ÇEXOV, QORKİ VƏ L.TOLSTOY

1898-ci ildə M.Qorkinin hekayələrinin ilk iki cildi çapdan çıxmışdı. Çexov bu hekayələrlə tanış olar-olmaz Qorkinin “şübhəsiz bir talant” olduğunu qeyd edir. Yazdığı bir sıra məktubda gənc yazıçıya olan münasibətini belə göstərir: “Stepdə” örnək olacaq bir surətdə yazılmışdır. Bu anac bir şeydir. Qorkinin özü də bədiiyyatçılar qayrılan xəmirdən yoğrulmuşdur”.

Çexov bir ayrı məktubunda Qorki haqqında peyğəmbəri sözlər deyir: “Qorkidən böyük yazıçı olacaq”.

Qorkinin özünə yazdığı məktubunda onun əsas xassələrini belə xarakterizə edir: “Həqiqi talantınız var, şübhəsiz ki, böyük talantdır. Siz bədii yazansınız, praktikanız var, deməli bir şeyi təsvir etdikdə onu görüb əlinizlə əlləşdirirsiniz, həqiqi sənətiniz var. Bu yaxşı əsaslarınız “Stepdə” və “Solda”dır. Bunlar gözəl və örnək ola biləcək şeylərdir. Bunlarda yaxşı məktəb keçmiş bədii yazıçı görünür”.

Çexov onda Qorkini yaxından tanımırdı, onun “yaxşı məktəb” keçmiş olduğunu zənn edirdi. Halbuki Qorki bütün təhsilini həyatdan almışdır. Çox gəzmiş, müşahidə etmiş, cürbəcür insanlarla görüşmüş və bol-bol mütaliə etmişdir. Çexovun məktubları da ona ədəbi bir dərs olmuşdur. Çexov Qorkinin təbiət təsvirlərini uzun hesab edirdi. Onların bir az qısa və yığcam olmasını məsləhət görürdü. Təbiəti təsvir edərkən ona canlı insan xassələri verməyi antropomorfizm (məsələn: “Dəniz nəfəs alır”, “Göy baxır”, “Göl cilvələnir”, “Dəniz gülürdü”) təsvirə yeknəsəqlik, ifrat şirinlik və tutqunluq bəxş edir – deyirdi.

Bunlara baxmayaraq, Çexov Qorkiyə böyük qiymət verirdi və ilk görüşdən sonra aralarında səmimi bir dostluq vücuda gəlmişdi. Qorkini dramaturgiyaya sövq edən də Çexov olmuşdur. Qorki “Meşşanlar” və “Cəmiyyətin dibində” pyeslərini yazdı.

Çexov 1900-cü ilin iyul ayında yazdığı məktubda: – Pyes yazdınızmı? – deyə soruşur və onu təşviq edir: “Yazın, yazın, yazın, adi və sadəcə olsun, yazın, əhsən sizə. Vəd etdiyiniz kimi mənə göndərin, oxuyub öz rəyimi açıqdan-açığa bildirərəm və səhnəyə yaraşmayan sözlərin altından qarandaşla cızıq çəkərəm”.

Həmin il sentyabrın 8-də Qorkinin pyes başladığını qəzetlərdə oxuyan Çexov məktub yazıb işi yarımçıq buraxmamasını təkidən söyləyir: “Müvəffəqiyyət qazanmasanız eybi yoxdur, müvəffəqiyyətsizlik tez unudulur, əksinə olaraq müvəffəqiyyət az da olsa, teatra böyük fayda verə bilər”.

1901-ci il oktyabrın 22-də Çexov “Meşşanlar” haqqındakı fikirlərini Qorkiyə uzun bir məktub vasitəsilə bildirir: Pyes çox gözəl yazılmışdır. Qorkicəsinə orijinal və maraqlıdır. Lakin pyesdəki əsas nöqsan budur ki, Qorki yeni və orijinal adamlara zahiri, köhnəlmiş notlardan yeni nəğmələr oxutdurur. Qorkinin pyesdə iştirak edən adamları nəsihət edirlər. Bu qüsur qızartdaq adamların qızartdaq tükləri kimi düzələsi deyildir.

Çexov bu qüsuru şəklin konservatizmi ilə izah edir.

Çexov pyesdə bəzi dəyişikliklər edilməsini tövsiyə edir, halbuki bu göstərişlər Çexovun öz yazdığı janrlar üçün daha faydalıdır. “Cəmiyyətin dibində” əsərini Çexov “yeni və şübhəsiz yaxşı pyes” sanırdı. Lakin pyes qəmli və ağır intiba bağışlayır, bunlara alışmamış tamaşaçılar teatrı tərk edəcəklər – deyə Çexov bir ümumi nəticə çıxarır və deyir: Pyesdən sonra Qorki optimist adı ilə vidalaşa bilər.

Qorki də Çexovun yaradıcılığına heyran idi. Qorkiyə görə “Çexov xırda şeylərin faciəsini aydın və inçə bir surətdə anlayırdı. Meşşan həyatının qüssəli və hərc-mərc bayağılığını, eyibli və darıxdırıcı şəklini doğru və amansız bir şəkildə təsvir edirdi”.

Qorki yenə yazır: Çexov “bütün ömrü uzunu bayağılıqla mübarizə etdi, ilk nəzərdə yaxşı qurulmuş, rahat və parlaq görünən şeylərdə belə bayağılıq taparaq ehtirassız və kəskin qələmi ilə onu təsvir edir, ona gülürdü. Çexovun xırda hekayələri insanda yuxulu və yarımcan həyata qarşı ikrah hissi oyadır”.

Qorki Çexovun başlıca xidmətini bunda görür.

1901-ci ilin payızında L. Tolstoy xəstələnərək Krıma gəlmişdi, burada istirahət edirdi. Tolstoyun xəstəliyi Çexo0vu çox həyəcana gətirmişdi. O deyirdi: “Tolstoy ölsə, mənim həyatımda böyük bir boşluq əmələ gələr”.

Şübhəsiz ki, Çexov bir zaman Tolstoyun fəlsəfəsi təsirinə uymuşdu. Səksəninci illərdə yazdığı hekayələrdə Tolstoyun fənalığa qarşı müqavimət göstərməmək, sadələşmək, öz şəxsini ikmal etmək kimi fikirləri əks etdirilmişdir. Çexovun özünün də etirafına görə o yeddi il Tolstoyun təsirində bulunmuşdur. 90-cı illərdə Tolstoy fəlsəfəsindən uzaqlaşır. Çexov yazır: “Mənim damarlarımda mujik qanı axır. Məni mujik mərhəməti ilə heyrətləndirmək olar. Mən çocuqluğumdan tərəqqiyə inandım və inanmaya da bilməzdim... Indi dərunim də bir şeyi etiraf edir, məndəki hesabçılıq və ədalət deyir ki, insana qarşı elektrik və buxarda olan eşq, pəhrizkarlıq və ət yeməməzlikdən daha çoxdur”.
Çexovun bu son sətri Tolstoy fəlsəfəsindən ayrıldığını aydın bir surətdə göstərir.

Çexov Tolstoyun bədii əsərlərində özünə məftunluq hiss edirdi. Eyni zamanda Tolstoyun bilmədiyi məsələlər haqqında mülahizələr yürütməsindən dilgir idi. Şair Pleşşeyevə yazdığı bir məktubda (1890-cı il) deyir ki, Tolstoy bir sıra bioloji və fiziki hadisələrdən bəhs etməklə öz avamlığını göstərir. Uzun ömrü müddətində bu adam zəhmət çəkib, mütəxəssislər tərəfindən yazılmış bir-iki kitab belə oxumamışdır...

Tolstoy Çexovun istər adamlığını və istərsə yazıçılığını çox bəyənirdi. Tolstoy deyirdi: “Çexov həqiqətən bədii bir yazıçıdır, ancaq pyeslərdən başqa, pyes onun işi deyil. Çexovun əsərlərini dəfələrlə oxumaq olar. Çexov nəsrin Puşkinidir”.

Tolstoya görə Çexov həyatda gördüyünü alırdı və aldıqda da o qədər aydın və bədii təsvir edirdi ki, son nöqtəsinə qədər anlaşılırdı.

“Başlıca olaraq o səmimi idi, bu yazıçı üçün böyük bir ləyaqətdir. Səmimiliyi sayəsində də Çexov, yeni bir dünya üçün tamamilə yeni bir yazı şəkli yaratdı. Bu yazı şəklinə mən heç yerdə rast gəlməmişəm”.

Qorki xatirələrində Tolstoyun Çexova olan münasibətini belə təsvir edir: “Tolstoy Çexovu ata kimi sevir. Bu sevgidə yaradıçı iftixarı duyulur. Çexovu Lev Nikolayeviç sevirdi və həmişə ona baxarkən nəfis baxışı ilə sanki onun üzünü oxşayırdı”. 1902-ci ildə Qorki fəxri akademik seçilmişdi. Bu seçki “yüksək dairələrdə” həyəcana səbəb oldu. Məsələ Ikinci Nikolaya “ərz” olundu. Təbiidir ki, Qorkinin akademiyadan çıxarılması məsələsi meydana atıldı. Akademiklər məsələni köləcəsinə sükutla qarşıladılar. Yalnız ədib Korolenko ilə Çexov bu hərəkətə qarşı etiraz edərək akademiklikdən istefa verdilər.

1935

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Litva tatarlarının tarixi

LİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ*Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.

24 dəq
Azərbaycan muxtariyyatı. Ayılın, toplaşın!

AZƏRBAYCAN MUXTARIYYƏTI AYILIN, TOPLAŞIN!*Türk millətinə xitab

14 dəq
Biz kimik və istədiyimiz nədir

BİZ KİMİK VƏ İSTƏDİYİMİZ NƏDİR MÜQƏDDİMƏ*Tarix kitablarına nəzər yetirdikdə türk millətinin qədim hallarını öyrənməyə dürüst qadir ola bilmirik. Çünki türk tarixinə dair lazımi məlumatlar hələ toplanmayıb. Ancaq bunu bilirik ki, türklər Altay dağlarının ətrafında olarmışlar. Oradan dəfələrlə dəstə çəkib qibləyə tərəf gediblər və qırğınlar ilə bir yerdə çox yerlər ələ gətiriblər. Təbiətən cürətli, rəşadətli və cəngavər olduqları üçün türklər Türküstanda, İranda, Hindistanda, Qafqazda, Avropa və Afrikanın bəzi nöqtələrində çox müddət ağalıq sürüblər.

19 dəq
Kiyevdən məktub

KİYEVDƏN MƏKTUB*Möhtərəm “Günəş” 69-cu nömrəsində Moskva erməni studentlərinin nəşriyyata girişib rus ədəbiyyatı ilə öz millətlərini aşina etmələrini xəbər verib və sonra müsəlman studentlərinə “Əcəba, siz nə etmişsiniz və nə edirsiniz?” – deyə sual edir; onların himmət, həmiyyət və xidmətləri nərədə olmağını soruşur və bunlardan sonra “Vücudgərdən varlığınızdan millət heç bir nəf görməz!” – deyib müsəlman studentlərinin parlaq istiqbalından da bilmərrə qəti-ümmid olur...

3 dəq

Başqa şairlərin şeirləri