Yarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı:

– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl!

Qonşu Məşədi Həsənin arvadı səsə oyanıb, durdu:

– Yenə nə olub, ay Züleyxa, başına dönüm, yoxsa azarın qalxıb.

– Ay qız vallah, sancıdan ölürəm! Sənəm söylənə-söylənə gəldi:

– Pis oğul əkənin atası zirbəzir olsun! Degilən, köpək oğlu, arvadı azara salandan sonra yalnız damların altında atıb gedəcək idin, niyə evlənirdin?

Züleyxa dolmuş gözlərini Sənəmə döndərib yenə:

– Ay qız, axır ölürəm. Vallah, bax, ölürəm, nəfəs ala bilmirəm.

Sənəm Zuleyxanı bu halda görüb, doluxsundu və ağlamağını bildirməmək üçün üzünü divara döndərib, əlinin dalı ilə göz yaşlarını sildi.

– Ay başına dönüm, mən nə qayırım, a tifil, axır mən başıma nə kül töküm... Yenə gətir dalını ovum, görüm nə təhər olur.

Sənəm Züleyxanın dalını ovmağa başladı. Sonra çəkib, başını dəsmal ilə bağladı. İkisi də pəncərənin qarşısında durub, sükuta daldılar. Bir az keçmiş Züleyxa zarıldaya-zarıldaya:

– Ay qız, Sənəm bacı, vallah, ölürəm, sancı öldürür.

– Başına dönüm, mənim əlimdən nə gələr? Azarı həkimə göstərərlər, hər dərdin bir davası olar, mənim, bacı, əlimdən nə gələr?

Yenə bir az sükuta getdilər, yenə Züleyxanın zarıltısı yeni bir söhbətə səbəb oldu:

– Canımı azara saldığı bəs deyil, tək-tənha damlar altına tullayıb, gecə sübhə kimi də gəzir, il uzunu dərd çəkirəm.

– Ay qız, kiri, sən allah! Yaxşı kişinin etibarına... İndi bu zəmanədə kişi hayanda idi?! Qadam hamısının ürəyinə! Adamın öz canı. Səninki köpək oğlunu görmürsən, gələn kimi canını azara salıb, davadərman da eləmək istəmir. Deyəndə ki, köpək oğlu, azarlısan, özünə müalicə elətdir, bir kişinin qızını da bədbəxt eləmə, acığı da tutur ki, mən hayandan azarlı oldum...

– Ey, ay Sənəm bacı, nəyi qoyub, nəyi danışırsan, azarı gözünə girsin, döyməsin, söyməsin, damlar altında atıb getməsin, qoysun öldüyüm yerdə ölüm.

Züleyxa sözünü qurtarıb, gözlərini doldurdu. Sənəm hirsli:

– İraq canından, başına dönüm, ölür özü ölsün, xoryat yosunlu. Sən nə günahın yiyəsisən, tifil, fəqir. Bir ildir gəlin gəlmisən, hələ səni şad görməmişik, həmişə azar ilə əlləşmək, Allahın yazığı, dərd çəkməkdən gül kimi solmusan.

Burada Sənəmi yaş boğdu, özünü saxlaya bilmədi – Züleyxanı qucaqladı və hönkürtü ilə gözünün yaşını axıtdı. Züleyxa da başını onun sinəsinə söykəyib, rəngsiz yanağından odlu damcılar töküldü.

Bu hal neçə dəqiqə davam etdi. Xoruzlar banlaşdılar. Gecə saat üçü vurdu. Sənəm Züleyxanın əlindən tutub, çarpayıya yaxın gətirdi.

Bacı, – dedi, – axır yenə yatmasan rahat olmayacaqsan.

Züleyxa Sənəmin cavabında zarıltı ilə:

– Ölürəm... bir tərəfdən qızdırma, bir tərəfdən sancı, ölürəm, vallah!..

– Ölməzsən, qurban olum, yat, rahat ol, mən də yenə lazım olsa gələrəm.

Züleyxa hıqqıldaya-hıqqıldaya yatacağın üstə yıxıldı.


İnsan həyatında güclük çəkirsə, onda həmişə keçmişi xatırlar, unudulmuş vəqələri, hafizədən silinmiş nöqtələri zehnində canlandırmağa çalışıb, ondan bir xoşluq duyar, təsəlli tapar. Keçmiş ağır olsa belə, yenə hal-hazıra üstün tutular.

Züleyxa da çarpayıda uzanıb, əzab çəkərkən keçmişlə məşğul idi. Unudulmuş günləri xatırlayır, hər bir nöqtəsini təhlil edir və qibtə ilə düşünürdü. “Nə gözəl günlər varmış” – deyə köksünü ötürürdü...

Bir tikə qız vaxtından evin cəmi işləri Züleyxanın üstə tökülmüşdü, sübhdən axşamadək işlərdi. Yun darardı, cəhrə əyirər, xana toxuyardı, su daşıyar, ev süpürüb, bişmiş bişirərdi, paltar yuyub, uşaq saxlardı... Gecə də olcaq yavandanyağlıdan yeyib, dinməz-söyləməz, ağrısız-acısız başını qoyub, yatardı. İl uzunu beləcə işlər, evdən çölə çıxmazdı.

Həftədə bir dəfə anası ilə cümə hamamına gedərdi. Bu gün Züleyxa üçün böyük bir əyləncə günü idi. Hamamda qızlar ilə görüşər, bol-bol danışar, hər kəsin geyiminə, üzərindəki zinətlərə diqqət edər və evə gəldikdə təfsilatı ilə söylərdi. Hamam onun üçün tükənməz bir mövzu təşkil edərdi: gördüklərini anladarkən nəşələnər,parlaq bir təbəssüm üzünə yayılardı... Adətən bayram qabaqları işləməzdilər. Cəhrə və yun daraqları yığılar, bir tərəfə qoyulardı, ev tökülər, palazlar çırpılar, anası ilə bərabər evin divarlarına şirə çəkib ağardardılar.

Hələ novruza və axır çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Züleyxa tonqal qalayıb, “ağırlığım, uğurluğum tökül” deyərək üzərindən atılardı. Sonra bir əlində bir cam su, o birində yeddi açar darvazanın arxasında durub çərşənbə deyişərdi. Ötüb keçənlərin söylədiyi ilk sözləri eşidər-eşitməz qaça-qaça anasının yanına gələr, yozdurardı. Bir gün küçədəkilərin biri müsahibinə söz arasında “yaman günün ömrü az olar” demişdi. Züleyxa bu sözləri eşidərkən nə qədər sevinmişdi. Özü ilə bərabər bütün ailəsi də bu cümləni fali-xeyir bilib sevinmişdilər...

Zatən anası Züleyxanı “sayəli” hesab edərdi. Odur ki, təzə ay çıxanda gözlərini yumub, Züleyxanı yanına çağırar, əvvəl onun üzünə, sonra aya baxıb salavat çevirərdi... Anası sınamışdı, belə edərkən, o ayı başdan-başa xoş keçirərdi.

Bir dəfə axır çərşənbə axşamı bir badya su qoyub, “vəsfi-hal” saldılar. Anası badyanın başında oturub, çocuqlarından nişanə aldı. Züleyxa nişana olaraq mücrüsünün açarını vermişdi. Anası nişanələri badyaya salıb dedi:

“Güzgünü atdım bayıra,

Şövqi-şəfəqi çayıra.

Yığılın, qohum qardaşlar,

İşimiz dönüb xeyirə”.

Bu bayatıdan sonra arvad əlini badyaya saldı, ilk əlinə gələn Züleyxanın açarı oldu. Hər kəs heyrət ilə onun üzünə baxıb, səadətinə qibtə etdi...

O gecə sabahadək Züleyxa sevincindən yatmamışdı...

Bir də Züleyxa sancıdan ilan kimi qıvrılıb, yatağında o üz-bu üzə çevrildi. Başını qaldırıb, ətrafa qulaq verdi – heç bir yerdən hənirti gəlmirdi. Qaranlıqda ürəyinə vahimə çökdü. Bir də kilsə zəngi saat dördü vurdu. Xoruzlar banlaşdılar. Züleyxa yatağından qalxıb, çırağa tərəf gəldi. Yenə xodunu qaldırıb, hıqqıldamağa başladı. Dağınıq fikirli gözlərini ətrafa gəzdirdi, masanın üstündəki güzgüyə rast gəldi... Sifətinin dəyişilməsinə heyrət etdi: bənizi qaçmış, dodaqları qansız, çökəyə düşmüş gözlərinin dörd tərəfi qapqara yanmışdı.

Bir də sancı şiddətləndi. Yenə pəncərəyə doğru yüyürüb, həzin bir səslə çağırdı:

– Ay Sənəm bacı, ay qız, axır, vallah, yenə sancı məni öldürür...

Sözlərini qurtarmamış Züleyxa başını qollarının üstə salıb, bihiss qaldı..


Qapı döyülərkən günəş çoxdan çıxmışdı. Züleyxa qapıya yanaşdıqda arxasından ərinin mırıltısı eşidilirdi:

– Gərək qapını iki saat döyək ki, gəlib açasan. Züleyxa ərinin sözlərinə etina etməyərək qapını açdı və hiddətli üzünü yerə dikib, geri dönmək istədi. Əri bundan dilgir olub qaba əli ilə Züleyxanı itələdi:

– Köpək qızına bax, – dedi, – mənə elə bil qatır satıb.

Züleyxa hirslə döndü:

– Yox, sən mənə qatır satmısan! Azara saldığın bəs deyil, damlarda yalqız qoyub gecələr sabaha kimi gəzirsən, hələ üstümə də çığırırsan!.. Allah bu zülmü götürməz!.. Dərd çəkməkdən çərləmişəm.

– Dilinə bax, dilinə! Bihəya köpək qızının ağzını cırsam ürəyim soyumaz! – deyə kişi irəli yürüdü, arvadı küncə basıb, o ki, var döydü.

Günəş yuxarılara çıxmışdı. Züleyxa otağın bir küncünə qısılıb, zar-zar ağlayırdı, əri də uzanıb, qeydsiz bir halda xoruldayırdı.

1911

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Son səhifə

Bir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq asudə nəfəs ala bilərdi. Çarpayısının üzərində uzanaraq, papirosun tüstüsünü havaya buraxır, düşünürdü.“Bəlkə çocuq ölməyəydi?” – deyə fikrindən keçirdi. Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda gəzinməyə başladı.

10 dəq
Tanqo

Onlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar. Doktor xaricdən yeni gəldiyi üçün hələ Parisin süsünü daşıyırdı: şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi. Doktor da bu məfkurəni təmsil etdiyi üçün onun qəlbinə hakim idi. İstəristəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu istədiyi yola sövq edirdi.Axşam ziyarətlərində doktorun qapını tıqqıldatması Zibeydənin qəlbində yaxın və dost hisslər oyadırdı; özü qapıya yüyürür və açdıqda doktor onun dadlı həyəcanını duyurdu. Görüşürdülər. Otaqda yanyana otururdular. Bəzən doktor Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür, gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır, ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırdı.

8 dəq
İmamın zühuru

Onların tarixi qısadır: əvvəl üç idilər, şərik idilər; çar zamanı ticarətə başlamış, müsavat zamanı zəngin olmuş, şura vaxtı iflas etmişdilər.Onların biri yarımünəvvər idi; qəzet oxuyur, rusca danışır, Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada oxumuş, Həzrət İbrahimin oda atıldığını eşitmişdi. Üçüncü heç oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı.

4 dəq
Qayınanın oyunları

“Gəlin, gedək qayınananın bağına,Qurban olaq bostanına, tağına,

8 dəq

Başqa şairlərin şeirləri