İkinci nağıl
Səhifə 8 / 14 · 50%
Məlik donub qaldı. Ətrafadaki cihazlara göz gəzdirdi:
– Qorxmursan belə danışmağa? Dinləyib eləyə bilərlər.
– Nədən qorxacam? Mənə nə eləyə bilərlər? Burda mütəxəssis bir mənəm. Mənə ehtiyacları var, hamısı kəmsavad adamlardır burda rəhbərlik eləyənlər. Biri keçmiş aşbaz, biri keçmiş süpürgəçi, biri keçmiş hambal. Ən savadlıları Qaraxanovdur ki, o da otuz il çəkməçilik eləyib.
– Bəs Marat?
– Keçmişdə şəhərin məşhur dəlləklərindən imiş.
– O nə millətdir?
– Allah bilir. Guya azərbaycanlıdır, amma ildə-ayda bir dəfə azərbaycanca danışanda elə danışır ki, danışmasa ondan yaxşıdır – Məlik fikir verdi ki, Beyrək özü təmiz azərbaycanca danışır, Qaraxanov kimi kəlməbaşı rus sözləri işlətmir.
– Deyirlər Maratın yəhudi qanı da var, ona görə belə qəddar antisemitdir, olan-qalan yəhudilərin başına it oyunu açır. Bu kitabı görürsən – masasının üstündəki yeni qalın kitabı göstərdi – Maratın yalançılar sözü olmasın ellinci bioqrafiyasıdır. Hər kitabda da tərcümeyi-halına yeni-yeni faktlar artırırlar. Yazılanları vaxt etibarilə hesablayan olsa, görər ki, azı yüz il ömür sürüb. Gah yazırlar ki, Maonun, Kim İr Senin hərbi müşaviri olub, gah yazırlar ki, Fidel Kastroya kommunizmin nəzəriyyəsini öyrədib, ya nə bilim Afrikada zəncilərı müstəmləkəçilərə qarşı üsyana qaldırıb. Amma əslində bütün bu vaxtlar Bakıda dəlləklik edirmiş...
– Bəs bunu bilənlər yoxdur?
– Var idi. Hamısını ilim-ilim itirdilər, izləri-tozları qalmadı. Bütün başını qırxdığı köhnə müştərilərini bir-bir tapdırıb qırdırdı. Təsadüfən bir-iki – qalanı varsa, onlar da Marat yoldaşın gizli inqilabi fəailyyəti haqqında xatirələr danışır. Bəli, bir vaxt dəllək olub, indi də bizim başımızda eləyir dəlləkliyini – rişxəndlə: – Baş komissar! – dedi – doğrudan da ömrü boyu işi başla olub. Əvvəl baş qırxıb, indi də baş kəsir.
– Belə danışma Beyrək, bir az ehtiyatlı ol, bəlkə dinləyirlər. Sonra altını çəkərsən.
Qorxma. Mənim burda işim bilirsən nədir? Xarici radioları, televizorları, interneti zərərsizləşdirmək, yəni heç kəs heç nəyi eşidə, görə bilməsin. Amma bax bu otağımda elə qurğular qurmuşam ki, heç bir danışığı eşidə bilmirlər. Odur ki, istədiyimi danışa bilərəm. Əlbəttə, əgər sən gedib məni satmasan.
– Utanmırsan, mənə belə söz deyirsən. Mən sənin atanam axı...
Beyrək acı bir təbəssümlə: – Bilirsən neçə oğul atasından, neçə ata oğlundan PP-yə danos verib, qanına bais olub?
– Pipi nədir?
– PP – Proletar Patrulu. Kommunanın gizli xəfiyyəsi.
Qapı açıldı və boz kitelli, qara eynəkli adam bir şüşə araq, iki pirocki gətirdi. Arağın üstündə Maratın şəkli çəkilmişdi.
Beyrək: – Aclığın var? – dedi – bu görüşdə atasına dediyi ilk insani söz idi.
– Yox. – Nəhayət Məlik qərara gəldi. – Mənimlə niyə belə soyuq davranırsan, Beyrək? Gör neçə ildir görüşməmişik. Mən elə həsrət çəkirdim ailəmi görməyə, elə can atırdım... Bilsən necə çətinliklə gələ bildim bura.
– Gəlib gördün, feyziyab oldun?
– Mənimlə belə danışma. Mənim nə təqsirim var axı?
Beyrək cavab vermədi. Dolabdan bir qədəh və bir stəkan çıxardı. Arağ şüşəsini açdı, Məliyin qədəhinə süzdü, sonra öz stəkanını ləbaləb doldurdu, yenə də heç nə demədən stəkandakı arağı bir nəfəsə başına çəkdi. Heç yavanlıq da eləmədi, eləcə biləyini iylədi. Məliyin yadına düşdü ki, haçansa görmüşdü, bəzi ruslar arağı belə içir. Handan hana Beyrək-Boris dilləndi:
– Deyirsən nə təqsirim var? Bəs bütün bu illər hardaydın, ailəm dediyindən xəbərin vardı? Gedib özünçün Türkiyədə rahat yaşamısan, indi də durub gəlmisən ki, ailəmə baş çəkim... Deyirsən nə bilim, ata belə gəldi, ana belə getdi, budur səncə atalıq?
– Düz demirsən, Beyrək. Özün də bilirsən, bütün yollar qapanıb, bütün əlaqələr kəsilib. Mən necə sizinlə əlaqə yarada bilərdim ki, heç sağ qalıb-qalmadığınızdan da xəbər tuta bilmirdim.
– Bəs bizi atıb Türkiyəyə gedəndə necə?
– Yenə düz demirsən. Mən sizi atmamışdım, on günlüyə ezamiyyətə getmişdim.
– Neçə il çəkdi ezamiyyətin?
– Nə bileydim ki, belə hadisələr baş verəcək. Mən axı burdan gedəndə hardan biləydim ki, bütün bunlar olacaq.
– Xeyr, bağışlayacaqsan. Bu hadisələr, elə sən burda olanda başlamadı? Sən ölkənin tanınmış jurnalisti idin, görmürdün ki, hadisələr hansı məcrada gedir? Qəzetlərin nə yazdığını oxumurdun, televizorda, radioda nə səsləndiyini eşitmirdin? Bilmirdin ki, bir-birinə ədavət, kin püskürən bütün bu yazılar, çıxışlar, bu qan-qan deyən adamlar cəmiyyətdə elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş verəcək, hər şey alt-üst olacaq? Oldu da. Qurunun oduna yaş da yandı.
– Partlayış mən gedəndən sonra, cəmisi on-on beş günün içində oldu.
– Amma sən burda olanda qarşısını ala bilmədin...
– Qarşısını necə alaydım?
– Niyə, ölkənin nüfuzlu ziyalısıydın. Adamları ağıllarını başına yığmağa çağıraydın, deyəydin ki, qardaşlar, bunun axırı fəlakətdir, qandır, ölümdür, bir-birinizə qənim kəsilməyin, qardaş qanı tökməyin.
– Yəqin unutmusan Beyrək, Mən çox dedim, lap çox, eşitmədilər. Danışdıq, qulaq asmadılar, yazdıq, oxuyan olmadı. Gözlərini qan tutmuşdu, heç nə görmürdülər. Çığır-bağırdan qulaqları batmışdı, heç nə eşitmirdilər. Eşitmək istəmirdilər. Öz səslərindən başqa heç nə eşitmək istəmirdilər – deyə təkrar etdi.
– Eh... – Beyrək bir stəkan da araq süzüb başına çəkdi, pirojkidən bir tikə dişlədi.
– Sən gedəndən sonra bilirsən nələr oldu?
Məlik: – Bilirəm – dedi – Bakıda, rayonlarda toqquşmalar, vətəndaş müharibəsi... Ceyhan borusunun partladılması. Orda yazırdılar ki, bunu ASALA ya da PKK edib.
– ASALA ya PKK, nə fərqi var? Hər halda üç gün sonra Ermənistan Atom stansiyasında partlayış oldu. Ermənistan ərazisi də, Qarabağ da indi azı üç yüz il insanlarçün yaşanılmaz hala gəldi. – Beyrək acı-acı güldü – Qarabağ məsələsi də bir dəfəlik belə həll olundu.
Məlik: – Onu da Türklərin boynuna qoydular – dedi – Erməni diasporası dünyada bir vay-şivən qaldırdı ki, XX əsrdə bir soyqırımı olub, bu da ikinci genosid. Türkiyəni bütün beynəlxalq təşkilatlardan təcrid etdilər, iqtisadi və nəqliyyat blokadasına aldılar. Halbuki bu işdə Türkiyənin əli olduğunu indiyədək heç kəs sübut edə bilməyib.
Beyrək:
– Edə də bilməz – dedi – amma bunun nə əhəmiyyəti var? Dünya yalanla idarə olunur. Yalanla və güclə. Həqq qəvinindir – eşitməmisən?
Məlik fikir verdi ki, Beyrək bu qədər içsə də nə nitqinin məntiqi, nə də danışığı pozulurdu. Elə bil heç içməmişdi. Bircə gözləri azacıq dumanlanmışdı.
– Sonra da – Mingəçevir...
O, bu sözü çətinliklə tələffüz etdi. Arağın təsirindəndimi ya bütün azərbaycanlıların ən ağır faciəsindən, ən böyük ağrısından xəbər verən bir sözü dilinə gətirməyindənmi?
– Kim partlatmışdı Mingcəçevir bəndini? Daxildə çəkişən qüvvələr, kompüterin səhvi nəticəsində raketlərin yolundan sapması, separatçı ya xarici qüvvələr? Açılmamış və heç bir vaxt açılmayacaq sirr...
Məlik bilirdi: Ermənistan atom stansiyasının partlayışı kimi Mingəçevir bəndinin dağılması da tək XXI əsrin deyil, bəlkə də bütün əsrlərin ən böyük fəlakəti, ən nəhəng ekoloji və humanitar musibəti idi. Azərbaycanın bütün aran rayonları su altında qalmışdı. Əhalinin bir hissəsi dağlara qaçmışdı.
Məlik:
– Ora xəbər çatdı ki, salamat qala bilənlər dağlara çəkilib – dedi – onların vəziyyəti necədir?
– Necə olacaq? Tam dərəbəylik. Hər dərədə, daha doğrusu hər dağda bir bəy var. Bir bəy, bir ağa, bir kəndxuda, bir quldurbaşı, bir kərtənkələ, nə bilim kim. İbtidai icma, əşirət dövrü... Hər boynu yoğun camaatı qul kimi saxlayıb qan uddurur.
– Elə o vaxtdan Bakı da üç yerə bölündü.
– Bəli, BMT qərar çıxartdı. Burada tam bir anarxiyanın qarşısını almaq üçün üç dövlətə mandat verildi. Axı burda neft var, böyük dövlətlər onu əldən verərdi heç. İndi bu üç zonada guya ki, üç müstəqil hakimiyyət yaradıblar. Bu nə cür müstəqillikdir özün təsəvvür edə bilərsən. Yoldaş Marat tualetə gedəndə də xaricə telefon edib icazə istəyir...
Məlik Beyrəyin içindəki sonsuz ağrını duyurdu, amma nə edə bilərdi? Nə çarə qıla bilərdi, oğlunun da, özünün də, xalqının da bu dözülməz dərdlərinə?
– Oğlum, – dedi – heç olmasa sən burdan canını qurtarıb çıxaydın.
– Bu qeyri-mümkündür – Beyrək özü də bilmədən eynən Aypərinin sözlərini təkrar etdi. – Burdan quş quşluğuyla uçub qurtara bilməz. Kommunanın divarlarını görmədin? Keçən il birisi bu divarı dırmaşıb aşmaq istədi, elə yerindəcə gülləylə vurub torpağa sərdilər. Heç kəs heç adını da bilmədi. Bura şəhər deyil – divarlarla dövrələnmiş konslagerdir. Burdan bircə çıxış yolu var – qəbrstanlığa, o dünyaya – gülümsündü – Belə – belə işlər, ata... – İlk dəfə Məliyə belə dedi.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-qoc-qara-qoc-ikinci-nagil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Başqa şairlərin şeirləri
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?