Gün Topxana meşəsində təkcə yarpaqların üstünə düşürdü; ağacların qol-budağı o qədər sıx idi, o qədər bir-birinə bitişmişdi ki, meşənin içində, elə bil, axşam idi.

İki atlı yavaş-yavaş yanaşı addımlayırdı.

Qaçaq Bahadır:

– Qal, – dedi. – Qal mənimlə. Qal mənimlə bu köpək uşağının, bu tacirdarğaların, bu kazakların anasını ağlar qoyaq!

Nicat:

– Sonra? – soruşdu. – Sonra nə olsun? Kazak azdı? Naçalnik, pristav olmağa adam azdı? Bunlar gedib, onlar gələcək, nə qazanassan? Onun anasını sən ağlar qoyassan, sənin atlılarından da beşinin anası ağlar qalacaq. Bu cür gəlib, amma bu cür gedə bilməz, Bahadır! İlanı gərək başından əzəsən!

– Haradı yolun?

– Horadizə düşüb, ordan Bakıya gedəcəyəm.

Qaçaq Bahadır:

– Vağzalda tutarlar səni, – dedi. – Böyük bəy bütün Qarabağ mahalında səni axtartdırır.

– Maşinist dostlarım var, aparacaqlar məni.

– Böyük bəyin əli uzundu, Bakıda da çatar sənə.

– O uzun qolları kəsməkdən ötrü gedirəm Bakıya, Bahadır!

Qaçaq Bahadır atın başını çəkib dayandı. Nicat da atını saxladı. Bir müddət bir söz demədilər, bir-birilərinə baxdılar. Sonra Qaçaq Bahadır:

– Yolun sayalı olsun, qardaş! – dedi. – Dünyanın işləridi, sən gedəsi oldun, mən qalası. – Sonra Qaçaq Bahadır başını qaldırıb Topxana meşəsini ağac-ağac, kol-kol gözdən keçirtdi. – Mənimki bu Topxana meşəsidi. Nə qədər burdayam, nə qədər at belindəyəm, nə qədər tüfəng tutur əlim, nişan seçir gözüm, atışacağam bu köpək uşağıyla! Nə hökumət olur-olsun, atdan düşdü yoxdu, qardaş. Bütün dünyanın hökumətləri mənim düşmənimdi! – dedi Qaçaq Bahadır. – Yaxşı yol sənə! – Və Qaçaq Bahadır geri döndü, çapıb Topxana meşəsində görünməz oldu.

Tək atlı isə yavaş-yavaş dağlardan endi və bu dəm bu tək atlının hər bir hərəkətində bir hüzn, bir kədər var idi, bütün bu yerlərdən ayrılıb getməyin hüznü, kədəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri