Böyük revolyusiya
Üç yüz il acımadan, titrəmədən, duymadan,
Hey diddi köksümüzü çarlığın zülüm quşu.
Üç yüz il acımadan, yorulmadan, doymadan,
Hey sordu qanımızı, hey içdi qanımızı,
Buludlardan şığıyıb gələn bir ölüm quşu.
Üç yüz il, hey üç yüz il... ac yalavac dolandıq,
Zəncir, buxov taxıldı haqqın dodaqlarına.
Üç yüz il, hey üç yüz il... çox qaynadıq, çox daşdıq.
Bizi nə göy dinlədi, nə də zərli salonlar,
Hətta sərildiksə də, çarın ayaqlarına.
Üç yüz il, hey üç yüz il sürünərək dinlədik,
Ağlayan zənglərdəki tanrıların səsini.
Tanrıların səsini dinlədikcə inlədik,
Sonra yaxşı bildik ki, lazımdır bizə qırnaq,
Çarın qanlı tacını, caduların tasını...
Döyüşlərdə itəcək nəymiz vardı ki, candan,
Ağır çəkicdən başqa, paslı zəncirdən başqa.
Zərbəmizlə yıxıldı bizi alan və satan,
Sönməz odlarımızla dəbdəbəli saraylar,
Tanrılar külə döndü gözləri baxa-baxa.
Revolyusiya yarandı qanlı vuruşmalardan,
Mərmilərdən qaynayıb coşdu Neva suları.
Petroqradın üfqündə qızardı bir yeni dan,
Qızıl revolyusiya gətirdi ölkəmizə,
İpək damarlarında günəş parıltıları.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-boyuk-revolyusiya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Mənim TanrımMən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylərNigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
TərlanTovuz kimi sığal verib özünə,Düzübsən telini qabağa, Tərlan!