə də başqa şəhərdən ya Bakının özündən ona “do vostrebovaniya” məktub yazacaq bir adam xatırlaya bilməzdi.
Amma nədənsə bu küçədən tək keçəndə hər dəfə həmin pəncərəyə yanaşırdı. Yanında bir sənəd olmayanda heyifslənirdi:
– Namazov, aha, var. Yox, bu, Namazov Nadir imiş. Siz Nemətsiniz!
– Bəli, mən Nemətəm.
Kağızları bir-bir ötürüb son zərfi də bir qırağa qoydu:
– Hələlik heç nə yoxdur, – dedi. Şüşənin yarımdairəvi kəsiyindən pasportu qaytardı.
Nemət ağır-ağır pəncərədən aralandı. Qəfilcən fikrində gözlənilməz bir bənzətmə oyandı. “Bu da mənim qəribəliyimdir, – deyə düşündü. – Məmməd Nəsirin Krasnovodsku kimi... Hər şeydə məna axtarsan...”
Siqaretini odlayıb küçəyə çıxdı.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-liman-gunlerin-bir-gunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Başqa şairlərin şeirləri
Bu nazənin gözəlin yaxşı dilgüşalığı var,Heyif, öz aşiqinə çox kəmetinalığı var.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.