XXIII fəsil
Səhifə 1 / 2
Eysebio (Əbülfət!.. Əbülfət!.. Əbülfət!..) Bakıdan gəlib Yataqxananın o həyətində futbol oynayanda, Cəmiləyə elə gəlirdi ki, həyətin yuxarı başındakı o üç gözəl iydə ağacı da Eysebioya (Əbülfətə!.. Əbülfətə!.. Əbülfətə!..) baxırlar və onlar da Eysebionu (Əbülfəti!.. Əbülfəti!.. Əbülfəti!..) sevirlər...
XXIV
Surxay Gözlə-Gəlirəm Məmməd kişinin dəfnindən sonra o kiçik qəbiristanlıqdan qayıdanda Kolxoz kişinin qəbrinin yanında ayaq saxladı və Kolxoz kişinin kubik başdaşına baxa-baxa:
– Nətərsən, ay ağsaqqal?– soruşdu və elə bil, hiss etdi ki, o «ağsaqqal» sözü qəbrin içində də Kolxoz kişinin xoşuna gəldi.
XXV
Gülzar arvad otağın açıq pəncərəsindən uzaqlara baxa-baxa sızıldayırdı və elə sızıldaya-sızıldaya da, elə bil, özü özündən soruşdu:
– Hardadı, görən, indi o profesır?
Səyyarə:
– Hankı professor, ay nənə?– soruşdu.
– O bizim evdə qalan də...
Səyyarə təəccüblə qaynanasına baxdı:
– Bizim evdə qalan?
– Hə də... Onda sən hələ bizə gəlməmişdin... Yayda Bakıdan gəlmişdi arvaduşağıynan. İkinci mərtəbəni onlara kirayə vermişdik... Deyirdi ki, Şuşa İsveçrədir... Deyirdi ki, gərək Şuşanın qədrin biləsiz...
Səyyarə:
– Sən də, ay nənə... – dedi. – İndi neynirsən o kişini?
Gülzar arvad:
– Yapışajam yaxasınnan, – dedi. – Deyəjəm, yaxşı, biz bilmədik Şuşanın qədrin, bə, sən niyə bilmədin Şuşanın qədrin, a köpəy oğlu?! Hıy?!
Səyyarə, sulanmış gözləri də səsi, nəfəsi kimi sızıldayan qaynanasının hərdən beləcə yaddaşı ilə qabaq-qabağa durmağına öyrənmişdi:
– Eh, ay nənə... İndi hərə öz hayındadı... – Sonra göz görəti Səyyarənin gözlərinə işıq gəldi (Əbilinin gələcək futbol məşhurluğunu xatırlayanda həmişə də belə olurdu, arvadın gözlərinə beləcə işıq gəlirdi). – Qoy bir, Əbili başlasın oynamağa, nə var ki, səni aparajam İsveçrəyə!..
Səyyarənin bu sözləri arvada elə təsir elədi ki, az qaldı, hansısa professorun əvəzinə gəlininin yaxasından yapışsın, gəlinini söyüb biabır eləsin:
– İsveçrəni neynirəm, az, mən? – Sonra qışqırdı: – Şuşanı ver mənə!.. Şuşanı!.. Elə bil, Şuşanı ermənilər yox, Səyyarə tutub saxlamışdı və heç kimi də ora buraxmırdı...
XXVI
O dəhşətli, o ağlasığmaz, inanılmaz hadisə iyunun 1-də baş verdi – birdən-birə, qəflətən baş verdi və o xəbərin həqiqiliyinə inanmaq mümkün deyildi.
Buzovna Fəhlə Yataqxanasının həyətindən cənazəsi qaldırılan 17-ci şuşalı, belə bir aqibəti sidq-ürəkdən arzulayan Cümü (Qızıl Diş Cümşüd) yox, Eysebio oldu.
O dəhşətli hadisə təkcə yataqxana camaatını, orda-burda məskunlaşmış və o
tükqabardan xəbəri eşidən başqa şuşalıları yox, təkcə Yataqxananın qonşuluğundakı Buzovna sakinlərini, Eysebionun futbolçu yoldaşlarını, məşqçilərini də yox, elə bil, bu həyəti, bu həyətdəki o beşmərtəbəli binanı, o iydə ağaclarını, o qoca zeytunu, o kranı, elə o qazanxananın özünü də canlı bir varlıq kimi sarsıtmışdı, elə bil, Fəhlə Yataqxanasının o həyəti birdən-birə titrəyişlərinin arası kəsilməyən gözəgörünməz bir zəlzələyə düşmüşdü – o həyət də bu bəd xəbərdən uçunurdu.
Mayın 28-i – bayram günü keçdi, 29-u, 30-u, 31-i də keçdi, Surxay Bayraqdarın o üçrəngli bayrağı Yataqxananın həyətindəki qazanxananın damında eləcə dalğalandı, iyunun 1-də Surxay saat 10 radələrində yenə tut ağacı ilə qazanxananın damına dırmaşıb bayrağı çıxardı və aşağı düşürüb, əvvəlcə evə aparmaq istədi, sonra fikirləşdi ki, günü günə satmasın, bayrağın təmirini elə indidən başlamaq lazımdır və ucluqdan başladı – dəmir ucluğu dartıb çıxartdı, bayrağı qəzetə, sonra da səliqə ilə sellofana büküb, qazanxananın divarının dibində yerə uzatdı, ucluğu təzədən nikel vurdurmaq üçün, avtobusa minib Mərdəkana getdi – qalayçı Mərdəkanda idi.
Və o dəhşətli hadisə də həmin iyunun 1-də, günorta saat 12 radələrində baş verdi.
Həmin gün Əbülfət məşq bazasında səhər idmanından sonra elektrik qatarına minib Buzovnaya gəldi və o saat onun başına toplanmış yeniyetmələr Əbülfətə heç otaqlarına qalxmağa da imkan vermədilər (sonralar Kamança Tanrıverdi deyirdi: «O yazığı əcəl girləyirmiş...»), həyətdə yenə gözəl bir futbol başladı.
Cəmilə beşinci mərtəbədəki pəncərədən həyətə baxırdı.
Əbülfətə elə gəlirdi ki, hansı simsiz teleqrafsa, onun gəlməyini o saat Cəmiləyə xəbər verir, çünki elə həyətə girəndə – hələ futbol hay-küyü (və sevinci) başlamamış
– görürdü ki, Cəmilə o pəncərədən baxır və yüz faiz – buna heç bir şəkk-şübhə yox idi – Əbülfətin yolunu gözləyir.
Cəmilənin o pəncərədən eləcə onun yolunu gözləməyi Əbülfət üçün futbol oynamağında məşqlərdən, səhər idmanlarından, baxdığı futbol videolarından qat-qat artıq bir şey olmuşdu – Cəmilənin onun yolunu gözləməsi Əbülfətin içində elə bir hissiyyat yaratmışdı ki, onu futbol meydanında eləcə oynadan, hər oyunda gözəl qollar vurduran da, bax, həmin o hissiyyat idi.
O gün də – 2003-cü il iyunun 1-i – o cür adi (və qeyri-adi) gözəl bir gün idi, həyətdə futbol başladı, adamlar yavaş-yavaş yığışdı və zərbələrin birindən sonra top qazanxananın damına düşdü. Əbülfət özü qaçıb bir göz qırpımında tut ağacı ilə yuxarı dırmaşdı – elə bil, o baxışların altında hər şeyi özü eləmək istəyirdi – qazanxananın damına atıldı və diyirlənib damın küncündə dayanmış topu götürmək istəyəndə ayağının altındakı daş qopdu və Əbülfət o daşla bir yerdə qazanxananın damından yerə yıxıldı.
Əbülfət uzuqoylu o bayrağın üstünə düşdü.
Bayrağın dəstəyinin ucundakı zubul Əbülfətin sinəsini deşib düz ürəyinə girmişdi...
XXVII
Eysebionun ölüm xəbəri gəlib Bolelşik Bufetçi İbadullaya çatanda, bu nəhəng kişi kövrəlib az qaldı, uşaq kimi ağlasın. Həmişə əlində olan böyük əl-üz dəsmalı ilə peysərinin, sinəsinin tərini silə-silə:
– Alə, – dedi. – Allah, elə bil, seçib aparır bir-bir!.. Alə, bilirsən necə futbolist olaceydi o bədbəxt?! – Sonra şalvarının dal cibinin düyməsini açdı və həmişə xüsusi xərclər üçün ehtiyatda saxladığı əzik-üzük və tərdən nəm çəkmiş zərfi çıxarıb içindəki dörd əllilik dollardan birini çıxardaraq oğlu Ağasəlimə uzatdı. – Alaginən. Get, bir dənə toğlu alginən, apar ver onlara, qoy Eysebio üçün ehsan versinlər...
Ağasəlim əyninə ağ xalat geyib bufetdə müştəriləri yola salmaqda atasına kömək edirdi və indi, bu istidə təzədən paltarını dəyişməliydi, Zabratla Maştağanın arasındakı qoyun bazarına gedib heyvan almalıydı, sonra da o heyvanı Buzovnadakı Fəhlə Yataqxanasına aparmalıydı...
Bolelşik Bufetçi İbadulla Ağasəlimin narazı sifətinə baxıb təkrar etdi:
– Get, oğlum, get... Qoy, bir savabı da sənə düşsün...
Və Ağasəlim əllilik dolları götürüb bufetdən çıxanda Bolelşik Bufetçi İbadulla oğlunun ardınca qışqırdı:
– Alə, alver elə, qoyun böyük olsun!..
Ağasəlim yenə narazı-narazı atasının puçur-puçur tər süzülən sifətinə baxdı, yəni ki, mən nə vaxtdan bəri pulu göyə sovuran olmuşam?
XXVIII
Əbülfəti iyunun 2-də dəfn etdilər.
Əbülfətin cənazəsini otaqdan götürüb həyətə aparanda, elə bil, dibinə qum tökmüsən, torba kimi sallanan ətsiz döşlərinin üstündən açıq sinəsini, üzünü cırmaq-cırmaq etmiş Səyyarə, Yataqxananın dəhlizində onu tutmuş arvadların əlindən buraxılıb Surxayın üstünə cummaq istəyirdi və batmış səsi ilə qışqırırdı:
– Sən girməliydin o bayrağınla bir yerdə qara qəbirə, sən!..
Arvadlar Səyyarəni güclə saxlayırdılar.
– Səni görüm bayrağınla bir yerdə gorbagor olasan, Surxay!.. Sənə gəldiyim gün başıma bir qara daş düşəydi mənim!.. Gorbagor olasan səni, Surxay, bayrağınla bir yerdə!..
XXIX
Molla Fərzəli (Fərzəli müəllim) həyətdə «Fatihə» verdi və Buzovna Fəhlə Yataqxanasının sakinləri, bu acı xəbəri eşidib gəlmiş başqa Şuşa qaçqınları, komanda yoldaşları, məşqçilər Əbülfətin cənazəsini qaldırıb Şuşalılar qəbiristanlığına tərəf üz tutdu.
Cəmilə uçuna-uçuna pəncərənin qabağında dayanıb həyətə baxırdı və uçuna-uçuna da pıçıldayırdı:
– Əbülfət... Əbülfət... Əbülfət...
Qəbiristanlığa ancaq kişilər gedirdi. Səhərin gözü açılandan Səyyarənin yanında olan Sona ilə Güllü arvad, heç olmasa, bir stəkan çay içməkdən ötrü otağa girdi və Sona qızının uçuna-uçuna pəncərənin qabağında dayanıb həyətə baxa-baxa yazıq Əbülfətin adını pıçıldadığını görüb əməlli-başlı özünü itirdi, səhərdən bəri Səyyarənin dərdinə ağlamaqdan qızarmış gözləri bərəldi:
– Az, Cəmilə?..
Cəmilənin, elə bil, nə anası ilə nənəsinin otağa girməyindən xəbəri var idi, nə bir söz eşidirdi, elə o cür uçuna-uçuna pıçıldayırdı:
– Əbülfət... Əbülfət... Əbülfət...
Əlbəttə, Əbülfətin ölümü hamı kimi, Sonanın da ürəyini yandırırdı, amma qızını belə bir vəziyyətdə görməyi bu cavan qadını, həqiqətən, çaşdırmışdı:
– Bu nədi az, nağayrırsan?
Cəmilə pəncərənin qabağından çönüb, az qala, hədəqəsindən çıxmaq istəyən dəli gözləri ilə onlara baxdı və bərkdən:
– Əbülfət!.. – deyə çığırıb özündən getdi.
Güllü arvad tələsik Sonaya:
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bayraqdar-xxiii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Felyetonvari)NEKROLOQ ƏVƏZI. Amansız ölüm gənc və istedadlı alimimiz Əlirza Yananı yaradıcılığının çiçəkləndiyi bir dövrdə aramızdan apardı. Sənət səmamızın bir parlaq ulduzu daha əbədi olaraq kainatın ənginliklərində görünməz oldu.
ZirehSonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə Şahinin çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib pəncərənin gözlüyünü açım.Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də əməlli-başlı yatım gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi yatmırdı.
Qırmızı ayı balasıRəhman BədəlovaC. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq?
On ildən sonraSonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir.