Mən onu ilk dəfə gördüyüm zaman
Sıxdım məhəbbətlə titrək əlini;
Oxudum mənalı baxışlarından
Xəyalın, sənətin tunc heykəlini.

      Qəlbi də, fikri də gün kimi aydın,
      Onda təbiətin mənası vardı.
      Ey sənət ustası! Sən olmasaydın
      Günəş ilhamıma soyuq baxardı.

      Ey hava dalğası, ağzını bir yum!
      Dayanın, car çəkən başsız küləklər!
      A dostlar, su verin mənə bir udum,
      Sinəmi yandırdı bu acı xəbər.

      Bizim Maksimi də cərgədən aldı
      Yenirkən ölümün qara pəncəsi.
      Sanma ki, şam kimi sönüb qaraldı,
      Əsrlər boyunca o sənət səsi
      Çalacaq təblini göy dalğalarda,
      Çiçəklər solmayır bizim baharda
      Ayağa qalxsın dab u dağ, bu dərə,
      Buludlar sallasın öz yaylığını;
      O sənət dostuna – böyük rəhbərə
      Yetirin şairin baş sağlığını…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar