Səhifə 1 / 3

Rəhman Bədəlova

C. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq?

«Təskinlik» sözü fikrinə gələn kimi, yenə də dilxor oldu; bu sözdən zəhləsi gedirdi, ən pis söz idi bu söz.

Zavoddan çıxıb trolleybusa mindi və birbaş Nizami küçəsindəki evinə gəldi; əvvəlcə açarla qapını açdı, qapını açandan sonra zəngi basıb içəri girdi.

Zəngin səsi elə qəribə, elə qeyri-adi səsləndi ki, C. Səlimov özü də heyrət etdi; elə bil bu qaranlıq dəhliz də heyrət etdi, elə bil aylardan bəri üstünə toz hopmuş bu divan da, bu kreslolar da, bu şifoner də, kitab dolabı da heyrət etdi, elə bil bu divarlar da heyrətindən donub qaldı, kreslonun üstündəki qırmızı rəngli bu yekə ayı balası da səksənib yerindən atılacaqdı indicə və indicə Leyla da elə bil qışqıracaqdı ki, papa gəldi, qapını açın.

Bu qırmızı rəngli ayı balası səksənib yerindən atıla bilər, amma Leyla daha heç vaxt qışqırmayacaqdı ki, papa gəldi, qapını açın.

Leylasız onun üçün həyat yox idi – yalanmış, Leyla yoxdur, o isə yaşayır; Leyla yoxdur, evin bu avadanlığı isə yenə də yerindədir, televizor yenə də işləyir, radio yenə də son xəbərləri verir, konsert verir, küçədə yenə də maşınlar gedir, mətbəxdəki soyuducu yenə də hərdən tırıldayır, hərdən dayanır, bu qırmızı ayı balası da eyni vəziyyətdə, eyni təbəssümlə öz yerindədir, təkcə divardan asılmış saat çıqqıldamır.

C. Səlimov əvvəlcə bir siqaret yandırdı, sonra divardan asılmış saatı qurdu. Divardakı saatda üçə on dəqiqə qalırdı, əslində isə axşam saat səkkizi keçmişdi, amma o, saatı düzəltmədi, çünki bunun mənası yox idi.

Divar saatı çıqqıldamağa başladı, amma bu çıqqıltı da bu əşyalar kimi, bu qırmızı rəngli ayı balası kimi durğun və ölü idi.

Birdən C. Səlimovu soyuq tər basdı, tükləri ürpəşdi, ona elə gəldi ki, Leyla ölüb. Sonra mətbəxə keçib əl-üzünü yudu.

Mətbəxin divarında asılmış təqvimdə mayın 16-sı idi, təqvimin arxasındakı kartonda Bethovenin şəkli var idi, saralıb-solmuşdu, elə bil qoz yarpağı idi və elə bil indi payızın lap axırları idi.

Bu gün iyulun 11-i idi.

Şəfiqə Leylanı da götürüb martın 22-də bu otaqdan çıxmışdı: aprel, may, iyun – üç ay, bu da on bir gün; üç ay on bir gün, o da səkkiz gün – üç ay on doqquz gün idi getmişdilər; neçə il olacaq getdikləri – C. Səlimov ölənə qədər: on ilmi, iyirmi ilmi, azmı, çoxmu – dəxli yoxdur, o, Şəfiqəsizdir, Leylasızdır və həmişə də belə olacaq, bu iki otaq da ölüb daha, bu əşyalar da ölüb, heç vaxt da dirilməyəcək.

Həmin gün bahar bayramı idi və bahar bayramı günü getdi onlar.

Leyla böyüyəcək, ərə gedəcək, bəlkə xoşbəxt olacaq – onsuz.

Bəlkə Leyla da böyüyəcək, bir iş sahibi olacaq, amma bədbəxt olacaq – onsuz.

Şəfiqə də nənə olacaq, qocalacaq, saçları ağaracaq – onsuz.

Otağa keçib küçə pəncərəsini açdı və küçəyə boylandı və birdən-birə ona elə gəldi ki, bu saat bu küçə ilə tabut aparacaqlar. Yandakı pəncərədən qapıbir qonşusu artist də küçəyə boylanırdı və C. Səlimovu görən kimi həmişəki kimi şit-şit gülümsədi və salamlaşdı: «– Axşamınız xeyir, qonşu».

Sonra C. Səlimov divanda oturdu və qırmızı rəngli ayı balasına baxdı: «– Axşamınız xeyir, qonşu!»

Nə olardı, bir möcüzə baş verəydi: bu qırmızı rəngli ayı balası bu saat yerindən durub dombalaq aşaydı.

Möcüzə ancaq nağıllarda olur.

Leyla da bilirdi ki, möcüzə nə deməkdir və deyirdi ki, düz deyil, möcüzə ancaq nağıllarda olmur, mən özüm televizorda görmüşəm, quş dönüb adam olur.

Bir də Leyla deyirdi ki, ayı ayı deyil, çünki heyvanxanadakı ayı qırmızı deyil, ayı isə, qırmızı olur, mənim ayım kimi.

Bu qırmızı ayı balasını keçən il Leylanın dörd yaşı tamam olanda babası almışdı, Şəfiqənin atası, Mədəd kişi. Srağagün bura gəlmişdi, oğrun-oğrun baxırdı bu ayı balasına; yəqin utandı, yoxsa götürüb aparardı, yəqin Leyla hər gün onu dəli edir ki, hanı mənim qırmızı ayım?

C. Səlimovu bu saat bütün dünyada hər şeydən və hamıdan artıq bu qırmızı ayı balası sıxırdı, nəfəs almağa qoymurdu onu, çünki bu eyni ifadə, bu eyni duruş müsibət idi, çünki bu qırmızı ayı balası Leyla ilə birlikdə olanda həmişə gülərdi, həmişə Leyla ilə oynayardı; bu qırmızı ayı balası Leylanın ilk dostu idi.

Əlbəttə, C. Səlimov bu qırmızı ayı balasını götürüb tullaya bilərdi, amma onda hər şey bitərdi, qurtarardı hər şey.

Məgər hər şey bitməyib? Bitib hər şey.

Srağagün Mədəd kişiyə də belə dedi: hər şey bitib.

Mədəd kişi bura guya Şəfiqədən xəbərsiz gəlmişdi, deyirdi ki, uşaqlıq eləməyin, heç bir şeyin üstündə özünüzü bədbəxt eləməyin, deyirdi ki, dur gedək Şəfiqəgilin yanına, ya da heç olmasa dur zəng elə, düzələr hər şey. O da dedi ki, yox, hər şey bitib daha. Bəlkə elə doğrudan da, Şəfiqədən xəbərsiz gəlmişdi Mədəd kişi, ola bilər, yaxşı adamdır Mədəd kişi. Deyirdi ki, tərslik eləmə...

Qonşu artist yenə də divarı döyəcləməyə başladı: qışda deyir ki, divara xalça vururam (gecə saat birdə), bəs yayın bu cırhacırında nə edir?

C. Səlimovu tər basmışdı, qalxıb köynəyini çıxardı – sıxsaydın, suyu çıxardı; sıxıb eyvandakı kəndirdən asa bilər, subay vaxtları kimi.

Subaylıq sultanlıqdır, amma evlənəndən sonrakı subaylıq yox.

Bir az zarafat elə öz-özünə, bir az dola öz-özünü, bir az kitab oxu, bir az televizora bax, bir az radioya qulaq as, bir az zavod barədə fikirləş, sonra da yat, sonra da səhər tezdən dur, sonra da işə get, sonra da yenə bu cür.

Nə vaxta qədər?

Ürəyini sıxma, bir az gül öz-özünə, bir az sevin öz-özünə, hava da bürkü deyil, insanlar da gözəldir, bu siqareti də tulla, bax, bu qırmızı ayı balası da bu saat durub dombalaq aşacaq, nə var ki, götür öz əlində fırlat, özü də çox dərinə getmə, bəsdir donkixotluq etdin – nə birinci, nə də axırıncısan.

C. Səlimov qalxıb küçə pəncərəsinə yaxınlaşdı, eyni damlar, eyni ağaclar, eyni bürkü; bu eynilik Şəfiqəgil gedəndən sonra başlamışdı. Artist yenə başını çıxarıb gülümsədi. C. Səlimov soruşdu ki, nə var, nə olub? Artist də soruşdu ki, bəli? C. Səlimov bir də soruşdu ki, deyirəm yəni nə var, nə olub, bir maraqlı hadisə baş veribsə, deyin biz də gülək. Artist çox ciddiləşdi, bir az qızardı da deyəsən – axşam idi, bilinmirdi – sonra soruşdu ki, siz Bədir Bədirlinin əsərlərini oxumusunuz? C. Səlimov cavab verdi ki, xeyr, oxumamışam, çox gülməli kitabdır? Artist də dedi ki, yaman gülməlidir, ailə həyatının dağılmasının sinir sisteminə təsirindən danışır, sonra yenə gülümsədi. C. Səlimov da dedi ki, mən sizin yerinizə olsaydım, Bədir Bədirlinin kitablarını oxumazdım.

C. Səlimov siqareti külqabına basıb söndürdü və divanda oturdu. Birdən-birə ona elə gəldi ki, kim isə arxadan zəndlə ona baxır, kim isə gözlərini düz ona tuşlayıb; boynu yandı bu baxışlardan, amma dönüb arxaya baxmadı, çünki bilirdi, bu «kim isə» – telefondur, dəhlizin başındakı kiçik dolabın üstünə qoyulmuş telefon; dönüb baxmadı, çünki Mədəd kişigilin telefon nömrəsini yadından çıxara bilmirdi, bu telefon nömrəsi başından çıxmırdı ki, çıxmırdı: 22-76-84; Şəfiqə də, Leyla da 22- 76-84-də idi.

Sonra o, qırmızı ayı balasına baxdı və səksəndi, elə bil bütün bədənindən sızıltılı üşütmə keçdi – ona elə gəldi ki, bu saat bu qırmızı ayı balası ayağa qalxıb onun əlindən tutacaq və çəkə-çəkə telefonun yanına aparacaq, dəstəyi götürüb nömrəni yığacaq: 22-76-84, sonra da dəstəyi ona verəcək, başının üstündə dayanacaq ki, danışsın, başının üstündə dayanacaq – qırmızı geymiş cəllad kimi.

Niyə cəllad kimi?

Leyla bu saat öz qırmızı ayı balasını orada gözləyir – 22-76-84-də, öz nağıllarını da orda gözləyir, orada gülür, orada küsür, orada ağlayır, orada darıxır; Şəfiqə də oradadır, gülmür Şəfiqə, qocalıb Şəfiqə otuz yaşında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri