Həm oğul, həm ata
Hamı adilikdən qalxıb ucalmaq,
Hamı bu millətə ağsaqqal olmaq,
Hamı bu ölkəyə gətirmək deyil,
Hamı istəyini almaq istəyir.
Fərmanı yerinə yetirmək deyil,
Ölkəyə fərmanlar vermək istəyir.
"Məndən ağıllısı tapılmaz" - deyir.
Masa hərisləri nə yaman çoxdur,
Hanı bu Vətəni düşünən ürək?
Millətin adından danışan çoxdur,
Millətin dərdinə alışan gərək.
Görünmür bu yolda nə əvvəl, nə son.
Gün kimi bəllidir: yeddi milyonun
Dərdini köksündə yaşatmayan kəs
Bu boyda millətə baş ola bilməz.
Özümüz yanırıq öz dərdimizə,
Dünyanın qulağı kar olmuş bizə.
Bizim haqqımızı boğur siyasət,
Haqqı sübut edən şahidimiz yox.
Sıfıra dönübdür başsız bu millət,
Sıfırlar önündə vahidimiz yox!
Kimisə yendirən, kimisə yenən,
Ürəyi piylənən, beyni piylənən,
Vicdanı piylənən yekəqarınlar
Dərdini nə bilsin bu ac millətin,
Adicə insafa möhtac millətin.
Xalq üçün yananlar qapı dalında,
Xalqı talayanlar cah-cəlalında.
Halımız, günümüz çətin, çox çətin!
Nəyi gözləyirik? Bütün millətin
Ürəyi nəbzində döyünən kəsi,
Özüylə, dostuyla, tayfasıyla yox,
Böyük millətiylə öyünən kəsi
Tanıyan var isə göstərsin bizə,
Gəlsin rəhbər olsun millətimizə.
Millət Qarabağda qırılan zaman
Oğlunun toyunda çalıb-oynayan
Adamdan millətə baş ola bilməz,
Bu xalqın özündən ağır yükünü
Çəkən arabaya qoşula bilməz.
Xalqın yanğısına alovlanmayan,
Cəbhədə can verən şəhid əsgəri
Özünə doğmaca övlad sanmayan
Necə ola bilər xalqın rəhbəri?
Bu Vətən mənimdir, bu Vətən sənin
Səngərdə əsgərə dəyən güllənin
Ağrısı qəlbində göynəməyən kəs
Bu boyda millətə baş ola bilməz.
Millətçün yananı göstərin mənə,
İnanım mən onun böyüklüyünə.
Elə bil ilişib zaman zamanda
Nə ilə bitəcək bu dərdin sonu?
Şuşada, Şellidə, Kərkicahanda
Atılan topların gurultusunu
Bakıda evində eşitməyən kəs
Vallah, bu millətə baş ola bilməz.
Yel əsdi, tərpəndi, dindi məmləkət,
Kompassız gəmidir indi məmləkət,
Hara getdiyini özü də bilmir.
Lövbər ilişmişdi, zaman açsa da,
Bir addım irəli o gedə bilmir.
Sükançı göstərin indi siz mənə,
Gəlsin, dalğaları o, yara bilsin,
Verib sinəsini ləpədöyənə
Gəmini irəli apara bilsin.
Bir oğul göstərin indi siz mənə
Millətə həm ata, həm oğul olsun.
Çox gördük xalqını qul edənləri,
Eləsi gəlsin ki, xalqa qul olsun.
Elə bir namizəd göstərin mənə
Dolanım başına, dönüm gözünə.
Aprel, 1992
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-hem-ogul-hem-ata
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dil açmada lallıq da gedər, karlığımız da.Çün lallığımız doğmuş idi karlığımızdan.
Başqasının yasındaDərindir, qorxuludur sakit axan lal sular.Bir kəlmənin içində bəzən neçə söz yatır.
Ağlayan pəriGözəl bir qız heykəli,Çənəsində sağ əli,
Mikelancelonun "kədər"i önündəİsanın cəsədi uzanıb lal, kar,Dizləri üstündə ana Məryəmin.
Başqa şairlərin şeirləri · Vətən
Aşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
AzərbaycanQabağımda Qara dəniz,Ürəyimdə dəli Xəzər;
Yaxın düşməz əcəl çünki ürəkdə intizarım varYaxın düşməz əcəl çünki ürəkdə intizarım var,Bir atəşgahdır qəlbim, vətənsiz ahü-zarım var.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,