Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:

– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

Qonaqlar gülüşdülər və sonra Kəblə Namazla zarafatlaşmağa başladılar.

– “Tərifli motal qıllı çıxar” buna deyiblər. Kəbləyi gülə-gülə oğlunu yanına çağırdı və ətəyi ilə onun burnunu silib, uşağın çirkli börkünü çıxartdı:

– Ay qanmazlar! – dedi. – Siz belə uşağın qədrini nə bilirsiniz.

Bircə bunun başına baxın. Bu baş ki, bundadır, Allah qoysa, şair olacaq.

Hamı qəhqəhə çəkib gülüşdü.

Başıaçıq uşaq qonaqların qabağında dolandı və hər kəs onun arxası yastı, qabağı yumru başına baxıb, uşağa və atasına bir latayır söylədi; deyirdilər:

– Balam, eşşəyin də başı yekədir, amma eşşəkdən hələ şair olduğu görünməyib.

Qonaqlar ev sahibi ilə zarafatyana söhbət edib gülüşdükdə, uşaq börkünü başına qoyub, yavaşca otaqdan “cırdı”.


Bu əhvalatdan tamam otuz il keçdi. Kəblə Namaz ölüb getmişdi. Oğlu Cənnətəli də atasının baqqal dükanında ticarətə məşğul idi. Bir gün nə təhər oldusa, atasının dediyi sözlər gəldi onun yadına düşdü: “Bu baş ki, bundadır, şair olacaq” deyə fikrindən keçirdi. Öz-özünə “yəqin məndə bir istedad varmış ki, atam bu sözləri deyib, yox, mən şairəm; bəli, mən şairəm”.

Belə öz-özünə təlqinetmə kifayət etdi. Sabahı gün Cənnətəli dükanı satdı. Özünə “şairanə” bir şlyapa və bir qalstuk alıb ortalığa düşdü. Hər axşam şam işığında oturub, ilham gözləməyə başladı. Gözlərdi, axırda bir şey çıxmayanda durub yatardı və hər kəs də dinsə idi “vəfasız” təbin də acığını ondan alardı. Birdən, görürdün, gecənin yarısı yataqdan qalxıb, çırağı yandırdı, tez qələmə əl atdı və bir az fikirləşib, “təbi kazib imiş zəhrimar” deyə-deyə yenə yatdı.

Bazara çıxdıqda Cənnətəli gimnazistləri başına toplardı:

– Cavanları sevirəm, – deyərdi, – gedək, bir qəhvə içək.

Qəhvəxanada Cənnətəli danışmağa heç kəsə macal verməzdi, özündən başlardı.

– Qardaşlar, mən bunu sizə xəlvətcə deyirəm, heç kəsə söyləməyin, şer yazmaqda tayım, bərabərim gəlməyib. Təbim mövzundur, yazılarım da pürməna. Mənim şerimdəki abdarlıq heç bir şairin sözündə görünməyib...

Mütəəllimləri qulaq verirdilər: mürgü basınca dinləyirdilər. Bir də “şair” yerindən qalxdı:

– Qardaşınız böyük ədibdir, bu dəqiqə sizə irticalən bir şer söyləyim. Amma qarandaş götürün, cəld yazın, sonra tərcümeyi-halımı yazan şəxsə bunları nağıl edərsiniz, sizin də adınız tarixə düşər.

Cavanlar dəftərə və qələmə yapışdılar. Cənnətəli də minnətqoyucu bir təbəssümlə qəhvəxananın ortasına yeridi. Gözləri çanağından çıxırdı. Yumruğunu qıcayıb, ayağını yerə bərk vurdu.

– Mey budeh... mey budeh...

Bu cümləni heybətli bir səslə bir neçə dəfə təkrar edib, qəhvəxananı dolandı. Bir şey çıxmayacağını duyduqda gəlib oturdu, dedi:

– Təbi-kazib imiş zəhrimar.

Cənnətəlinin qəribə hərəkətinin, məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər. Bu sükutu yenə ilk əvvəl pozan “şair” oldu.

– Bir təbisadiq var, – dedi, – bir də təbi-kazib. Təbi-kazib aldadar. Təbi-sadiq... Bunun nə olduğunu deməklə bilməzsiniz. Mən ki, gecələr şamın işığında yazıram, təbi-sadiqdə nə qədər həzz olduğunu yalnız mən duymağa müstəidəm. Baxın, bir şer oxuyum, görün nə gözəl şeydir, bunu təbi-sadiq gələndə demişəm:

Zəni-xubruyun-xali-siyəhi Çün zaği-siyəh çəpər üstə əst.

Gördünüzmü, nə gözəl şeydir. Söz yox ki, qandınız, başa düşdünüz. Mənim cəmi şerlərim belə abdar, belə sadəcədirlər. Mən ölüm, bu iki misra ilə aranız necədir? Hələ dalı da var. Onlar bundan da gözəldir...

Cənnətəli o biri şerlərini də bir-bir söyləməyə başladı.


Həmişə şəhərə qayıdanda Cənnətəli şerləri ilə məni də “feyzyab” edər, tərcümeyi-halından, fövqəladə istedadından nağıl edər və o qədər danışar ki, bir vaxt baxıb görərəm gecə olub, yuxu məni basır.

Axır dəfə şəhərə gəldikdə Cənnətəlini orada görmədim, dedilər: üç-dörd fərdi havi bir bənzətmə yazıb, neçə qəzet idarəsinə göndərib, çap eləməyiblər. Axırda qəzetlərə bir qədər müştəri toplayıb, Bakıya gedib ki, görsün onun kəlamını niyə çap eləməyiblər.

Üç gün keçmiş ona bazarda rast gəldim. Bakıdan gəlmiş imiş. “Ya Allah” deyə əlini mənə uzatdı, görüşdük. Məni çəkə-çəkə qəhvəxanaya apardı, dedi:

– Şair üçün təati-əfkar böyük səadətdir. Bunsuz mən yaşaya bilmərəm. Ülvi bir təbiətə malik olan bir şairə kərbəlayılar ilə müsahibə etmək nə böyük əzab olduğunu təsəvvür ediniz. Təəssüf ki, bu əzaba qatlaşmaq məcburiyyətindəyəm. Şerimin də qədrini dərk edə bilmirlər. Bir çox axmağı da var, məni təbsiz və hətta küyə düşüb özündən müştəbeh olmuş bilir. Əlbəttə, siz ziyalılar mənim qədrimi bilib, mövzun təbimdən istifadə edərsiniz.

Cənnətəlinin sözlərinə qulaq verirdim, dinmirdim. Daha doğrusu,
dinməyə də aman vermirdi. Qəzet və məcmuələrdən topladığı alayarımçıq məlumatları ortaya tökürdü. Allahı inkar etmək kimi modda olan söhbətlər edirdi, deyirdi:

– Avropanın məşhur şüərası da mənim kimi Allah-zad tanımazlar. Şairlərdə zatən təbii qüvvə olur ki, hamısının tutduğu hərəkətlər birbirinin eyni olur. Məsələn, bilmirəm o necə alman şairidir, deyirlər, yazanda həmişə çürük alma yeyərmiş. Mən də həmişə şer yazanda qax yeyirəm. Bir qax vurdummu, qələmin ucundan axır. Qaxsız bircə misra da yaza bilmirəm. Ya gərək qax olsun, ya da ki,... məhbubixubru. Özün arifsən, bilirsən ki, mən nə deyirəm.

Həmişə şer deyib, mey içib, cavan sevərik.

Ziyadə felə bizim irtiqabımız yoxdur.


Sabah iki rükət hacət namazı qılıb, məni bu gün şair dırnağına salmasın deyə allahdan istiğasə elədim. Çünki Cənnətəli dünən gecənin yarısına kimi məni əldən qoymayıb, eyzən öz fəzailindən nağıl etmişdi. Bu gün də belə olsa idi, işdəngücdən büsbütün avara qalacaq idim. Xülasə, evdən çıxıb bir-iki addım getməmişdim, bir də... Cənnətəli böyürdən çıxdı. Ürəyim ayağımın altına düşdü.

– Pa, yaallah!..

Salamına cavab verdim. Məni çəkə-çəkə apardı. Yenə qəhvəxanaya getmək istədi. Razı olmadım, dedim:

– Qəhvəyə heç meylim yoxdur.

Cənnətəli cibindən bir kağız çıxardıb, sevincli bir halda:

– Onda sənə bir şer oxuyacağam, dünən gecə demişəm.

Şer adı eşidəndə cəmi vücudum keyidi, başım fırlanmağa başladı.
Cənnətəli zövqlə oxuyurdu:

Zəban dəhənində vurdi-ənbəri-bar sənsən,

Əbrun kaman, müjgan ox sənsən,

Ala gözlü səbəti-giranbar sənsən.

Dəftərxaneyi-dili-pərişanımın kari-pərdazı sənsən.

Şair oxudu. Sonra döndü qandırmağa və mədh eləməyə:

– Mən ölüm, bu şerlə aran necədir? Dünən gecə şam işığında demişəm. Bir qax yedim, təbi-sadiq gəldi. Bircə gör nə pürmənadır. O “səbəti-girənbara” diqqət ver, gör orada nə qədər dahilik işlənib, ala gözləri səbətə oxşadıram. Axır, ala gözlər parıldayanda lap səbət çubuqlarının arasından gələn işığa bənzəyir. Mən ölüm, bunu hansı şair deyə bilər? Tofiq Fikrət adını şair qoyub, mən onun şerlərini ayaq üstə deyirəm. Məndə təb var, mən onlar kimi özümü zarafata qoymamışam. Mənə Nobel mükafatı verməlidirlər... Mənim təbim mövzundur...

Yenə dünənki sözlər başlandı, şerlər oxundu, qara qeyd canımı aldı ki, bu gün də işə gedə bilməyəcəyəm.

Küçənin ortasına çatdıq. Cənnətəli sözlərində davam edirdi. Mən də, ölüm cəzasına məhkum olmuş kimi mat və məəttəl gözlərimi bunun ağzına dikmişdim. Dedim nə deyir, qoy desin, daha mənimki keçib, bunun əlindən qurtarmaq üçün, şəhəri bilmərrə tərk etməli idim. Bir də yadıma bir yaxşı fikir düşdü. “Burada vacib işim var”, – deyə Cənnətəlidən aralanıb, özümü yad bir həyətə saldım. Cənnətəli arxamca gəlib, qapıda dayandı, dedi:

– Burada sizi gözləyirəm.

Məlumdur ki, qayıtmalı təhərim yox idi. Arxa qapıdan çıxıb, evimizə qaçdım. Bu halda Cənnətəli hələ qapıda durub, dalandara şer oxuyurdu.

1913

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə

1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.

1 saat 20 dəq
Bir neçə söz

“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?

2 dəq
Birinci kitab, birinci hissə

1**Bir-iki dəqiqə keçmədən qapı bir az aralandı.

1 saat 40 dəq
Birinci kitab, ikinci hissə

1**Rüstəmbəy bəhai Əbülfərəcə məktub yazırdı. Yazdı və oxumağa başladı: “Möhtərəm əfəndi, ikinci məktubunuzda əvvəlki məsləhətinizi təkrar edirsiniz, məni bəhai dininə dəvət etməkdən çəkinmirsiniz; təzə din deyə bəhailiyi mədh edirsiniz, bəhailik zəmanəyə müvafiq bir dindir və i. a. Bu sözləri çox bəhailərdən eşitmişəm, lakin bircə iş var: din bir o qədər də zəruri şeydirmi? Onun yolunda bu qədər çalışmağa dəyərmi? Zənnimizcə, dindən uca, ondan zəruri bir ayrı şey var. Onun adına həyat və yaşayış deyirlər. Biz həyatı sevsək, onu yüngülləşdirsək, ən həqiqi mömünlüyə çatarıq... Bu fikirləri keçən məktublarımda cənabınıza məlum eləmişdim. Artıq təkrara lüzum yoxdur.

1 saat 30 dəq

Başqa şairlərin şeirləri