Müsəlman arvadının sərgüzəşti
«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.
Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Dədəm məni gətirdi evə.
Üç il qalıb «kəbinim halal, canım azad» deyib, seyiddən ayrılışdıq. Bir azdan sonra kəbinim sövdəgər hacı-Kərimə kəsildi.
Gəlin hamamından çıxanda, cahıllar tökülüb, məni Şərəf oğlu Zamana götürüb qaçanda, bizimkilər də bir tərəfdən çıxdılar.
Arada bir neçə adam ölüb bir neçəsi yaralandısa da, məni Şərəf oğlunun əlindən ala bilmədilər.
Köhnə kəbin pozulub, təzə kəbin kəsildi.
İki il yarım keçdi. Bir gün ərimin qanlı meyitin evə gətirdilər: məhərrəmlikdə deyib «mən dəstəbazı çəkəcəyəm», bir ayrısı deyib «xeyir mən çəkəcəyəm» sözləri çəp gəlib ərimi vurublar ölüb.
Ondan bir yetim ilə yeddi il evdə dul qaldım. Hana toxumaqdan barmaqlarım topal oldu, su daşımaqdan çiyinim yara, dədəm də mənə çörək verməkdən təngə gəldi. Axırda məni götürüb dua yazan bir İranlıya verdi.
Tahı, sevindiyimdən gecə gündüz yatmırdım, deyirdim: «Allah, qurtardım hananın üzündən». Molla da, adam öləcək, pis adam deyil idi: əlinə düşəni bozbaşa verirdi, yeyirdik. Döyəndə də özgə kişilər kibi çox döyməzdi. Qaburğalarıma, qarnıma, beş altı təpik salandan sonra ürəyi soyuyurdu. Xülasə elə güc ilə rahat olmuşdum, bir gün molla gəldi ki gedirəm.
«Ay balam hara?» – Bəs «Qasid kağız gətiribdir ki İrandakı arvadım qaçıb oğlum uşağım yaman gündədir». Haray həşir, tahı həşir hara çatar: molla çıxdı, getdi. Yenə qayıtdım atam evinə. Uşağım bir idi oldu üç, dədəm başladı gündə məni məzəmmət eləməyə: «Getdin bu küçükləri də dalına qoşdun gətirdin»...
Üç aydan sonra toya getdiyim yerdə, məni bir doğmuyan arvadın üstə götürüb qaçdılar və ortalıq sakit olunca aparıb mollanın evinə qoydular. Günüm eşitcək mənə belə sipariş eləmişdi:
«Gül gülüstan üstünə
Şeh düşdü bostan üstünə
Gedin deyin o tülküyə
Gəlməsin aslan üstünə».
Doğrusu günümə çox acığım tutdu, mən də ona belə sipariş elədim:
«Gül gülüstan üstünə
Gün düşdü bostan üstünə
Gedin deyin o «aslana»
Dağ gəlir aslan üstünə».
Xülasə kəbin kəsildi, aralıq sakit olan kibi ərim məni apardı evinə.
Bunun çubuqdan hörmə bircə otağı var idi. Bir tərəfdə günüm olurdu bir tərəfdə mən. Bir gün olmazdı ki davamız düşməsin: bir birimizin hörüklərini çıqartmıyaq, üzünü cırmıyaq, günüm gündüzlər mən ilə dalaşardı, gecə ərimlə. Ərimin yanında mənim əsnaf qızı olmağıma rişxənd eliyib deyirdi:
«Mən aşiq gözəl alma
Tutubdur gözəl alma
Əsil al çirkin olsun
Bəd əsil gözəl alma».
Məndə bunun qabağında:
«Mən aşiq gözəl oxlar
Tutubdur gözəl oxlar
Çirkin oxluya bilməz
Oxlasa da gözəl oxlar».
Deyəndə, ərim mən tərəf olurdu, günüm qalırdı yana-yana...
Aradan bir az keçdi, allah vurdu mənə bir oğlan da verdi, ərimin mənə tahı da məhəbbəti artdı, günümün də sözü ola bilmədi; ha vaxt dindi, ərim ilə basıb döydük.
Yaxşıca rahat olmuşduq, birdən hardansa qarnı yanmış molla gəlib çıxdı. Ərim də tərs kibi evdə idi. Bunların davası düşdü. Ərim mollanın başına bir aftaba vurub öldürdü. Divan zad töküldü, ərimi tutdular....
İmdi üç ildir ki ərim Sibirə gedib, heç səs soraq yoxdur; mən də dörd yetim ilə damın altında acından ölürəm...»
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-muselman-arvadinin-serguzesti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.
Kənddən şəhərə göndərilən bir kağızNuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.
ToyToy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi: