Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:

– Bax itirmə – dedi.

Uşaq kasanı götürüb, darvazaya tərəf getdikdə bir də Sərəncam bacı onu saxlayıb tapşırdı:

– Bax itirmə. Vallah itirsən ətini əndamında qoymayacağam.

Uşaq pul olan əlinin arxası ilə burnunu qurtdaladı, gözlərini döydü və cavab vermiyib, dönüb getdi.

Küçədə şinlik artmışdı: xalq dükanlarını bağlayıb, bazardan qayıdırdı. Qaranlıq düşə-düş idi. Uşaq ona buna toxuna-toxuna gedirdi. Birdən durdu, kişilərə bir-bəbir tamaşa edirdi, fikirləşirdi və yenə yolu ilə getməyə başlayırdı.

Çox yeriməyib uşaq yenə durdu: başının üstə bir gecə quşu hərlənib, fırlanırdı. Gözdən itirdi, bir də çığırdı, və bə’z vaxt uşağın lap qulağının dibindən uçurdu; elə bil onun ilə oynamaq meylində idi.

Gecə quşunun hərəkəti uşağı məşğul edirdi. Uşaq gülümsünürdü və böyük bir fərəh ilə ona tamaşa edirdi, şad olurdu.

Birdən uşağı guya ilan vurdu: başladı durduğu yeri axtarıb aramağa. Avıcının içinə diqqət ilə baxdı, arxalığının ciblərini əlləşdirdi, qəpik tapılmadı.

Uşaq ağlaya-ağlaya geri qayıtdı. Qaranlıq düşmüşdü: Darvazaya yetişcək durdu. Evə getməyə cürət eləmədi: atasının yumruğundan və anasının çimdiyindən qorxdu.

Oturdu qapının küncündə, başladı gizli-gizli ağlamağa. O qədər göz yaşı tökdü ki biçara uşaq yorulub yatdı.

Bir vaxtı, qulağının dibinə dəyən dürtmədən dik atılıb çığırdı: başının üstə atası, Məşədi-İmamqulu durmuşdu.

Uşaq atasını görcək qorxusundan darvazanın küncünə qısılıb, başını balaca əllərinin arxasında gizlətdi. Məşədi İmamqulu qeyz ilə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı:

– Bir saatdır – dedi: səni qatıq almağa göndərmişəm, hələ gəlib çıxmırsan. Demirsən ki aş səni gözlüyür.

Uşaq böyük günah etmiş adam kibi, bərkdən ağlamağa cəsarət eləmirdi. Yumruq zərbəsini bədənində hiss etdikcə, qırıq bir səs çıxarıb, yenə kiriyirdi. Və məzlum nəzərilə atasına baxa-baxa balaca əlləri ilə özünü döyüşdən müdafiə etmək istiyirdi.

Bir də uşaq darvazanı açıb, özünü həyətə soxdu və anasını orada görcək özünü onun üstə tolladı.

Sərəncam bacı uşağa bir qapaz ilişdirib, itələdi:

– Üzünü mürdəşir yusun – dedi: bir saatdır qatığa gedib, «bir daş bir quyu olub» gəlib, çıxmaq bilmir.

Sərəncam bacı oğlunu bir az çimdikdən çıxartdıqdan sonra soruşdu:

– Ədə bəs qatıq necə oldu?

Uşaq cavabında ağladı. Peşiman yaş dənələri körpənin yanaqları aşağa axıb, töküldü anasının qılçalarını, balaca bağrına basıb həkürdü.

Sərəncam bacı uşağın ətini dırnaqları arasında göyərtdi.

– Ədə bəs qatıq necə oldu? – Deyə yenə sual etdi:

Uşaq cavabında ağladı. Peşiman yaş dənələri körpənin üstünə yumruq və şapalaq tökülməyə başladı.

Ər və arvad uşağı döyə-döyə otağa çəkdilər. Burada sual və cavab başlandı:

– Kor olasan, – ana dedi: bircə de görüm darvazaya çıxanda qəpik əlində idi ya yox?

Uşaq bir az cürətli səs ilə:

– Əlimdə idi – dedi:

– Yaxşı, bəs nə təhər oldu ki düşdü itdi?

Uşaq cavaba aciz idi: dinmədi. Sərəncam bir qədər cavabı gözlədi və sonra uşağın yanağını iki barmağı arasına salıb, dartıb sıxdı. Uşağın gözləri yenə yaş ilə doldu.

Məşədi İmamqulu araxçını başına basıb, arvada acıqlandı:

– Sən də qoy görüm – dedi: qoy görüm bu küçük balası, qəpiyi harada itirib. Ədə, bəlkə darvazanın qabağında uşaqlar ilə gicədin, sonra düşdü?

– Yox! – Deyə uşaq başını fırladı.

Atası acıqlı:

– Yoğun ox girsin gözləriyin ağına.

Sərəncam bacı yenə sual verdi:

– Bəlkə uşaqlar əlindən aldı?

– Yox!

– Üzünü gözünü qara yara yesin!


Lampa çıxmışdı küçəyə. Sərəncam bacı başında iki qat çarşaf oğlunu dolandırıb, gəzdirirdi və tez-tez sual verirdi:

– Burada qəpik əlində idi, əlində deyil idi?

Uşaqdan gec cavab çıxdıqda, qapazı başına salıb, qarğışdan tökürdü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qusar mülkədarları

Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi:

4 dəq
Mirzə Əbdülvahab

Mirzə Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar ilə keçdiyi üçün özü də bir növ kitab olmuş – tərpətsən şer tökülər. Zahiri də xalis Təbriz basmasıdır–qulaqlarından tutmuş burnunun ucuna qədər bitən tüklər şikəstə xətt ilə yazılmış beytlərə bənzəyir.Mirzə Əbdülvahabın özünün də təbi-şeri var. Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamini kimsəyə oxumaz. Çünki zamanımızda şerlərinə qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış adamlara da salam verməz və haqlarında ən kəskin, ən kirli mühakimələr yürüdər.

5 dəq
Yüksəliş

Səndələyə-səndələyə qapıya yanaşdı, sol əli şüursuz bir halda qalxıb qapını tıqqıldatdı. Səsə gələn olmadı. Gecənin yarısı idi. Qapı qarşısında qara kölgə təşkil edən adam qəribə bir qiyafəyə malik idi. Yuvarlaq kepkasından başlayan düzgün cizgi ənsəsində qırılır, lobba düşmüş mürəkkəb kimi, kənara qeyri-müntəzəm xətlər ayrılırdı, kürəyində yarımdairə şəkli alaraq aşağıya doğru enir və şalvarının arxasında yenə cizgi qırılıb, bir sıra didiklər əmələ gətirirdi. Ayağının uclarında və dizlərində də eyni cizgi qırıqları gözə çarpırdı...Qapı təkrar döyüldü, səs sükut içində uyuyan dalana düşüb, nərədə isə əkssədalar doğurdu. Kölgə yerində duraraq düşünür, lakin düşünüşü məntiqsiz və məqsədsiz idi. Gözlərinə görünən şeylər sabit bir şəklə malik deyildi. Bir də əyri çərçivəyə yerləşməyib, sallana qalan çatlaq qapı onun gözlərinə sataşır. “Qapı-qapı” – deyə gülümsəyir; bir dəqiqə sonra həm qapı, həm də qapı ətrafında dolaşan düşüncə qaib olub gedirdi. Davamının çoxmu, azmı sürdüyünü bilmədiyi bir boşluq onu bürüyürdü. Sol əli yenə şüursuz bir halda qapını döyməyə davam edirdi...

12 dəq
İstirahət günü

Xırda bir işçi otağı. Maşınkanın üstündə iri qazan. Arvad paltar yuyur. Əri otura-dura ona kömək edib girib-çıxır, su gətirir, əlinə tökür, kirli su aparır. Arabir hayxırır, küncdəki qaba tüpürür. Bəzən çarpayının üstə yarı uzanır. Arvad sinirlənir, deyinir. Onu köməyə çağırır. Kişi istər-istəməz yerindən qalxır. Yenə köməyə qoşur. Vedrəni dışarı çıxardanda arvadı şikayətlənir:– Şüşə zavodu... Bir az artıq pul verirmiş... Bu da artıq pul: ciyərləri

3 dəq

Başqa şairlərin şeirləri