İkinci pərdə
Səhifə 2 / 2 · 50%
(daxil olur, İblisə)
Əcəba sevgili Rə’na nə diyor?
İ b l i s
Bəyim, izhari-məsərrət ediyor.
İ b n Y ə m i n
(İblisin omuzunu oqşayaraq)
Xeyli məmnunim, əzizim, səndən.
R ə’ n a
(kinayəli və acı təbəssümlə)
Xəstəyə baqmaq için gəlmiş ikən,
Bir ziyafətdə bulunmaq nə tuhaf!
İ b n Y ə m i n
Yoqmudur səndə, gülüm, hiç insaf!?
Yaralı əskərə baqmaqsa məram,
Əskərim bən də, böyük həm də yaram,
Yar da aç, qəlbimə baq, sonra inan,
Çünki hala aqıyor, kəsmədi qan.
R ə’ n a
(məhzun)
Ah, təmin ediyordun da bəni;
Bulacaqdın babamın qatilini.
İ b l i s
O da mümkün, o da mümkün, Rə’na!
Bir düşün, bən nə dedim şimdi sana?
Həp sevin, gül, mələyim, çünki bu gün
Ələ düşməz... nə səadətli dügün!..
(mə’nalı qəhqəhə)
Ç a v u ş
(daxil olur)
Gəliyor iştə misafirlərimiz.
İ b n Y ə m i n
(Rə’nayə)
Get, gülüm, sonra məhəbbət edəriz.
(Misafirləri qarşılamaq için qarşıki qapıdan çıqar).
İ b l i s
(Rə’nayə)
Hiç məraq etmə, əmin ol, o bənim
Ən itaətli qulumdur daim.
Durma get, bəklə də fürsət dəmini,
Bəlkə rö’yadə görür bir də səni.
İstehzalı qəhqəhə... Rə’na sağ qapıdan çıqar. İbn Yəmin ilə bərabər V a s i f , arqadaşı və iki-üç zabit daxil olurlar.
İ b n Y ə m i n
(öndə olaraq tatlı qəhqəhələrlə)
Hay, hay, buyurun, nə xoş təsadüf!
(Vasiflə küçük zabiti misafirlərinə göstərir)
Bir arqadaşımdır iştə Vasif,
Aylarca əgərçi ayrı düşdük,
Qismət bu, yenə bu gün görüşdük.
V a s i f
(İbn Yəminə)
Xoşbaxt olaraq ziyarətindən
Könlüm nə qədər sevindi, bilsən!
İ b n Y ə m i n
(misafirlərə)
Bən hərb ediyorkən ordumuzda
Gördümsə beş-on sevimli sima,
Vasif, şu könüllü, şanlı zabit
Bir yıldıza bənziyordu sabit.
B i r i n c i z a b i t
Dünyayı saran şu qanlı qavğa
Bir xeyli yigitlər etdi peyda;
Yoq şübhə, bu dürlü nevcavanlar
Olduqca dəyərli qəhrəmanlar.
İ b n Y ə m i n
Qavğada qolay müvəffəq olmaq,
Tale və cəsarət olsun ancaq.
Otururlar.
B i r i n c i z a b i t
(yarımsərxoş, İbn Yəminə)
Yahu, bu nasıl dügün, ziyafət!?
Məscidmi bu, ya ki, bəzmi-işrət?
İ k i n c i z a b i t
Gerçək, bu nə? Oynayıb çalan yoq,
Bir nəş’ələnib də zevq alan yoq.
İ b n Y ə m i n
Dur, həp olur, onsuz olmaz əlbət,
İsmarlamışım, gəlir bu saət.
Ç a v u ş
(gəlir, əskərcə təmənna edər)
Rəqqasələr əmrə müntəzirdir.
İ b n Y ə m i n
Gəlsinlər, əvət, həmən xəbər ver.
Çavuş çıqar
B i r i n c i z a b i t
Gəlsinlər, əvət, dəyişsin əhval,
Gülsün azacıq pəriyi-amal.
İ k i n c i z a b i t
Tam beş sənədir ki, rahib olduq,
Ciddiyyət içində həp boğulduq.
Rəqqasələr daxil olur
İ b n Y ə m i n
(çalğıçılara)
Çal, haydı çal, etmə fevti-fürsət!
Çal, durma, sənindir iştə nevbət.
B i r i n c i z a b i t
Çal, sızlayıb inləsin o tellər,
Çırpınsın onunla həp könüllər.
İ k i n c i z a b i t
Çal, məclisə zevqü nəş’ə gəlsin,
Çal, ta ölülər də rəqsə gəlsin.
Çalğı başlar, rəqqasələr aşağıdakı şərqiyi həmahəng olaraq söylər və rəqs edərlər.
Şərqi
Hər şey sənindir, ey qafil insan!
Gülgün şəfəqlər, rəngin çiçəklər.
Hər şey sənindir, ey cahil insan!
Parlaq günəşlər, dilbər mələklər.
Yalnız sənin, yalnız sənin hər dürlü ne’mət;
Gənclik, gözəllik, eşqü ülfət, hər səadət.
Sür daima zevqü səfa, fevt etmə fürsət,
Bir gün gəlir, əsla səmər verməz nədamət.
Beş günlük ömrün rö’yayə bənzər,
Dal eyşü-nuşə, hiç gəlmə huşə.
Daim gül, əylən, olma mükəddər,
İç badə, həp gəl cuşü xüruşə.
Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım,
Bir gün gəlir, əldən çıqar zevqi-xərabat.
Al nəş’ə hər şeydən, əvət, qəflət nə lazım,
Bir gün gəlir, əldən düşər peymanə heyhat!..
Rəqs bitmək üzrə ikən A r i f l ə bərabər əli silahlı iki k a n u n n ə f ə r i daxil olur.
B i r i n c i k a n u n
(kəskin və amiranə bir tevr ilə rəqqasələrə)
Sakit, dağılın!..
Musiqi susar, rəqqasələr ikişər, üçər salonu tərk edərlər.
İ b n Y ə m i n
(heyrətlə, kanunlara)
Nədir bu rəftar?
A r i f
(İbn Yəmini göstərir)
Tam kəndisi, iştə! Ah, qəddar!
İ b n Y ə m i n
Lakin çəkilirmi bu həqarət?
(Silah çəkmək istər).
B i r i n c i k a n u n
Həp nafilə bunca qeyzü hiddət,
Əl’an səni istiyor hökumət,
Gəl!..
A r i f
Bəllidir etdiyin xəyanət.
İbn Yəmini alıb götürürlər, Ariflə misafirlər də bərabər çıqar.
V a s i f
(ən arqada qalır, küçük zabitə)
Baq, şimdi də fevt edilsə fürsət,
Daim qalırım visalə həsrət.
Sol qapıdan girmək istərlər. Rə’na qarşılarına çıqar. Vasif pərəstişkar bir tevr ilə.
Rə’na, Rə’na! Sevimli afət!
Gəl, durma aman, edilsə qəflət
Mütləq səni məhv edər şu xain,
Olmaz daha qurtuluş səninçin.
R ə’ n a
(sevinc ilə)
Vasif! Gedəlim...
(mütərəddid)
Fəqət bu müşkil,
Heyhat, bulunmadıqca qatil...
V a s i f
(sözünü kəsərək)
Sən gəl, bulunur o bir gün əlbət.
İ b l i s
(gəlir)
Rə’na, daha durma, iştə fürsət!
R ə’ n a
Lakin babam!..
V a s i f
Ah, gəl, aman gəl!
Çıqarlar.
İ b l i s
Get, get, daha durma, artar əngəl.
A r i f
(daxil olur, son dərəcə məmnun)
Xain yaqalandı ən nihayət.
İ b l i s
(yarımqəhqəhə ilə)
Eşq olsun, əvət, böyük məharət!
A r i f
Rə’na hanı? Söylə gəlsin!
İ b l i s
Əfsus,
Bir zabitə uydu getdi...
A r i f
(çılğın)
Ah, sus!
İ b l i s
(əlilə onun omuzunu oqşar)
Yahu! Bana baq, şaşırma əsla,
Rə’na, o mələk əlində hala...
A r i f
(böyük bir təlaş ilə)
Bir söylə, nə səmtə getdi onlar?
İ b l i s
(qapıdan onlar getdiyi tərəfi göstərir)
Baq, qarşıda iştə xurmalıq var...
A r i f
(sözünü kəsərək)
Bildim, yetişir, o bəlli bir yol.
(Dərhal dışarı fırlar)
İ b l i s
Get, durma!
(istehzalı qəhqəhə)
Fəqət, yazıq! Əmin ol,
Bəklər səni bir yığın cinayət,
İzlər səni bir yığın fəlakət.
(Qəhqəhə...)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/cavid-iblis-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
GörmədimBilmədim, uydum şu məcnun könlümün fəryadinə,Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.
Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanəHər kəs aləmdə bir bəlayə düçarOlur, amma mənim kimi olamaz.
Hər yer səfalı, nəşəliHər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Başqa şairlərin şeirləri
Etdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
NövbəDörd yandan bürüyüb qəzet köşkünü,Növbəni pozmayın – deyir adamlar.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani