Qəhvəxana. Yuxarı başda yüksək bir piştaxta arxasında qəhvə sahibi xanım əyləşmişdir. Ağ
döşlüklü qarsonlar tez-tez ona yanaşır, marka alırlar və yanındakı sol açıq qapıya girib, oradan
müştərilər üçün qəhvə, süd, qruaşan və içkilər çıxarırlar. Divar diblərində yumşaq kanapelər və
ortalıqda mərmər masalar və adi sandalyalar qoyulmuşdur. Kanapelərin arasında paltar asqıları var.
Masaların üzərində məcmuə, qəzet görünür. Sağ tərəfdə iki saqqallı kişi şətrənc oynayır, sol tərəfdə bir
zənci ilə gənc bir qız oturub qəhvə içirlər. Arabir zənci qızı qucaqlayıb öpür və bu hərəkətə kimsə
əhəmiyyət verməyir. Bir-iki kokot oturub gənclərlə gözləşirlər. Bağır ilə Ibadulla nərdtaxta oynayırlar.
Qabaqlarında boş qəhvə stəkanları var. Hərdən bir oyundan aralanıb danışırlar. Tez-tez qapı açılır,
qəhvəxanaya yeni adamlar – kişilər və qadınlar girir-çıxırlar. Kənarda bir qoca oturub yazır. Səs
gəldikdə sinirlənərək başını qaldırır, öz-özünə mırıl-
danıb təkrar yazıya dalır.

İbadulla (Bağıra). Yaxşı, Bakıdan göndərilən bu puldan bizə verməyəcəklər?

Bağır. Nə bilim. Ağlım kəsməyir.

İbadulla. Niyə?

Bağır (bir az sərt). Əşi, necə niyə. Tələbələrə verilir, sən tələbəsən?

İbadulla (gülərək). Bəs sən tələbəsən? Mən cəmisi üç il aldım, amma sən indiyə qədər alırsan.

Bağır. Mən tələbəyəm. Sən əvvəldən heç bir yerə girmədin.

İbadulla. Afərin sənin kimi tələbəyə! İldə bir yerə girib, bir vəsiqə alıb göndərirsən. Heç qurtarmaq da bilməyirsən.

Aypara şəklində bulku

Bağır. Görərsən, qurtaracağam.

İbadulla (gülərək). Sən öl, bic adamsan. İşini düzəldə bilirsən.

Hamı ilə də dostsan. Müsavatçılarla görüşürsən, bolşeviklərlə görüşürsən, fransız cəmiyyətlərinə gedib-gəlirsən. Vallah lap zamana adamısan.

Bağır. Oynunu oyna, yaşamaq sənin xörəyin deyil.

İbadulla. Bax, bu sözünə şərikəm. Adım pis çıxmış, amma bir fağır adamam. Deyir: “Çaqqal var gödən yırtır, qurdun adı bədnam”.

Hər üzünü sən vurursan, adın da heç yerdə çəkilməyir. Mən yazığın da adı aferist çıxır.

Bağır. Belədir, keyfinə bax... Düz oyna.

İbadulla. Bağır, zarafat dursun, mən ölüm mənə də bir az pul al.

Bağır. Bir yandan bir vəsiqə tap, onsuz olmaz...

Xəndanəfəndi (girir). Bonjur, əfəndilər.

Bağır. Bonjur, əfəndim. (Xəndan əfəndi oturur. O saat qarson yanaşır.

Xəndan əfəndi qəhvə ismarlayır. Qarson gedib bir az sonra gətirir).

İbadulla. Əfəndim, nə var, nə yox?.

Xəndanəfəndi. Eyilik, gözəllik... Yahu, qəzetləri oxudunuzmu?

Bir kürd kralı çıxmış, Parisə doğru gəlməkdə imiş... Ah, karata ingilis, nələr yapıyor... Bəradər, bu ingilislər heyrət şeydirlər: əsrlərdən bəri dünyanı alt-üst çeviyorlar. Kimsə də bunlara qarşı çıxmayır.

İbadulla (oyuna davam edərək). Xəndan əfəndi, yanı bu Kürdüstandan bir şey çıxar?

Xəndanəfəndi. Kim bilir, bəradər, Bolqariyadan, Sırpdan, Romaniyadan... çıxmadımı? Həp bizim hesabımıza. Kiçildikcə kiçiliriz... Suriya, Fələstin, Ərəbistan, Iraq. Nələr verdik.

İbadulla (gülərək). Zərər yox, əfəndim, Kürdüstanı da verin canınız qurtarsın.

Xəndanəfəndi (hiddətlə). Əfv edərsiniz, əfəndim, artıq Kürdüstanı verəməyiz... Yetər! (Yumruğunu havada fırladıb xəşin bir şəkil alır. Hamı gülüşür).

İbadulla (gülərək). Xəndan əfəndi, burada yumruq qıcamadan bir şey çıxmaz. Hünərin var, müharibəyə get.

Xəndanəfəndi. Əfv edərsən, yalnız onu yapamam. Avropa müharibəsində karata Ənvər paşa bizi cəbhədən-cəbhəyə sürüklədi, türkün anasını ağlatdı. Yetər! Şimdi hərbi zənginlər yapsın da bən baxayım.

İbadulla (istehza ilə). Yox, Xəndan əfəndi, mən səni qəhrəman deyə tanırdım, səhv edirmişəm. Vətənin təhlükədə, sən də burada rahat-rahat qəhvə içirsən.

Xəndanəfəndi. Əfəndim, bəndəniz vətən üçün çox çalışdı. Faydasını başqaları gördü. Hər kəs məbus oldu, nazir oldu, səfir oldu, biz də vətəni tərk edib qərib olduq. Bənim vətənim yoxdur.

İbadulla. Buna baxmayaraq, kürdlərə də istiqlaliyyət vermək istəməyirsən.

Xəndanəfəndi. Iştə bu olmaz. Bunlar həp ingilis oyunudur. Suriya, İraq müstəqilmi? Millətlərin müqəddəratı deyə bağırdılar.

Bizdən alıb, özlərinə müstəmləkə yapdılar. Kürdüstan da ayrılsa, böylə olacaq. Yox, əfəndim, diplomatların tatlı dilinə aldanmağa vaxtımız yoxdur.

Süleyman Salehbəy (içəri girir). Mərhəba, əfəndim.

Hamı. Mərhəba! (Salehbəy oturur. Qarson yanaşır. Saleh bəy porto ismarlayır).

Süleyman Salehbəy. Əfəndilər, birər porto da sizə versinmi?

Bağır (sevinərək). Salehbəy, görünür, pul almışsan.

İbadulla. O, Salehbəy!

Xəndanəfəndi. Ənfəs!

Salehbəy (qarsona). Birər porto. (Qarson gedir, bir az sonra gətirir). Bəradər, pədər bizi xatırlamış, allah ömür versin. (Oyun bitir. Bağır nərdtaxtanı yumub kənara qoyur).

Bağır (istehza ilə). Salehbəy, Kürdüstan istiqlaliyyət qazanır.

Yəqin sən də mütəsərrifliyə çağırılacaqsan. Bizə də bir katiblik yeri verərsən, zənnindəyəm.

Süleyman Salehbəy (istehza ilə). Hay-hay əfəndim. Həpsinizə mövqe hazırdır.

İbadulla. Canım, nə hökumət, doğrusu siyasət xoşuma gəlməyir. Asudə gəzirəm, nə məsuliyyətim var, nə qorxum. Ministrlər dallarına baxa-baxa gedirlər. Mən heç yerə baxmayıram, bilirəm ki, kimsəyə lazım deyiləm. Ancaq bir göydən düşmə para olsa, keyfim ulduza hürər. Onda nə hökumət, heç ingilis kralı da mənə çata bilməz.

Xəndanəfəndi. Mən də siyasət sevmərəm. Yüksəklər bəni qorxudur. Ən iyisi təncərədə bişirib qapağında yeməkdir.

İbadulla. Yaşa, Xəndan əfəndi. Mən də sən deyəni deyirəm:
“Azacıq aşım, ağrımaz başım” – vəssalam. Ancaq (yavaş səslə) bir az ara olmalı.

Süleyman Salehbəy. Bəradər, siz çocuqsunuz, hələ hökumət tiryəkindən dadmamışsınız. Dadsanız əl çəkməzsiniz. Bən bir qədər mütəsərrif oldum, dadı hələ də damağımdan getməmişdir.

İbadulla. Süleyman Salehbəy, düzünü deyin, bir mövqe sahibi olsanız, bizi unutmazsınız ki?

Süleyman Salehbəy. Heç unutmam.

Bağır. İndi belə deyirsiniz, onda unudarsınız.

Süleyman Salehbəy. Namusuma and içirəm... Sizi keyflər içində üzdürərəm...

İbadulla. Yaşa, yaşa!.. Mənim borclarımı da verərsənmi?

Süleyman Salehbəy. Verərəm.

Ibadulla. Yaşa, yaşa! (Xəndana). Ənfəs, əfəndim, ənfəs!

Xəndanəfəndi. Ənfəs!

Süleyman Salehbəy (düşünərək). Yahu, şaka dursun, bu Paris bursasında hərə bir şey satır... Zatən satılan şey də deyil... hava.

Biz neçün satmayalım?

İbadulla. Bu bəlli, iş və bacarıq lazımdır.

Süleyman Salehbəy. İkisi də bəndə. Istərsinizsə, iş verim.

Bağır. Razıyıq. Xəndan əfəndinin fikrini soruşmalı.

Xəndanəfəndi. Oyun üçün hazıram.

Süleyman Salehbəy. Oyun deyil, ciddi deyirəm.

Xəndanəfəndi. Nə isə.

Süleyman Salehbəy. Deməli razısınız. Pək iyi. Bağır sən yarın saat 9- dan 12-yə qədər yaşadığın otelin bir otağında könüllü yazırsan.

Bağır (gülərək). Şakanı burax.

Süleyman Salehbəy. Yahu, ciddi söyləyirəm. Yarın bu məsələ haqqında qəzetələrdə elan nəşr olunacaq. Al bu bin frankı, ilk məsarif üçündür (cibindən pul çıxarıb verir, o da cəld cibində gizləyir).

Məsələni bildinmi? Müraciət edənin adını və adresini yazacaqsan...

Şərait soruşsa, söylərsən ki, sonra bildiriləcək... Hər halda kəndinə təntənəli bir qəbul odası yaparsan.

Bağır. Anladım.

Süleyman Salehbəy. Xəndan əfəndi də sənə yardım edər (pul çıxarıb Xəndana verir). Şimdilik şununla iktifa ediniz. Sonra çox verəcəyəm.

Xəndanəfəndi. Ənfəs! (pulu gizləyir). Yaşasın kürd, biri ölməsə, biri dirilməz (kənara), avropalılar erməniləri bitirdilər, şimdi də növbə kürdündür. Yıxılana yazıq! Nə isə, bu kiçik millətlərin üsyanından neft qoxusu gəliyor (qoxulayır). Neft qoxusu.

İbadulla (Xəndana). Ənfəs, əfəndi, nə mırıldanırsan.

Xəndanəfəndi. Əfəndim, para bəndənizi... bayıldıyor, (sandalyada sarsılır, qalxıb, onu tuturlar. Ayılan kimi olur).

İbadulla (gülərək). Bizim Azərbaycanda deyərlər: “Ərdəbil pişiyi küftə görməmiş...” Xəndan əfəndi – para!

Xəndanəfəndi. Əfəndim, insan... tühaf oluyor.

Süleyman Salehbəy. Tühaf olmazsan, alışarsan (ciddi). Oturun! (otururlar). Əfəndilər, Ibadullanın vəzifəsi sonra başlayacaq (cibindən pul çıxarıb İbadullaya verir). Şunu al kəndinə bir otaq kirala.

İyi də bir əlbəsə yapdır.

İbadulla. Yaşa! (pulu gizləyir).

Süleyman Salehbəy. Əfəndilər, vəzifəniz bəlli. Zahirinizə böyük məna verməlisiniz. Ilk müvəffəqiyyətlər zahirdən çox asılıdır.

Xəndanəfəndi. (ayağa qalxıb, səhnənin ön tərəfinə yanaşır və üzünü tamaşaçılara çevirərək) – Əfəndilər, vəzifəniz bəlli. Zahirinizə böyük məna verməlisiniz. İlk müvəffəqiyyətlər zahirdən çox asılıdır. (Sükut)... Ənfəs!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İki aləm

İKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.

3 dəq
Kiyevdə “Müsavat” şöbəsi

KİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.

3 dəq
Zəruri məsələlər

ZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.

4 dəq
Ukrayna müsəlmanlarının nəzər diqqətinə

UKRAYNA MÜSƏLMANLARININ NƏZƏR-DİQQƏTİNƏ*Necə ki, məlumdur, Ukrayna cümhuriyyətində Ukraynada sakin qeyrimillətlərin işlərini idarə etmək üçün generalnı sekretarlar təyin olunub. Polyak, yəhudi və velikorusların işlərinə baxmaq üçün belə sekretarlar var.

1 dəq

Başqa şairlərin şeirləri