– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:

– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..

Niyə də çıxmasın, azacıq yaşın yoxdur ki, – bu orucluq da gəlsə on doqquza girirsən... Xudaya-xudavənda, şükür!..

Fatma yatacaqda uzanıb anasının sözlərinə qulaq verdikcə, ah çəkib yastığı islatdı. Öz-özünə deyirdi: Şükür Allaha, hayana çıxıram, deyirlər sən kimdən pissən ki, dindirib, danışdıranın yoxdur?–Ay Allah, məni yaradınca bir qara daş yarada idin!..

Fatma öz-özünə çox deyindi, ağladı. Axırda yoruldu. Gündüzün yorğunluğu da bir tərəfdən kədərlərinə qələbə çaldı: gözləri yavaşyavaş yumulmağa başladı.

Bahar idi. Fatma alaqaranlıqdan durub, yun daramadan əvvəl həyətə getdi. Bədmüşk açmışdı, gözəl qoxuyurdu. Fatma budağın birini əyib qoxuladı. Sonra günəşin ilk şöləsindən parlayan üst budaqlara tamaşa etməyə başladı. Bu əsnada çəpərin arxasından bir səs gəldi:

– Ay qız, ay yaxşı bala, bircə bura bax!

Fatma dönüb, məşşatə Anaxanımı yolda gördü. Anaxanım güləgülə Fatmanı çəpərə çağırdı:

– Qızım, mənim kimi xanan yoxdur ki, niyə belə tezdən durmusan.

– Biz də xana qayırırıq. Bu həftə quracağıq. Anam yatıb, dedim, durum bir az yun darayım.

– Qızım, maşallah, yetişmisən, anan səni niyə ərə vermir? Saxlayıb nə edəcək?

Fatma qızarıb, başını aşağı saldı.

Məşşatə bir az da çəpərə yanaşdı:

– Bacı, – dedi, – adamın ağlı başında olmalı. Bilirsən, ana özü üçün, ata özü üçün, qardaş da yad bəxtidir. Ortalıqda qalan həmişə qız uşağı olur. Ata adama həmişə çörək verməz – özünə gün ağlamalısan. Fatma qızarmış üzünü qovzayıb, məşşatəyə zənn ilə baxdı və yavaş səslə dedi:

– Xala, mən nə qayıra bilərəm... Onlar gün ağlamalıdır...

Son sözləri Fatma ürək çırpıntısı ilə söylədi.

Bacı, görürsən onlar gün ağlamırlar. Gəl mən səni padşah balası kimi bir oğlana ərə verim, get, vaxt ikən ev-eşik sahibi ol. Qalmaqdan nə fayda?

Fatma məşşatənin üzünə bir də baxıb, fikrə getdi...


Axşam çağı idi. Fatma anasından gizli yuyunub, geyinmişdi. Məşşatə qısıla-qısıla çəpərin altına gəldi və bir-iki dəfə bərkdən öskürüb keçdi. Fatmanın ürəyi döyündü. Bu iş ona tühaf görünürdü. İçində bir tərəddüd hüsula gəldi – istədi yüyürüb anasına bütün sirri açsın, digər tərəfdən cazibəli bir qüvvə onu qapıya doğru sürükləyirdi.

Bir dəqiqə çəkmədi, Fatma evdən çıxıb, məşşatəyə qoşulub getdi.

Fatmanın atası qızının qoşulub qaçdığını eşitcək pristavı götürüb, qız aparılan evin qapısını kəsdi. Fatmanı qapı qonşudan yığma qızıllarla bəzəmişdilər: araqçının qabağında qızıl pilək, boynunda mərcan, inci, qızıllı şəvə, döşdə gərdənbənd, yaxalıq; kürdisində düymələri və ətəyində qırx əşrəfisi var idi. Fatma bunları özününkü zənn edirdi. Öz-özünə düşünürdü: “Bir qız bir oğlanındır” deyirdi: “qismətdən artıq yemək olmaz” – mənim də qismətim pis çıxmadı: evi, qızılı, dövləti, özü subay bir oğlandır. “Kor nə istər – iki göz, biri əyri, biri düz”.

Odur ki, pristav gəlməsin, ondan böyüyü gəlsin, Fatmanı zor ilə gətirməmişdilər, özü gəlmişdi.

Fatma atasına da bu cavabı verib, geri qaytardı.

Kəbin kəsilib, toy oldu... Fatmanı bir uçuq daxmaya gəlin gətirdilər. Heyhat, kişinin burada bir ayrı arvadı da var imiş! Elə ilk gecədən evdə dava-şava başlandı. Yengələr hərdən bir sevinə-sevinə zifaf otağına yüyürür, bir də üzlərini turşudub, geri qayıdırdılar: “Biz elə bildik görəsən nə olub, demə hələ dava eləyirlər” deyirdilər.

Xülasə, “duvaq qapma” gününədək gəlinin üç dişini saldılar.

Ay ötdü, il dolandı, Fatmanın cəmi qızılları çəkilib sahiblərinə getdi. Ona qalan bircə günü, bir də boş damlar oldu. Kişi bazara gedəndə günülərin əlinə fürsət düşürdü: bir-birinin cıbırığını çəkirdilər. Kişi axşam evə qayıdanda arvadları üzləri cırılmış, başları yolunmuş görürdü. Bir gün “fələk Fatmaya kəm baxdı”, biçarə azarladı. Altı ay davam edən xəstəlik Fatmanın üzünü soldurdu. Bütün gənclik təravətini qaib etdirdi. O gündən etibarən gününün dili uzandı: “Bicins idi, tez xarab oldu” deyə hər an, hər dəqiqə ərinə qandırdı:

– Görürsən, mən şirin nar köküyəm, döyürsən də, söyürsən də, yenə gün-gündən kökəlib, necə yaxşılaşıram?!

Kişi baxdı gördü, doğrudan da, əvvəlki arvad gün-gündən yaxşılaşır: ağ-çağ olur. Məhəbbəti tamamilə ona keçdi, Fatma bilmərrə nəzərdən düşdü: hər gün ikitərəfli döyülüb söyüldü. Belə bir həyatın davamı qabil olmayacağını Fatma gözəlcə bilirdi. Evdə qulluqçuluqdan başqa bir vəzifəsi olmayan, ən adi hörmətdən məhrum olan Fatma çıxacaq yolu aramağa başladı. Atası evinə qaçmağa cürət etmirdi: atası onu çoxdan qızlıqdan çıxarmışdı.

Fatma babasının yanına qaçdı; babası onu görər-görməz ağzına gələni söylədi:

– Sənin namusun olsa mənim qapıma gəlməzsən, itil gözümün qabağından, çəngi! – deyə qovdu. Fatma babasının sözündən incimədi. Qərib bir quş bir budağa sığınan kimi, sığınıb qaldı. Dindirmədilər, turş sima göstərdilər, acı və tənəli sözlər söylədilərsə də hamısına səbir elədi. Dinməz-söyləməz bir halda öz işlərinə qurşandı. Bir gün Fatma hamama paltar yumağa gedərkən ərinə rast gəldi.

Bir dəqiqədə bədəninə qorxu çöküb, yerindən tərpənməz oldu. Əri onun qolundan yapışıb dartdı, apardı. Fatma çığırdısa da səsinə gələn olmadı.

Evə girər-girməz kişi xəncəri divardan aldı. Sonra bir az düşünüb, yerə atdı. Fatmanı saçlayıb, yerə yıxdı və bihuş olana qədər döydü:

– Ərini bəyənməyən arvadı belə edərlər! – dedi, – bu sənə dərs olsun!

Fatma əvvəlkindən daha fəna günlər keçirməyə başladı: günüsü zadəgan xanımları kimi oturub, əmrlər verir, Fatmanı işlədirdi. Səhərdən axşama qədər çalışan Fatma doyunca yeməz, lazımınca geyinməzdi; aylarca hamam görməyib, kir içində çürüyürdü. Belə bir həyata davam edər və səbir kasası dolduqda ərinin ayaqlarına yıxılıb, göz yaşları axıdar, yalvarardı:

– Mən evdə bir şey yiyəsi deyiləm: döyülürəm, söyülürəm, arvadlığım yox, məni niyə buraxmırsan? Axır, yazığam, bu qədər zülm olmaz ki, mən çəkirəm!.. Allah xatirinə, məni qul hesab elə, başına dolandır, azad elə!

Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə başlayırdı.

Fatmanın faciəsindən anası xəbərdar idi. Tez-tez gəlib xəlvətcə Fatmanı qapıya çağırır, yemək, paltar gətirirdi:

– Qızım, – deyirdi, – ananın əlindən ah-zardan başqa nə gələr? Allah dədənə insaf versin! Dədə dədə olsa, ərin səni incidərmi? Həmişə yiyəsizin başına dünya dar olar!..

Bir də Fatma özünü qazının qapısında gördü. Gözlərindən yaş süzərək deyirdi:

– Ay ağa, başına dönüm, məni balalarının başına çevir, kağızımı al! Ağa, qulun olaram, qapının iti olaram, məni bu kafirin əlindən qurtar.

Qazı fikirdə idi. Fatmanın göz yaşlarını görüb halını anlayırdısa da, şəriətin rəsmi hamisi olduğunu da unutmurdu.

– Qızım, – dedi, – ər arvadın sahibidir. O izin verməyəndə, məndə nə ixtiyar var. Yenə ərinin yanına dönməkdən başqa bir çarə yoxdur...

Fatma yenə ərinin yanında idi. Ömrü yenə əvvəlki qaydada keçirdi.

Günü yeyir, geyir, gəzir; Fatma da evi idarə etmədə, günüsünün çocuqlarını saxlamaq kimi zəhmətlərə davam etmədə idi. Tay-tuş içinə çıxmaz, şad gün gördüyü yox, ev adamları ilə də deyib danışmazdı, söyüş, qarğış, danlaq mühitində can çəkişdirirdi. Onu əri ayda bir dindirməzdi, günü də belə. Onların hər bir arzularını Fatma özü dərk edərək, vücuda gətirməli idi –bişmiş vaxtında bişməli, ev vaxtında yığışılmalı idi, – yoxsa Fatmanın sümükləri əzilirdi.

Fatma bir də gördü əri onun başını yarıb, qanı axır. Gecənin yarısı çıl-çılpaq küçələrə düşüb, özünə sığınacaq yer arayır. Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur, şikayətlənirdi:

– Ay Allahı sevənlər, – deyirdi, – mənə bir yazığı gələn yoxmu?
Vurun ölüm, bəlkə yaman kişidən qurtarım!

Gecənin tənhalığında Fatmanın səsinə səs verən yox idi. Qan yalnız alnında deyil, sanki sınıq qəlbindən də için-için axır, bütün varlığını qərq etmədə idi. Ruhiövzanın tərcümanı olan göz yaşları qana qarışaraq yanağı aşağı tökülürdü...

Fatma bir də gördü əri xəncər əlində yüyürür, biçarənin nəfəsi kəsildi, taqətsiz bir halda divara söykənib qaldı...

Bir axşam Fatma qaçıb evlərinə təpilmişdi, atasının ayaqlarını qucaqlayıb deyirdi:

– Dədə... yemişəm! Qələt eləmişəm! Günahımdan keç! Məni öldür, bir də ərə vermə. Qoy öz qapımızda ölüm. Bax, sümüyüm yanıb, on ildir cəhənnəm çəkirəm!..

Kişi qəbul etmirdi:

– Get, – deyirdi, – mənə it-qurda qoşulan namussuz qız lazım deyil!

Fatma ağlayır, anası da bir tərəfdə yaş töküb, qəşş eləyir...

Fatma bir də görür yenə əri evindədir. Yenə eyni həyat: döyüş, söyüş, göz yaşı, qüssə... Yenə əri vurub dişlərini salır, başını yarır.

Fatma qocaldığını duyur, başı ağarıb, üzü qırışıb... “vay cavanlıq!” deyə qışqırır...

Fatma qışqırıb, dəli kimi yataqdan qalxdı. Dan yeri sökülürdü.
Ətrafında yatmış ata-anası xoruldayırdılar. Fatma gördüyü yuxunun təsirindən hələ yenə də titrəmədə idi.

1911

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kiyevdə “Müsavat” şöbəsi

KİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.

3 dəq
Zəruri məsələlər

ZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.

4 dəq
Ukrayna müsəlmanlarının nəzər diqqətinə

UKRAYNA MÜSƏLMANLARININ NƏZƏR-DİQQƏTİNƏ*Necə ki, məlumdur, Ukrayna cümhuriyyətində Ukraynada sakin qeyrimillətlərin işlərini idarə etmək üçün generalnı sekretarlar təyin olunub. Polyak, yəhudi və velikorusların işlərinə baxmaq üçün belə sekretarlar var.

1 dəq
Yusif Vəzirovun məruzəsi

YUSİF VƏZİROVUN MƏRUZƏSİ*Çərşənbə günü təmuzun (iyulun – red.) 29-da axşam saat 7-də türk ədəmimərkəziyyət firqəsi “Müsavat”ın Ukrayna səfiri Yusif Vəzirovun parlaman binasında “Müsavat” firqəsinə məxsus ötədə (iqamətgahda – red.) məruzədə bulundu. İbtida Məhəmməd Əmin Rəsulzadə əfəndi məclisi açaraq məruzəçi Vəzirovu məclisə mərufilik etdilər. Vətənindən uzaq olmaqla bərabər vətən mənafeyi uğrunda çalışmaqdan yorulmaq bilməyən Vəzirov axır zamanlarda İstanbula gedəcəkdir. Ibtida ümumi bir konfrans sürətilə məruzə oxumağı təsəvvür

15 dəq

Başqa şairlərin şeirləri

Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımı

Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.

Gövhəri1 dəq
Həqqül-yəqin, fəsil 3

چون محقق شد که ادراک هستی جزوی کل هستی​ها را ضروری است بباید دانست که وقت​ها ادراک هستی کلی مظهر و آئینه ادراک جزوی بود و این مقام معرفت است. نص: اولم یکف بربک و اللّه نور السماوات و الارض و من عرف نفسه فقد عرف ربه مبین این مقام است. و گاه عکس این بود که مقام علم است.و آیات: سنریهم آیاتنا فی الآفاق و فی انفسکم افلا تنصرون مبین این مقام است. بلکه بیشتر آیات تنزیل و اخبار و آثار در این قسم وارد است، از آنکه به افهام اقرب است و مستلزم ادراک ادراک است، که حکمت بعثت رسل و انبیا است. آنچنان که بیان کرده شود. انما انت مذکر، کلا انها تذکرة.حقیقت- نفس ادراک فطری یعنی معرفت بسیط قابل تفکر نیست، که تحصیل حاصل محال است، بلکه تفکر حجاب آن می​گردد و از این جهت فرمود: لاتتفکروا فی ذات اللّه، بلکه محل تفکر ادراک ادراک است بواسطۀ آیات و بدین سبب تفکر را به آیات حواله فرمود که: و یتفکرون فی خلق السماوات و الارض. قل انظروا ماذا فی السماوات و الارض.

Şeyx Mahmud ŞəbüstəriMəsnəvi15 dəq
Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışır

Bəylər, nə layiqdi xan qulluğuna,Bir kəs atlı gedə, piyadə gələ?

Cəfərqulu xan Nəva1 dəq
Atılmayan toplar

Daş barılar, qalalar,Bürclər durur yan-yana.

Bəxtiyar Vahabzadə2 dəq