KİYEVDƏN MƏKTUB

Möhtərəm “Günəş” 69-cu nömrəsində Moskva erməni studentlərinin nəşriyyata girişib rus ədəbiyyatı ilə öz millətlərini aşina etmələrini xəbər verib və sonra müsəlman studentlərinə “Əcəba, siz nə etmişsiniz və nə edirsiniz?” – deyə sual edir; onların himmət, həmiyyət və xidmətləri nərədə olmağını soruşur və bunlardan sonra “Vücudgərdən varlığınızdan millət heç bir nəf görməz!” – deyib müsəlman studentlərinin parlaq istiqbalından da bilmərrə qəti-ümmid olur...

Möhtərəm “Günəş”in bu barədə dediklərini inkar etmək olmaz! Müsəlman studentlərindən gözlənən meyvə hasil olmadı və olmur. Bu, aşkar və vazeh bir işdir! Bu barədə qəzetə, məcmuələrimiz sütunlarında dəfələrlə yazılıb və oxuduqca təsdiq etmişik. Lakin qəzetlərimiz məsələnin həmişə bir tərəfini unudub və unutmaqdadır.

Studentlərin himmət və həmiyyətsizliyini mözuyi-bəhs edib, qəzetlərimiz buna bircə səbəb də göstərməyiblər. Səbəb nədir ki, studentlər “iş” görməyirlər və görürlərsə də gözə gələn bir nəticə göstərmirlər? Halbuki, erməni studentləri bular ilə darülfünunda elm təhsilinə məşğul ola-ola, öz millətlərinə yarıyıb və yarıyırlar!

Əsl səbəb budur ki, erməni studentləri ilə bizimkilərin təfavütü ruh və qanlarındadır. Ruh və qanı da yetirən tərbiyə və məhəbbətdir.

Erməni uşaqları dünyaya gələr-gəlməz vəzifəsini gözəl ifa edən analar ağuşunda lazımınca tərbiyə alar, milli ruh ilə ruhlanar. Tərbiyə uşağın ruh və qanına keçib dərin köklər atar və axirüləmir (işin axırında, nəticədə – A.B.) sabit qalıb əfkar və amalına irşad olar!.. Erməni uşaqları ana tərbiyəsindən qurtardıqda özünü milli məktəblərində görürlər və burada məlumatlı müəllimlər təhdnəzarətində ana dilini mükəmməl öyrənib milliyyət ilə məmluqan və ruh ilə hökumət məktəblərinə rəvan olurlar. Biz isə ev tərbiyəsindən bilmərrə məhrum qalırıq!

Kim tərbiyə etsin? Hüququ pamal olub nəinki analıqdan, hətta insanlıqdan belə uzaq tutulan övrətlərimizmi? Ən fəna, ən şədid bir halda ümrari-həyat edənlərmi?.. Ki, müqəddəs vəzifələri tərbiyəni yaddan çıxarıb, kişilərin keyfi-maişae, zülm və vəhşiliklərinə qurban olublar?..

Təbiidir ki, təzyiq altında fot olan övrətdən tərbiyə gözləmək olmaz. Odur ki, uşaqlarımız öz-özünə qalıb mühitin müzür girdablarına düçar olurlar.

Məktəblərimizə gəldikdə, buradan da bir şey əxz etməmişik. Bəlkə,n ömrümüzün ən gözəl vaxtlarına “məktəb” adlı tozluqlarda balta çalıb fot etmişik. Bir tərəfdən üsuli-qədim, əzabı-fars kitabı, qədim ibarələr, bir tərəfdən də məktəb mollalarının müstəbidanə hərəkətləri, falaqqa, çubuq və qeyri...

Bir məktəbdə ki, ruh ölə, bədən əriyə, zehin korşala, daha o məktəb millət balalarının gələcəyinin təmininə səbəbi-xeyir ola bilməz!

Deməli, iki mənbə var ki, buradan “millət” nə olduğunu öyrənib onun mühafizə və tərəqqisi üçün çalışacaq idi – biri ana tərbiyəsi, biri məktəb. Bunların ikisindən də acı yaddaşdan başqa bir şey qalmadı. Millətin ruhu, canı və bəlkə cəmi vücudu hesab olunan – ana dilini bizə lazımınca öyrədən bir vəsilə olmadı. Daha dilsiz də nə etmək olar. Hər yerdə dil və savad lazım, nəşriyyat bunlar ilə olar. Camaat dərdinə əlac aramaq, məişətimizin fəna tərəflərini tənqid etmək... Bunların hamısına dil və savad lazım. Bir də bir camaata yol göstərmək fikrində olana lazımdır ki, o camaatın adət və qaydalarından müxbir olsun, tarix və ədəbiyyatı bilsin. Bunları bilmək camaatın məişətini bilmək, onların qüsurlarını və qüsurlarının səbəblərini bilmək deməkdir! Burada da ki yenə türk-fars savadına möhtacız! Savaddan və dildən də ki, ana dilindən müsəlman studentləri məhrumdurlar!!! Hər bir qüsurun bir səbəbi, bir mənbəyi olan tək, müsəlman studentlərinin böyük qüsuru ədd olunan “nəfəs”sizliyin, camaatımızın dərdlərinə yaramadığının səbəb və mənbəyi yuxarıda göstərdiklərim olub.

Bu səbəbləri mövzui bəhs etmək! Bu fəna maneələrin əleyhinə sövq edib yox etmək! Övrətlərimizin hüququnu geri qaytarmaq!..

Bular olarsa, gələcəkdəki studentlərimizə böyük ümidlər, bağlamaq olar. Olmaz ki, studentlərimiz əvvəlki nəfəssizliyində davam edələr və ikmali-təhsildən də sonra yaxalarını camaatımızdan kənara çəkib öz cib və rahatlıqlarından başqa bir müqəddəs vəzifə bilməzlər.

Kiyev darülfünunun tələbəsi:

Yusif Vəzirov. 1910

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri