Həkim
– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax!
Deyəsən, allah eləməmiş, lap qarışıb.
– Nəyidi?
– Həkim, dünən üç-dörd girvənkə noxud-kişmiş yeyib, ondan bəri lap tirtap uzanıb.
– Yəqin tox qarına özünü soyuğa verib. Yeri gedək görüm, haradadır?
Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada ortaboy, papağının qırağı getmiş bir kişinin yanına düşüb bazar aşağı sallanıb getdi. İrəliki gün həkimə arvadı tapşırmışdı ki, toyuqlar həyətdə xoruzsuz qalıb, onlara nə təhər olsa bir xoruz tapsın, bir də düşsə hananın qabağında taxt qurmaq üçün bir-iki tirbaşı alsın. Həkim arvadının sözünü yaddan çıxartmamışdı – gedə-gedə bazara zənlə baxırdı ki, görsün harada xoruz, ya tirbaşı gözünə dəyər. Yaxşı oldu ki, kəndlilərin yüklərində həm xoruz, həm də tirbaşı tapıldı. Həkim arvadının tapşırığını yerinə yetirə bildi. Tirbaşının birini yanındakı kişiyə verib, birini də özü çiyninə aldı və xoruzun da ayaqlarından sallayasallaya yola düşdü.
Həkim azarlı olan otağa girəndə tirbaşıları və xoruzu küncə qoyub, köhnə keçənin üstə salınmış döşəkçədə əyləşdi.
Naxoş bərk iztirabda idi. Qurumuş dodaqlarını açıb, ağır-ağır nəfəs alırdı. Həkim əvvəl onun başına baxdı, istisini yoxladı, sonra əlini yorğanın altından uzadıb azarlının qarnını əlləşdirdi və dedi:
– Özünü soyuğa verib, üstünə yorğan-döşək tökün, tərləsin, sabah da bir dəst müshil verərəm qurtarar.
Papağının qırağı getmiş kişi indiyə kimi əllərini çuxasının qoluna qoyub, divarın dibində durmuşdu və həkim danışdıqca başını tərpədirdi.
İndisə yerindən cəld sıçrayıb, cır səsi ilə çığırmağa başladı:
– Xoruz qaçdı! Odu, vallah, indicə rəfə atılacaq!
Həkim ağzını yuxarı tutub, kişinin cır səsinə və xoruzdan gözlənməyən hünərə şaqqıltı ilə gülməyə başladı:
– Zəmanə elə dəyişilib ki, xoruzlar da bijləşib! – deyə qəhqəhəsində davam etdi.
Papağının qırağı getmiş kişi ilə bərabər xoruzu otağın bu küncündən o biri küncünə qovaladıqda xoruz atılıb rəfdəki qabları tökdü. İçəri, qırılmış qabların cingiltisinə üzü örtülü bir arvad girdi və qabları parça-parça otağa səpilmiş gördükdə əvvəl bir az mırıldandı, sonra onları yığışdırıb, naxoşun başına fırladı və “azar-bezarını aparsın” deyə eşiyə atdı.
Xoruzu tutdular və ayaqlarını əriş ilə bağlayıb, yenə küncə qoydular.
Həkim getməyə hazırlanırdı. Ev sahibləri həkimdən çox razılıq etdilər:
– Qədəminə qurban olum, ay həkim, qoy gədə yaxşı olsun, gör sənin xəcalətindən necə çıxacağıq; ömrümüz olanı sənə qulluq edəcəyik!
Üzü örtülü arvad divarın dibindəki sandığı zınqıltı ilə açdı və bir cüt dolaq, bir tumanbağı və bir araqçın çıxarıb, həkimin qabağına qoydu. Bu da həkimin həqqəlqədəmi idi.
Həkim şeyləri cibinə qoyanda gülümsündü–görünür paydan razı qalmışdı. Razılığını bildirmək üçün barmağını xəstəyə tərəf uzadıb dedi:
– Heç zadı yoxdur, üstünü basdırın, tərləsin, sabah da gəlib baxaram.
Həkim əbasının qolunu geydi və iki əli ilə uzun börkünü başına basıb, tirbaşının birini bir çiyninə aldı, o birisini qoltuğuna vurdu və xoruzun da ayaqlarından tutub, sallaya-sallaya otaqdan çıxdı.
Əyri küçələrin birində bir çarşablı qadına rast gəldi. Qadın onu görcək yoldan kənar çıxıb durdu:
– Həkim, başına dönüm, bir bizə buyurun, azarlım var – dedi.
Getdilər. Bir aralıqdakı qapı açıldı, həyətə girdilər. Böyük tut ağacları baş-başa vermişdi, kənarda ləbədə, keşniş, kəvər və tərxun ləkləri gözə çarpırdı. Uçuq pilləkənlə çıxıb otağa girdilər. Qazanlar, qablar səliqə ilə üst-üstə qoyulmuş, ortadan pərdə çəkilmişdi. İkinci otaq olduqca döşəli və bəzəkli idi. Həyətə baxan pəncərənin qabağında bir yataq salınmış, üstündə 25–26 yaşlarında solğun sifət, dolğun bir qız oturmuşdu. Yanında başqa bir qadın da vardı. Qadın həkimi görcək yaşmanıb ayağa qalxdı, qız isə çəkinməyərək, həkimə diqqətlə tamaşa edirdi.
Həkim tirbaşıları və xoruzu küncə qoyub, gülümsünərək xəstənin yatağına yanaşdı:
– Heç bir şeyin yoxdur, yəqin anana nazlanırsan, – dedi; qızın nəbzinə baxdı, əlini başına qoydu:
– Bir şey görmürəm, nəyidir?
Heç kəsdən səs çıxmadı. Qız əvvəlki kimi, gözlərini həkimin üzündən çəkmirdi. Baxışı həkimə olduqca qəribə görünürdü; dəyişməyərək hüzn və həsrət saçırdı.
Həkim küçədə rast gəldiyi qadına tərəf yönəldi:
– Ana, – dedi, – harası ağrıyır?
Qadın bir şey deməyə utanırmış kimi, bir az da yaşmandı və yavaş səslə:
– Həkim, başına dönüm, bu elə azardı ki, hərdən bir tutur... görürsən, başladı özünü döyəşləməyə, qollarını, əllərini dişləməyə... Bilmirəm, qız haradan bu bəlaya rast gəldi?..
Həkim xəstəni diqqətlə süzdü–baxış yenə həmin baxış idi. Qızın dolğun, ağ biləyindən yapışıb, bir az əlində saxladı. Qız bu dəfə diksindi, rəngi daha da soldu, bütün vücudu əsdi.
– Ərə getmişmi?
– On günün gəlini olub. Sonra qayınana yola verməyib...
Həkim qıza eşitdirməyərək:
– Ana, – dedi, – qız sazandama olub, ərə getməlidir.
Ortalığı dərin bir sükut bürüdü. Hamı yerə baxıb düşünürdü.
Yalnız qız həkimi süzərək, əvvəlki baxışında davam edirdi. Həkim bu baxışın fərqinə varıb, artıq kefli kimi idi. Qızın biləyini əlindən buraxmayaraq həyəcan içində düşünürdü: “Nə olar ki, peyğəmbərin şəriətidir– biri var, biri də olsun...”.
Həkim düşüncədən ayrılıb, oynaq bir səslə:
– Ana, – dedi, – qızını lap yaxşı elərəm. Arxayın ol. Ancaq bir şərt var... Bunun cəmi ixtiyarını mənə verəcəksən!
Qadın məmnun bir halda:
– Nə deyirəm, ay həkim, bunu bu dərddən sağalt da...
– Arxayın ol! – deyə anaya ürək verdi və qızın əlində saxladığı biləyini o biri əlilə oxşayaraq: – görürəm, anana naz eləyirsən, qorxma heç bir şeyin yoxdur.
Həkim küncdəki xoruzu qadına verərək zarafatla:
– Ana, bu xoruz dualı xoruzdur, axşama plov bişirib, bu xoruzu da başına qoyarsan. Axşam sizə qonaq gələcəyəm, qızın məsələsini təfsilatilə danışarıq. Hələ ki, sağ olun!
Hamı məmnun qalaraq həkimə baş əydi, qız isə heç də dəyişilməyən əvvəlki baxışı ilə həkimi təşyi edirdi.
1911
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-hekim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəhvəxana. Yuxarı başda yüksək bir piştaxta arxasında qəhvə sahibi xanım əyləşmişdir. Ağ*döşlüklü qarsonlar tez-tez ona yanaşır, marka alırlar və yanındakı sol açıq qapıya girib, oradan*
Dördüncü şəkil“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*
Beşinci şəkil“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.
Altıncı şəkilLüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Başqa şairlərin şeirləri
Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
RustaveliXaqanilər, Nizamilər yetişdirən bir vətənin,Oğlu, qızı şeir yazır yubileyinə bu gün sənin.