Qalanın başında toplar quruldu,İki nizami bir-birinə vuruldu,Ala göz Osmanlı təmam qırıldı,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Atımı bağladım Qarsın daşına,Kəllə atılanda da kəsin döşünə,Nişanlım köyçəkdir, getdim qoşuna,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Yeridim, yeridim, yoruldum, yatdım,Aynalı tüfəngi Moskova atdım,Atamı unudub anamı atdım,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Qalanın başında qovdum maralı,Sarı Moskov gəlir, cibi paralı,Ala göz Osmanlı təmam yaralı,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olarsan, Muxtar paşa, cavan qalmadı.

Tüfəngim dirəkdən asılı qaldı,Paltarım buxçaya basılı qaldı,Nişanlım məndən küsülü qaldı,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Qalanın altında bir nar ağacı,Yarpağı şirin, dənəsi acı,Bir dərdə düşmüşəm, yoxdur əlacı,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Qalanın dibində bir sürü qoyun,Xınalı əllərin qoynuma qoyun,Yarımı görmədən mən necə doyum,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Qalanın altından bir bulaq axar,Anam ağlar, bacım yollara baxar,Nişanlım köyçəkdir, dünyanı yıxar,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Anama deyin siz atımı satsın,Aynalı tüfəngi çəngəldən assın,Nişanlım köyçəkdir, qardaşım alsın,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Nişanlım köyçəkdir, qardaşım alsın,Qardaşım almasa, yoldaşım alsın,Yoldaşım almasa, evimizdə qalsın,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Qalanın dibində sərildim, yatdım,Yüz başı gələndə qan-tərə batdım,Anamı, bacımı vətənə satdım,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

Əyil, dağlar, əyil, üstündən aşım,Təzə təlim çıxdı, necə alışım,Qismət olmaz nazlı yarla danışım,Bu nə yaman, Allah, aman, gedən gəlmədi,Kor olasan, Muxtar paşa, cavan qalmadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri