“Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir.

...Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır.

...Abbas Mirzə məktəb görməmiş, sənəti və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O, öz-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.

Zatən məktəb sənətkar yetişdirməyir. O, sənətkara öz təbii istedadını genişləndirmək və əlverişli işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır. Lakin o, yalnız sənətkar olmaqla qalmayır. O, eyni zamanda bir təşkilatçı, bir mübarizəçidir. O, səhnənin künclərdə, bucaqlarda sürüklənən ayrıayrı qüvvələrini min yerdən toplamış, bir yerə quraşdırmış, bu dağınıq, sökük parçalardan güclü, mədəni bir maşın yaratmışdır. Abbas Mirzənin bu gözəllik və sənət yavrusuna uzatdığı iki əldən biri yüksək, qüvvətli bir sənətkar, birisi isə qorxmaz bir mübarizəçi, yorulmaz bir təşkilatçı əlidir.

Bu uzun mübarizə yollarında Abbas Mirzə Şərifzadə nə qədər əzablar, faciələr, ağırlıqlar keçirmişdir! Yoxu var etmək, yoxdan bir səhnə yaratmaq! Abbas Mirzənin getdiyi yol belə olmuşdur.

Səhnəmizin bu mübarizə yolu xalqımızın ümumi mübarizə cəbhəsinin bir qazmasıdır.

Bu qazmada başçı və komandan Abbas Mirzə Şərifzadə olmuşdur. Bu cəbhə başında uyumadan vuruşmuş, çarpışmış və iyirmiillik bu şanlı mübarizə yolunu qəhrəmanlara layiq bir şərəflə keçmişdir.

Lakin Abbas Mirzə bu yolda tək deyildir. İndi onun ardınca böyük bir sənət ordusu, onun köməyində böyük bir əməkçi xalq durmuşdur. Bu gəncin yürüşünə toxunmaq üçün uzadılacaq qara bir ələ minlərlə əməkçilərin birləşmiş ağır yumruğu cavab verə bilir.

Bu gənc Azərbaycan dram teatrı səhnəsidir. İndi onun oynaqlığına yalnız Abbas Mirzə deyil, bütün xalqımız sevinir, ona görə də Abbas Mirzənin bugünkü iyirmiillik şanlı mübarizə və qələbə bayramı yalnız onun deyil, bütün Azərbaycan səhnəsinin bayramıdır.

Yol hələ bitməmişdir və çətini irəlidədir. Abbas Mirzə Şərifzadə də vəzifə başındadır.

Səmimi, sevimli sənətkarımıza alqışlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri