Qafqaz canişini dəftərxanasının direktoru həqiqi müşavir və Kavaler Mixail Pavlovic Şerbini həzrətlərinə

Poruçik Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 28 fevral 1852-ci il, Tiflis

Qafqaz canişini kimi yüksəkməqamlı bir cənabın Şərq dilləri mütərcimi vəzifəsində çalışmağım tələb edir ki, yaxşı geyinim, özümü və ailəmi, heç bir ehtiyac və məhrumiyyət hiss etmədən dolandıra bilim. Əks təqdirdə, şəhərin belə bir bahalıq şəraitində, ruhi həyəcan keçirmədən, məndən əvvəl hökumət tərəfindən layiqincə təmin olunmuş ştabs-zabit Abbasqulu ağa Bakıxanov, Mirzəcan Mədədov və Şamirxan Bəylərovun yerinə yetirdikləri işin öhdəsindən gəlmək mümkün ola bilməz.

İranda külli miqdarda olan ata malımın İran şahzadəsi Abbas Mirzə tərəfindən zəbt edildiyindən indi mənim heç bir xüsusi gəlirim yoxdur. Tikinti komissiyası borcu ilə tikdirdiyim ev mənə nəinki heç bir fayda gətirmir, hətta maaşımdan ildə 300 gümüş manat dövlət xəzinəsinə verməli oluram. Ona görə də qalan maaşım 12 başdan ibarət olan ailəmin ən aşağı səviyyədə yaşaması üçün zəruri ehtiyacımı ödəmir.

Həyatın zəruri vasitələrinin çatışmazlığı üzündən ağır və çətin vəziyyətdə olduğuma görə mən iki il bundan əvvəl rəyasətdən xahiş etdim ki, mənə Sartacal məntəqəsindəki xəzinəyə aid Qaracalar və Təklə kəndlərindən Ağalar hüququ əsasında iki kiçik torpaq sahəsi verilsin. Müqavilə üzrə Ağalar işlərinə aid sənədləri uzun müddət tərcümə etdiyimə görə layiq olduğum belə bir mükafat mənə qismən bir dayaq ola bilərdi. Lakin knyaz Canişin bu xahişimi münasib görməyib, buyurdu mənə bildirsinlər ki, mənim əməyim başqa tərzdə maddi yardımla qiymətləndiriləcəkdir.

Mən Siz zati-aliyə şifahən ərz etdim ki, maaşımdan xeyli artıq olan adi ev xərclərindən əlavə mən hər ay 15 və ya 20 gümüş manat yalnız faytonçulara verirəm, yoxsa çox vaxt xidməti vəzifəmə görə getməli olduğum yerlərdə vaxtlı-vaxtında hazır ola bilmərəm.

Maddi vəziyyətimin qeyri-kafi olması məni bir ucdan borca düşməyə məcbur edir, səhhətimi pozur və məni hətta bir çox faydalı işlərlə məşğul olmaq imkanından məhrum edir. İndi bu namünasib vəziyyətdən çıxmaq üçün zati-alinizin himayəsinə ümid bəsləyərək sizdən acizanə xahiş edirəm mənim maaşıma ildə ən azı 500 gümüş manat artırılmasını knyaz Canişindən xahiş edəsiniz. Bu məbləğin bir hissəsini mülki dəftərxana, bir hissəsini diplomatik dəftərxana fars dili mütərcimi üçün ştat üzrə nəzərdə tutulmuş 200 çervondan ödəsinlər, o vəsaitdən ki, hazırda mənə ondan 80 çervon verilir.

Xahiş etdiyim əlavəni mənim maaşımın üstünə gəldikdə 1500 gümüş manat eləyir ki, müsəlmanlardan olan ən kiçik mütərcimlər bu məbləği İrandakı konsulxanalarda alırlar. Bu isə məni çətinlikdən və çıxılmaz vəziyyətdən qurtarıb, məndə yaranan təşəkkür hissləri məni daim öz səyli xidmətimlə zati-alilərinin mərhəmətini doğrultmağa təşviq edər.

Poruçik Mirzə Fətəli Axundzadə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hacı Mötəmədüddövləyə

Nəvvabi-müstətab, əşrəf, əmcəd, alinəsəb fars əyalətinin fərmanfərması şahzadə Hacı Mötəmədüddövləyə ərz edirəm**Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çatdırmışsınız ki, “Cami-Cəm” “Xülasətül-hesab” və “İngiliscə lüğət”dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin.

2 dəq
Qeyd

Əgər islam əlifbası sillabi deyil, alfabeti olsaydı və yazılarkən sol tərəfdən sağ tərəfə yazılsaydı və bu cəhətdən alfabeti yazının qaydasına riayət edilsəydi, islam xalqları mədəniyyət, yəni tərəqqi aləmində şübhəsiz ki, Avropa xalqlarından irəli keçərdilər. Ona görə ki, əvvəldə mədəniyyət toxumu islam xalqlarının yaşadığı torpaqda göyərmişdir. Lakin sillabi yazının çətinliyi nəticəsində elm və maarifin yayılması bu xalqların bütün sinifləri içərisində mümkün olmamışdır və müsəlmanların yaşadığı torpaqda yerə salınan mədəniyyət toxumu çürüyüb məhv olmuş, lakin alfabeti yazının asanlığı nəticəsində, Avropa torpağında bu toxum göyərmiş və inkişaf etmişdir.Minlərlə təəssüf olsun ki, islam xalqlarının başçıları öz əlifbalarını dəyişdirməyin vacib bir iş olduğunu dərk etmirlər və günəşdən aydın olan bu məsələnin əhəmiyyətini anlamırlar.

1 dəq
Mirzə Fətəli Axundzadənin tərcümeyi-halı

Kolonel Mirzə Fətəli Axundzadənın özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı**Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalında olan Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra miladi 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdir ki, miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat etmişdir. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnə qəsəbəsinə yola düşmüşdür.

10 dəq
Şəhadətnamə

Biz, adları aşağıda qeyd olunan, Azərbaycanın Xamnə qəsəbəsindən olan şəxslər bu məsələdə şahid olduğumuzu bildiririk ki, təxminən 30 il bundan əvvəl Mirzə Fətəlinin atası, məşhur Əhmədağa övladından olan mərhum Mirzə Məhəmmədtəqi Xamnə qəsəbəsinin zabiti (kətxudası) idi. Həmin qəsəbənin və ətrafdakı bir sıra kəndlərin bütün mülki işləri İran dövləti başçıları tərəfindən müəyyən maaşla ona tapşırılmışdı. Onun özü və ata-babası İranın nəcib və məşhur adamlarından idilər. O cənab, məzkur qəsəbədə divan işlərilə məşğul olduğu zaman üç nəfər sərbazı oğurluq etdiklərinə görə məsuliyyətə cəlb edib, öz vəzifəsinə görə və İrandakı mövcud adət üzrə ayaqlarına çubuq vurdurub saçlarını kəsmək barədə əmr vermişdi.O vaxtlar nizami qoşun təşkili və bu cür qoşun təliminin başlanğıc dövrü olduğundan, camaatı yeni qoşuna təşviq edib həvəsləndirmək lazımi işlərdən sayılırdı. Buna görə də şəniyüksək Mirzə Məhəmmədtəqinin məsələdən xəbərdar olmaması üzündən həmin üç nəfər sərbaz barədə gördüyü cəza tədbiri onların sərtipi bakılı İbrahim xanın şərarətinə imkan vermiş oldu. O, naibüssəltənə mərhum şahzadə Abbas Mirzəni fövqəladə qəzəbləndirdi və nəticədə şəniyüksək Mirzə Məhəmmədtəqi, Xamnə qəsəbəsi və başqa kəndlərin kətxudası vəzifəsindən çıxarıldı. Bundam əlavə, cərimə və müsadirəyə məruz qaldı və nəticədə şəniyüksək mərhumun nəqd və cins əmlakından Təbriz əyarı ilə 12 min tümən sərkar naibüssəltənə mərhuma və onun idarə rəislərinə çatmış oldu.

2 dəq

Başqa şairlərin şeirləri