Şaqqulunun xeyir işi
Səhifə 3 / 3 · 67%
– Yetər, əgər qızı mənə göstərsən, sənə nə istəsən verərəm!
Yetər də deyirdi:
– Göstərərəm, amma gərək nə versən qabaqca verəsən!
Onda Şaqqulu əlini cibinə salıb, kisəni çıxardırdı və deyirdi:
– Vallah, billah, çörək haqqı, nə istiyirsən alım!...
Axırda bir gün Şaqqulu Yetərə bir məxmər çəpkən vədə verdi ki, qızı göstərsin. O da razı oldu və dedi:
– Sabah ertə gələrsən bulağın üstə, qız suya gələcək. Mən kimin çiyninə əlimi qoysam, bil ki nişanlın odur. Onda dürüst baxarsan.
Bu təhər Şaqqulu sabahı gün qızı görüb, aşıqladı və səbirsiz toyu gözlüyürdü.
Sərin gecə idi. Ay dağın dalından təzə çıxırdı. Şəhərdən bir səs eşidilmirdi; guya camaat qaranlıqda mürgü döyürdü. Birdən şəhərin bir küçəsindən ucadan zurna səsi gəldi. Sonra ağaclar qızardı: bir məşəl göründü, küçə işıqlandı. Camaat uca səs ilə salavat çöndərib, Kərbəlayı Qurbanın evinə tərəf gedirdi. Gəlini ağ paltara geyindirib, ata mindirmişdilər və başını cığ-cığa ilə bəzəmişdilər. Daldan yengələr və qatırlardakı cehizlər gəlməkdə idi. Zurnanın səsi «allah, allah» səsinə qarışıb, şəhərə yayılırdı. Qatırların qumrovlarının «lum dum; lum dum» cingildisi, evlərə düşürdü. Səsə arvadlar yügürüşürdü, cehizləri saymağa; bə’zi də dama dırmaşırdı. Burada biri o birinə deyirdi:
– Ay Püstə bacı, başına dönüm, allah sənin də qızına qismət eləsin yazıqdı; evdə qaldığı daha bəsdir!
Oda cavabında:
– Amin! Amin! Qadan alım, sənə də qismət olsun!
Gəlin gəldi. Bir neçə dəqiqə idi ki otaqda tək qalmışdı; Şaqqulu hələ taxtapuşda gizlənmişdi. Sonra sağdışlar bunu aşağa endirib, saldılar gəlin otağına, və sonra qapını örtüb, başladılar yengələr ilə pəncərədən içəri baxmağa. Şaqqulu qabağında ağ parçaya bürünmüş gəlini görəndə ürəyi bərk-bərk döyündü, bihiss qaldı, və ixtiyarı olmadı ki bir söz desin. Bir neçə dəqiqə özünü toxtadıb, birdən başladı:
– Bıy, bura oturmağa gəlmisən? Niyə üzünü açmırsan? Axır... ürək döyünməsi qoymadı ki sözünü qurtarsın. Yenə bir az dayanıb dedi:
– Bıy.... Bıy!.. Tez ol, axır qapıda gözlüyürlər...
Şaqqulu yenə qızdan cavab eşitmiyib, bir az irəli yeridi. Və bir az da özünü toxtadıb, lap irəli yeridi və əli titrəyə-titrəyə gəlinin üzünü açdı. Şaqqulu ağ parçanı qanara tolluyub, gəlinin üzünü görcək, cəld geri çəkildi, və bir də zənn ilə baxıb çığırdı:
– Bu o deyil! O deyil!
Sonra qapıya yüyürdü və Yetəri orada görüb, başına bir yumruq iliştirdi:
– Ay köpək qızı! Bəs bulaqda göstərdiyin qız necə oldu? Bu deyil! Bu deyil.
Deyib qışqırdı. Qapıdakılar Şaqqulunu tutdular və Kərbəlayı Qurban cibindən çubuğu çıxardıb, Şaqqulunun başına vururdu ki niyə səs küy salır.
Şaqqulunu tutdurdular, tutulmurdu; cin atına minib, bar-bar bağırırdı. Deyirdi:
– Mən istəmirəm; o deyil! Vallah ya onu öldürəcəyəm, ya Yetər köpək qızını!
Kərbəlayı Qurban bu sözləri eşitcək hirsli yüyürüb «köpək oğlunun dilinə bax dilinə» deyə-deyə Şaqqulunu birçəylədi. O da əlini rəfə atıb, «köpək oğlu özünsən!» deyib kərbəlayı bir qazan salbası vurdu. Kərbəlayı da ona bir kəfgir qolazladı. Kəfgir də tərs kibi Şaqquludan ötüb, Nənə xanımın burnunu əzdi. Bir dəqiqədə bura bir-birinə qarışdı. Gəlin yengələr ilə çölə qaçdı. İçəridə səs küydən qulaq tutulurdu.
Hərdən bir Yetər də səslənirdi:
– Ay aman, kişinin başına yağlıqara gətirin, yağlıqara! yağlıqara!...
Birdən bərk şaqqıltı gəldi: pəncərə sınıb, töküldü və çıraq da içəri də sındı... elə bil qurbağının gölünə daş atdın: Səs küy bir dəqiqədə kəsildi. Bircə Nənə xanım çığırdı:
– Evin yıxılsın qız verən! Üstünə od yağsın qız verən!
Yarım saatdan sonra gəlin başına iki qat çarşaf ağlaya-ağlaya atası evinə qayıdırdı və deyirdi:
– Allah, mən sənin altında nə qayırmışdım ki başıma bu iş gəldi?...
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-saqqulunun-xeyir-isi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
BİR CAVANIN DƏFTƏRİ*22 mayis, 1905. Deyəsən atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör atam nə deyir:
MillətpərəstlərMəşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli yeriyib soruşdu:– Qızım, sən kimin qızısan?
VətənMənsur şeirPəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül...
HərracBöyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:
Başqa şairlərin şeirləri
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.