Səhifə 19 / 19 · 95%

Sonra o, sandığın küncündən durub, qara, uzun tumanını dalınca sürüyə-sürüyə pəncərənin qabağına getdi. Oradan Nabat xala harasa baxdı və yenə qayıdıb sandığın küncündə oturanda, bir əli ilə üzünü tutub, başını yırğalaya-yırğalaya dedi ki:

– Yaqubu tutdurdular, bala, Allah anbar açanın qapısını bağlı qoysun!

IV

Yuxuda gördüm ki, rayondan kəndə gələn yolda, çayın üçtündə, heyvalıqdayam; qara köpəyi şirnikdirib kəndə gətirmək istəyirəm, qara köpək dalımca qaçır, ancaq o biri arıq-axsaq itlər də gəlirlər, mən nə illah eləyirəm, qara köpəyi onlardan ayıra bilmirəm; qara köpəyin özü də o itlərdən ayrılmaq istəmir: bir az qaçır, sonra dayanıb arxasınca baxır. Mən daş atıb o itləri qovuram, itlər dayanırlar, yenə qara köpəyin dalınca cumurlar... Yuxudan ayılıb, indiyəcən mənə tamamilə real görünən bir şeyin birdən-birə yoxa çıxmağına peşman oldum. Elə bil mən o yuxunu görməsəydim, heç vaxt bilməyəcəkdim ki, qara köpəyi o biri köpəklərdən ayırmaq mümkün olan iş deyil...

Mən yuxudan ayılanda Yaqubun üç gombul qırmızıyanaq oğlu bir-birinin böyründə uzanıb şirin-şirin yatırdı. Nabat xala o biri otaqda qara, sətin çadrasını başına salıb səhər namazını qılırdı; arıq balacaboy Sədəf bacı eyvanda süd qaynadırdı və onun bir pudluq yumru qarpız kimi irəli uzanmış qarnına baxanda adam istər-istəməz o boyda qarnın o qədər nazik qıçların üstündə durmağına təəccüb eləyirdi.

Mən yuxudan ayılanda hələ həyətə gün düşməmişdi, ancaq arxların qırağında, divarların dibində təzəcə baş qaldırmış otların üstündə parlaq, gümüşü işıq vardı. Küçə qapısının qabağından ta eyvanacan əvvəlki torpaq yolun üstünü Yaqub sementlə örtmüşdü. Yaqub həyətin ortasında sementdən hovuz qayırmışdı. Hovuz dolu idi və onun içindəki sərin, dupduru su sement divarlardan sızıb həyətə tökülürdü.

Mən qapının dalından bibimin səsini eşidəndə qulağıma inanmadım, ona görə yox ki, o səs həddindən çox titrək idi, həddindən çox həyəcanlı idi; ona görə ki, səhərin bu vaxtında rayondan kəndə gəlib çıxmaq mümkün olan iş deyildi.

– Sadıq sizdə deyil ki?..

– Bizdədir, Mədinə, keç gəl içəri...

Hələ Sədəf bacı sözünü qurtarmamış mən tələsə-tələsə başmaqlarımı ayağıma taxıb qapıya qaçdım, çünki bibim mənim burada olub-olmamağımı çox ümidsiz soruşdu və o səsi eşidəndə mənə elə gəldi ki, əgər həmin dəqiqədəcə onun gözünə görünməsəm, bibimin ürəyi partlayacaq.

Bibim iplə sarıyıb rayondan gətirdiyi ağır dəftər-kitab bağlamasını ancaq məni görəndən sonra əlindən yerə qoydu. Mən bağlamanı yerdən götürdüm və bibim Sədəf bacı ilə hal-əhval tutandan sonra biz evimizə yollandıq. Yolda biz bir kəlmə də dinib-danışmadıq. Bibim nə Xəzərin barəsində bir söz soruşdu, nə də kəndə qaçdığıma görə məni danladı. Ancaq mən yol boyu hiss elədim ki, bibim ürəyində sevinir, məni tapdığına görə sevinir. Ona görə sevinir ki, küçələr son dərəcə sakitdir, hava son dərəcə yüngüldür, yumşaqdır. Ona görə sevinir ki, arxların qırağında bənövşə var: ağ bənövşə, qırmızı bənövşə, sarı bənövşə...

Bibim küçə qapımızın halqasına qıfıl yerinə keçirilmiş odunu çıxardıb atdı: evimizin dalında, dağın hamar döşünə təptəzə, qıpqırmızı gün işığından elə bil suvaq çəkilmişdi. Uzaqda, payonla kəndin arasında dayanmış dağın döşündəki ağ, dolayı yolda da təptəzə bir gün işığı vardı və o yola, o işığa baxanda, nədənsə, Səyyad müəllim mənim yadıma düşürdü. O Səyyad müəllim ki, bir dəfə məktəbin qabağından Lenin bağınacan bibimlə söhbət eləmişdi. O Səyyad müəllim ki, bibimə demişdi: “Əgər razı olsan, Sadıq sənin də, mənim də balam olar”.

Mən istəyirdim ki, bibimdən soruşum: məktəbdə sənə nə dedilər, Mərcan xala qəssab Əliyə getdimi, Qubad yerindən durdumu... Ancaq bütün bunların əvəzində mən tamam başqa bir şey dedim. Dedim ki:

– Daha mən o şəhərə getməyəcəyəm.

Bibim evimizin qapısındakı paslı qıfılı açdı, onu divarın dibindəki yumşaq torpağın üstünə atdı və qapını itələyib dəhlizə girəndə dilləndi:

– Heç mən də getməyəcəyəm.

Otağımız işıqlı idi, həddindən çox işıqlı idi. Bir vaxt Yaqubun saldığı şüşələr pəncərədə olduğu kimi də qalmışdı. Ağzı kəndirlə bərk-bərk bağlanmış bir tay qozu Yaqub divarın dibinə qoymuşdu. Bibim dizini kisəyə söykəyib tələsmədən kəndiri açırdı.

Dedim:

– Bibi, Yaqubu tutublar, bilirsən?

– Bilirəm.

Bibim kisənin ağzını açdı, iki qoz götürdü. Qozları əlində sındırıb, bir qanadını ağzına qoydu, qalanını yerinə tulladı.

– Sən dərsindən qalma, Sadıq, – dedi. – Mən yorulmuşam, bir balaca yorulmuşam, uzanım bir az yatım.

Bibim palaza bükülmüş yorğan-döşəyi yerə açıb uzandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 dəq
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 dəq
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 dəq
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 dəq

Başqa şairlərin şeirləri