Bütün bu Şuşa dağlarının fövqəladə komissarı Nicat Ovçuoğlu bu otaqda həm yaşayırdı, həm də bura onun müvəqqəti iş yeri idi və bu otağın pəncərəsindən Xəznə qayasının sıldırım zirvəsi aydın görünürdü.

Bu otağa o qədər girib-çıxan olurdu, hamı o qədər tələsirdi, hamı elə işgüzarlıq göstərirdi ki, bütün bu tələsiklik, vurnuxma müqabilində Xəznə qayasının ağır, təmkinli sükutu, diqqət edəndə, fikir verəndə, qəribə, sirli, bəlkə də sehrli təsir bağışlayırdı.

Nicat budəfəki camaatı yola salandan sonra, mizin üstündəki balaca zəngi götürüb səsləndirdi və elə bu səsə bəndmiş kimi, cavan əsgər içəri girdi:

– Eşidirəm, yoldaş komissar.

– Qaryagin tərəfdən nə xəbər var?

– Dünən gecə bizim hissələr Qaryagindən ötüb Cəbrayılla Qubadlı qəsəbələrinə daxil oldu. Hələlik təzə bir xəbər yoxdu.

Nicat yerindən qalxıb divardan asılmış böyük xəritənin qabağına gəldi:

– Bəs Zəngilan?

– Hələ bir məlumat yoxdu. Hacımahmudlu Kəriş bəy Horadiz tərəfdə Arazı keçmək istəyəndə bizimkilər tutublar. Burdadı indi.

– Tək qaçırmış?

– Üç-dörd bəylə mal-qaranı, qoyun-quzunu qabaqlarına qatıb, qaçırmaq istəyirmişlər o taya, iyirmi araba yükü xalı-gəbə, qızıl-gümüş aparırmışlar özləriylə.

– Gətirin onu bura.

Nicat öz yerinə keçməmişdən əvvəl pəncərədən Xəznə qayasına baxdı.

Kəriş bəy əli arxasında içəri girdi və bəyin duruşunda, baxışında bir istehza vardı; islanmışın yağışdan qorxusu yoxdu. Kəriş bəy də bunu yaxşı başa düşürdü və bunu başa düşdüyü üçün də özünü kişi kimi aparırdı.

Nicat cibindən maxorka kisəsi çıxarıb papiros bükdü.

Kəriş bəy komissarın əlindəki papirosa işarə elədi:

– Hökumət üzvü olanda da maxorka?

Nicat gülümsədi:

– Eybi yoxdu, vaxt gələr, bahalı papiros da çəkərik. Qaça bilmədiz, hə, bəy?

– Zəmanə sizin zəmanədi indi...

– Yaxşı, bu mal-qaranı ki, götürüb aparırdız, demirdiz, bəs, nəylə dolanacaq arvad-uşaq?

– Bəs, siz onlara yağ-bal verməyəcəksiz? Süd gölündə üzdürməyəcəksiz? Əlbəttə, belə olmayacaq! Olmayacaq belə! Onsuz da, acından öləcəklər hamısı! Rusların qabağına düşüb viran elədiniz yurdumuzu. Atasını yandırdınız Vətənin, elin, obanın. O vətənin ki, – Kəriş bəy iki barmağını düz tutub hirslə, az qala, öz gözlərinə soxdu, – bax, bu iki gözümü də verərəm onun yolunda, «uf» demərəm! Nicat Ovçuoğlu papirosu külqabıda sıxıb söndürdü və dedi:

– Bəs biz ki, bu qədər pisik, siz də vətəni beləcə istəyirsiz, onda niyə vətəni də, eli-obanı da qoyub Arazı keçib qaçırsız?!

Kəriş bəy bir söz demədi və bu zaman cavan əsgər hövlnak içəri girib:

– Yoldaş komissar, bir nəfər hay-küy salıb yaraqlı-yasaqlı içəri girmək istəyir.

– Kimdi?

– Kim olduğunu demir. Hündürboy, zəhmli kişidi.

– Buraxın içəri. Bunu isə aparın.

– Yoldaş komissar, tüfəngli-zadlı buraxaq?

– Əməl edin, yoldaş Valeh!

Cavan əsgər Kəriş bəylə birlikdə otaqdan çıxdı və onların çıxmağı ilə də Solaxay Həsənalının içəri girməyi bir oldu.

Nicat tələsik yerindən qalxıb kişinin əlindən yapışdı.

– Xoş gördük, ata! Başa düşdüm ki, sənsən! Necəsən, ata?

Solaxay Həsənalının sifətində bir tük də tərpənmədi.

– On gündü gəlmisən, indi soruşursan? Yoxsa, Gülablını tay şəninə sığışdırmırsan?

Nicat gülümsəyib:

– İnciməyə haqqın var, ata, – dedi. – Sağ-salamat olmağından hal-əhval tutmuşam. Özüm də ha deyirəm indi gedərəm, bir saatdan gedərəm, hər dəfə bir iş çıxır ortaya. Biz bu saat əksinqilabla ölüm-dirim mübarizəsi aparırıq, yəni ki, onların ölümü, bizim diriliyimiz.

Solaxay Həsənalı əlindəki beşatılanın qundağını yerə söykəyib necə dayanmışdısa elə-eləcə də dedi.

– Ona görə də oturmusan Böyük bəyin imarətində? Ona görə də Böyük bəyin bacısını almısan?

Nicat köksünü ötürüb bir müddət susdu və burası tamam aydın idi ki, qarşısındakı atası yox, bir başqası olsaydı, cavabını alardı.

– Əvvəla burada müvəqqəti qalıram, ata. İkincisi, indi bu mülk nə mənimdi, nə də Böyük bəyin, xalqındı, məktəb eləyəcəyik buranı. O ki, qaldı... Sən bilirsən ki, mənim onun bacısı ilə münasibətim çoxdanın əhvalatıdı...

– Heç bir namuslu oğul atasının dədə-baba yurdunu dağıdıb kor qoyan, özünü dost-düşmən yanında xar eləyən namərd düşməninin bacısını almazdı!

– Qızın nə təqsiri vardı, ata? Bacı qardaşın, özü də Böyük bəy kimi bir qardaşın işinə necə cavabdeh ola bilər?!

Solaxay Həsənalı qəzəbindən boğula-boğula:

– Düşmənin böyüyü-kiçiyi yoxdu, – dedi. – Düşmən düşməndi! Bəs, mənim nə günahım vardı? Kişi əcdadının namusunu arvada satmaz!

– Ata!.. – Nicat özünü güclə ələ aldı. – O qızın ürəyi...

Solaxay Həsənalı oğlunun sözünü kəsdi:

– Boşla bu əzginiş sözləri! Kişi söhbəti danış! Arvadın dili şeytan dilidi. Onun felinə düşməmək üçün kişi olmaq lazımdı!

Nicat dərindən nəfəs alıb:

– Sağlıq olsun, ata... Vaxt gələr, görərsən ki, yaxşı qızdı o...

Solaxay Həsənalı birdən-birə maraqlandı:

– Kəbin kəsdirmisən ona?

– Əlbəttə.

– Kim kəsib kəbini?

– Qırmızı molla.

Solaxay Həsənalı təhdidlə:

– Deyəsən, məni dolayırsan, – dedi. – Mollanın da qırmızısı, ağı olur? Hardadı o qırmızı molla?

– Bizim polkda.

Bu dəfə Solaxay Həsənalı dərindən nəfəs aldı:

– Allaha şükür ki, ona bizim molla kəbin kəsməyib! Günü bu gün qov getsin!

– Bu nə zarafatdı, ata?

Solaxay Həsənalı qəzəblə:

– Sən mənim ömrümdə zarafat eləməyimi görmüsən?! – soruşdu. – Dedim ki, qov getsin!

Nicat həyəcanla:

– Bu, mümkün olan iş deyil, ata! – dedi.

– Sən kişisən! Əyər o sənin ürəyinin bir parçasıdısa, o parçanı kəs at, qoy Böyük bəy görsün ki, bir olan Allah nahaq işi qisassız qoymaz! Böyük bəyin ingilis banklarında milyonları var. Gedib yenə kefi istəyən kimi yaşayacaq, mənim qisasımı bəs kim alacaq?! – Solaxay Həsənalı bir müddət susdu, sonra dərin bir kinlə: – Onun bacısını bir qatıra mindir, – dedi. – Göndər hüzuruna. Qoy yansın ciyəri qiyamətəcən!

Bu dəfə daha Nicatın təmkini tab gətirmədi:

– Bəsdi, ata! Bəsdi!

Solaxay Həsənalı hiddətlə guruldadı:

– Qışqırma! Naməkbəharam! Yoxsa, elə bilirsən ki, qapında soldat durur

deyən, səndən qorxub çəkinəcəyəm? Bu gündən sən adlı oğlum yoxdu mənim! Qoy Böyük bəyin yurdunu, yuvasını dağıdıb qapılara saldığı ananın südü sənə haram olsun! Dörd ildi at belindən düşmürəm, dağlar, daşlardı məskənim, Böyük bəyin

adamları izləyiblər məni ki, vursunlar. Kaş elə vuraydılar!

Solaxay Həsənalı ayağı ilə qapını vurub açdı, əl-ayağa dolaşanları o tərəf-bu tərəfə itələyib həyətə çıxdı, qapı ağzında gözləyən atın belinə sıçrayıb bir cavan oğlan kimi çapdı və Böyük bəyin həyət darvazasından çıxıb getdi...

...Valeh komissarın otağına girdi:

– Yoldaş komissar, üç gün bundan əvvəl üzə çıxıb, guya ki, bizim tərəfə keçən qaçaq Şahmar günün günorta çağı Hüseyn bəyin evinə basqın eləyib, bütün qiymətli şeyləriylə bərabər, iki uşaq anası cavan arvadını da kəbinli-kəbinli zorla götürüb qaçırıb.

Elə bil, hələ də özünə gəlməyən Nicat Ovçuoğlu bir biganəliklə:

– Bəs Hüseyn bəy özü hardaymış? – soruşdu.

– Hüseyn bəy biz gələndə qaçıb. Harda olduğu məlum deyil!

Və bu vaxt elə bil ki, Nicatın bütün hirsi, kini bir vulkan kimi püskürdü:

– Yerin dibində də olsa, qaçaq Şahmarı tutub tribunala vermək lazımdı! Güllələmək lazımdı belələrini camaatın gözü qabağında! Aydındı?

Valeh tələsik:

– Bəli, yoldaş komissar, – dedi, – aydındı!

Nicat bir balaca özünə gəlib:

– Bahadırdan nə xəbər var? – soruşdu:

– Qaçaq Bahadır bu saat öz dəstəsilə Topxana meşəsindədi... Qara camaat onun xətrini istəyir, yoldaş komissar...

– Bilirəm. Hazırlaş, sabah sübh tezdən onunla görüşməliyik.

– Neçə atlı götürək?

– İkimiz gedəcəyik, sənlə mən. Qorxmursan?

– Mən yox, yoldaş komissar, sizin həyatınız üçün təhlükəli olar. Hər halda, qaçaq qaçaqdı... Bələdçi də götürməyək?

– Bələdçi? – Nicat Ovçuoğlu gülümsədi. – Topxana meşəsində mənə bələdçi lazım deyil, Valeh...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, XII

Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:

4 dəq
İkinci hissə, XIII

Elə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...

6 dəq
Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 dəq
Küləyin, çinarın və qaranquş balasının hekayəti

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.

3 dəq

Başqa şairlərin şeirləri