Məni də belə yaratdın, tanrım,Dözümlü, kövrək, sakit, sadədil…Özümdən başqa hamıya yandım,Yaxşılıq oldu peşəm, adətim…

Bəşər gözümdə bir Allah oldu,Ona baş əydim gündə min kərə…Hətta pisə də xeyirxah oldum,Nəciblik etdim nanəciblərə…

Məni də yaratdın, tanrım,Həssas, dərd duyan, həlim, abırlı…Hətta dil tapıb bədlə dolandım,Hətta düşmənə açdım qapımı…

Od verdin mənə, təb verdin mənə,Nə qədər nəğmə ötdüm həyatda…Şair nəfəsli qəlb verdin mənə,Riyakara da inandım hətta…

Haram yemədim ömrüm boyunca,Süfrəmdə halal çörəyim oldu…

Yaşlandım, saçım ağardı, ancaq,Ürəyim uşaq ürəyi oldu…

Məni də belə yaratdın, tanrım,Heç zaman umu-küsü olmadı.Sadə yaşadım, sadə dolandım,Dünya malında gözüm olmadı…

Çoxu pul yığıb çin-çin düzdülər,Mən dövlət dedim şerlərimə…Sətir dinlədim sətir üstünə,Qızıl yerinə, altun yerinə…

Məni də belə yaratdın, tanrım,Biclik, xəbislik nədir bilmədim…Kimə əl tutdum, kimə inandım,Axırda gördüm qədir bilmədi…

Uca zirvədən baxdım aləməÇox təmiz olmaq özü ağ imiş.Faciə imiş adamlıq, demə,Düz olmaq, demə, pis olmaq imiş…

Məni də yaratdın tanrım,Belə yaratdın niyə bilmirəm…Binadan bu cür yoğruldu xəmirim,Yaxşıdır, pisdir deyə bilmərəm…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq