Altıncı şəkil
Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.
İbadulla (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Bəhicə (onun üzünə dik baxıb, işinə davam edir). Bonjur!
İbadulla (süni maraqla tabloya baxır). Aman, nə gözəl yapırsınız. Ciddən gözəl (gah tabloya, gah mənzərəyə tamaşa edərək). O heykəl büsbütün canlıdır (sükut)... Bağışlayın, Bəhicə xanım, bu tablonu sonra nə edəcəksiniz?
Bəhicə (soyuq). Nasıl nə edəcəyəm – evdə qalacaq.
İbadulla (son dərəcə nəzakətlə). Sizdən bir ricam var. (Bəhicə onu süzür). Lütfən, bu tablo bitdikdən sonra bunu mənə... yadigar olaraq verin...
Bəhicə (heyrətlə). Nə münasibətlə?
İbadulla (bir az özünü itirərək). Əfv ediniz, bəlkə, fikrimi deyə bilmədim, çünki osmanlıca eyi bilməyirəm... Sizə çox hörmətim var... Bir xatıra olaraq...
Bəhicə. Çox tühaf (çalışır)!
İbadulla. Bu qədər sərt davranmağınızı bilsəydim...Hər kəsə qarşı göstərdiyim nəzakətdən dolayı, daimə hörmətlə qarşılandım...
İndi bir türk qızından belə cavabı... Əfv edərsiniz, bəni təhqir etdiniz.
Bəhicə (heyrətlə). Təhqir nə üçün edəcəyəm? Bir gənc ilə rəsmi tanışlıq belə olmadan, qız ona hədiyyə verə bilərmi (çalışır)?
İbadulla. Bir-birimizi iyi tanıyırıq, zənnindəyəm.
Bəhicə. Bir-birimizə bir dəfə təsadüf etdik, aralıqda bir laf belə olmadı.
İbadulla. Nə olar, ikimiz də türk deyilikmi?
Bəhicə. Çox da türküz, türk çox, həpsinə də qarşı eyni müamilədə bulunamam ki.
İbadulla. Əfv edərsiniz açıq danışalım: tutalım bir gənc sizi sevir, gecələr uyumayır, ağlamaqdan sönüb gedir... Gündə neçə dəfə atelyenizin qarşısından keçib sizi görməyə can atır... Belə səmimi bir gəncə qarşı sərt rəftar etməyə haqlısınızmı?
Bəhicə (rəngi qaçmış bir halda). O gəncin bir çocuq anasına qarşı belə fikirlər bəsləməyə haqqı varmı?
İbadulla. Çocuğun nə eybi. Sevən hər şeyi qəbul edər. (Sükut.
Bəhicənin həyəcanından çalışa bilmədiyi duyulur. Birdən qolundakı saatına baxır, palitranı barmağından çıxarır, tablonu molbertdən götürüb qutuya qoyur, şeyləri toplayıb qalxır).
Bəhicə. Allaha ismarladım, işim var (gedir).
İbadulla (arxasınca baxaraq). Ədə, bu nə yaman qız imiş. (İskəmiyədə oturub və cibindən qəzetə çıxarıb, oxumağa başlayır).
Süleyman Salehbəy (yanaşaraq). Mərhəba, əfəndim.
İbadulla (sıçrayaraq, qəzeti qatlayır). Mərhəba. Pa, Süleyman Salehbəy. Buyurun, oturun (yan-yana otururlar). Bəhicəni gördünüzmü?
İndi burada idi.
Süleyman Salehbəy (heyrətlə). Buralarda nə yapıyordu?
İbadulla. Rəsmlə məşğul idi. Yanaşdım, nə qədər danışdırdım, hər kələyə əl atdım – bir şey çıxmadı. Qalxıb getdi. Qəribədir ki, gedərkən bir dəfə də olsa, üzümə baxmadı.
Süleyman Salehbəy (gülərək). Elə kafirdir... Sənə demədimmi...
Bən onu iyi bilirəm; qəti sözündən dönməz... Bəladır, bəradər, bəla!
İbadulla (heyrətlə). Vallah, belə bir qıza ilk dəfə rast gəlirəm...
Heyrət! (sükut).
Süleyman Salehbəy. Qəzetdə nə var? Baxamadım.
İbadulla (gülərək). Həzrəti-Şəhriyarın təəbələrini darmadağın edirlər.
Süleyman Salehbəy (düşünərək). Təbii, üsyan müvəffəqiyyətlə yatırıldıqdan sonra, əhaliyi rahat buraxmazlar ki.. (Sükut).
Karata kamalçılar eylə bir sürətlə hərəkət etdilər ki, şeyxlər qaçıb dağılmağa da fürsət bulamadılar. Bu qışda, qar basmış yollarda nasıl yapdılar...
İ nsan şaşırır.
İbadulla. Canım, bir ovuc başıpozuq xalq müntəzəm dövlət ordusuna qarşı durmayacaqdı ki. Bu da bir ingilis oyunu idi. Mosul neftinin xatirəsi üçün türkləri bir az sıxışdırıb güzəştə məcbur etmək lazım idi... Tacir pul qazanacaq, kürd də lotu xərci oldu... (Sükut).
Süleyman Salehbəy (acı düşuncələrlə). Əfəndim, bu ingilislər nə karata millətdir. Bütün dünyanı bir-birilə vuruşdurub özü kənarda işini görür.
İbadulla. Kələkbazdır. Köpək uşağı çox kələkbazdır. Dünya xam, onlar usta. Hamını eşşək qayırıb minirlər.
Süleyman Salehbəy (gülərək). Bax, bizim Xəndan əfəndi şairimiz də gəlir.
İbadulla. Özü də dalğındır: görünür şeir düşünür. Səsini çıxarma, görək bizi görəcəkmi? (Xəndan əfəndi onları görməyərək keçir).
Süleyman Salehbəy. Ya şair!
Xəndanəfəndi (səksənərək). Ənfəs! Ənfəs! Mərhəba, əfəndim!
İbadulla və SüleymanSalehbəy (bir yerdə). Mərhəba!
Xəndanəfəndi (yandan Süleyman Salehbəyə baxaraq). Baxsana, bu iskəmləyə sənə daha da yaxışır.
İbadulla. Xəndan əfəndidə deyəsən söz var.
Süleyman Salehbəy (istehza ilə). Xəndan əfəndi daima sözlüdür. O bir müəmmadır. Şair deyilmi?
Xəndanəfəndi (ima ilə). Naum əfəndi nərədədir?
Ibadulla. Kürdlər qiyam etdi, ingilislər qazandı, biz də qiyam etdik, Naum əfəndi qazandı.
Xəndanəfəndi. Bizimki qiyam deyil idi, dəccalın xürucu kimi bir şey idi... Ah, beş pərdəlik bir komediya yazmalı.
İbadulla. Xəndan əfəndi, sənin “Sarayi – Fatma”dakı halını da orada qeyd etməyi unutma.
Xəndanəfəndi (pərt). Nə hal?
Süleyman Salehbəy (gülərək). Sərxoş olaraq, sərsəmləmişdin.
Xəndanəfəndi. Nə sərsəmləmə? Siz rəqsə başlayanda bən uyumuşdum. Evə necə gətirildiyimdən xəbərim olmamış.
İbadulla. Meyitini aparmaq üçün filan qədər də avtomobilə para verildi...Yox şair, içə bilməyirsən (Bağır gəlir).
Bağır (şən bir halda). Mərhəba!
Hamı. O...o, mərhəba!
İbadulla. Balam, evdə də tapılmayırsan...Öz aramızda, dünən gecə də evdə yatmamışsan.
Bağır (gülümsəyərək). Iş var... sonra deyərəm.
Xəndanəfəndi. Yahu, para, para çıxan işdirmi?
Süleyman Salehbəy (gülərək). Şair, deyəsən, alışırsan.
İbadulla. Təbii deyilmi, aclıq adama bin oyun öyrədir.
Xəndanəfəndi. Bağır, əfəndi, ciddən nə işdir?
Bağır. Evlənirəm. Yüz min dollar cehizi var.
İbadulla (heyrətlə). Əşi, nə deyirsən!
Süleyman Salehbəy (heyrətlə). Aman, əfəndim!
Xəndanəfəndi. Ənfəs!.. “Sarayi- Fatma”ya gedyorsunuzmu?
İbadulla. Yox, artıq “Sarayi-Fatma” evində olacaq.
Süleyman Salehbəy. Deməli, paraları mövqeyinə təslim veririz.
Bağır. Təbii, ancaq sizin yardımınız lazımdır.
Süleyman Salehbəy (tələsik). Nə kimi? (Hamı diqqətlə dinləyir).
Bağır. Bu qız amerikalı bir zənginin qızıdır... (Gülərək). Yanı qız deyirəm, bəlkə də, qız deyil: anam yerdə bir şeydir... (Hamı gülüşür).
İbadulla. Nə eyb edər, parası olsun. Avropada qadının altmış yaşı da olsa, madam ki, rəsmən ərə getməmişdir, adı madmazeldir.
Bağır. Onun bir yoldaşı da var. O da zənginlərdəndir.
İbadulla (istehza ilə). O da, yəqin, qırx yaşardır.
Bağır. Bu qızların sərvətləri var, ad axtarırlar. Bir prinsə ərə gedib, prinses olmaq istəyirlər. Amerikada böylə adət olduğunu bilirsiniz.
Süleyman Salehbəy (sevinclə). Bəlli, səni prins yapmalıyız...
Bəlli, sən bu gündən etibarən prins Bağırsan.
İbadulla (Xəndan əfəndiyə). Bu da saray şairi xacə Xəndan Ərdəbili.
Bağır (ciddi). Zarafatı buraxın... Qız şərqliləri sevərmiş. “Şərq dostları cəmiyyəti”ndə Bəhicə ilə tanış olub, ona bir sıra tablo ismarlamışdır.
Bu günlər Bəhicənin atelyesinə gələcək. Biz də hazır olub oraya getməliyiz...
İbadulla. Süleyman Salehbəy oraya gedə bilməz ki... Mənim də bir o qədər yolum yoxdur (sükut).
Bağır (Süleyman Salehbəyə mənidar baxışla). Süleyman Salehbəy istəsə hər şey olar.
Süleyman Salehbəy. Nasıl istəsəm? Bu olur işmi?.. Ortalıqda çocuq məsələsi var, Yaxamı güc-bəla qurtarmışam.
Bağır (gülümsünərək). Istəsən olar. Yəni müvəqqəti də olsa, çocuq mənimdir deyəməzsənmi? Bu Kürdüstan taxtından daha qolay, daha faydalıdır.
Xəndanəfəndi (Süleyman Salehbəyə). Ah, Salehciyim, o “Sarayi-Fatma” üçün insan hər bir şeydən keçər, zənnindəyəm.
İbadulla (Xəndan əfəndiyə). Yaşa, şairim, ayılıbsan. Vur dəysin! (Əlini uzadır).
Xəndanəfəndi (Ibadullanın əlinə vurur). Dəysin!
Süleyman Salehbəy (düşüncəli). Yahu, bir şey çıxmaz, ortalıqda bən kələyə düşərəm.
Bağır (təkidlə). Düşməzsən. Məni iyi tanıyırsan ki, yüz ölçməsəm bir biçmərəm... Bir həftədir məsələ ilə məşğulam: bir adam vasitəsilə qızın hər bir işini öyrənmişəm. Çalışmalıyıq ki, başqa ələ keçməsin.
Süleyman Salehbəy (düşünərək). Bən razıyam... Baxsana, onda əvvəlcə bəni Bəhicə ilə barışdırmalısan... Çünki Bəhicə məsələyə vaqif olmalıdır. Sənin haqqında onunla bərabər bəhs açmalıyız...
İbadulla. Bilirsiniz, Bəhicənin bir neçə gözəl tablosunu ayırın, deyin bunlar bir şərq prinsinə satılmışdır. Onda qızda böyük maraq oyadacaq.
Süleyman Salehbəy. Bu pək doğru!.. Məsələ maraq oyatmadadır.
Sonra sən gələrsən, təntənə ilə səni qarşılarız...
İbadulla (Bağıra). Prins Bağır, – deyə vizit-kart hazırla, gələndə qapıdan göndərərsən... Istərsən, mən də sənin şəxsi katibin olaram.
Bağır. Çox gözəl. Təfsilatını sonra düşünərik. (Süleyman Salehbəyə).
İndi Bəhicənin yanına gedimmi?
Süleyman Salehbəy. Evdə olarmı? İbadulla burada görmüş.
Bağır. Olmaz, sonra yenə gedərəm...
Süleyman Salehbəy. Pək iyi, yüz bin dollar ələ keçdikdən sonra bizə nə çatacaq?
Bağır. Neçə il desən səni təmin edərəm.
Süleyman Salehbəy. Ciddimi söyləyirsən?
Bağır (əlini yanağına vurur). Bu ölsün. Bilirsən ki. lotunun sözü doğru olar... (Getməyə hazırlanır).
İbadulla (ayağa qalxır). Sən öl, allah yetirir.
Xəndanəfəndi (Ibadullaya). Bəradər, bu Paris bir sirr imiş ki, (qalxır) bən şimdiyə qədər nərədə imişəm?.. Türkiyədə keçirdiyim uzun illərə yazıq.
İbadulla (əlini Xəndanın çənəsinə qoyub oxuyur).
“Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil.
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil.”
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-hezreti-sehriyar-altinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləriTARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.
Molla Pənah Vaqif haqqındaMOLLA PƏNAH VAQIF HAQQINDA*Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.
Abbasqulu Ağa Qüdsinin əsərləriABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ*Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...
Başqa şairlərin şeirləri
بیمار غم عشق تو بیمار نگردد
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi