Bizə ciddi mətbuat çoxdan lazım idi
Məzmun
Səhifə 2 / 3 · 33%
Məzhəkənəvislik
Mətbuat bir fikrə meydan verdiyi kimi, bəzi ayrı-ayrı fikirləri də yox etməyə gərək çalışsın. Mətbuatın əsil məqsədi haqqı intişar edib, nahaqqa qalib gəlməkdədir. Nahaq ilə də iki cür mübarizə etmək olar: ya ciddi məqalələrlə, ya məzhəkə təriqi ilə. Məqsədə çatmaq yolunda məzhəkə dəxi də məqbul görünür. Ona görə mətbuat tərəziyə bənzəyir: Bir şaxəsi ciddi qəzet və məcmuələrdən, o birisi məzhəkə və həzl jurnallarından ibarət olur. Bir fikrə çatmaq üçün mətbuatı vasitə etdikdə tərəzinin müvazinətinə çalışmalıdır. Mətbuat müvazinəti pozulduqda lazımi nəticələrə də çatmaq mümkün olmur. Ciddi mətbuatın məqsədi tikmək və yaratmaqdır. Məzhəkənəvislik isə uçurmaqdan ibarətdir. Məzhəkə uçurduqca, ciddi mətbuat da tikməli və təmir etməlidir. Müvazinət itib, məzhəkə qüvvət tapdıqda köhnəlik uçurular, yox olar. Lakin məqsədə nail olmaq olmaz. Çünki yenilik əmələ gətirməyə məzhəkə lazımınca qadir deyil. Bu qeyri-salamat bir hal bizim mətbuatda dövran sürüb və indi də sürməkdədir. Nədənsə bizim Qafqaz mühərrirləri həmişə məzhəkənəvisliyə meylli olurlar. Yüz əlli il bundan əqdəm yaşamış şairimiz Molla Pənah Vaqifdən tutmuş son müqtədir şairimiz Sabirədək hamısı məzhəkə yazmağa, həcvguluğa artıq həvəs göstəriblər. Teatrnəvislərimiz də bu yolda artıqlığınca cəhd eləyiblər. Mirzə Fətəli Axundov yetmiş il qabaq komediya hüsula gətirib. Sonrakı yazıçılarımız da onu təqlid ediblər.
Lətifə, zarafat
Əsrlərcə məzhəkə ilə tərbiyə tapan millətimiz aşkardır ki, “Molla Nəsrəddin” jurnalının zühuruna artıqlığınca sevindi. “Molla Nəsrəddin” də əvvəl illər doğrudan gözəl və cazibəli idi, məsləki sabit və salamat, yazıları kamil və şirin, dili asan və xalqa yavıq. Özü də mahir rəssamlar qələmindən çıxmış şəkillərlə müzəyyən idi. Həqiqətdə “Molla Nəsrəddin” jurnalı ilə biz fəxr edə bilirdik.
Ciddi qəzet və jurnallarımız çətin dilləri, duzsuz yazıları və məsləksizliyi ilə oxucuları zara gətirdiyi zaman “Molla Nəsrəddin” şöhrət tapıb, vətənimizin hər bir guşəsində oxunurdu. Tüccar, əsnaf, əyan, əşrəf, avam, xas – hər bir sinifdə rəğbət qazanırdı. Kəmsavad baqqallarımız, çörəkçilərimiz höccələyə-höccələyə oxuyur, “Molla Nəsrəddin” dən ləzzət apardıqları kimi, studentlərimiz, doktorlarımız, laqeyd bəy və hökumət məmurluğunda olanlarımız da ondan həzz alırdılar. Çox ailələrdə arvadlar toplanıb, balaca uşaqlara oxutdurub, qulaq asardılar.
Belə olduqda məzhəkənəvisliyin təsiri ciddi mətbuat təsirindən artıq olaraq camaat arasında yayılırdı. Məzhəkənin işə keçdiyini görərək, qəzetlər də əsil məqsədlərini unudub məzhəkəyə meydan verməyə üz qoydular. “Molla Nəsrəddin”dən savayı arabir ayrı həzl məcmuələri də ortalığa çıxdı. Mətbuat müvazinəti bilmərrə itdi. Hamı uçurmağa üz qoydu, amma tikmək meylində olan olmadı. Uçurduqda da yaxşını pisə qarışdırıb, uçurdurdular. Cəmi köhnə binalarımız, milli və dini imarətlərimiz məhv olub getdi.
Mətbuatımızdakı məvazinəsizliyin nəticəsi
Məzhəkənəvislikdən yadigar olaraq bizə bir gülüş qaldı. Cəmi rişxəndimizi bu gülüşlə bəyan edirik. Istər haqq, istər nahaq rişxəndli gülüşümüz hər yerdə büruzə verilir. Heyfa ki, təkcə pisə rişxənd etmək əvəzində, yaxşını da pisə qatırıq gedir. Bu hal millətin hər bir sinfində müşahidə olunur və şiddətli nəticələr verməkdən qalmır. Köhnə yol gülünc olub itdi. Təzə bir yol göstərən də olmadı.
Həmişə rəhbərə möhtac olan qara xalq yolu bilmərrə itirdi. Adət və əxlaqlarına yerli və yersiz o qədər gülünmüş və əskikləri o qədər üzünə vurulmuş, təkrar olunmuşdu ki, zavallı xalq özünü bu həqarətdən saxlamaq üçün doğma adət və əxlaqını unutmağa, onlara xor baxmağa başlamışdı.
Bu surətlə mənliyimizdə əgərdən-əskikdən başqa bir şey, dəyərli və qiymətli bir var görməməyə öyrəşən camaatımız yavaş-yavaş özlüyündə laqeydlik göstərdi. Dilimiz əcnəbi sözlərlə dolmağa başladı. Çox yerlərdə türkcə danışmağa utandılar. “Türkcə danışma – eyibdir” deyə bir gimnazistin birinə müraciət elədiyini çox görmüşəm. “Müsəlman” ləfzi föhş və eyib ifadə edən bir kəlmə oldu... hər kəs nə bitərbiyə iş gördüsə, onu görən şəxsin müsəlmanlığına yozdular. Halbuki, pis əməllər müsəlmandan baş verdiyi kimi, qeyri dinə və millətə məxsus şəxslərdən də baş verir. Müsəlman və ya qeyri-müsəlman deməməli, tərbiyəli və tərbiyəsiz desək, dəxi doğru olar. Bu həqiqət məqsədsiz gülüşlər içərisində buludlandı. Birisi oğurluq etdikdə deyirlər: “Müsəlmandan ki, yaxşı iş çıxmaz”. Halbuki, müsəlman oğru olmayıb, qeyri dinə tabe olanlardan da oğru olub. Amma nədənsə cəmi pis əməlləri müsəlmanlıqdan görürük.
Milli bayramlarımız camaatımızın gözündə hüsnünü yox etdi. Xalq da dədəbabadan qalma gözəl bayramlarını şad bir halda keçirməyə qorxdu. Bəziləri hətta qələm götürüb, novruz bayramının canına düşdülər. Neçə əsrlər millətə xidmət edən, ona şadlıq və fərəh verən bir əziz günü şərafətdən salmaq istədilər. Halbuki, novruz şairanəliyi ilə əcnəbilərin də rəğbət və məhəbbətini qazanır. “Bahar bayramı” adı ilə cavanlarımız arasında günü-gündən tərəqqi eləyir. “Novruz”u yox eləmək meylində olan mühərrirlər bilmirəm millətə hansı bayramı verəcək idilər?
Bundan əvvəl balalarımız milli oyunlarımızı oynardılar. Indi çoxusu utanıb, onlardan əl çəkir. “Südlü sümük”, “başıqovurma”, “cızıqdançıxma”, “leygələ” və bir çox başqa oyunlarımız var ki, uşaqların hərəkətinə, şadlığına səbəb olub, onları millilikdə sabit saxlayır.
Çox yerdə atalar oyunu bilmərrə balalar üçün lüzumsuz bilirlər. Yolu itirmiş yazıq atalar elə güman edirlər ki, uşaq sübhdən axşamadək kitab üstə otursa, çox bilik qazanar. Dəxi bunu bilmirlər ki, uşağı yormazlar, oxutduqda da dərs şeylərini oyuncaq şəklinə salarlar ki, uşağın həvəsi və meyli artsın. Bir hacı oğlunu mənim yanıma oxutmağa qoymuşdu. Yazıq hacı tez-tez yanıma şikayətə gələrdi ki, oğlum ağaca çıxır. Biçarə elə bilirdi ki, əcnəbi balaları ağaca çıxmırlar və ağaca dırmaşmaq da ədəbsizliyə dəlalət edir. Bir şagird məktəbdən xi-55
Müəllif əksər hallarda “millət” sözünün burada olduğu kimi, “xalq” mənasında işlədir.
las olub, bikar vaxtında tar çalarmış. Atası tarı alıb atır ki, nə tarbazlıqdır. Yol azmış kişi yenə elə güman eləyir ki, tar çalmaq eyibli bir işdir. Halbuki, milli musiqi milliyyətimizin möhkəmliyinə böyük xidmətlər edir.
Məzhəkənəvislik sabit bir halda qalmayıb ifrata üz qoydu, millətimiz dəxi də rəxnədar oldu. Bikar mühərririn biri bir gün də qələm götürüb, milli nağıllarımızı həcvə qoydu. Belə xəta törətdikdə görəsən bir dəlil və sübut göstərdilərmi? Əlbəttə yox. Inkar etmək yolu asan olduğu üçün bu yola müraciət etmək fikirləri əlbəttə biliksizlik bəlasından qurtarır. Lakin hər şeyi inkar etməklə də millət çox şey itirir. Nağılların millətimizin həyat, əqliyyə və xəyaliyyəsinin məhsulu olduğunu gərək idi düşünəydik. Onda dərin bir fəlsəfə olmağını gərə qana idik. Amma qanmaq istəmədilər. “Bu da qədim işdir” – deyə nağılı hörmətdən saldılar. Əcnəbilər isə nağıla bu nəzərlə baxmırlar, onu hər yerdə toplayıb təb etdirirlər ki, məhv olmasın. Avropada az-az ədiblər tapılar ki, nağıl yazmasın. Avropalılar nağılları bihörmət etmirlər, amma biz nağılı həcv edirik. Biz millətin əsrlərcə vücuda gətirdiyi nağılları çölə tullayırıq, onlara yiyə olmuruq.
Əcnəbi dildən tərcümə olunmuş həyatımıza yad, ruhumuza zidd hekayə və nağılları uşaqlarımızın oxumağını rəva görürlər. Bizim şirindilli, maraqlı nağıllarımız kənarda qalır. Uşaqlara ağır, ağıl həzm eləməyə qadir olmayan nəsihət kitabları yazılır, uşaqları kitabdan nifrətləndirirlər. Bunu düşünmürlər ki, nəsihət yazmaq qaydası mədəni millətlər arasında çoxdan dəbdən düşmüşdür, çünki uşağa quru nəsihət heç vaxt kar eləməz, uşaq gördüyünü götürər. Sən uşağın yanında yalan danış və uşağa tapşır ki, yalan danışmasın. Bunu uşaq heç vədə qəbul eləməz. Uşağın yanında doğru danışmalıdır ki, o da doğruçuluğu öyrənsin. Yaxşı deyilmi ki, Avropanın əsrlərcə qazandığını biz də əxz eləyək? Dəxi zəmanəyə müvafiq olmayan fikirlərə niyə meydan veririk?
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-bize-ciddi-metbuat-coxdan-lazim-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
TEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.
Şəxslərin və hadisələrin tipləşməsiŞƏXSLƏRİN VƏ HADİSƏLƏRİN TİPLƏŞMƏSİ*Turgenevin həqiqi, canlı simaları nəzərdə tutaraq tip yaratdığını söyləmişdik. Bu qayda Dostoyevski, L.Tolstoy və başqa yazıçılarda da görünür. Dostoyevski ədəbi həyatına böyük bir romanla xitam vermək xəyalında olduğunu 1870-ci ildə şair Maykova yazdığı məktubunda söyləyir. Bu romanın ikinci hissəsi müəllifin planına görə, monastıra həsr olunmalı imiş. Bu barədə Dostoyevski Maykova yazır: “Burada baş sima olaraq Tixon Zadonskini, əlbəttə başqa bir adla təmsil etmək istəyirəm. Bu arxiyereydir və monastırda istirahətdə bulunacaq. Bütün romanın baş qəhrəmanı yoldan sapmış, əxlaqsız, cinayət işləmiş on üç yaşında bir çocuq da (bu tipi tanıyıram) ata-anası tərəfindən monastıra qoyulmuş, orada da dərs oxuyur. Çaadayevi də (əlbəttə başqa adla) bu monastıra salacağam. Niyə Çaadayev bir il monastırda oturmasın? Təsəvvür ediniz, birinci məqaləsinin üstündə hər dəfə doktorlar müayinəsinə məcbur olan Çaadayev bu vəziyyətə dözməyib xaricdə, fransız dilində bir risalə nəşr etdi, buna müqabil Çaadayevi bir illiyə monastıra göndərə bilərdilər. Çaadayevin yanına qonaqlar da gələ bilər. Məsələn: Belinski, Qranovski, hətta Puşkin. (Axı mənim romanımdakı Çaadayev deyil, mən ancaq bu tipi alıram). Monastırda prusiyalı Pavel, Qolubev, inok Parfiriy də olacaq (bu aləmə bələdəm, rus monastırını çocuqluğumdan tanıyıram)...” Dostoyevskinin sadaladığı bu həqiqi simalar rus ədib və ruhanilərinə mənsubdur. Müəllifin “böyük romanı” çıxmadı, onun bir hissəsi olan “Karamazov qardaşları” yazıldı ki, Tixon orada Zosima adı ilə göstərilir.
İqtibas, təqlid və təsirİQTİBAS, TƏQLİD VƏ TƏSİR*Bizdə bir ədəbi əsər təhlil edildikdə gənc tənqidçilərimiz əsərin texnikasından və əsərə olan təsirdən bəhs etməyirlər. Halbuki bunlar əsərin ən canlı əyarıdır. Bunları nəzərə almamaq əsəri ətraflı qavramamaq və onun ədəbiyyat tarixindəki mövqeyini lazımınca təyin etməmək deməkdir. Hər bir şair və ədib ilk ədəbi addımlarında təsirə düşər. Bu təsir ya dərin, ya səthi olar, ya uzun müddət davam edər, ya ötəri olaraq görsənib, qayıb olar. Bu hallar yazıçının qüvvət və iqtidarından asılıdır. Puşkin və Lermantov kimi böyük rus şairləri Bayronun təsirinə düşmüşdülər. Puşkin bayronizmdən özünü qurtara bilib, azad yola çıxdı və tamamilə müstəqil bir ədəbi mövqe qazandı. Lermantov isə bu təsirdən qurtara bilmədi. Deməli, yazıçının qüvvəti onun təsirə düşüb-düşməməsi, sərbəst cığır açması və yeni bir məktəb təşkil etməsi ilə ölçülür. Aləmşümul klassikləri yüksəkliklərə çıxarıb bütün dünyaya sevdirən onların yüksək texnikası, bədii mündərəcələri və müstəqil yol ilə getdikləri olmuşdur. Bəzən klassiklər də köhnə mövzulardan istifadə edirlər. Firdovsi Iranda ağızdan-ağıza keçən əfsanələri toplayıb “Şahnamə” yazır; Şekspir, L.Tolstoyun dediyi kimi, Italiyada və başqa yerlərdə dolaşan mövzuları alaraq ölməz dramlar yaradır; Höte xalq masallarından “Faust”u vücuda gətirir... Bizim klassiklərimizdə də bu hal görünür. Füzulidən əvvəl “Leyli və Məcnunu”u Nizami yazmışdır.
Turgenevin yazı üsuluTURGENEVİN YAZI ÜSULU*Klassiklərin yazı üsulunu öyrənmək, yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır. Çünki böyük ədiblərin texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır. Təəssüf ki, hər bir klassikin yazı üsulu ilə tanış olmağa kafi məlumatımız yoxdur. Yazıçıların hamısı eyni dərəcədə intizampərvər və səliqəli olmamışlar, bəziləri əsəri bitirdikdən sonra ona dair yazılan planları, konspektləri, qeydləri tələf etmişlər. Bizim Azərbaycan yazıçıları bu barədə daha da geridə qalmışlar, bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur. Yalnız Mirzə Fətəli istisnadır, çünki o özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır. Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət verməmələrindən irəli gəlmişdir.
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi