Məzmun
  1. Ümumi məclisi-müəssisan
  2. Məhəlli məclisi-müəssisan
  3. Milli qoşun
  4. Millətlər konqresi

KİYEVDƏ MİLLƏTLƏR ŞURASI

Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.

Şuraya bir neçə millətlərin nümayəndələri qeyd olan kimi Azərbaycan türklərininki də olunmuşdu. Lakin türk nümayəndələrinə indiyə kimi Qafqasiyadan etibarnamə göndərilməyibdir.

Millətlər şurası yenidən Rusiyanın cəmi millətlərinə kağız göndərib oktyabrın iyirmi dördündə bir neçə vacib maneələrin həlli üçün iclaslar başlanmasını xəbər vermişdisə, bizim Azərbaycana yenə kar eyləmədi. İclaslara cəmi millətlər gəlib çıxdı, hətta başqırdlar belə laqeyd qalmadılar.

Xülasə, iclaslarda bu sətirləri yazandan başqa Azərbaycan türkləri tərəfindən vəkil yox idi.

Millətlər şurasının oktyabr iclasları bir neçə gün çəkdi. Müzakirəyə qoyulan məsələlərin ümdələri bunlar idi:

Ümumi məclisi-müəssisan, məhəlli məclisi-müəssisan, milli qoşun və mərkəzi təşkilat, millətlər konqresi, sülh məsələsi və qeyrə.

Ümumi məclisi-müəssisan

Ümumi məclisi-müəssisan barəsində bir neçə məruzə oxundu.
Türklər tərəfindən bu sətirləri yazan məruzədə bulundu (gələcək nömrələrimizdə dərc edəcəyik).

Bu məruzələrdən məlum oldu ki, Rusiyada cəmi millətlər məclisi- müəssisanda iştirak edirlər. Millətlər şurasında bunun əleyhinə bir fikir olmadı. Ancaq məclisdən dərhal mənfəətdar olmaqdan ötrü millətlər şurası belə qərar çıxardı:

“Millət vəkillərinin və federasion fikrinə şərik nümayəndələrin məclisimüəssisanda bir ittifaq yapmaları tövsiyə olunur”. Bu ittifaq əmələ gəldikdə məclisi-müəssisanda federasion fikirlərini beyinlərə yeritməyə müvəffəq olmaq asan olar. Bizim müsəlman nümayəndələrinin bu ittifaqa daxil olmaları, əlbəttə, gözəl və faydalı olar.

Məruzələrdən aşkar oldu ki, bəzi millətlər məclisi-müəssisana qarşı tədbirlər də görmüş: hərgah məclis millətlərin istədiyini eyləməzsə, millətlər nümayəndələri məclisi tərk edib çıxacaqlar və sonra öz başlarının çarəsini özləri qılacaqlar.

Bəzi millətlər bu barədə qəti qərar çıxarıblarsa da, məsələnin həllini zəmanənin öhdəsinə qoyublar. Deməli, hərgah zaman gələr isə məsələ həll olunar.

Bizim nümayəndələrimiz məclisi-müəssisana getməzdən qabaq bu barədə qəti bir qərar çıxarsalar, daha da gözəl olar. Çünki, məclis bizə muxtariyyat yolu göstərməsə etiraz etməkdən başqa bir şey qalmır.

Biz canlı və qüvvətli bir millət olduğumuz üçün səsimizə gərək qulaq assınlar. Zaman öylədir ki, ancaq inqilab təriqi ilə məsələlər həll olunur. Rüxsət və izinə ümid bağlanar isə, işlər naməcməl qalar.

Haqqımız tələb olunmalı, verməsələr zorla alınmalıdır. Əmin olmalıyıq ki, halhazırda hörmət zor ilə alanların tərəfindədir. Gələcəkdə də böylə olacaq, həmişə də böylə olmuşdur.

Müxtəsərcəsi, məclisi-müəssisana getməliyik. Orada qeyri millətlər ilə ittifaq bağlayıb haqqımızı istəməliyik. İstədiyimizə çatmasaq məclisi-müəssisanı boşlayıb, öz yuvamızı özümüz tikməliyik.

Məhəlli məclisi-müəssisan

Bu məclis ümumrusiya məclisi-müəssisanından asılı deyil. Hərəsinin bir yeri var. Ona görə də bəzi millətlər imdidən məhəlli məclisi- müəssisan çağırmağı lazım bilib binagüzarlıq edirlər. Krımlı qardaşlarımız oktyabrın 24-də məclis dəvət eylədilər. Hamını qabaqladılar.

Ukrayna da, qət olunub ki, çağırsın. Estonlar yanvar ayında “Zeski seym” çağırırlar. Bu seym məclisi-müəssisana əvəz olacaqdır. Millətlər şurasına vurulan teldən məlum oldu ki, Moldavan hərbi qurultayı Bessarabiya muxtariyyəti elan edib. Haman il də Moldavan qurultayı millətlər qurultayının qərarlarına tabe olmadığını da bildirmişdi. Deməli, Bessarabiyada da milli məclisi-müəssisan çağırılması aşkardır. Bərəkətlər olsun, biz türklər də bu yolda geri qalmaq istəmirik. Gəncə məşvərətinə “Müsavat” firqəsi tərəfindən təqdim olunan məramnamə layihəsindən məlum oldu ki, muxtariyyətlərin hüdudunu təyin eləmək və muxtariyyətlərə məxsus qanuni-əsasiyyəyi tərtib etmək məzkur muxtariyyətlərin kəndi məclisi-müəssisanlarında həll olunmalıdır. Ancaq iş buradadır ki, milli-məclisi-müəssisanı tezlik ilə dəvət etməlidir. Dəvət olunmasa da yainki iş-işdən keçər. Qorxmalıdır ki, fürsət əldən gedə. Bu zaman kimi millətlərə əlverişli bir zaman neçə əsrlərdə bir baş verir. Vaxt ikən işlərimizi düzəltməli. Kim bilir, bir neçə aydan sonra hansı hadisələrə rast gələcəyik.

Millətlər şurasının qərarı da bu oldu ki, məhəlli məclislərin çağrılması teziksin.

Milli qoşun

Ukrayna Radası millətlərə federasion fikrində rəhbərlik etdikdə bu fikrin amili milli-hərbi təşkilatları unutmur. Milli məsələləri həll edən qərarları qüvvədən felə çıxaran millətlər şurası kimi, bir hərbi komitə də yapmaq ehtiyacı da var. Bu komitə Kiyevdə olub, millətlər qoşunlarına yol göstərmək fikrində gərək olsun. Bu görməli fikri əmələ gətirmək üçün millətlər şurası bu qərarı çıxardı ki, Ukrayna əsgəri qüvvəsi Kiyevdə olan qeyri-milli və hürrü təşkilatlar iştirakilə bir hərbi qurultay çağırsın. Bu qurultaya vaxtında milli və hərbi cəmiyyətlərdən vəkillər göndərilməlidir. Ümidimiz budur ki, bu qurultay çağırılanadək biz Azərbaycan türklərinin də milli qoşunu olar və hərbi nümayəndələrimiz bu qurultayda iştirak edərlər.

Millətlər konqresi

Məhəlli məclisi-müəssisan çağrılmaq ilə millətlər ittifaqı əmələ gəlib qurtarmır. Milli məclislər bizə ancaq muxtariyyət verə bilər. Lakin bu muxtariyyətləri bir yerə toplayıb möhkəm bir ittifaq yapmaq üçün mərkəzi idarə lazımdır. Bu da millətlər konqresi ola bilər. Konqres çağırılmazsa, getdiyimiz yol yarımçıq qalar. Milli fikirləri ikmala çıxarmaq üçün millətlər şurası qət eylədi ki, konqres dəvət etsin. Konqresin çağırılması üçün ümumi məclisi-müəssisandan asılı deyil. Çünki millətlər qurultayında iştirak edib öz dərdinə əlac axtaran millətlər axıradək bu fikirdə gərək olsunlar və öz işlərini özgə əlinə salmasınlar.

Konqresin nə vaxt çağrılması vaxtında məlum olacaq.

Şurada millət vəkilləri rus qoşunundan çəkdikləri əzabları birbəbir nəql eylədilər. Məlum oldu ki, milli qoşunlardan başqa heç kəsə ümid yoxdur. Onun üçün Ukrayna hərbi komitəsinə, Kazanda müsəlman hərbi şurasına, Valk şəhərində on ikinci ordunun milli polkuna, Reveldekest hərbi komitəsinə, Vəndan şəhərində latış nişançısı alayının icra komitəsinə millətlər şurası adından bu məzmunda rəsmi kağızlar göndərildi:

“Əyalətlər haqqında oxunan məruzələrdən məlum oldu ki, rus qoşunlarının bəzi hissələrinin pis hərəkətlərinə daha tab gətirmək mümkün deyil. Bu barədə dəfələrlə müvəqqəti hökumətə və baş komandanlara müraciət edilmişsə də, nəzər diqqətə alınmamışdır. Əyalətlərdə xalqı mühafizə etmək üçün qoşun yox, hökumət adamları iş görmürlər. Buna görə də bəzi qoşun bölüklərinin nizamsızlığı aləmi xaraba qoyur. Latışlar Qafqaz müsəlmanlarına və qeyrilərinə cəbricəfa edirlər; camaatı yerlərindən qovub, aclıq bəlasına düçar edirlər.

İranın qərb-şimal tərəfində şəhərlər müntəzəm bir halda talan olunub, yandırılır, latviya və estonlarda kənd əhalinin evi, taxıl və otu da tutulur.

Millətlər şurası Rusiyanın ətraf xalqlarının nicatını ancaq milli qoşunda və milli əsgəri təşkilatlarda görüb, təvəqqe edilir ki, millətlər qoşunları camaatı öz himayəsi altına alsın”.

Bu müraciətnamənin surəti Ingiltərə, Fransa, Yaponiya, İtaliya, Şimali Amerika cümhuriyyəti səfirlərinə, şimal və Qafqaz cümhuriyyətlərinin baş komandalarına göndərildi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nahaq qan

– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!

4 dəq
Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 dəq
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 dəq
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 dəq

Başqa şairlərin şeirləri