VƏSFİ-HAL

Xalqımız arasında novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal salmaq kimi bir adət vardı. Qadın və qızlar toplanaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyəti olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı.

Vəsfi-hal adəti ruslarda da var. Afanasyev “Poetiçeskiye vozzreniya slavyan na prirodu” adlı əsərində bu adəti belə təsvir edir: “Bir qab çeşmə suyu gətirirlər, içinə bir parça çörək, bir çimdik duz, kömür və bir az kül töküb, qabı ağ örtüklə örtürlər. Sonra qısa olaraq gələcəyi xəbər verən mahnılar oxuyurlar. Oxuduqdan sonra suya salınmış şeylərdən ilk ələ gələnini çıxarırlar. Şey sahibi mahnının sözlərini qədərlənmiş hökm kimi qəbul edər” (c. II, səh. 194). Ruslar bu mahnılara “podolyudnıye pesni” deyirlər.

Məsələ ilə məşğul olmuş alimlər falaçma adətini ikiyə ayırırlar: biri sırf falaçma (kleromantiya), ikincisi su ilə falabaxma (hidromantiya). Bu adətlərin bəsit şəklinə ibtidai xalqlar arasında rast gəlirik, mürəkkəb şəkli isə qədim Yunanıstanda və Bizansda olmuşdur.

Bizim vəsfi-hal da hidromantiya qismindən olaraq Azərbaycanın bəzi nöqtələrində icra olunur. Badya başında söylənilən mahnıya gəldikdə, bu, bayatı deyə tanıdığımız dördmisralı xalq şeridir. Halbuki bayatı, ağı və vəsfi-halın bir-birinə bənzəyişi zahiridir. Ağı daima kədərli olduğu halda vəsfi-hal ümid verən, nəşə doğuran və mətanət bağışlayandır. Bunlar bir-birindən yalnız məzmunca ayrılır. Quruluş etibarilə bir-birindən ayrılmaz: üçü də dördmisralıdır, üçündə də birinci iki misradakı fikir son iki misradakı məqsədi qüvvətləndirmək üçündür. Buna paralelizm deyilir.

Vəsfi-halların bəzilərində ən qədim etiqad və fəlsəfə izlərinə rast gəlirik. Bunların izahı üçün Yaxın Şərqin və bilxassə Iranın ən qədim dövrünü öyrənmək lazımdır. Fikrimizi izah etmək üçün bir vəsfi-hal alaq:

Ağ at gəlir enişdən

Sinəbəndi gümüşdən

Bizə də nəsib olsun

Heybədəki yemişdən.

Zahirən baxdıqda birinci sətirlərlə sonuncu iki misra arasında heç bir rabitə və əlaqə görünmür. Halbuki, burada üzvi bir rabitə var: birinci misralardakı fikir həsrətində bulunan arzunu qüvvətləndirir və ümid verir. Burada işlənən ayrı-ayrı sözlərin belə böyük bir tarixi var.

Bu gün belə bizdə yuxuda at görülsə, onu murada çatmaq sayırlar. Bu gün də bəziləri qapısına, ya dükanın kandarına bir at nalı salmaqla arzusuna çatmaq istəyir. Iran tarixində rast gəldiyimiz adların çoxunda əsb (at) sözü var. Məsələn: Gişdasb, Damasb, Camasb, Ardızasb, Farnasb, Ariasb və i. a. Sahilində yaşadığımız dənizin adında da “əsb” sözü var, bunlarda yaşayan “Qasb” xalqının adı ilə adlanmışdır. Qafqaz kəlməsində də eyni söz var: Əslində “Qafqasb” olmalıdır (Qasb dağı deməkdir...).

Vəsfi-halda murad və arzu mənasına işlədilən at kəlməsinə bir “ağ” sifəti də qoşulmuşdur. “Ağgünlü” xoşbəxtə deyərlər. Vəsfi-haldakı “gümüş sinəbənd” də mənasız deyildir, xalq arasında bütün parlaq şeylər – gümüş, su, güzgü, nur xoşbəxtliyə və parlaq gələcəyə aiddir.

Vəsfi-halda ifadə olunan əsil arzu məcazi olaraq “Heybədəki yemişdən” ibarətdir. Xalq şeri müəllifi bu arzunu bir sıra səadət rümuzları ilə əhatə etmişdir:

Ikinci bir vəsfi-halı alaq:

Güzgünü atdım bayıra,

Şövqü şəfəqi çayıra.

Yığılın qohum-qardaş

Işimiz dönüb xeyirə.

Yenə paralelizm: güzgünün şəfəqi çayırı nurlandıran kimi işlər də xeyrə dönür. Güzgü xoşbəxtlik rümuzudur. Gəlin köçürüldükdə, ya xonça aparanda həmişə ön tərəfdə güzgü aparırlar ki, bu da gəlinin xoşbəxt olmasını arzulamaqdır.

Islamiyyət dövründə meydana çıxmış vəsfi-hallarda, təbiidir ki, Zərdüşt fikirlərilə bərabər müsəlman etiqadları da ifadə olunur. Ancaq vəsfi-halların xüsusiyyətini təşkil edən nikbinlik, ümid və səadət rümuzları yenə əsas olaraq qalır:

Bu məscidi mən yapdım,

Darvazasın gen yapdım

Şax atdı, budaq atdı,

Kölgəsində mən yatdım.

Göydə bir quzu gördüm,
Tükün qırmızı gördüm,
Açdım cənnət qapısın
Sevdiyim qızı gördüm.

Məscidin ocağında,
Şam yanar bucağında.
Allah muradın versin
Ağ oğlan qucağında.

Ağlama naçar ağlama,
Əlində açar ağlama,
Qapını bağlayan allah
Bir gün açar ağlama.

Qapıdan biri gəldi,
Gözümün nuru gəldi.
Bu arxı kim arıtdı,
Su belə duru gəldi.

Oturmuşdum səkidə
Ürəyim səksəkədə
Üç qızıl alma gəldi
Bir gümüş nəlbəkidə!

Yaxud da: Göydən bir alma düşdü,
Qızılı nəlbəkidə.
(müəllif)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Millətpərəstlər

Məşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli yeriyib soruşdu:– Qızım, sən kimin qızısan?

2 dəq
Vətən

Mənsur şeirPəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül...

2 dəq
Hərrac

Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:

5 dəq
Ağ buxaqda qara xal

Çağırram hay da verməz, Bədəsil fayda verməz; Ağ buxağın altından*Bir öpüş pay da verməz.*

8 dəq

Başqa şairlərin şeirləri