Həsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.

Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.

Tələbəni fikir apardı – “Evdən aldığım 25 manatın səkkizi otaq, səkkizi nahar; qalanı sabah və axşam xörəyi, kitab pulu və xırda xərclər... Çəkmənin yırtılması hesabı dolaşdırır...” dedi.

Həsən baxıb gördü çəkmənin yamanması azından iki manat edəcək, iki manatı da tapmaq qeyri-mümkün idi.

“Müsibət adama üz verəndə hər tərəfdən verər” – deyə Həsən düşündü. Qorxdu. Qulaqlarında bir cingilti hüsula gəldi; qeyri-şüuri bir halda əlini şalvarının arxa tərəfinə ehmalca uzatdı... Heyhat!.. burada da əli çilək kimi nazilmiş mahuda dəydi. Tələbənin iztirabı bir az da artdı – oturub bir müddət dinməz qaldı.

Dayanmaq yeri deyil idi: Həsən küncdə divara sancılmış iynəni götürdü, masanın qutusundan sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarın arxasını diqqətlə büzələməyə başladı. Bir iynə vurdu, boşa çıxdı – mahud nazilmişdi, sapı saxlamırdı. Həsən ikinci iynəni bir az geridən vurdu və deşiyi yavaş-yavaş büzüb daraltdı. Axırda Həsən şalvarı bir az özündən uzaq tutub baxdı; pis deyil idi – qara sap gözə çarpırdısa da, yırtıq tutulmuşdu.

Məsələnin bir tərəfi, müvəqqəti də olsa, həll olundu. Həsən bir az sakit olmuşdu, bir də gözü təkrar çəkməyə sataşdı; ürəyi yenidən xarab olmağa başladı. Həsəni yenə fikir götürdü: yamaq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu. Həllini düşündü, yollar aradı. Dərs tapmaq mümkün deyildi, qulluq yox idi; qazanc yolları hər yerdən bağlı idi. Evdən də 25 manatdan artıq gözləyə bilməzdi. Çəkmə də mülahizələrə tabe olası deyildi. Tez yamanmalı idi; yoxsa daha da çox xərc istəyəcəkdi.

Öz-özünə: “Çəkmə yamanmalı, – dedi, – buna söz ola bilməz, ancaq dərd pul dərdidir. 25 manat balalamaz; bu təğyirə uğramaz bir mənbədir. Yalnız bunu başqa cür sərf etməlidir... Yeməyi bir az azaltmalı. Sabah çayının pendirindən vaz keçməlidir... Başqa çarə yoxdur”.

Məsələ həll olunmuşdu – Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi.


Yan küçədə sınıq-sökük darvazaya çəkmə şəkilli iri bir lövhə çalınmışdı. Həsən darvazadan içəri gircək gözləri sağ tərəfdəki ikimərtəbə evin taxta sütununa vurulmuş və zirzəmini göstərən bir kiçik dəmir parçasına sataşdı; üzərində qaba çəkilmiş bir çəkmə şəkli var idi. Həsən irəlilədi. Toz və zibilli həyətdə köhnə god və paslı tənəkələr arası ilə keçib, üfunətli pilləkənə yanaşdı. Həsən çürük və laxlaq pillələrlə aşağı endikcə rütubət iyi damağına çökməyə başladı. Bir az sonra ümumi üfunətə bir də qovrulmuş soğan qoxusu qarışdı. Qaranlıq koridora girdikdə qoxu daha da artdı. Sol tərəfdə alçaq bir qapı var idi, çatlaqları solğun cındırlarla tutulmuşdu. Dəstək əvəzinə bir kəndir qırığı asılmış qapını açıb içəri girdikdə Həsəni tüstü və üfunət bürüdü. Yarıişıq, dar bir otaqda beli əydənli, geniş dazlı çəkməçi alçaq masasının arxasında oturub, yamaqla məşğul idi. Küncdə həmli bir arvad sobanın üstündə xörək bişirirdi. İki çəlimsiz körpə çirkli çarpayının üstündə oynaşırdı... Rəngi qaçmış və güclə nəfəs alan qadın hərdən bir çocuqlara çəmkirirdi. Sınıq şüşələrinə kağız yapışdırılmış kiçik pəncərənin qarşısında uca bir divar olduğu üçün otağa az işıq düşmüşdü və çöldən gəlib, qaranlığa hələ alışmamış Həsən ilk dəfə heç şeyi açıq görə bilmədi və çəkməçiyə yanaşmaq istərkən ayağı döşəmənin üzərindəki köhnə çəkmələrə ilişdi.

Çəkməçi gözlüyün üstündən Həsənə baxdı və gülümsünərək, salamını aldı; yer göstərdi. Həsən oturdu və dərdini deməmiş çəkməçi adəti üzrə onun ayaqlarını nəzərdən keçirdi.

– Çıxardın, baxım, – dedi.

Həsən cırıq corabını göstərməmək üçün çəkməsini masanın kölgəsində çıxartdı və ayağını cəld gizlədi. Çəkməçi çəkməni aldı, çöndərib, o tərəf-bu tərəfinə baxdı, baş barmağı ilə altını və yanlarını sıxdı, dedi:

– Altı dəyişilməli, yanlarına kiçik yamaq lazım; içi də sökülüb, tikilmək istər.

Çəkməçi söylərkən Həsən iztirabla hesabladı və edam qərarı gözləyən bir müqəssir kimi çəkməçinin son sözlərini gözlədi. Çəkməçi sözlərinə daha bir şey əlavə etmədi: çəkməni masanın üstünə qoyub susdu.

Həsən özünü zorlayaraq:

– Neçə edəcək? – deyə sordu.

Çəkməçi ehmal səslə:

– Səkkiz abbası, – dedi.

Həsənin ürəyindən bir ağırlıq düşən kimi oldu; nədənsə həm sevindi, həm də cəsarətləndi; bazarlıq yapmağa qalxışdı:

– Altı abbası olmazmı? – dedi.

Çəkməçi başını işindən qaldırmayaraq, mehriban bir təbəssümlə dedi:

– Olmaz.

– Yeddi olsun.

Çəkməçi cavab vermədi, gözlüyünün üstündən tühaf bir nəzərlə tələbəyə baxdı, sankı “imkan yoxdur” demək istəyirdi. Həsən də israr etmədi; anlaşdılar.

– İndi qoysanız, axşam hazır olar.

– İndi qoya bilmərəm, çünki geyməyə bir şeyim yoxdur.

Çəkməçi yenə gülümsündü:

– Yaxşı, oturun qayırım.

Həsən təbiətən bədbin və hövsələsiz bir adam idi, çəkməçinin yanında keçirdiyi bu yarım saatda müşahidə etdiyi mənzərə onu bədbinliyin bir az da dərinliyinə tulladı. Fikrini acı-acı mülahizələr məşğul etməyə başladı:

“Dünyada anlamadığım hikmətlər var: qarşımda oturan bu çəkməçinin yaşamaqdan nə məqsədi olduğu da bu hikmətdən biridir. Bu zindanda doğulmaq, bu zindanda da ölməkdən məna varmı? Həmişə ac, həmişə çılpaq, həmişə zəhmətdə can vuruşdurur. Divara hopan rütubət vücuda çökmüş, rəngini saraltmış; yəqin fikir və zəkasını belə çürüdüb, kiflətmiş”.

Həsənin hövsələsi daraldı. Quş qəfəsdə çırpınan kimi çırpınıb qalxdı. Başı hərləndi, bir də oturdu. Çəkməçi müvəqqəti olaraq işdən aralandı, yenə adi təbəssümü ilə gözlüyün üzərindən tələbəyə baxıb gülümsündü.

– Sıxıldınız, deyilmi? – dedi.

Həsən bu suala heyrət etdi, lakin çəkməçini məyus etməmək üçün cavab arasa da, tapa bilmədi. Bir az düşündü və hikmətini anlamadığı məsələlər onu rahat buraxmadı. İstər-istəməz dilləndi:

– Bağışlayın, – dedi, – dünyada anlamadığım bir çox məsələlər var. Bunların ən başlıcası həyatın məqsədidir.

Çəkməçi gülümsündü və işini tərk edərək, ciddi bir sima ilə dedi:

– Həyatın məqsədi böyükdür, çox böyükdür. Lakin bu məqsəd əlan güclülərin əlində əsirdir. Əsarətdən qurtarılarsa, nə qədər gözəl və böyük olduğu hər kəsə bəlli olar.

Həsən çəkməçinin fikrinə etimad etmir kimi:

– Əsarət qurtararmı, deyirsiniz? Həyat hər kəs üçün əlverişli olarmı?

Çəkməçi böyük bir inamla:

– Olar! – dedi, – lakin mübarizə lazım. Dünyada mübarizə qarşısında

heç bir şey dura bilməz!

– Hansı vasitələrlə? Hər şey onların əlində.

– İman vasitəsilə!.. Bu gün sizə möhtəşəm görünən çar istibdadı çürük əsaslar üzərində qurulmuş; bu durmaz, yıxılar!

Həsən gülümsədi, cavabdan aciz qaldı. Çəkməçini süzdü: dodaqlarındakı xoş təbəssüm imanla parlayırdı. Çəkməçinin imanı tələbəyə yabancı gəldi.

Çəkməçi başını qaldırdı. Gözlüyün üzərindən həlim baxışla tələbəni nəzərdən keçirdi və mətanətli səslə:

– Əməkçilər çoxdur, “onlar”? – deyə sordu.

Tələbə qeyri-şüuri:

– Əməkçilər! – dedi.

Çəkməçi həlim, lakin inamlı səslə:

– Gec-tez əməkçilər qələbə çalacaqlar! Az çoxa ağalıq edə bilməz!

Həsən zirzəmidən çıxdıqda özündə başqa bir ruh, anlaşılmaz bir nəşə duydu. Geniş həyətin qaranlıq zirzəmilərində qarınca kimi əlləşib çırpınan adamları gözdən keçirib, çəkməçinin son sözlərini xatırladı.

Həsən yol uzunu bu məsələ ətrafında fikir yürütdü – qarşısında yeni bir aləm açılırdı.

1912

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kənddən şəhərə göndərilən bir kağız

Nuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.

2 dəq
Toy

Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»

3 dəq
Üç

Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:

3 dəq
Sərhəd məsələsi

– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.

6 dəq

Başqa şairlərin şeirləri