Mənsur şeir

Pəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül...

– Ay!.. Dədə!..

Çığırtı nəzərimi küçənin timçəsinə cəlb eləyir. Bir ağsaqqal o birini yaxalayıb deyir: “Atayın sümüklərini çıxardaram bacımın talağını verməsən. Bu saat ver talağı”.

Vuruşma düşür, bu ona bir qapaz, o buna birini, bu da ona birini. Börklərdən toz qalxır, çuxaların büzmələri cırılır...

Xülasə, gedirəm. Hava mənə bilməzsən nə ləzzət verir. Rəngbərəng yarpaqlar ağacdan üzülüb, havada min naz və qəmzə ilə fırlananda bilməm könlüm nələr diləyir. Pəh-pəh! Nə dilfirib mənzərə! Az qalıb təbim də gəlsin, indicə şer də deyəcəyəm...

– Hay! Vay!.. Vay fayton!..

Dönüb görürəm qırmızısaqqal bir kişi hamamın qabağında yumurtası tərs gəlmiş toyuq kimi oyan-buyana vurnuxub çığırır.

– Nə olub?

Cavab verirlər ki, bəs arvadı həcəmət altında qəşş eləyib.

Xülasə, gedirəm. Pəh! Göyün rəngi, səf-səf durmuş buludların günəşin qızıl rəngi ilə münəvvər olmaqları bilməzsən ürəyimdə nə...

– Adə qoyma!.. Vur! Tut!.. – sözlərini eşidib, dik atılıram.

– Nə olub?

Bəs oğul atanın təzəcə kürkünü aparıb qumara qoyub uduzub; ata da onun qoparağını götürüb, istəyir bir az əzikləsin. Gedirəm, ətrafın gözəlliyi yadımdan çıxmır: gün dağın arxasında gizlənməkdədir, sərin hava, həzin külək... Pəh-pəh! Nə məlahətli...

– Vay!.. Aman! Necə olacaq?..

– Nə olub?

Bəs orucluqda azarlı üstə rus həkimi gətiriblər, evdə qab-qaşığı murdarlayıb...

Xülasə, gedirəm qaranlıq düşür, toyuq, xoruz dimdik-dimdiyə verib tut ağacının budağında yatıblar, itlər çəkiliblər hinlərinə, eşşəklər ağacın dibində uzanıb sükuta varıblar. Pəh-pəh! Nə gözəl ömür, nə sadəlik, nə...

– Vay öldüm! Adə öldüm!

Çığırtı küçə ilə bir oldu. Başmaqları qoyub yüyürürəm. Bir də görürəm bir ağsaqqal cavan arvadının saçından yapışıb, çomaq ilə şapbarlayır.

Tez-tez ovcuna tüpürüb çomaqdan çırpır, ovcuna tüpürüb vurur. Xülasə, hava çox gözəl idi. Göyün buludları azca qalmışdı məni ilhamat aləminə çəksin, azca qalmışdı...

– Part, part...

Bir cavanı güllə ilə vurub yıxdılar.

– Balam, bunun günahı nə idi? – soruşduqda cavab verdilər:

– Nə olacaq, bunun babası iyirmi il bundan qabaq vurub Məşədi Hüseynin əmisi nəvəsini öldürmüşdü. İndi öldürən də Məşədi Hüseynin nəvəsidir. Kişi qana qan elədi, qisas ki, qiyamətə qalmayacaq idi.

Tər məni basır. Çünki mənim də ulu babam, deyirlər, bir adam öldürmüş imiş. İndi, dedim, bir adam da çıxıb onun əvəzini mən yazıqdan alacaq.

Qorxumdan yıxılıram, ürəyim gedir.

1909

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 dəq
Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 dəq
Bizə ciddi mətbuat çoxdan lazım idi

BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.

14 dəq
Ədəbi dövrün başçısı

ƏDƏBİ DÖVRÜN BAŞÇISI*1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı.

3 dəq

Başqa şairlərin şeirləri