Səhifə 13 / 13 · 92%

Axşama üç hor qalmış getdik. Xalq tamamilə orada idi.

Qızlar rəqsə başlamışdı. Xalqın ön tərəfində biz də tamaşaya düzüldük.

Yenə Milnir əlində qopuz meydana çıxdı və gözəl səslə oxudu.

Mi l n i r:
Bu dağların qarları var.

Q ı z l a r:
Naçar, naçar, naçar, naçar.
Mi l n i r:

Irəlidə barları var.
Q ı z l a r:

Naçar, naçar, naçar, naçar.
M i l n i r:
Sevgiləri, yarları var.

Q ı z l a r:
Naçar, naçar, naçar, naçar.

M i l n i r:
Heyvaları, narları var.
Qız l a r:

Naçar, naçar, naçar, naçar.

X a l q:

Gələr, bitər də dəmləri,
İtər, bitər də qəmləri.

Bu əsnada yanımda duran Ərdica qışqırtı ilə yerə sərildi. Buğlanaraq vücudundan axan qan qarlı torpağı al boyadı...

Bir anda sükuta dalan xalqın içindən:

– Nuşa! Nuşa! – deyə səslər eşidildi.

Çaxnaşıq düşdü.

Bu əsnada Nuşanın solğun çöhrəsi ətrafına yayılan xalq arasında gözlərimə çarpdı.

Susuz qalmış çocuq kimi qanlı bıçağı əmdi və ətrafdan sövq olunan əllər ona yetmədən bıçağı sol köksünə soxdu.

İskitləri qəbilələrə bölərək, şimal cəhətlərdə yerləşdirdiyimdən üç il keçir. Özüm “Ərdica” adlanan qəbilədə yaşayıram (Ərdicanın qurğanı da buradadır). Hərəm ağası ilə bir evdə qalırıq. İkimiz də mənən tənha və taleyi bir-birinə bənzəyən adamlarıq. Mənim də onun kimi şəxsi həyatım ölmüş. Qəlblərimizin çırpıntıları bu gün cismən aramızda yaşamayan bir simada toplanaraq həzin bir ahəng vücuda gətirir.

İştə, uzaqlarda inikas edən bu ahəng hərəm ağası ilə məni bir can bir cəsədə bağlayan kimi olmuş.

Artıq bizim üçün qadın eşqi yoxdur – deyə bir-birimizə söz vermişik.

Sözümüz baqidir.

Ümum qəbilə xalqı səhər tezdən işə çıxar: kimi ilxıya, kimi bağbağçaya gedər. Daimi vəzifə yoxdur, vəzifələr dəyişilir. Dünən hərəm ağası ilə tarlada çalışdıq, bu gün isə ilxıda idik. Mal-qara otlarkən bir təpədə oturub, yeni binalı gənc qəbiləmizi seyr edirdik. Hərəm ağası mənə fərəhlə dedi:

– Çopo, əvvəl mən də başqaları kimi qəbilə həyatına zidd idim.

Səfəri yaşayış, macəralar, saray təntənəsi hələ beynimi istila etmədə idi. Ilk zəhmət mənə yeni bir zehniyyət bağışladı. İndi keçmişin xəstə irsindən tamamilə xilas olmuş bir adamam, səadətimin hüdudu yoxdur.

– Bu səadətin başlıca səbəbi mən olduğumdan özümü məsud zənn etməkdə haqlıyam, – dedim.

Bu söhbəti xatırlarkən “səadət nədir” – deyə öz-özümə sual verdim.

Səadət şəxsi “mən”dən, şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi “mən”liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir.

Biz bunu yapdıq. Və qəbilənin hər bir fərdi bu yolu təqib etmədədir.

Əhməd kitabı yumdu. Lakin fikir və xəyalı kitabdan ayrılmaq istəmədi. Çopo, Nuşa, Ceyniz, şair Milnir, xaqan və Ərdica ətrafına toplanaraq bütün macəraları ilə onu əhatə etmişdilər.

Əhməd özünü “Yel” ulusdaşı ədd edərək “Türk mədəniyyəti sarayı” nı tərk etdi. Geniş qaldırımdan “Kommunist” küçəsinin ortasına keçər-keçməz birdən sürətlə gələn tramvayın zəngi çalındı. Avtomobillərin parlaq işıqları gözlərinə çarpdı.

Əsri şəhərin gurultusu, radio, elektrik işığı və izdiham onu ayıltdı. Həqiqi aləmin əzəmət və dəbdəbəsi bütün qüvvəti ilə önündə canlandı.

Bu aləm qarşısında “Qızlar bulağı” ekranda göstərilən bir şəkil kimi sönüb getdi.


1 Ürək şəkli Biz – Qızlar, qaçar, güllər açar. Qızlar – Naçar, naçar, naçar, naçar. Biz – Oğlan qaçar, bəxtlər açar. Qızlar – Naçar, naçar, naçar, naçar. Biz – Qızlar qaçar, nəşə saçar. Qızlar – Naçar, naçar, naçar, naçar. Biz – Oğlan qaçar, əldə naçar. Qızlar – Naçar, naçar, naçar, naçar.

2 “Yel”lər vaxtı bölmək üçün açıq meydançada bir dairə cızıb, ortasına əmudi bir ağac dikmişdilər. Dairə on altı hissəyə bölünmüş; hər hissəyə “hor” deyirlər.

3 Şamanlar

4 Qurultaya

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri