Ayrıca məktubun surəti

Şahzadə!

Səmim-qəlbdən sizə təşəkkür edirəm ki, mənim məktubumu zərdüştilər dastanının müqəddiməsində çap etdiribsiniz. Orada yazılmış beytlər müfəssəl bir mənzumədəndir ki, bütünlüklə göndərməyin yeri deyildi. Bu qədər də kafidir. “Sarısifət kişiciyin” kim olduğu şahzadə həzrətlərinizə məlum oldu, ya xeyr?

Allaha and olsun, hər zaman ki, həmvətənlərimiz və həmməzhəblərimizin vəziyyətini və onların cəhalətdə qalmasını xatırlayıram, təəssüf atəşinin tüstüsü qəlbimdən beynimə vurur. Bu vəziyyətin və cəhalətin səbəbi elmsizlik və savadsızlıqdır. Elmsizlik və savadsızlıq isə islam əlifbasının çətinliyinin nəticəsidir ki, bunun da əlacı ən asan bir çarə – yəni islam əlifbasını dəyişdirməkdir.

Bu çarəni Osmanlı dövlətinin başçılarına nişan verdim, anlamadılar... Nə başlarında zəka, nə də ürəklərində atəş vardır.

Sonra onu İran dövlət başçılarına təqdim etdim.

İranlılara zəkasız, atəşsiz demək olmaz. Ancaq onlar da ləclik, bədgümanlıq, inad, xudpəsəndlik, təkəbbür üzündən başqalarının ağıllı və haqq sözünü bilə-bilə dinləmək istəmirlər və ağıllı məsləhətlərə əməl etmirlər. İranlıların təbiətində belə bir xüsusiyyət də vardır ki, öz bildiklərinə arxalanıb, başqasından heç cür məsləhət qəbul etmirlər. Buna görə də bu günə qədər mədəni xalqlardan geridə qalmışlar.

Ay baba, insan gərək əvvəlcə təqlidçi, iqtibasçı ola və ancaq elmləri və fənləri mükəmməl öyrəndikdən sonra başqalarına müctəhid və rəhbər olmaq fikrinə düşə! Avropa xalqları elmləri və fənləri biri-digərindən iqtibas edə-edə təkamülün bu dərəcəsinə çatmışdır.

Xülasə, bir ildən artıqdır ki, Tehranın Maarif Nazirliyinə islam əlifbasını dəyişdirmək barədə sənədlər göndərmişəm. Bu günə qədər nazir hələ mənə cavab verməmişdir. Bilmirəm, sizin bu maarif naziriniz nə işlə məşğuldur. Əgər nazirlik xalqın tərbiyəsi üçün təsis olunmuşsa, bəs nə üçün xalqı tərbiyə etmək fikrində deyildir? Bəs nə üçün görmür ki, 14 milyonluq İran əhalisi içərisində savadlıların sayı yarım milyondan artıq deyildir və bu yarım milyonun da əksəriyyətinin savadı çox qüsurlu və naqisdir. Nə üçün bilmir ki, savadsız adam heyvanatdan bir o qədər də fərqlənməz? Savadsızlar içərisindən mütəfəkkirlər, alimlər və filosoflar çıxmaz. Halbuki xalq ancaq bu kimi vücudların tədbirləri ilə gündən-günə inkişaf edə bilər. Nə üçün anlamır ki, savadsızlar müxtəlif sənaye və texnikanı yarada bilməz və bunlarsız vətən, ölkə abad olub, nizama düşə bilməz, sərvət və qüdrət sahibləri meydana gəlməz? Hər halda, həzrət-əşrəf şahzadə həzrətlərinizdən xahiş edirəm ki, əgər xəstəliyiniz keçmişsə, cənab Ruhül-qüdsün islam əlifbasını dəyişdirmək haqqındakı kitabçasını əzəmətli ağam Mirzə Yusif xandan istəyib alın və bir nəfərə buyurun ki, onu sizin mübarək hüzurunuzda oxusun ki, məzmununu dinləyib biləsiniz ki, islam əlifbasını dəyişdirmək lüzumu nə qədər böyükdür.

Zalım əcəl də çatmır ki, (Kəbənin Allahına and olsun ki, xilas oldum) deyim. Necə ki, Əli ibn-Əbutalib eləyhissəlam Müaviyənin əlindən təngə gəldiyi üçün İbn-Mülcəmin zərbətini yedikdə demişdi: əcəl çatsaydı, ölüb, hümmətsiz və mürüvvətsiz müasirlərimin mənimlə müxalifətinin nəticəsi olan qəm və qüssədən xilas olardım. Xüsusilə ki, başqa müsibətlər də həyatımı həlahil zəhərindən acı etmişdir. İki yaşında kiçik bir qızım vardı ki, məhəbbətinə sonsuz dərəcədə könül bağlamışdım. Təsadüfən bu günlərdə öldü. İndi onun fərağında ağlayıram, yanıram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri