Səhifə 1 / 2

Zilqə’də ayında, sənə 1280-də Misirdən

Ey bəradəri-mehribanım Kəmalüddövlə!

Sənin üç məktubun da mənə vasil oldu. Üçünü də oxudum, məzmunundan xəbərdar oldum. Əfsus, əfsus səndən, ey Kəmalüddövlə, ey Ali-Kürəkanın yadigarı, ey səlatini-namdarların xələfi! Sən belə xəbti-dimağ gətiribsən? Sən belə malxuliya tapıbsan? Heyf, səd heyf!

Yazırsan ki, səlatini-fürsün yaxşı-yaxşı qanunları və qaydaları var idi və milləti-İranın onların əsrində yaxşı səadəti var idi, ərəblər çıxdılar, o səlatini yox etdilər və onların qəvaid və qəvaninini pozdular və milləti-İranı səadətdən məhrum etdilər.

Ey biçarə, bir təsəvvür elə ki, padişahani-fürs və külli-əhli-İran ərəblər çıxanda nə məzhəbdə idilər? Aya, səlatini-fürs və milləti-fürs məcus deyil idilər? Aya, olar deyildi ki, analarını, bacılarını və qızlarını və əmmələrini, xalalarını nikah edərdilər? Külli-dünyanın üzündə, hətta vəhşi və meşələrdə heyvanat kimi gəzən təvaifin içində bir belə rəsmi-şəni və müxalifi-təb’ və insaf adət müşahidə olunurmu və aya, bundan böyük bədbəxtlik olur ki, kişi öz anasını və bacısını və qızını alsın, özünə cüft etsin?

Ünas taifəsini pərvərdigari-aləm bəşəriyyətdə aciz, zəif yaradıbdır. Onun hamisi atası və oğlu və qardaşı və əmisi və dayısıdır. Vəqta ki, bir məzhəbin səbəbi ilə taifeyi-ünasə ata və oğul və qardaşı yaği görünə, onun hamisi pəs kim gərək olsun? İddia edirsən ki, Firəngistan gəzib, ə’ləmi-ətibba görübsən, niyə bir olardan soruşmadın və təhqiq etmədin ki, aya, nəslin davamına və izdiyadına bəid qandan tənaköh uladır, ya qərib qandan? Fürs millətinin halətinə səadət ad qoyursan və səlatini-fürsün qəvaid və qəvaninini mədh edirsən. Heyf olsun sənə, ey Kəmalüddövlə!

Niyə bilmirsən ki, bir belə əqidənin və bir belə məzhəbin vücudu ilə məən olan səadət aqil şəxsin nəzərində eyni zəlalət görünür və səlatini-fürsün, qəvaid və qəvaninini cəvahiri-qəvaid və yəvaqiti-qəvanin olsa da, belə məzhəbin şərakəti ilə xərmehrəcə nəzərə gəlməz. Cənab əqdəsi-ilahinin lütfi-xassi fürs millətinə şamil oldu ki, ərəbləri olara müsəllət elədi və bu adəti-şəniəni onların içindən rəf’ etdi və bu məzhəbi-batili, onların arasından götürdü.

Mənə Firdövsinin əş’arın, öz sözün təqviyətində şahid çəkirsən. Firdövsi özü də sənin kimi bir laməzhəbin birisi idi. Aya, Firdövsi deyil idi ki, fəlsəfi və dəhriməzhəb olmağı ilə Sultan Mahmudun nəzərində müttəhim oldu? Aya, onun fəlsəfi və dəhriməzhəb olmağına özünün bu əfradı dəlalət etməzmi?

Yə’ni dünya həmişə var imiş və həmişə də var olacaq. Aya, Firdövsi özü də Sultan Mahmudun həcvində demirmi ki, onu bidin hesab edirdilər?

Əgər vaqeən Firdövsi laməzhəb deyil idi, nə səbəbə bu isnad ona verildi? Pəs niyə özgələrinə bu isnadı vermirdilər? Bundan əlavə dəxi, Firdövsi o səbəbə fürsləri mədh və ərəbləri zəmm edir ki, özü də fürs millətindən idi. Bəlkə atəşpərəstliyi və kokəbpərəstliyi dini-islama tərcih verirdi və fürs padşahlarının və məcüsilərin təəssübün çəkirdi.

Əgər Firdövsi pak-e’tiqad adam olsaydı və onun islamiyyətində şaibə olmasaydı, heç vaxt onun dilinə gəlməzdi, bəlkə cəsarət elə bilməzdi ki, [ərəblərin həcvində] bu əfradı desin:

Və heç vaxt deyə bilməzdi ki, ərəblər, yə’ni ərəblərin peyğəmbərləri xalqı çalıb-çapmaq üçün və xalqın malın talamaq üçün əllərində dini bəhanə ediblər.

*O ki bir para əfrad, həzrəti-Əli əleyhissəlamın mədhində və əhli-beytin iradətində deyibdir, bu fərdləri Sultan Mahmudun nəzərindən düşəndən sonra nəzm edib kitabına daxil etdi ki, Fəxrüddövleyi-Deyləmiyə xoş gəlsin. Çünki Fəhrüddövlə şiə-məzhəb idi və Sultan Mahmuda ədavəti var idi. Bir dəfə Firdövsiyə min qızıl hədiyyə göndərib, onu öz hüzuruna də’vət etmişdi. Firdövsinin əimmeyiəthar haqqında dediyi əfrad ixlas üzündən deyil, riya üzündəndir, və Firdövsinin əş’arı ərəblərin zəmmində mənə heç vaxt dəlil olmaz.

[Əbdürrəhman ibn-Xəldunu mən çox yaxşı tanıyıram. O, Bəni- Üməyyədəndir. Əbu-Süfyan onun əmisidir, Müaviyə onun əmisi oğludur. Öz kitabında Müaviyənin və Bəni-Üməyyənin tərəfini saxladığını və Müaviyəni səhabənin böyüklərindən saydığını görmürsənmi? İbn- Xəldunun ata-babaları Bəni-Üməyyənin zəiflədiyi dövrdə Suriyadan Afrikaya və Əndəlisə düşmüşlər. O və onun ata-babası Bəni-Haşim xanədanının düşmənidirlər. Bizim peyğəmbərin nübüvvətini ərəblərin təbiətinin tələbinə isnad verməkdə onun e’tiqadı sənə və başqalarına sənəd ola bilməz. Çünki bu isnad qərəz yolu ilədir. Bəni-Üməyyənin qanında Bəni-Haşimə qarşı kin və ədavət aləmin sonuna qədər cari və baqidir.

Əmmarətül-Yəməni də dinsiz və fasiq bir şair idi. Buna görə də Səlahəddin onu, firənglərə kağız göndərib oları Misri zəbt etmək üçün də’vət edən bə’zi müsəlman xainləri ilə birlikdə dara çəkdi].

Bir dəxi Əla-Zikrihissəlam İsmailinin halatını xəyalati-batilən həqqiyyətinə isbat gətirirsən və bu mülhid köpək oğlunu da adam cərgəsinə qoşursan. Əla-Zikrihissəlamın atası Məhəmməd Büzürg Ümmid, Allah rəhmət eləsin, bildi ki, oğlu necə bicdir və necə bədzatdır; o cəhətdən xalqı cəm edib əla-rüusül-əşhad oğlunun əqval və əf’alına inkar etdi və oğluna tabe’ olanlardan iki yüz əlli nəfər qətlə yetirdi və iki yüz əlli nəfəri qəl’eyi-Ələmövtdən ixrac elədi və izhar etdi ki, hər kəs mənim oğlumun əqvalına e’tiqad etsə, kafirdir. Əla- Zikrihissəlam atasından xaif olub tövbə etdi və atasının rəvişinin isbatına risalələr inşa elədi, ta ki, atasını bilkülliyə inandırdı ki, o, təriqimüstəqimdədir, çünki atası bir sadədil adam idi, oğluna bavər edib mənsəbi-vilayəti-əhdi ona təslim elədi.

Vəqta ki, Məhəmməd Büzürg Ümmid mərhum oldu, Əla-Zikrihissəlam məsnədi-səltənətdə oturub də’viyi-imamət başladı və özünü Nəzar ibn-Müstənsir Ələvinin evladından sayıb şər’i-şərifin təhavünündə çalışıb diyari-Rudbar və Qəhistanda rəsmi-fisq və fəsad və küfr və ilhad aşkar etdi.

Bir də təkalifi-şər’iyyənin bütlanına Bu-Əli-Sinanın qövlünü hüccət tutursan, belə ki, deyirsən:

Bu-Əli-Sina dəxi bir şürbi və fasiqin birisi idi. Bir təvarixə rücu et, gör ki, o kim idi? Nəinki dini və məzhəbi yox idi, əxlaqı da yox idi. Laməzhəbliklə şöhrət tapdığı üçün Sultan Mahmud Qəznəvidən qaçıb qəzayayi-mütənəvviədən sonra gəlib Həmədana Şəmsüd-dövleyi- Deyləmiyə vəzir oldu. Əyyami-vəzarətində bir tövr rəftar elədi ki, ləşkər ondan təngə gəlib evini qarət elədilər və özünün qətlinə qasid oldular; qaçıb qırx Şeyx-Əbu-Səidin evində gizləndi. Sonra genə kərrəti-saniyədə Şəmsüddövləyə vəzir olub, hər gün gündüzlər sərəncami-ümuri-vəzarətə məşğul olurdu və gecələr əvvəli-şəbdə tüllaba dərs verərdi. Sonra müğənniləri və əhli-sazı və əhli-tərəbi cəm edib,

+

şürbi-şərabi-nabə iqdam edərdi.

Afərin sənə, ey Kəmalüddövlə, ey Babur şah Kürəkaninin xələfi, ey Hümayun şah Teymurinin nəticəsi! Əgər Kürəkan nəslinin qanında bu növ xurdəbinlik var idi, bu növ filosofluq var idi, bu növ həqq ilə batilə fərq vermək qüvvəsi var idi və bəni-növi-bəşəri cəhl və zəlalətdən qurtarmağa talib olmaq və onların əhvalına cansuz olmaq maddəsi var idi, pəs niyə sənin babaların üç yüz ildən ziyadə Hindustan xalqının içində səltənət edib hindulərin puç-puç əqaidinə mültəfit olmadılar? İslam dininin əqaidi, yə’ni hindulərin əqaidindən də puç və çürükdür ki, sənin gözün indi bunu görür? Niyə sənin babaların hind xalqının zəlalətin görmədilər və niyə oları zəlalətdən qurtarmadılar? Niyə olara demədilər ki, adam arvadını öz rizası ilə biganə kişiyə cima etmək üçün vermək həmaqətdir və xilafi-qanuni-təbiətdir? Heyvanatda qeyrət var ki, öz təsərrüfündə olan dişini bəqədri-imkan biganə erkəkdən qoruyur. Məgər görmürsünüz atı, görmürsünüz iti, görmürsünüz quşları, görmürsünüz xoruzu?

İnsan məgər heyvandan gərək biqeyrət olsun, öz cüftünü öz əli ilə biganə erkəyə versin. Niyə o hindulərə demədilər: fahişələri, hər məvaqifi-şərifələrində saxlayıb, gəlib-gedənə onların cimaını ehsan etmək, əməli-qəbih və ləğvdir və qızları cəbrən və qəhrən ata və anasından biizn aparıb əqd etmək zülmdür? Və niyə demədilər ki, şövhər öləndən sonra arvad sütti olmaq, yə’ni özünü şövhərin cəsədi ilə bir yerdə diri gözlü atəşə yandırmaq səfahətdir? Və niyə olara demədilər ki, adam bövl və qayitini qarışdırıb, qurudub, parçadan keçirib, suya qatıb içmək kövdənlikdir? Niyə olara demədilər ki, həbsi-nəfs etmək və başqa riyazəti-şaqqə əmələ gətirmək, məsələn, yeddi il sərasər samit oturmaq və əlini başına qoyub hərəkət verməmək və bu qəbil şeylər, küllən əhməqlikdir... Niyə olara demədilər ki, zəkərə və fərcə sitayiş etmək xəriyyətdir və ana ilə və bacı ilə və qız fərzəndi ilə və əmmə ilə və xala ilə cima etmək qəbihdir və adam öldürmək günahi-əzimdir? Zira ki, hindulərin Şaktyan taifəsi adam öldürməyi səvabi-əzim hesab edirlər. Niyə olara demədilər ki, adam ətini yemək və mürdəni torpaq altında saxlayıb paşidə olandan sonra tənavül etmək divanəlikdir? Niyə olara demədilər ki, kişilər doğmayan arvadlarını mürşidlərinin yanına aparıb, gözlərinin qabağında mürşidlərini arvadları ilə cima etdirmək ki, uşaq doğsunlar, səfalətdir? Niyə olara demədilər ki, öz qızlarını brəhmənlərin yanına aparıb gözlərinin qabağında cima etdirmək binamusluqdur və bütlərə sitayiş etmək əqideyibatilədir? Niyə sənin babaların bu qəbil bihəsr qəbih ə’malı hindulərin içində təsəllütləri ola-ola baqi qoydular? Pəs niyə sən özün heç bu qəbaihi hind əhlinin içində, öz vətənində görmədin, elə beş gün İrana gəlməklə öz rə’yi-fasidincə bizim əqaidimizin bütlanını görüb binayicansuzluq qoydun və hindulərin ancaq Çarvak taifəsinin əqaidinə mültəfit olub onu bizə səlah bildin? Niyə sənin gözün elə çarvakların əqidəsini gördü ki, biz dəxi necə ki, hindulər çarvaklardır, e’tiqad edək ki, kainatda sani və mucid yoxdur və ə’la və ədna olmaq aləmitəbiətdəndir. Və sani’in vücuduna bir dəlili-qate’ və bürhani-vazeh dəstaviz deyil. Pəs niyə gərək əmri-məznuna və mövhuma, bəl mə’duma bəndəlik etmək və niyə gərək məabiddə və savami’də ibadət xatiri üçün cəbhəsa olmaq və firiştələr ki, şühudi-fəziləti olara yoxdur, qail olmaq və cənnətin ümidi və rahətin nəvidi ilə hirsi-əbləhanə mucibincə dünyanın ne’mətlərindən və rahətlərindən əl çəkmək. Və nəqdi biəsli nisyəyə dəyişmək və cahdust füsəhanın kazibanə əqvali ilə ki, əvamı fərib toruna salmağı arzularına çatmaq üçün vəsilə biliblər, fəriftə olmaq və dənaəti-təb’dən belə əşxasa fürutən olub oları ağa və övliya bilmək və olara bəndeyi-rəzil olmaq və pərəstiş etmək? Hər şey ki, zahir deyil, bavər etməyə şayistə deyil. Tərkibi-cəsəd məvalidi-ənasirdəndir. Təbiətin müqtəzasında bir neçə gün ənasir bir-biri ilə tə’lif tapıblar. Madam ki, səbati tərkibi-cəsəd və səlamətihey’ət var hər zada ki, mərğubi-təb’dir və ondan zərəri-heyvani mütəsəvvir deyil, gərək təvəssül axtarmaq; vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, məadi-ünsür genə ünsürdür. Və bədən dəxi təxrib tapandan sonra balatər vətənə və naz və nəimə, üruc və nar və cəhimə nüzul yoxdur. Pəs gərək e’tiqad etmək ki, hüququllah sayılan ə’malda günahkar olanlar müatəb olmazlar. Və nikukar olanlar rahət və ne’mətə çatmazlar. Bəlkə vaqeən də bər’əksdir, ondan ötrü ki, günahkar orucun və namazın və taatın və ibadatın əzabında farığ-bəfarığ olubdur. Və nikukar ibadatın məşəqqətində ki, əzabdır, giriftardır, pəs aqil gərək cəmi ləzzati-dünyəviyyədən bəhrə aparsın və heç müştəhiyyatdan e’tiraz etməsin. Zira ki, çün torpağa getdin, geri gəlməyin yoxdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri