Səhifə 12 / 13 · 85%

– Ordu pozuq, – deyirdi, – sərkərdə yox, əsgərin ruhu düşgün – belə səfərdən bir nəticə əldə etmək olarmı?

– Dünyada ən böyük nəticə müharibəsiz həyatdan ibarətdir. Yalnız sülh və zəhmət bizə istirahət təmin edə bilər. Bu iki neməti əldə etmək üçün torpağa oturmalıyıq...

Ərdica məni diqqətlə dinləyir, bəzən fikirlərimi anlayaraq düşünür və izahını tələb edirdi.

Çox vaxt oturaq zehniyyəti ilə köçəri zehniyyəti bir-birilə toqquşaraq ortalıqda anlaşılmazlıq vücuda gəlirdi. Lakin hər dəfə Ərdica güzəştə gedirdi. Mənə ürəyində bəslədiyi hisslər onu mənə elə bağlamışdı ki, mənim fikrim, mənim zehnim, mənim iradəm onunku olmuşdu.

Buna görə sərbəst olaraq fikirlərimin tətbiqinə çalışır və səfər hazırlıqları görürdüm.

Bir gün atı minib, düşərgəni başdan-başa gəzdim, hər yerdə hörmət gördüm. İskit arasında böyük nüfuza malik olduğumu duyaraq, özümü baş sərkərdə elan etdim. Bunu mütəaqib – sabah tezdən köçdür, – deyə xalq arasına carçılar göndərdim.

“Yel” ulusundan iki günlük bir məsafədə torpağa oturduq. Bura meşəyə bürünmüş dağ ətəyi idi. Bol suyu və əkin yeri var idi. Alaçıqlar quruldu, hər kəs yerləşdi. İlxı otlağa buraxıldı. Nizam və asayiş təmin etmək üçün hər qırx alaçığa bir ağsaqqal şurası seçildi. Şura qərarının icrası üçün min nəfərlik bir süvari alayı təşkil edilərək hərəm ağası idarəsinə verildi. Bütün silahlar toplanaraq saklı bir yerdə gizlədildi.

Yaza qədər burada qalacağımız hər kəsə bildirildi. Silahlarını tərk etmək istəməyən əlliyə qədər adam haman tutulub qətl olundu.

Beləcə daxili təşkilatı qurtarıb, asayiş təmin etdikdən sonra hər bir ağsaqqal şurasından bir vəkil götürüb, Ərdica ilə bərabər “Yel” ulusuna yola düşdük.

Yellilər bizi böyük bir təntənə ilə qarşıladılar. Mənim salamat qayıtdığım hər kəsi sevindirdi.

İkinci gün fövqəladə heyətdə məruzədə bulundum, bütün yapdıqlarımı təfsilatı ilə söylədim və “ölüm saçan böyük bir ordunu sülhpərvər bir hala salaraq torpağa oturtdum. Bununla, bir tərəfdən böyük bir İnsan kütləsini faydalı bir sahəyə, sövq etdim və dikər tərəfdən də qəbilələr ittifaqını təhlükədən qurtardım” – deyə məruzəmə xitam verdim.

Heyət üzvləri ayağa qalxaraq məni bağırlarına basdılar.

Sonra mənim təklifimə görə iskit məsələsi ətraflı surətdə müzakirə edildi. Onları yeni quruluşa öyrətmək üçün bir çox qərarlar çıxdı.

İskitləri bir neçə qəbiləyə bölmək və aralarında qəbilələr ittifaqına mənsub adamlardan mütəşəkkil silahlı qüvvələr saxlamaq məsləhət görüldü. Iskit gənclərinin tərbiyə olunmasının böyük əhəmiyyəti ayrıca qeyd olundu.

İskitləri cənuba atan şəraitin daimi olduğunu nəzərə alaraq dedim:

– Yeni qüvvələrin şimaldan cənuba doğru axması hər an gözlənilə bilir. Bunun önünü almaq üçün hər bir qəbiləli hərbə hazır bulunmalıdır. İskitlər cəngavər olduqlarından, onların hərb üsullarını öyrənib, silahlarını qollanmalıdır. Silah tədarükü üçün iskit ustalarını gətirərək “Yel”də silah hazırlamalıdır.

Bu təklifim də qəbul olundu.

50

Ərdica “Yel” ulusunun quruluşundan son dərəcə məmnun qalmışdı.

Başqa qəbilələri də gəzmək arzusunda idi. O deyirdi ki: – Sizdə hər kəs ümum üçün yaşayır və səadətini də ümumun səadətində görür. Xüsusi əmlak olmadığı üçün həsəd və şöhrət də yoxdur.

Bilxassə müharibə tərəfdarı olmadığınız hər şeydən gözəldir...

Bilsən, Çopo, hərbdən nə qədər bıqdım. Bütün ruhum laşə qoxuyur.

– Hərbə ehtiyac yoxdur, – dedim. – Çalışan üçün toxluq var. Hər kəs yaşamağa haqlıdır. Həqiqi və məsud yaşayışı da yalnız sülh təmin edə bilər.

– Sülh sözü Ərdicanı daima gülümsədir. Sülh məfhumu iskit zehniyyətinə yerləşən şey deyil, biz yıxar, yakar və dağıdarıq. Hərb bizim üçün qədərlənmişdir.

– Ərdica, – dedim, – bir dəfə də olsa istirahət duyan bir adam müharibə arzusuna düşməz. Iskitlər istirahət görmədikləri üçün cəngavərdirlər.

Bir də köçəri həyat nəticə etibarilə müharibə ilə qurtarar. Biz oturaq olduğumuz üçün hərb tərəfdarı deyilik.

– Deməli, bizi sülh həyatına həsrət qoyan amillərdən biri də köçərilikdir.

– Təbii! Sülhün həzzlərini duymaq üçün torpağa oturmalıdır.

– Sonra?

– Sonra nə olacaq ki? Zatən dünyaya gəlməkdən məqsəd istirahətli bir həyat sürmək deyilmi?

– Elə, elə, Çopo! Sözlərin fikrimin pasını təmizləyir.

51

Qapı açıldı. Ceyniz içəri girdi, gəldiyindən məmnun oldum. Hələ təklikdə görüşməmişdik.

– Çopo, səni fikirli görürəm, – dedi. – Yəqin Nuşanın dərdi səni darıxdırır.

– Yox. Nuşanın dərdi unuduldu. Indi ürəyim başqa sənəmə tapınır.

– Duydum... – Ərdica.

Gülümsədim. Bir şey söyləmədim. Ceynizin üzünə baxdım.

Mənalı baxışıma cavab olaraq:

– Gözəl, çox gözəl! – dedi. – Ərdicanın vasitəsilə bütün iskitlərə nüfuz edərsən. Bunun bizim üçün böyük əhəmiyyəti var. Şimaldan yeni bir axın gələrsə, iskitləri sipər edərik.

– Bunu düşünmüşəm. Əgər fövqəladə səlahiyyət verilərsə, irəlidə qəbilələrə böləcəyim iskitləri şimal cəhətlərdə yerləşdirəcəyəm.

– Bu çox gözəl fikirdir. Lakin sərkərdələri bizimkilərdən təyin etməli.

– Təbii!.. Buğatay necədir? Fəaliyyət göstərə bildimi?

– Böyük fəaliyyət göstərdi. Qüvvətli bir ordu təşkil etmişdir. Çocuqlardan qocalara qədər hamı əlində silah düşmənə qarşı durmağa qadirdir.

– Qonaqlar qəbilələri gəzdikdən sonra səfərbərlik elan edib rəsmkeçid yapmalı, Ərdicanın və ağsaqqalların qarşısında bütün qüvvələrimizi nümayiş etdirməliyik. Nümayiş iskit arasında böyük təsir bağışlar.

– Bunu yaparıq.

– “Qoç”la rabitəniz qüvvətlidirmi?

– Qüvvətlidir. Iskit təhlükəsi bütün qəbilələri vahid bir şəklə saldı.

“Yel”dən yeni-yeni fikirlər doğduğu üçün ulusumuz bir məbəd şəkli almış, bütün qəbilələrin gəncləri ulusa gələrək quruluşumuz və təsərrüfatımızla aşina olmağı özlərinə borc bilirlər.

– Deməli, yenilik bütün qəbilələri qaplamadadır.

– Elədir. Səndən sonra ulusumuzda bir çox gənclər də yerləşdi.

Aralarında qiymətli bir gənc var. Quzğunludur.

Heykəl yapmaqda mahirdir. Heyətin qərarına görə bu gənc bütün təsərrüfat işlərindən xilas edilmişdir və yalnız öz sənəti ilə məşğul olacaq. Ulus küçələrini və bağçalarını heykəllərlə bəzəyəcəkdir.

– Yanına şagirdlər verin, öyrətsin. Bu sənət lazımdır.

– Ulus şurasına söylərəm çocuq göndərsin.

Ceyniz bir-iki hor söhbət eləyib, ayağa durdu. Gedərkən birdən dedi:

– Nuşa bir qız doğmuş, eşitdinmi?

– Yox, – deyə heyrət etdim. – Nə vaxt?

– Bir ay olar.

– Adı nədir?

– Nici.

Tühaf bir atalıq hissi vücuduma yayıldı.

52

Ulusumuzun təşkilatı ilə ətraflı surətdə tanış olduqdan sonra, qonaqlara bütün qəbilələri göstərmək qərarlaşdırılmışdı. Birinci sırada “Qoç” qəbiləsi ziyarət edilməli idi. Ərdicaya xəbər verdim.

– Ulus o qədər xoşuma gəldi ki... – dedi, – buradan heç bir yerə getmək istəmirəm.

“Qoç” qəbiləsini təsvir etdim. Qızlar bulağını və şair Milnirin şeirlərini anlatdım. Ərdicada böyük maraq oyandı.

– İlk dəfə səninlə Qızlar bulağında görüşsəydik də, – deyə nisgilləndi.

– Biz qan içində doğulduq, ömrümüzün gözəl çağları da qan içində keçdi.

Ata minərkən üzündə başqa bir həvəs göründü. Yola düşdük, hər bir təpəyə çıxarkən:

– “Qoç” arxadadırmı? – deyə maraqla sorurdu.

– Yox, hələ bir-iki təpə də aşacağıq – dedikdə qeyri-məmnun bir halda susurdu.

Bir də qəbilənin ağ evləri göründü. Ərdica üzəngiyə istinad edərək,

ayağa qalxdı və böyük bir maraqla tamaşaya daldı.

– Qızlar bulağı ha tərəfdədir? – deyə dəfələrlə sual verdi.

– Sağ tərəfə, dağın ətəyində.

– Görünəcəkmi?

– Yox, meşə arasındadır.

“Qoç”a əvvəlcədən xəbər verilmişdi. Başda Şibra xatın olaraq bütün xalq istiqbala çıxmışdı.

Xalqı buraya toplayan başlıca amil maraq məsələsi idi. Qiyafə və fitrət etibarilə bizlərə heç də bənzəməyən iskitləri görmək arzusu hər kəsdə hökmran idi.

Bilxassə, Ərdica hər kəsin heyrətinə mucib oldu. Atın üzərində elə şahanə bir qürurla oturmuşdu ki, qüruru gözəlliyini bir qat daha artırmışdı.

Ərdicanın özündə də maraq az deyildi. Şibra xatını diqqətlə süzərkən parlaq gözləri qıyqac yuvalarına sığmırdı. Mənə yönələrək

Şibranın kim olduğunu sordu.

Anlatdım. Dodaqlarında heyrət canlandı.

Bu əsnada Milnir irəlilədi və qopuzunu bağrına basaraq “xoş gəldi” havası çaldı.

Milniri Ərdicaya nişan verdim.

– Bu da qammı? – dedi.

– Qam deyil, şairdir.

Ərdica şairin nə olduğunu anlaya bilmədi. Zorla anlatdım...

Şibra xatın bəzi ayinlər yapdırdı. Bunlar da müsafirlərin xoşuna gəldi.

Ayinlər bitdikdən sonra atlardan endik. Qonaq evinə qədər piyada getdik. Xalq da bizi təşyi etdi.

Bir həftə “Qoç” qəbiləsində müsafir olduq. “Xoruz” qəbiləsinə getmədən əvvəl Ərdica Qızlar bulağını görmək istədi. Hava soyuq olduğu üçün Şibra xatının səlahiyyəti ilə Qızlar bulağında böyük bir nümayiş yapıldı. Mənə uyqu kimi gələn naçarlı intixabı gözlərimin önündə yenidən canlandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri