Birinci pərdə
Səhnənin arxası. Solda Oqtayın bəzənəcəyi. Bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri. Aktyorlar "Gavə" qiyafələrində oraya buraya gedirlər.
N a d y a. Firəngiz, qoy pərdə qalxsın. Aslan bəy lojada otursun. Sonra gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar.
F i r ə n g i z. Yaxşı, Nadya, bu gün daha utanmayacağam, gələcəyəm. (Gedirlər)
Oqtay və Tamara girir.
O q t a y. O, tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökmdar qarşısəndasənız, əllərinizi qorxulu bir həyəcan içində uzatmış, bax belə. (Göstərir.) Deyirsiniz. Söyləyin.
T a m a r a. Onun xabarı bala yoxdur.
O q t a y. Yenə bala! Belə ey, belə!
T a m a r a. Nu, bala je deyirəm. Bala, bəla!
O q t a y. "Bala" eto rebyonok, "bəla" eto nesçastye, a "belə" eto znaçit tak.
D u r s u n. Oqtay, salonu dağıtdılar. Saat ondan işləyir.
O q t a y (Dursuna). Bu saat. (Tamaraya) Siz öyrənin, mən bu saat!
T a m a r a. Oqtay mən rolumu yaxşı öyrənmişəm, ancaq bir az sözlərini deyə bilmirəm.
D u r s u n. Bəs biz nə sayaq eləyək, gecə keçdi, heç bir şey hazır deyildir.
O q t a y. Xaspolat gəldimi?
D u r s u n. Yox!
O q t a y. Şəkinski?
D u r s u n. Heç birisi.
O q t a y. Dedim ki, evlərinə adam göndərin.
D u r s u n. Üç yol göndərmişəm, evdə yoxdur.
O q t a y. Axı indi mən başıma nə daş salım?! Bu da insanlıqdır ki, camaatı dörd divar arasına doldur da, özün baş götür, çıx get! Axı biri anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı, yalvararaq bilet satdığımız üç-dörd zavallını da qaçırırsınız.
M a z a n d a r a n s k i. Oqtay, antreprenyor mənzil pulu istəyir. Deyir, pərdədən əvvəl mənim pullarəm verilməlidir.
D u r s u n. İndi nə etməli?
O q t a y. Bəs Tabasaranski haradadır? Get, söylə, adamlar gəlməmiş adam tapsın.
M a z a n d a r a n s k i. Raboçilərə də dedi, hamısı getdilər. Çıxıb getdilər.
D u r s u n. Oqtay! Bu gecə heç bir şey çıxmayacaqdır. Camaat da azdır. Çarəsi yox, oyunu saxlamalıyıq.
O q t a y. Olmaz! Sən get, söylə adamlar gəlməmiş. Xalqı oyuncaq kimi əldə oynada bilməz. Bu gün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də olsa, oyun getməlidir. İvanovski haradadır? (Getmək istərkən.)
T a m a r a. Oqtay bəs mən nə parik geyəcəyəm?
O q t a y. Tapşırmışam, gedin, alın!
R ü s t ə m (bağıraraq). Oqtay, bu zəhrimar qalxanın bəs dəstəsi olmaz?
O q t a y. Allahın boynu sınsın, bilmirəm, bu 400 milyon qoyun kimə gərəkdir?! Qardaşım, qalxanın dəstəsi yoxdur, bax, budur, bir parça ip, sarı, olsun dəstə.
Ş a h q u l u. Oqtay, İvanovski Gavədən əvvəl Zöhhakın taxt-tacını sərnigun elətdirdi. Deməli, oyun qurtardı.
O q t a y. Əsəd bəy onu görmədimi.
Ş a h q u l u. Əsəd bəy ona dedi ki, oyun cəmiyyəti-xeyriyyə üçün oynanır. Sabah cəmiyyətin pulundan da olsa, mənzil kirayəsini verərəm. Qulaq asmadı. O da dedi oynamasın, çıxdı getdi. Dekorasiyaları da söküb hərəsini bir divara söykədilər. Özləri də gedirlər.
O q t a y. Yəni kassada heç pul yoxdur? Heç olmasa...
Ş a h q u l u. Baxdılar, vur-tut səkkiz manat pul var idi. Onu da paltar üçün vermişlər.
O q t a y. Allahu əkbər!
Ş a h q u l u. Oqtay, indi ki Əsəd bəyə də demişsən, gəlin oyunu saxlayaq, başqa çarəsi yox...
O q t a y. Olmaz! Oyun saxlanmaz, xalqı çiyrindirirsiniz; anladınızmı? Şahqulu, al bu üzüyümü apar ver, söylə, sabah parasını düzəldib verərik. (Şahqulu gedir.) Tabasaranski nə oldu? Dursun! (Çağırır)
D u r s u n. Tabasaranski keflənmiş, yatmışdır. Dedim, dedi, cəhənnəmə olsun hamısı, oynamasın. Deyir, mən rejissoram, belə deyirəm.
O q t a y. Bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdədə Həsən də soyunsun, Xaspolatın rolunu oynasın.
M a z a n d a r a n s k i. Canım, düz gəlmir, oynamayanda qiyamət qopmaz ki...
R ü s t ə m. Oqtay, qılıncım yoxdur ha.
D u r s u n. Oqtay, İlyasgil qapıları bağlayıb meyxana deyirlər. Həsən də qumar oynayır. Qulaq asmadılar. (Dursun gedir.)
T a m a r a. Oqtay, daha mən də gedib soyunum da.
O q t a y. İlyas! (Getmək istərkən) Bir dəqiqə durun.
Ş ə k i n s k i. Bu oğlan aşiqdir Leyli adlı bir gözələ. (Bağıraraq çıxır.)
O q t a y. Zəhrimar, Leyli adlı bir gözələ, səkkiz saatdır camaat gözləyir, saat on birdə durub gəlmiş ki, Leyli adlı bir gözələ.
Ş ə k i n s k i. Saat on bir haradan oldu? Nə eləyim acından ölməyəcəyəm ki, işim bitməmiş durdum gəldim, deyəsən, saman yeyəcəyəm. Top kimi partlayır. Sanki əlimə imperial-filan sayacaqdır.
O q t a y. Əzizim, quzum, gözüm, mən pul alıram, sən yox? Boynuna götürmüşsən, barı camaatdan, səhnədən utan!
Ş a h q u l u. Oqtay, İvanovski çıxıb getmiş, üzüyü verdim, Dursun aparıb onu tapsın. Bilmirəm...
X a s p o l a t. Oqtay, mən hansı qapıdan çıxacağam?
Ş a h q u l u. Heç qapı var ki, çıxasan!
O q t a y. Odur də, Xaspolat, əzizim, bu vaxtadək haradasan?
X a s p o l a t. Vallah, Oqtay, bir-iki gün orucum qalmışdı ki, bu gün iftar açdım.
O q t a y. Oruc sənin belini sındırsın! Məsuliyyət qanmayan dilsiz-ağızsız heyvanlar kimi əyilib-qalxan, yeyib-yatan zavallılar. On gündür çalışıram, deyirəm, gecə yarıdır, durub gəlmişsən, hansı qapıdan çıxacağam! Gəl bura, Muxan oturdu, soldan çıxdın... Baş əydin. Əyil. (Özü əyilir) Əyil də!
X a s p o l a t. Oqtay, mən orada elərəm.
Ş a h q u l u. Qorxur ki, hərəkətini oğurlarlar.
O q t a y. Yaxşı. (Xaspolada) Sözünü de.
X a s p o l a t. Oqtay! Vallah, mən axşam deyərəm.
O q t a t. Canım, axşamdır də. Saat on birdir ki, evini Allah yıxmasın, hanı rolun?
X a s p o l a t. Vallah, yadımdan çıxıb evdə qalıb.
O q t a y. Of! Allah sizi qırsın. Yaxşı, baş əydin. Əy də, qardaş! Belində ağac bitməyib ki!
M a z a n d a r a n s k i. Oqtay, mən bilirəm, Xaspolad neçin əyilmir. Qorxur ki, əyiləndə papağı düşər, başının keçəlliyi görünər.
X a s p o l a t. Zəhirmar, dərd, sarsaq oğlu sarsaq!
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-oqtay-eloglu-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəbirli yoldaşın kukla teatrına kömək münasibətilə.Son zamanda Şuralar Ittifaqında teatr sənətinin yeni bir hissəsi geniş meydan açmağa başlamışdır. O da kukla (oyuncaq) teatrıdır.
Əməkçi qadınlar, səhnəmiz sizi gözləyirDövlət Bədaye teatrı yanında açılmış studiyaya giriniz. Hazırkı dövrdə türk Azərbaycan teatrının artmasına və inkişaf etməsinə əngəl törədən səbəblərdən ən böyüyü lazımınca türk aktrisalarının olmamasıdır. İnqilabdan sonra səhnəyə bir çox türk qadınlarının gəldiyini kimsə inkar edə bilməz. Lakin bunlar çox azdır. Bunlar səhnəmizi ağır vəziyyətdən qurtara bilməz. Türk qadınları çadradan və mətbəxdən azad olaraq mədəniyyətin bütün sahələrinə atılmaqdadır. Onlar səhnəmizdə aktiv iştirak etməkdədirlər. Yazılan pyeslərimizdə bir neçə məsul qadın rolu olanda rejissorlarımız başlarına döyməyə məcbur olurdular. Hazırda azad türk qadınlarının yüzlərcə və minlərcə istehsalata, fabrikə və zavodlara, kooperativə getdiyi bir zamanda səhnəyə gəlməməsi ilk baxışda çox təəccüblü görünür. Lakin onun səbəbləri vardır. Əvvəla, keçmiş meşşan zərbəsi və dini mövhumat nəticəsi olaraq səhnədə çalışmaq alçaq və günah bir iş hesab olunurdu. Odur ki, çoxu öz qızını, arvadını və bacısını səhnəyə həvəslə buraxmırdı. Hətta bəziləri öz arvadlarını teatra tamaşaçı kimi olaraq belə aparmaq istəmirdilər.Lakin belə hadisələr nisbətən çox azdır. Teatr artıq kütlə içərisində mühüm bir yer tutmağa başlamışdır. İndi bunları səhnəyə çəkmək üçün qəti bir addım atmaq lazımdır. Yayılan yalan şayiələrə görə türk teatrı səhnəsində türk qadınları üçün çalışmaq mümkün deyildir. Bunun üçün şərait yoxdur. Aktyorlarımız guya lazımınca tərbiyəli deyillər. Bu, bir tərəfdən. Digər tərəfdən özləri qadınların səhnəyə gəlməsinə çox rəsmi yanaşırlar. Hələ bir çox yoldaşlarımız qadınların səhnəyə gəlməsinin əhəmiyyətini anlamırlar. Bu məsələnin siyasi bir məsələ olduğunu düşünmürlər. Indi bu məsələni ciddi bir surətdə müzakirəyə qoymaq lazımdır.
Səhnədə qadınKeçmişdə Azərbaycan səhnəsi qadını heç xəyalına belə gətirə bilməzdi. Odur ki, Azərbaycan səhnəsinin “ilk aktrisaları” kişilərdən ibarət idi. Ağdamski Əhməd, Süheyli və səhnəyə yeni gələnlərin çoxusu öz aktyorluq fəaliyyətini qadın rolundan başlamışdılar.Səhnədə kişi rolunu oynayan aktyor, burjuaziya cəmiyyəti tərəfindən təhqir və istehzaya uğradığı halda, qadın rolunda çıxan bu kişilərin vəziyyəti nə halda olardı? Bunlara qız vermir, az-çox “nəciblər” içərisinə buraxmırdılar. Səhnədə qadın yox idi, “Böyük Məhəmməd” – belə tələb etmiş idi. Səhnə isə qadın tələb edirdi. Aktrisalar seçilmək üzrə deyil, arzu üzrə, istedad üzrə deyil, dil bilmələri üzrə səhnəyə çıxırdılar...
“Şahsənəm” librettosu haqqındaBu opera ilə bağlı məsələ mənə tamamilə aydın deyil. Əsərlə “Aşıq Qərib” operasının süjeti arasında oxşarlıq vardır. Xalq Maarif Komissarlığının o zaman bu süjeti nə üçün yenidən sifariş verməsi məlum olmur. Aşıq feodal xanının qızına vurulur. Lakin xan öz qızı üçün çoxlu pul tələb edir. Aşıq məclisdə oxuyur və Paşa ona 40 kisə qızıl verir. Axırda qızı alır. Sonra o Allahın göndərdiyi atın qanadlarında qayıdır və s. Əlbəttə, bəstəkarı qınamırıq, çünki ona belə süjet veriblər. Ancaq biz operanı bu şəkildə səhnəyə buraxa bilmərik.Hər şeydən əvvəl Allahla bağlı möcüzəli hadisələri çıxarmaq vacibdir. Bir də göstərmək olmaz ki, Paşa 40 kisə qızılı ancaq səxavətli olduğu üçün aşığa hədiyyə verir. Qəhrəmanı adi bir aşıq hesab etmək də doğru deyil, əks halda qızı ona verməzlər. Zənnimcə, elə göstərməliyik ki, Qərib çörək pulu qazanmaq məqsədilə gedərkən aşıqların yarış məclisinə düşür. Orada ədalətsizlik və ağır həyat haqqında mahnılar oxuyur. Bununla da demək istəyirik ki, həyat onun kimi aşıqları necə ağır vəziyyətə salmışdır və s. Bu cür mahnılar Paşaya xoş gəlmir və o aşığın həbs edilməsinə əmr verir. Göstərmək lazımdır ki, yoxsul aşıq axıra kimi də yoxsul olaraq qalır. Qızın məsələsinə gəlincə, onu sadəcə olaraq qaçırmaq və əsəri bununla da bitirmək lazımdır. Hələ Məqsud Məmmədov (Azərb. Xalq Maarifi Komissarı olmuş) deyərdi ki, bu operanın məzmununu dövrlə bağlamaq lazımdır... Burada bir sual meydana çıxır: qəhrəmanı aşıq kimi saxlamaq lazımdır, yoxsa yox? Mən təklif edirəm ki, onu xanın qızına vurulan bir çoban kimi göstərmək və s. Lakin bəstəkar deyir ki, çoban surəti yerinə düşməz, çünki o, musiqini aşıqsayağı yazıb. Bu məsələni elə indi həll etməliyik ki, sonradan dolaşıqlıq meydana çıxmasın.