Birinci kitab, ikinci hissə
Səhifə 1 / 14
1
Rüstəmbəy bəhai Əbülfərəcə məktub yazırdı. Yazdı və oxumağa başladı: “Möhtərəm əfəndi, ikinci məktubunuzda əvvəlki məsləhətinizi təkrar edirsiniz, məni bəhai dininə dəvət etməkdən çəkinmirsiniz; təzə din deyə bəhailiyi mədh edirsiniz, bəhailik zəmanəyə müvafiq bir dindir və i. a. Bu sözləri çox bəhailərdən eşitmişəm, lakin bircə iş var: din bir o qədər də zəruri şeydirmi? Onun yolunda bu qədər çalışmağa dəyərmi? Zənnimizcə, dindən uca, ondan zəruri bir ayrı şey var. Onun adına həyat və yaşayış deyirlər. Biz həyatı sevsək, onu yüngülləşdirsək, ən həqiqi mömünlüyə çatarıq... Bu fikirləri keçən məktublarımda cənabınıza məlum eləmişdim. Artıq təkrara lüzum yoxdur.
Sonra bəhailiyə “təzə din” deyirsiniz. Zənnimizcə, bunda da böyük səhv eləyirsiniz. Dinə təzə demək olmaz, din həmişə köhnədir. Səbəb budur ki, hər bir din əbədilik iddiasına düşür, din bir qanun, bir qayda təşkil etdikdə əbədi ola bilməz. Olduqda təzəliyini itirir və zəmanə tələbinə müvafiq gəlmir. Bəhailik bu gün təzə görünsə də, bir ildən, beş ildən sonra təzəliyini mütləq itirəcəkdir, çünki əbədi “təzəlik” yoxdur, zaman belə təzəliklərin düşmənidir. Bu nöqteyi-nəzərdən həyat zamanla “təzəliyin” mübarizəsindən ibarətdir. Bu mübarizə şiddətini yox etdikdə həyat da mənasını itirir. Deməli, din və ya başqa bir qanun sabit bir halda əbədi hökmranlıq etdikdə, həyat ruhunu qaib edir. İnsanın meyl və həvəsi məhdud bir dairəyə düşərək sönür. Dirilik əvəzinə yuxu və yarımcanlılıq əmələ gəlir. Bu hal cəmi dinlərdə görünmüş, bununla mübarizə etmək üçün qanlı inqilablar doğmuş və nəticədə dünyəvi qanunlar qələbə çalmışdır. Bəhai dini də bu qanlı pillələrdən keçəcək...”
Rüstəmbəy məktubu qurtarmamış masanın üstə tulladı və otaqda gəzinməyə başladı. Dini kitablar, mübahisələr və metafizik fikirlər onu o qədər təngə gətirmişdi ki, ruhuna zövqverici bir şey axtarırdı. Birdən ürəyində Sofya xanıma qarşı bir həvəs oyandı, onunla görüşmək xəyalına düşdü. Bu həvəs elə sirli bir tərzdə zühur etdi ki, özü də heyrət etdi. Sonra: “Sofya xanımı görməkdən məqsəd nədir?” – dedi və cavab olaraq ürəyinin aramsız döyündüyünü hiss etdi. Lakin bu halından xoşlandı, ürəyinin çarpınması ona cəsarət verdi.
Rüstəmbəy sevindi: “Biz gərək qadınlardan qaçmayaq, – dedi, – biləks həmişə onlara yaxınlaşmalıyıq”.
Rüstəmbəy otaqda gəzə-gəzə öz-özünə danışırkən qapı tıqqıldadı. Rüstəmbəy:
– Buyurun, – deyə dərhal cavab verdi. Qulluqçu daxil oldu və qızara-qızara:
– Bu gün soba qalamaq lazımdırmı?
Rüstəmbəyin filosofanə siması birdən-birə dəyişildi, dodaqlarında səmimi və təmiz bir təbəssüm oynamağa başladı:
– Lazım nədir, vacibdir! – dedi.
Qulluqçu gülümsündü və daha da qızardı. Otaqdan çıxdı. Nədənsə Rüstəmbəy də bunun arxasınca getdi. İkisi də mətbəxə daxil oldu.
Sofya xanım Rüstəmbəyi görən kimi özünü itirdi, yanaqları alma kimi qızardı, iki gün idi ki, görüşməmişdilər.
Rüstəmbəy Sofya xanımın halını anlamırdı, bu dəqiqə o, sadəlövh bir çocuğa bənzəyirdi. O istərdi ki, qulluqçu onun qollarının üstə odun yığsın və o da böyük bir həvəslə onları otağa daşısın...
– Odunları ver, mən daşıyım, – dedi.
Liza gülə-gülə xanımın üzünə baxdı. Sofya xanım özünü toxtatdı,
titrək səslə:
– Madam ki, istəyirlər, qoy daşısınlar, – dedi və gülümsündü.
Liza odunları Rüstəmbəyin qucağına doldurdu.
– Kifayət elər, – dedi.
Mətbəxdən çıxdılar. Sofya xanım heyrətli gözləri ilə Rüstəmbəyi təşyi edirdi. Birdən onun da ürəyində bir şadlıq əmələ gəldi. Rüstəmbəyin bu sadəliyi Sofya xanımı artıqlığınca məmnun etdi. “Amma nə cazibəlidir”, – deyə içini çəkdi.
– Soba yanırmı? – deyə qapının arasından səs gəldi.
Rüstəmbəy sobanın yanında oturmuşdu, durdu, Sofya xanım daxil oldu.
Rüstəmbəy cavabında:
– Yaxşı yanır.
Sofya xanım irəli yeridi, odunları maşa ilə döyəclədi, çırpdı. Sonra bir-birinə yavıqlaşdırıb, sobanın ağzını örtdü.
– Yaxşı, alovlananda yadıma salın, qapayım, – dedi.
– Siz zəhmət çəkməyin, qulluqçuya deyərəm qapayar. Sofya xanım sobaya söykənərək:
– Zəhmət olmaz, – dedi, – ev işlərindən çox xoşlanıram. Rüstəmbəy divara dayanmışdı. Ətrafa göz gəzdirərək sanki söz
axtarırdı.
– Görürsünüz nə gözəl axşamdır, – dedi. – Bu vaxtlar çırağı yandırmayıb qaranlıqda oturmağı çox sevirəm. Göyün qızartısı həmişə ürəyimdə bir kədər duyğusu oyadır. Çox vaxt elə bilirəm dünyada məndən bədbəxt, məndən yazıq adam yoxdur. Belə anlarda məni ağlamaq tutur.
Sofya xanım:
– Siz də mi ağlaya bilirsiniz? – deyə maraqla soruşdu:
– Bəli, bəzi vaxt İnsan üçün göz yaşlarından əziz, ondan yavıq bir dost ola bilməz.
Sofya xanım heyrətlə Rüstəmbəyi süzdü və əllərini daraqlayaraq dedi:
– Sizin bir şairanə təbiətə malik olduğunuzu bilmirdim...
– Bəli, bəli, – deyə Rüstəmbəy gülümsündü və zarafatla, – hərdənbir şeir də yazaram. Yəqin bunu da bilmirdiniz? – deyə əlavə etdi.
– Şeir də mi yazırsınız?.. Onda, xatirə olaraq birini verin.
Rüstəmbəy güldü:
– Zarafat edirəm. Məndə təb əsla yoxdur, bircə dəfə, yadımdadır, bir qıza şeir yazmışdım, o da xoşuna gəlməmişdi. Kədərimdən az qaldı bağrım çatlasın.
Sofya xanım qəhqəhə çəkərək güldü:
– Daha niyə kədərləndiniz ki?
– Niyə kədərlənməyim ki, gözümün işığı kimi istədiyim bir dilbəri şerimlə xoşhal edə bilmədim.
– Xı-xı-xı... Siz istərdiniz məhbubəniz xoşhal olsun, eləmi?
– İstərdim nədir? Onun üçün canımdan da keçərdim.
– Sizin bu qədər eşqpərvər bir qəlbə malik olduğunuzu zənn etməzdim.
Rüstəmbəy fəxrlə:
– “Qafqaz” ləfzi bir eşq mücəssəməsi deyilmidir?
– Qafqaz eşqin ikinci ifadəsidir, bu doğru. Ancaq siz mənim təsəvvür etdiyim qafqazlıya bənzəmirsiniz. Biz qafqazlını eşq yolunda ölüb-öldürən, incə belində kəskin xəncər daşıyan bir igid kimi tanıyırıq.
Ah, bir dəfə bir müsamirədə ağ çuxalı, ağ papaqlı biri oynadı... Onda qız idim, heç unutmam, oynarkən vəhşi səslər çıxarırdı, inanırsınızmı, duyğularımdan nəfəsim tutulurdu, mənə belə gəlirdi ki, bir az da oynasaydı, yıxılıb bayılacaqdım... Ah, o rəqsdə nə gözəlliklər vardı.
Məncə, Qafqaz rəqsi cəsur kişilik, hünər, fədakarlıq ifadəsidir.
Eyni zamanda onda bir bəkarət və paklıq var...
Rüstəmbəy zarafatla:
– Sabahdan bir xəncər alıb, tələbə tujurkasının üstündən bağlayacağam, başıma da bir ağ papaq qoyacağam.
– Karikatura olar. Bundan sonra sizə yaraşmaz, mədəniyyət artıq sizi aşılamışdır.
– Aşılanmaqda qazanmışam, yoxsa qaib etmişəm? Sofya xanım düşündü:
– Məncə, qazanmışsınız. Şübhəsiz ki, qazanmışsınız. Kompliment də zənn etsəniz, sizdə bu iki həyatın müsbət cəhətləri birləşmişdir
– Qafqazın ənənəvi doğruluq və saflığını saxlayırsınız...
Rüstəmbəy yenə zarafatla:
– Komplimentinizdən məmnunam, – deyə süni qürurla otaqda gəzinməyə başladı.
Sofya xanım sakit:
– Kompliment deyil... Oy, başımız söhbətə qarışmış, gecənin düşməsindən xəbərim olmamışdır.
“Sağ olun” deyib, qapının arasında yox oldu.
2
Gecə düşmüşdü. Rüstəmbəy elektriki yakıb, dərsləri ilə məşğul olmağa başladı. Bir az oxudu, başına bir zad girmirdi. Durub bir az otaqda hərləndi, dolandı, gəlib yenə oturdu. Bir az da oxudu, bir nəticə çıxmadı. Gözlərini bir nöqtəyə dikərək fikrə getdi, öz-özünə “belə olmaz, qabaqda imtahan var, məşğul olmamaq mənim üçün böyük eyibdir”, – deyə söyləndi.
Nəsihət də kar eləmədi. Durub çarpayının üstə uzandı. Soba otağı qızdırmışdı, elektrik ətrafı gözəlcə işıqlandırmışdı, bu dəqiqə otaqda xülyapərvər bir sükut hökmrandı – bütün bunlar Rüstəmbəyi oxşayır, ürəyində sirli duyğular oyadırdı.
Sofya xanımla əri qonşu otaqda deyib gülüşürdülər. Xanımın nazik səsi almaz dənələri kimi tökülərək Rüstəmbəyin ürəyini yaralayırdı.
Yenə Sofya xanımla görüşmək meyli onu qapladı. Öz-özünə: “Bilmirəm, bu axmaq kişi nə vaxt çıxıb kluba gedəcək”, – dedi. Gülümsündü. Dırnağı ilə divarı cızmağa başladı. Orada bilaixtiyar: “Mən çox axmaq adamam” sözlərini yazdı. Sonra yazdığını oxudu. Düşündü. Bir də oxudu. Fikirləşdi, halı dəyişildi, özünə acığı tutdu, birdən-birə durdu və yenə oxumağa başladı. Bu dəfə beynini ciddi fikirlər məşğul etdi. O, müvəqqəti olaraq Sofya xanımı yadından çıxartmışdı.
Bir-iki saat sonra kişi kluba getdi. Bu, Rüstəmbəyin kitabdan əl çəkməsinə kifayət edərdi. Qalxıb otağı aramsız dolanmağa başladı. Bir qapı şıqqıltısı eşitdikdə ürəyi ayağının altına düşdü; “Sofya deyəsən gəlir”, – deyirdi. Çox çəkmədi, doğrudan da xanım gəldi. Görüşdülər.
– Bilirsiniz nə üçün gəldim? – deyə Sofya xanım sordu, – dedim bəlkə sizdə mənim oxumadığım bir kitab tapıla.
Rüstəmbəy fikirləşdi, kitablarını araşdırmağa başladı, lakin fikri kitab tapmaq deyildi. O, Sofya xanıma kitab lazım olmadığını da yəqin bilirdi. Ona görə, yalandan da olsa, əlini yazı masasına uzatdı.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-birinci-kitab-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Bir neçə söz“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?
Başqa şairlərin şeirləri
کار دلم شد عشق تو، دل چون کند کاری دگر
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.