Aşıq Şenlik:Ta əzəldən qətrə ikən bəhri ümmün olmuşam,Heç tükənməz xəzinədən ləli-mərcan olmuşam.Söylənər cümlə cahanda şanı-şöhrətim mənim,Aşiqlərin arasında natiq-lisan olmuşam.

Şair Nəbi Borçalı:Mey nuş etdim pir əlindən, meyi-məsdan olmuşam,Gecə-gündüz nar içrəyəm, misli pərvan olmuşam.Bax əzazil mənlik edir, indi qalar lal təki,O səbəbdən aləm içrə xaki-yeksan olmuşam.

Aşıq Şenlik:Eşq içrə qəvvas olub, ya bəhrə, dalsam gərək,Çarə budur aqibətin, sazını alsam gərək.Çevirib hər tərəfə, qanadın yolsam gərək,Sən kimi sərçə önündə misli-tərlan olmuşam.

Şair Nəbi Borçalı:Əgər ki, aşıq isən hərf oxu, imlanı gör,Sən bir axan çeşmə ikən mühiti-dəryanı gör,Öz–özünü şahin sanma, zümrüdü-əfqanı gör,Zərrəcən verməm əman, mərdi-meydan olmuşam.

Aşıq Şenlik:Şenliyəm, belə lafdan çəkərəm qovğaları,Nə yerdə aşıx görsəm, edərəm sualları,Çoxlarını mətəl etdim, sən kimi ustadları,Düşməndən geri dönməz, mən bir aslan olmuşam.

Şair Nəbi Borçalı:Adımdı Şair Nəbi, sənətin binasıyam,Sərraf olsa, bu məkanda aşıqların xasıyam.Aşıq olub, el gəzmişəm, mən elin anasıyam,Tutmuşam meydanını, dönməz pəhlivan olmuşam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri