Yə yenə bənd oldu könlüm birin simin bərə,Lam-əlif la, ləli-nabın bənzər abi-kövsərə,Va vəli dəhr içrə oğraşmış anın tək dilbərə,Hey Huma xələtin gərəkisə qədi ərərə,Nun nə nisbət oxşadam mən anı mahi-ənvərə

Mim münəvvər pərtəvi-mehri-ruxündən afitab,Lam lü'lü'lərmidir dəndanı yoxsa dürri-nab,Kaf küfri-zülfünü sevdim, gətirdim bunca tab,Qaf qüdrətdən yaranmış bir belə aliciənab,Fa füzun zib ilə bənzər təzərvi-əxzərə

Qayn qeyrilərlə tək yar olmasın ol nuşləb,Ayn ayn lütfdür gər eyləsə qəhr və qəzəb,Zi zühura gəlməyibdir bir belə ali nəsəb,Ti təvaf küyün etməkdən dönübdür ruz-şəb,Zad zəəfi-hal ilə qəddim bu çərxi-çənbərə

Sad sərf etdim təmamı əqldən dur olmuşam,Şin şərab cür'əyi-eşqilə məxmur olmuşam,Sin surudi-naləbirlə xeyli məhcur olmuşam,Zi zəbani-mərdümi-aləmdə məzkur olmuşam,Ri rəqəm qılmış adım üşşaq ara sərdəftərə

Zal zərrati-günəş hüsnündür və şəms-ü qəmər,Dal dövran içrə bir sən tək tapılmaz mötəbər,Xi xəttin sünbül, ləbin səbzeyi-növxiz tər,Hi həşa mənənd ola sən kimi şah-dadgər,Cim Cəm Cəmşid və xaqan, Xosrov-u İskəndərə

Si sənayi-həmdini gər eyləsə əhli-səfa,Ti təməttüdən xaçan məhrum olur ruzi-cəza,Bi bəlayi-nəfs şəhvə uymağı görmə rəva,Əlif Allahın adın yad et, oturma, Saleha,Sidq-ü-ixlasla daim tabe ol peyğəmbərə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq