ŞƏXSLƏRİN VƏ HADİSƏLƏRİN TİPLƏŞMƏSİ

Turgenevin həqiqi, canlı simaları nəzərdə tutaraq tip yaratdığını söyləmişdik. Bu qayda Dostoyevski, L.Tolstoy və başqa yazıçılarda da görünür. Dostoyevski ədəbi həyatına böyük bir romanla xitam vermək xəyalında olduğunu 1870-ci ildə şair Maykova yazdığı məktubunda söyləyir. Bu romanın ikinci hissəsi müəllifin planına görə, monastıra həsr olunmalı imiş. Bu barədə Dostoyevski Maykova yazır: “Burada baş sima olaraq Tixon Zadonskini, əlbəttə başqa bir adla təmsil etmək istəyirəm. Bu arxiyereydir və monastırda istirahətdə bulunacaq. Bütün romanın baş qəhrəmanı yoldan sapmış, əxlaqsız, cinayət işləmiş on üç yaşında bir çocuq da (bu tipi tanıyıram) ata-anası tərəfindən monastıra qoyulmuş, orada da dərs oxuyur. Çaadayevi də (əlbəttə başqa adla) bu monastıra salacağam. Niyə Çaadayev bir il monastırda oturmasın? Təsəvvür ediniz, birinci məqaləsinin üstündə hər dəfə doktorlar müayinəsinə məcbur olan Çaadayev bu vəziyyətə dözməyib xaricdə, fransız dilində bir risalə nəşr etdi, buna müqabil Çaadayevi bir illiyə monastıra göndərə bilərdilər. Çaadayevin yanına qonaqlar da gələ bilər. Məsələn: Belinski, Qranovski, hətta Puşkin. (Axı mənim romanımdakı Çaadayev deyil, mən ancaq bu tipi alıram). Monastırda prusiyalı Pavel, Qolubev, inok Parfiriy də olacaq (bu aləmə bələdəm, rus monastırını çocuqluğumdan tanıyıram)...” Dostoyevskinin sadaladığı bu həqiqi simalar rus ədib və ruhanilərinə mənsubdur. Müəllifin “böyük romanı” çıxmadı, onun bir hissəsi olan “Karamazov qardaşları” yazıldı ki, Tixon orada Zosima adı ilə göstərilir.

Bizim ədiblər də həqiqi simalardan istifadə etmişlər və bəzən adlarını belə dəyişməmişlər. Mirzə Fətəli, deyirlər, Hacı Qaraya doğrudan rast gəlmiş və adını dəyişməyə hacət görməmişdir. Yenə eyni müəllifin çullu həkimi. Bu adam da Qarabağda məşhur imiş. Nəcəfbəyin “Qıdı kirvəsi” Daşaltı kəndindəndir, çocuqluğumda adını Şuşada çox eşitmişəm. Əbdürrəhimbəyin ağıçı Mələyi də həqiqi simadır. Ağıcı Mələk Qarabağ təziyələrində məşhur bir qadın idi. Gözəl səsi var idi. Ortaboy, qarayanız bir adam idi. Ağı deyərkən özü də ağlardı, ağlamaqdan kirpikləri tökülmüşdü. 1911-ci ildə bu qadına Aşqabadda rast gəldim. Xalq ədəbiyyatını gözəl bildiyi üçün bir gün onu bacımgilə qonaq çağırdım. Gəldi, lakin qələmi əlimdə görər-görməz duruxdu və bir söz demədi: adım “Molla Nəsrəddin”ə düşər deyə çəkindi. Dediklərini nə məqsədlə yazacağımı anlamaq istəmirdi.

Əbdürrəhimbəyin “Haqq Mövcud”u da həqiqi simadır. Bu adamın əsil adı Molla Qurban idi. Lakin camaat arasında “Haqq Mövcud” adı ilə məşhur idi. Onun doğrudan da nüsxəbənd Məşədi Əkbərlə əlaqəsi olmuşdur. Lakin Əbdürrəhimbəyin hekayəsində söylədiyi kimi deyil. Əbdürrəhimbəy əslini yazsaydı, daha maraqlı və bədii olardı. Məsələ bundan ibarətdir: o vaxt Qarabağda kimyagərlik dəb bir məşğələ idi. Bəzi adamlar altun ixtirası yolunda bütün var-yoxunu sərf edirdi. Civəni butələrdə qaynadar və ona cürbəcür orqanik şeylər qataraq təcrübə edərdilər. Civənin təsirindən adətən, kimyagərlərin dişləri qaralar və gözlərinin qıyları qızarardı. Məşədi Əkbər də belə bir adam idi. “Haqq Mövcud” da kimya iksiri kimi əsrarəngiz bir adam idi. Şəhər qalasının bürcündə yaşar, xeyrə-şərə çıxmaz, ət əvəzinə bəzən qan bişirər yeyər, dini ayinlərə riayət etməzdi. Ölmüş bir çocuğu öz evinin qabağında basdırmış və üzərinə kurqan yapmışdı. Bu tuhaf geyimli (əynində ceyran dərisi, boynunda uzun təsbeh, əlində kəşgül), gözləri sürməli, axşam qaranlığında dilənməyə çıxan qoca Məşədi Əkbərin nəzərini özünə cəlb etməyə bilməzdi. Kimyagər iksir sirrini öyrənəcək deyə “Haqq Mövcud”u işə cəlb edir, çox pul xərcləyir və nəticədə bir şey əldə etməyərək, acığından tutub zorla “Haqq Mövcud”un saqqalını və bığlarını qırxdırır.

“Haqq Mövcud” yox oldu. Bir müddət gözə görünmədiyi üçün Şuşada cürbəcür şayiələr yayılmağa başladı. Dedilər Məşədi Əkbər “Haqq Mövcud”u öldürüb, yağından iksir qayırmışdır. Axırda məlum oldu ki, “Haqq Mövcud” evdə oturub, saqqalının və bığlarının uzanmasını gözləyir...

Deməli, yazıçı həqiqi simalardan istifadə etdiyi kimi, həqiqi hadisələrdən ə istifadə edir. Mirzə Fətəlinin “Kimyakər”indəki əhvalat doğrudan da Xaçmaz dağında vaqe olmuş bir işdir. Ancaq bunu dramaturq tipləşdirmişdir. Qoqolun “Revizor”u Puşkinin başına gəlmiş bir işdir. Puşkin Qoqola nağıl etmiş və Qoqol da bu həqiqi hadisə üzərində çar idarəsini təsvir edən bədii bir əsər yaratmışdır. Əbdürrəhimbəyin “Çeşmək”indəki vəqə olmuş işdir. Mahmudbəy adı ilə göstərdiyi tip də Şuşada advokatlıq etmiş Həsənəlibəydir. Onun zarafatları və anekdotları yazılsa, ayrıca bir kitab təşkil edər. Puşkin “Quldur qardaşlar” adlı poemasının ilhamını həqiqi bir hadisədən almışdır. 1823-cü ildə Odessadan şair Delviçə yazdığı məktubda məsələni izah edir: “Bu parçanı yazmağa həqiqi bir hadisə səbəb oldu. 1820-ci ildə Yekaterinslavda olduğum zaman bir-birinə zəncirlənmiş iki qaçaq, Dnepri keçib canlarını qurtarmışdılar...”

Yazıçı həqiqi hadisəni alaraq, çox vaxt ona ictimai bir rəng gətirir və fabulasını zənginləşdirib, doğrudan da bədii bir əsər vücuda verir. Bu, təbii, qələmin qüvvətinə bağlıdır. Bəziləri isə hadisəni tipləşdirməyə qalxışarkən olmuş hadisənin belə maraqlı cəhətini pozur. Hadisəni tipləşdirməkdə ən böyük məharət Qoqolun qələmində idi. “Şinel”in tarixi bunu isbat edir. Annenkov xatirəsində yazır ki, yazıçıların bir dəstəsi Qoqolun mənzilinə toplanıb, vaxt keçirirdilər. Qoqol danışıqlara diqqətlə qulaq asarmış. “Bir gün, Annenkov deyir, Qoqolun yanında bir kanselyariya anekdotu söyləndi. Quş ovu məftunu fəqir bir çinovnik qulluğu xaricində ağır zəhmətlərə qatlaşaraq ifrat qənaət sayəsində iki yüz manat birikdirib, yaxşı bir lepaz tüfəngi almışdı. Ilk dəfə balaca qayığına minib Fin körfəzində ova getdikdə, qiymətli tüfəngini qayığın burun cəhətinə qoymuş imiş. Çinovnikin etirafına görə, o özünü tamamilə unutmuş halda imiş, bir də ayılaraq qayığın burnuna baxmış, tüfəngi orada görməmişdi. Sıx qamışlar arası ilə üzərkən tüfəng qamışa ilişib suya düşmüş və onu tapmaq mümkün olmamışdı. Çinovnik evə dönüb yatağa yıxılır və xəstələnir, bir daha qalxmır. Yoldaşları bu vəqədən xəbər tutub, pul toplayır və çinovnikə təzə bir tüfəng alır, onu həyatla barışdırırlar. Bu dəhşətli vəqəni xatırlarkən onun üzü sapsarı kəsilirdi”. Bu həqiqi hadisə Qoqola “Şinel”i yazmağı təlqin etdi. Lakin Qoqol hadisəni tipləşdirərək çar xırda məmurunun dəhşətli həyatını təsvir etmişdir. Kiçik hadisədən doğmuş bu bədii hekayə o qədər qiymətli sayılır ki, onu rus realizmi sahəsində atılmış ilk addım hesab edirlər. Aləmşümul Dostoyevski belə: “Biz hamımız “Şinel” dən çıxdıq” – demişdir.

1935

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qeyd

Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...

1 dəq
Üç gecə

Mir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»

6 dəq
Bir qəpik

Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.

3 dəq
Kənddən şəhərə göndərilən bir kağız

Nuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.

2 dəq

Başqa şairlərin şeirləri