Nitq
Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.
Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Bir iki papiros çəkdikdən sonra sanki Mirzə Mehrəlinin qələminə qüvvət gəldi. Kağızı dizinin üstə sıxışdıraraq, gözlüyün üstdən baxabaxa yazdı:
– Ey sərkari-sərnişini-hümayun!..
Mirzə burada bir az duruxdu; gözlərini taxçadakı aftafa-ləyənə zilləyib, fikrə getdi.
Yazdığını bir də oxudu. Qələmin ucunu papağına çəkib, mürəkkəbə batırdı. Cümləni təkrar gözdən keçirib, bir neçə söz də əlavə etdi.
Yenə duruxdu. Gözlüyün üstdən taxçaya baxıb fikirləşdi. Cümlə gözəl başlanmışdı, ancaq sanki ibarələr xoşuna gəlmədi. Üzərinə bir qələm çəkib, qələmi yerə qoydu. Qutusunu çıxardıb, bir papiros eşdi. Papirosun tüstüsü damağına çökdükdə təkrar qələmi ələ aldı. Yazdığı “sərkari-sərnişini-hümayun” cümləsini bir də bərkdən oxudu. Bu dəfə “sərnişin” sözü ona şübhəli göründü; belə ləfz qollanılarmı, qollanmazmı? – deyə düşündü. Bu sözü də qaraladı.
Mirzə Mehrəli papirosu damağına aldı. Yenə fikrə getdi – qubernatora müraciət üçün layiqli bir söz tapa bilmədi. Durdu, otaqda gəzindi. Arvadı cəhrə əyirirdi və cəhrənin qəmli cırıltısından hissə gəlib, ağı deyir, ölənlərini birbəbir yadına salırdı.
Mirzənin nəzəri cəhrəyə sataşdı. Birdən, “Görəsən Firəngistanda da cəhrə varmı?” – deyə maraqlandı – “Varsa onlar nə təhər əyirirlər?
Hesab ilə gərək firənglər cəhrəni masa üstə qoyub əyirələr” – dedi.
Cəhrə məsələsi Mirzə Mehrəlini bir zaman məşğul etdi. Otağı dolandıqca xəyal meydanı genəldi və axırda bu yerə gəldi ki, cəhrəni firənglər qayıra bilərlərsə, kirişini qayıra bilməzlər.
Birdən öz-özünə dedi: “Canım, kiriş nəmənədi ki, onu firəng qayıra bilməsin; göyəqalxan qayıra bilən kirişi niyə qayırmasın?!”.
Bu qənaətdən sonra Mirzə sakit oldu. Bir balaca fışdırıqlamaq istədi, lakin dişlərinin olmaması onu məyus etdi. Qayıdıb döşəyinə tərəf gəldi:
– Gecə keçir, – dedi, – nitq yazmalıdır.
Bu sözlərdən sonra mirzənin bütün nəşəsi sönüb getdi.
Mirzə papirosu yandırdı; nitq yazmağa heç meyli yox idi. Bir gərnəşdi. Qələmi götürdü. Onu fikir apardı. Dedi:
– Görəsən bu nitq söyləməyi kim qayda qoymuş. Allah urusu da kəssin, onun qaydasını da. Bizlərdəcə yaxşıdır–şəhərə bir əziz adam gələndə qabağında qurban kəsirlər, çıxır gedir... Nitq nədir?! Bəlkə birisi nitq söyləyə bilmir...
Mirzə Mehrəli çox götür-qoy etdisə də, çarə tapmadı – nitq söyləməli idi. Şəhər camaatı da qubernatoru qarşılamağa onu vəkil etmişdi...
Yenə qələm ələ alındı:
– Sadəcə yazacağam, – dedi, – nə “sərnişini-hümayun”bazlıqdır. Yaxşısı budur ki, “aludeyi-eşqi-rəiyyət”, – deyə başlayım.
Mirzə sol dizini yenə qaldırıb, kağızı üzərinə qoydu və gözlüyün üstdən qələmin ucuna zənlə baxdı, orada bir tük görərək, dırnağı ilə dartıb yazdı:
– Ey aludeyi-eşqi-rəiyyət!
Duruxdu. Təkrar-təkrar oxudu. Cümləni təhlil etdi:
– Aludeyi-eşq, – deyə dayandı, – bu çox üstüörtülü oldu, – dedi.
– Burada iyma və işarə var. Ciddi və musin adama belə kəlmələr xoş gəlməz. Qoburnatın aşnası var – deyirlər. Elə bilər “aludeyi-eşq” deməkdə onun aşnasına sataşıram. Yaxşı olmaz – qaş qayırdığımdır, göz tökərəm.
Mirzə qələmi götürüb, yazdıqlarını pozdu.
Arvad dükçəni iydən çıxardıb, üstünə sacayaq qoydu ki, gecə iyə ilişən olmasın. Sonra qutuya lay-lay yığılan əlçimləri cəhrənin yanına itələdi. Dükçələri yığışdırdı və cəhrənin ətrafını ehmalca süpürüb, yatmaq tədarükünə düşdü.
Mirzə Mehrəli döşəkçənin üstündə uzanıb, mürgü döyürdü. Arvad qəti səslə:
– Ay kişi, – dedi, – boş-boş yan yerə verməkdən fayda çıxmaz.
Gecə keçir, dur. Yazı-pozunu sabah elərsən.
Mirzə gözlüyü qutusuna qoyub, döşəyin altına atdı və qoltuğunu qaşımağa başladı.
Neçə yeri yazılıb, pozulmuş kağıza nəzəri sataşdıqda:,
– Eyyy!.. Dünyada heç nitq söyləmək olmayaydı!!. – deyə köksünü ötürdü.
1913
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-nitq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Ayrılıq axşamıOtağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.