Birinci kitab, birinci hissə
Səhifə 1 / 16
1
Bir-iki dəqiqə keçmədən qapı bir az aralandı.
– Kimdir? – deyə nazik bir səs eşidildi. Student şübhəli bir nəzər fırladaraq sordu:
– Otaq buradamı kirayə verilir?
– Burada verilir, – deyə qız o saat qapını açdı. Student balaca bir koridora girdi; qulluqçu qız sol tərəfdəki qapını açıb, otağa baxmağı təklif elədi. Student papağı əlində otağın ortasında duraraq, əvvəlcə qulluqçu qızı diqqətlə nəzərdən keçirdi: orta boylu, qırmızı yanaqlı kəndli balası məlahətdən məhrum deyildi.
– Deyin görüm, bu otaq qışda isti olurmu? Qulluqçu bir az qızararaq cavab verdi:
– Çox isti olur. Keçən il də burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı.
Student divarın dibinə çəkildi, bir də otağa diqqətlə baxmağa başladı.
Otaq pis deyildi; student otağına məxsus hər bir şey vardı: yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta elektrik işığı da yerində idi.
Otaq bəyənilməli idi. Student qulluqçudan qiymət xəbər aldı. Qız bir az duruxdu, “qoy xanımı çağırım”, – deyə otaqdan çıxdı.
Otağın rahat və uyğunluğundan, qulluqçunun safdil və gözəlliyindən başqa, student üçün bir ayrı məsələ də var: bu da xanımın xoşsifətliyidir.
Bunun üçün bizim student də xanımın gəlməsini həyəcanla gözlədi. Bir də qapı açıldı və içəriyə orta boylu, sarışın, dedikcə zərif bir xanım girdi. Onun gülər üzü studenti çox məmnun etdi.
– Bağışlayın, sizə zəhmət verirəm, otağın qiymətini lütfən söylərmisiniz?
Bu əsərin 1931, 1935 və 1936-cı illərdəki nəşrləri ilə 1968, 1976-ci illər nəşrləri arasında ciddi fərqlər var. 1968 və 1976-cı il nəşrlərində ideoloji-siyasi mülahizələrə görə “təmizləmə” məqsədilə ixtisarlar aparılmışdır. Bu nəşrdə bütün nəşrlər tutuşdurulmuş, hər cür ideoloji-siyasi “təmizləmə”lərin izləri aradan qaldırılmış və ixtisarlar bərpa edilmişdir (Red.).
Xanım altuna bənzər tüklərini üzündən oyan-bu yana dağıdaraq, məhcub bir tərzdə:
– Həmişə bu otaq on yeddi manata gedir, – dedi.
– Student:
– İşıq haqqı və qulluqçu muzdu kimin öhdəsində qalır?
Xanım studentin üzünə baxmağa cəsarət etməyərək, qulluqçuya
tərəf döndü:
– İşığı biz öhdəmizə götürərik, ancaq siz qulluqçunu razı eləyin, – dedi.
Student razı oldu, bu səfər daha diqqətlə otağa baxıb soruşdu:
– Qonşu otaqda kim olur? Səs-küy olmur ki?.. Xanım gülümsündü:
– Arxayın olunuz, səs olmayacaq, ora yemək otağıdır. Bir ərimdir, bir də mən. Ərim də çox vaxt evdə olmur.
Student xanımla vidalaşaraq iki gündən sonra daşınacağını bildirdi.
2
Bir neçə gün idi ki, student otağa daşınmışdı. Amma ev sahibləri barəsində hələ lazımi məlumat toplamamışdı. Bircə bildiyi onların çox sakit və mehriban olmaları idi. Bir neçə günün ərzində xanıma bircə dəfə koridorda rast gəlmiş, salam verdikdə xanım başı aşağı cavab verərək dərhal uzaqlaşmışdı. Xanımın ərini hələ görməmişdi.
Bir axşam qulluqçu samovar gətirəndə student qəsdən ona bir sual verdi:
– De görüm, yavıqda paltaryuyan varmı?
Qız ciddi bir səslə:
– Budur, bizim küçənin tinində “Varşava paltar yuyanı” var. Orada təmiz yuyurlar, – dedi.
Student yeni bir sual olmasa, qulluqçunun gedəcəyini görərək, yenə sordu:
– Deməli, lap yaxşı yuyurlar, eləmi?
Qulluqçu divarın bir nöqtəsinə baxa-baxa:
– Lap yaxşı yumalarını bilmirəm, amma gərək yaxşı yusunlar.
Student sualların arasını kəsməmək üçün yenə soruşdu:
– Siz də paltarlarınızı oramı verirsiniz?
– Yox, biz özümüz yuyuruq. Bizim elə artıq paltarımız olmur.
Student mətləbə yetişirdi:
– Yaxşı, bəs xanımın uşağı yoxmu?
Qulluqçu gülümsündü:
– Yox.
Student də gülə-gülə:
– Bəs görəsən niyə?
– Ərə getdiyi bir ildir...
Qulluqçu büsbütün utandı və sözünün axırını yavaşca söyləyərək qızarmış bir halda otaqdan çıxdı.
Studentin marağı bir az yatdı, ev sahiblərinin təzəcə ər-arvad olduqlarını da bildi. Bu xəbər onun ürəyində lətif bir hiss oyandırmamış olmadı: təzə ailənin gənc üzvlərinə qarşı qəlbində bir hörmət bəsləməyə başladı. Belə ki, yoldaşları, adət üzrə ondan “ev sahibi xanım gözəldirmi?” – deyə iyma ilə soruşduqda ciddi cavab verdi:
– Çox da gözəldir! Mənə nə? Özgə arvadı barəsində belə suallara heç bir lüzum yoxdur.
3
Student özünə müvafiq bir ömür sürməkdə idi. Səhər darülfünuna, günorta aşxanaya, axşam da ya dərsləri ilə məşğul olar və ya bir yana gedərdi. Bu axşam student evdə qalaraq, atasına məktub yazmaqla məşğul idi. Məktubu yazdı, qurtardı, zərfi bağladı və sonra durub yatağında uzandı. Yatmaq vaxtı deyildi; bikar uzanmaq da əl verməzdi.
Qalxdı, bir az otaqda o baş-bu başa dolandı. Kitablarını qarışdırmağa başladı. Gözünə yeni bir şey çarpmadı: hamısını oxumuş, hələ çoxunu sətir-sətir təhlil etmişdi.
Birdən-birə ev sahiblərinin qonaq otağında bir dolab kitab olduğunu xatırladı. Sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi.
Xanım da burada kitab oxumaqla məşğul idi. Qulluqçu içəri girdikdə student qapının arxasında idi; xanım əlindəki kitabı masanın üstünə qoyub, sualverici nəzəri ilə qapıya baxdı. Qulluqçu söylədikcə onun rəngi dəyişməyə başladı. Xanım gülümsünə-gülümsünə:
– Bilmirəm necə kitab verim ki, xoşlarına gəlsin, – dedi.
Qulluqçu döyükdü. Xanım da cəsarətsiz bir halda duruxdu. Student qapının arasından:
– Xırda hekayələr olsa, çox məmnun olaram, – dedi. – Yoxsa işsizlikdən darıxıram.
Xanım xoş bir təbəssümlə studenti içəri çağırdı. Görüşdülər. Student həlim və cəsarətsiz səslə:
– Bağışlayın, sizə əziyyət verirəm. Bilirsiniz, könlüm heç yana getmək istəmir. Evdə də işsiz oturmaq olmur. Bunun üçün də sizi narahat etməyə məcbur qaldım. Məni məzur görünüz.
Xanım məmnun bir halda:
– Zərər yoxdur. Zərər yoxdur... Buyurun, əyləşin.
Student sandalya çəkib oturdu. Kitab büsbütün yaddan çıxdı. Görünür ki, xanım da evdə tək darıxırmış: bunun üçün iki tərəf də böyük bir həvəslə danışığa girişdi. Ən əvvəl xanım studentin haralı olduğunu soruşdu:
– Yəqin, siz qafqazlısınız.
– Bəli, qafqazlıyam.
– Ürəyimdə bircə arzu var. O da Qafqazı görmək. Qafqaz barəsində o qədər kitab oxumuşam, o qədər qəribə sözlər eşitmişəm ki, adı gələndə ürəyim əsir.
Student bütün vücudu ilə sandalyanın arxasına söykəndi, xanımı süzərək gülümsündü. Sanki “Qafqaz gözəldir, mən də o gözəlin yavrularındanam”, – demək istəyirdi.
Xanım, görmədiyi ölkənin xəyali gözəlliyinə məftun bir halda sözünə davam edirdi:
– Yəqin uca dağları görəndə adamın bütün kədəri yadından çıxır...
Xanım qulluqçuya yönəlib gülə-gülə:
– Liza, daha bundan sonra evdə yalnız qaldıqda darıxmayacağıq: təzə kirayəçi öz ölkələrindən bizə nağıl edəcək, qəribə-qəribə şeylər eşidəcəyik.
İndiyə qədər divarın dibində duran Liza masanın kənarına gəldi.
Xanım birdən:
– Bağışlayın, sizin adınız nədir?
– Mənim adım Rüstəmbəydir.
Xanım bir-iki dəfə “Rüstəmbəy” deyə təkrar etdi. Dili dürüst tutmadı.
Qızardı və qayət lətif təbəssümlə Lizaya dedi:
– Görürsən, Liza, nə çətin addır. Bizimkilər asandır. Məsələn,
Sofya Sergeyevna (studentə üzünü çöndərərək), bu mənim adımdır, – dedi. – Sizin üçün yəqin çətin gəlmir.
Rüstəmbəy indiyə kimi xanımın sözlərini məcburi bir təbəssümlə qarşılayırdı; indisə ciddi bir sima ilə dedi:
– Əlbəttə, bizlərə çətin gəlmir, çünki biz çocuqluğumuzdan rus məktəblərində oxuyuruq...
4
Söhbət qızışdı. Rüstəmbəy Qafqaz barəsində xanıma bir çox şeylər nağıl elədi, şücaət və cəngavərliyindən danışdı, qafqazlıların adət və ayinlərini təsvir edərkən, xanımın nəzərində vətənini yüksəltmək üçün quldurluq və qanlılıq kimi adətlərdən bəhs etmədi.
Xanım gözlərini Rüstəmbəydən ayırmadan onu böyük bir həvəslə dinləyir, Qafqazın şəklini xəyalına gətirərək onu füsunkar bir ölkə kimi təsəvvür edirdi. Studentin hər sözü xanımın xəyalındakı lövhəyə yeni boyalar əlavə edirdi. Xanıma hər şeydən artıq qafqazlıların şücaət və qoçaqlığı xoş gəldi. Qısqanc kişilərin qadın yolunda qan tökmələri Sofya xanıma o qədər qəribə gəldi ki, studentə bu xüsusda təkrar-təkrar sual verməyə başladı:
– Məsələn, mən qafqazlı olsaydım və sizinlə söhbət elədiyimi ərim görsəydi, məni öldürərdimi? – dedi.
Rüstəmbəy gülümsündü və düşünə-düşünə dedi:
– Qafqazın elə yerləri var ki, yad kişi ilə söhbət etdiyindən ər arvadını öldürər. Elə yer də var ki, öldürməz; lakin qısqanar, acıqlanar.
Xanım heyrət içində Lizanın üzünə baxdı və bir az fikirləşdikdən sonra gözlərini yenə Rüstəmbəyə döndərib ona ciddi bir nəzər atdı.
Studentin iri və hirsli gözləri, vəhşi baxışı, qara qəşəng bığları onu qorxutdu; xanım masanın üstündən kitabı götürdü, dirsəyinə dayaq verərək əlini çənəsinə söykədi. Artıq sual verməyə cəsarət etmədi.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-birinci-kitab-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Başqa şairlərin şeirləri
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.