Birinci kitab, ikinci hissə
Səhifə 3 / 14 · 14%
– Bacılığı ilə kilsəyə getmişdi.
Çingiz həvəsli bir halda:
– Səlman, arvadın müsəlmanlığı qəbul eləmədimi? Səlman güldü:
– Canım, dinmə, ölkə qarışıqdır.
Şirin yenə hiyləgər bir sima ilə:
– Bəs, yaxşı, oğlun nədir, rusdur? Müsəlmandır?
Çingiz sakit bir səslə:
– Atası türk, anası rus, oğlu da firəng.
Hamı güldü. Söz Səlmanın özünə hamıdan artıq xoş gəldi. Onun gülüşü daha da uzun çəkdi.
Rüstəmbəy daxil oldu. Adəti üzrə gülümsündü və paltosunu çıxardıb, yoldaşları ilə görüşdü. Çingiz əlini uzatdıqda:
– İndicə sənin söhbətini eləyirdik, – dedi, – indiyə kimi sənin iclasa gec gəlməyin görünməmişdi. Bu gün qırx dəqiqə birdən ləngimişsən.
Şirin:
– Yəqin, qız görüşünə getmiş imiş.
Rüstəmbəy təkidlə:
– Canım, yox! Yatıb yuxuya qalmışam.
Ara bir az sakit oldu. Çingiz saata baxdı.
– Deyəsən, daha heç kəs gəlməyəcək, – dedi.
Şirin:
– Gəlməsələr, onda müsamirə barəsində danışmağa haqlı deyilik; çünki məsələmiz mühümdür, o birilərin də rəyini bilməliyik.
Səlman gözlüyünü düzəldərək, əli ilə xırda bığlarını tumarlayıb başladı:
– Müsamirə vermək fikrindəmisiniz?
– Bir elə fikir var.
– Uşaqlar yenə idarə seçmək xəyalındadırlar. Bəs o necə olacaq?
Şirin güldü və Çingizin üzünə baxaraq:
– Müsamirə məsələsi ortalığa düşsə, təzə seçki heç kəsin ağlına gəlməz, – dedi.
– Deməli, bəzi padşahlar daxili iğtişaşı yatırtmaq üçün qonşu dövlətə hərb elan edən kimi, siz də hay-küyü müsamirə ilə yatırdırsınız!
Çingiz gülümsündü və papirosunu yandırdı:
– Səlman, – dedi, – o gətirdiyin kitab nədir?
– Marksın “Kapital”ıdır, – deyə Səlman cavab verdi.
– Sosialistmisən?
– Neçə ildir.
– Belə de də!.. Içindəkilərdən bizə də söyləsənə!.. Səlman “Kapital” ı əlinə alıb vəcdlə:
– Bu kitab köhnə aləmi tamamilə yıxacaq, – dedi, – daşı daş üstə qoymayacaq...
– Sonra? – deyə Şirin onun sözünü kəsdi. Səlman soyuqqanlılıqla:
– Sonra yerində böyük bir bina quracaq. Bu bina Babil qülləsindən və Misir ehramlarından da yüksək olacaq...
Səlman sakit, dərin bir əqidə ilə marksizmə dair uzun-uzadı danışdı, hamı onu diqqətlə dinlədi. Natiq türk tələbələrinin yalnız mədəni məsələlərlə məşğul olmasını nöqsanlı bir hal saydı, onları Ümumrusiya əməkçiləri ilə birlikdə mütləqiyyət və kapitala qarşı mübarizəyə dəvət etdi.
Qulluqçu samovarı gətirdi. Şirin yazı masasını təmizləyib otağın ortasına çəkdi. Çay həngaməsini bunun üstündə düzəltdilər: samovar qoyuldu, stəkan və nəlbəki düzüldü. Çörəyi doğradılar, boşqaba qoydular, yağ gəldi. Hamı masanın ətrafına yığıldı.
Student axşamlarının yeganə dostu – samovar bu dəfə də ağ buğla yoldaşları qapladı.
Hamı şad, hamı fərəhli idi, təkcə Rüstəmbəy kədərli görünürdü. Kim bilir, onun qeyri-sabit təbiəti yenə nədən mütəəssir olmuşdu. Bunu Çingiz də anladı.
– Rüstəmbəy, fikirdəsən! – dedi.
Rüstəmbəy gözlərini Çingizə döndərərək, məyus bir təbəssümlə onu qarşıladı və sonra bir parça çörək götürüb, özünə yağ yaxmacı qayırdı:
– Hərdən məni fikir aparır.
– Səbəbi nədir?
– Səbəbi odur ki, millətimizin gələcəyini xarab görürəm. “Millət” sözü gəldikdə hamı gülümsündü və bu inanmaz gülüş və şübhə ilə Rüstəmbəyə baxdılar. Rüstəmbəy səsinə təğyir verməyərək ciddi bir sima ilə:
– Zarafat eləmirəm, – dedi, – millətimizin vəziyyəti bəzən məni elə bir hala gətirir ki, az qalır başıma hava gəlsin.
Şirin yenə gülümsündü:
– Doğrusu, o qədər “millət”, “millət” deyib çığırdılar ki, indi adamın gülməyi gəlir... Əlbəttə, mən sənin sözlərinə inanıram, bilirəm ki, millətin halına yanırsan.
Rüstəmbəy başını aşağı salaraq çayla məşğul oldu. O birilər də çay içməkdə idilər. Heç kəs danışmır, ancaq hamı ürəyində haman “millət məsələsi”ni müzakirəyə qoyaraq həllinə çalışırdı.
Səlman gözlüyünü çıxardıb, yaylığı ilə sildi, gözlərini qıya-qıya sükutu pozdu:
– Mən həmişə demişəm və yenə də təkrar eləyirəm: heç bir milli məsələ özözlüyündə həll oluna bilməz. Milli müqəddəratımızı əməkçilərin taleyinə bağlamalıyıq. Ayrıca milli məsələnin həlli demək – ölkəmizdə milli kapitalın və milli feodalizmin inkişafı deməkdir.
Bu da zülm hökmranlığından başqa bir şey deyildir. Yoldaşlar, zülm-zülmdür, bunun milli və ya qeyri-millisi yoxdur. Hansı şəkildə olursa-olsun zülmü yox etməlidir.
Şirin Səlmanın fikrinə şərik ola bilmədi:
– Bizdə, – dedi, – ümumin anladığı kapital və proletar yoxdur. Bu iki sinif vücuda gəlincəyə qədər sən deyən sahəyə gecə bilmərik.
Səlman əsəbi bir halda:
– Bax, bu kökündən doğru deyil. Bizdə kapital da var, proletar da. Bakı sərvəti nə deməkdir? Bakı və Şəki fabriklərində can çəkişdirən minlərcə işçilər proletar deyil də nədir?
Səlman sevdiyi mövzunu olduqca coşqun və məntiqi bir surətdə təsvir və inkişaf etdirirdi. Uzun-uzadı münaqişələrə meydan açıldı.
Gənclər xalqı əzən və məhv edən amillərdən bəhs etdilər. Rüstəmbəy də mühüm bildiyi dini məsələyə keçərək elmi dəlillərlə dinlərə hücum etdi. Şirin Rüstəmbəyin sözlərini dinləyərək yerində aram tapa bilmirdi. Görünür ki, onunla bəzi nöqtələrdə həmrəy deyildi.
– Unutmamalıdır, – dedi, – dində günah yoxdur:
Rüstəmbəy qəti surətdə:
– Günah dindədir, çünki həyatla dinin arasında böyük uçurum var.
– Uçurum ola bilməz. Din həyat üçün təşkil olunmuşdur. Peyğəmbərlər öz qövmlərinin cəhalət içində boğulduğunu gördükdə, onları haqq yola dəvət etmişlər. Bu haqq yol da dindir.
– Yaxşı! O peyğəmbərlər bizdən neçə əsr əvvəl dünyaya gəlmişlər?
Şirin duruxdu, qorxurdu Rüstəmbəy onu “bağlasın”:
– On əsr, – dedi, – iyirmi əsr, ondan qədim də gələnlər var, hamısı bir vaxtda dünyaya gəlməmişdir.
Rüstəmbəyin simasında müzəffər bir şadlıq göründü:
– Çox gözəl, – dedi, – peyğəmbərlər öz əsrləri üçün bir qanun yaparaq, bir yol qoydular, o yol bizim həyatımıza uyğun gələr, gəlməz?
Səlman cavab verdi:
– Əlbəttə, gəlməz.
Şirin bir az hirsləndi:
– Siz dini mən düşünən kimi düşünmürsünüz. Din bir həqiqətdir ki, heç vədə sönməz. “Yalan danışma!”, “Adam öldürmə!”, “Oğurluq və quldurluq eləmə!”, “Fağıra rəhm elə!”... Əksərən dinin əsası beləbelə həqiqi əmrlərdən ibarətdir. Bunları pozmağa hacət yoxdur, İnsanlıq durduqca bu fikirlər onun üçün bir müqəddəs qanun sanılacaq.
Rüstəmbəy coşqun səslə:
– Din bir sən deyən əmrlərdən ibarət deyildir. “Müqəddəs” deyilən kitablarda bunlardan başqa bir xeyli xürafat var ki, onları zəmanəmizin uşaqlarına nağıl eləsən rişxəndlə gülərlər.
– Mən bilmirəm, uşaqların gülməsinə səbəb olan nədir?
– Cənnət, cəhənnəm, mələklər, göylərin sadəlövh təsviri, təbiət qanununa zidd, yalan möcüzələr və qeyri... nağıl eləməklə qurtarmaz.
Get, Tövrat, Incil, Quran və qeyri “müqəddəs” kitabları oxu, onda bilərsən!..
4
Səlman Balayurdlu kəndindəki dəllək Qasımın oğlu idi. Qasım neçə il vardı ki, şəhəri tərk edib, bu kənddə sakin olmuşdu. Bu neçə ilin müddətində özünə bir dükan da qura bilməmişdi: bütün tənxahı qırmızı fitə, güzgü və kisəbənddən ibarət idi. Qasım sabit deyil, səyyar bir dəllək idi. Səhərdən axşama qədər kəndin bazarını dolanar, girəvəsinə gələn müştərilərin başını qırxar, birçəklərini düzəldər, saqqallarını vurardı. Səlman da kiçik vaxtından hamamda qulluq eləyirdi, səkiləri süpürür, bazara göndərilir və camadar məşğul olanda ayağa da su tökürdü.
Bir gün kənd müəllimi hamama gəlmişdi. Səlman ona xidmət edərkən müəllimin nəzərini özünə cəlb elədi. Müəllim çocuğun kim olduğunu öyrəndi. O, bir gün dəllək Qasımdan Səlmanı məktəbə göndərməsini rica etdi. Müəllimin təklifi Qasım kişinin ağlına batdı.
O zamandan Səlman kənd məktəbinə davam etdi və eyni zamanda hamamı da tərk eləmədi, günortadan sonra yenə müştərilərə xidmət etmədə idi.
Səlman kənd məktəbini bitirib Bakıya gəlmişdi.
Bakı həyatı Səlman üçün hər nə qədər ağır olsaydı da, o bu həyatdan şikayətçi deyildi. Əvvələn, gələn kimi şagirdlər cəmiyyəti buna Hacı Hacıağa karvansarasında bir otaq tədarük elədi, kirəsini də cəmiyyət verirdi. Sonra da gimnaziyaya daxil oldu. Məsələnin iki mühüm cəhəti həll olunmuşdu. O ki qaldı yemək məsələsi, bu təsadüfdən asılı idi, olurdu yeyirdi, olmayanda aclığa qatlanırdı. Gündə bir boşqab sup tapmaq onun üçün bir böyük nemət idi.
Səlmanın karvansara həyatı getdikcə çətinləşirdi. Bir tərəfdən otaq deyilən bu yer pəncərəsiz idi, işıq tağlı artırmaya açılan qapının başından düşürdü. Sonra, neft pulu olmadığından çox zaman qaranlıqda qalır və dərslərini hazırlaya bilmirdi Bəzi vaxtlar dalandardan xəlvət artırma lampası alır, mənzilinə gətirirdi. Bir neçə dəfə belə elədikdən sonra bir gün dalandar duyuq düşdü, gəldi, Səlmanın abrını tökdü. Buna rəğmən Səlman bu işdən əl çəkə bilmədi. Dərs hazırlamaq üçün yeganə çarə bu idi. Get-gedə məsələ gərginləşdi, dalandarla arası tamamilə pozuldu. Karvansara sahibinə şikayət olundu, nəticədə bir şey çıxmadı. Dalandar Səlmana qarşı təzyiqini birə on artırdı. Səlmanı incitmək üçün hər yeri süpürdükdən sonra zibilini onun mənzilinin önünə yığar, ona su verməzdi. O, dərs oxurkən qapısının ağzında səs-küy salar, dərsinə mane olardı...
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-birinci-kitab-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Bir neçə söz“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?
Başqa şairlərin şeirləri
کار دلم شد عشق تو، دل چون کند کاری دگر
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.