İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı»

pyesinin motivləri əsasında yazılmışdır.

Şərqə karvan çəkən buludlar altından Topxana meşəsi görünürdü və bu dəm bu meşə sakitliyində elə bil ki, əsrlərdən keçib gələn bir mahnının sədaları eşidilirdi:

Deyirlər Qarabağ bir cənnət imiş,

Bəslərmiş qoynunda mələklərini.

Məndə qüdrət hanı qələm çalmağa,

Tərif eləməyə ancaq birini.

Və elə bil ki, bu dəm sədası meşəyə yayılmış bu mahnını kimsə bir nəfər oxumurdu, elə bil ki, bu mahnı Topxana meşəsinin mahnısı idi; elə bil ki, bu qollu-budaqlı ağaclar, bu kol-kos, bu sıldırım qayalar həmin mahnının sədalarını gözləyirdi, həmin mahnının dediklərini bəyənirdi, təsdiq edirdi.

Bu mahnının sədaları bu cavan qırqovulu da sehrləmişdi və quş böyürtkən kolunun yanında dayanıb, heç nədən çəkinmədən, elə bil ki, yazın bu çağında, günün bu günorta vaxtında təbiətdən pis bir şey gözləmədən, həmin mahnıya qulaq asırdı.

Nicatın altındakı səmənd ürgə də bu dəm səssiz-səmirsiz yerində dayanıb başını yuxarı qaldırmışdı və elə bil ki, karvan-karvan şərqə axıb gedən ağ buludlara baxırdı.

Bu ağ bulud karvanlarında, bu qoca palıdda, bütün Topxana meşəsində bu dəm bir əbədilik var idi.

Nicat birdən-birə böyürtkən kolunun yanındakı qırqovulu gördü və o saat da cavan oğlanın ovçu təbiəti oyandı, üzənginin üstündə ayağa qalxıb, əlini yuxarı uzatdı, palıddan bir qoza qırıb qırqovula tərəf atdı və atmağıyla da atın yalındakı tüfəngi götürüb sinəsinə sıxmağı bir oldu.

Qırqovul ürküb göyə qalxdı.

Nicat döşünə sıxdığı tüfəngi qırqovulun tuşuyla fırladı və bu zaman qəfil bir güllə səsi Topxana meşəsinin sakitliyini tamam darmadağın elədi və bir göz qırpımında qırqovulun qanadları yanına düşdü, quş bir daş parçası olub yerə dəydi.

Nicat əvvəlcə tüfəngə baxdı və elə bil təəccüb etdi ki, bu tüfəng öz-özünə necə açıldı, sonra qaya başında dayanmış atlını gördü və hirs onu boğdu.

Səmənd ürgə sahibinə sataşıb ovunu ovlayan atlıya tərəf götürüldü və sıldırım qayaları qalxan səmənd ürgənin ayaqlarının altından qopan çınqıllar aşağıya – əyri-üyrü yarğan boyu qıvrıla-qıvrıla axıb gedən və gün altında gümüş kimi parıldayan Daşaltı çayına töküldü.

Solaxay Həsənalı atın yüyənini dartdı və sıldırım qayanın başında dayanmış kəhər at şahə qalxdı; Solaxay Həsənalı yüyəni sağ əli ilə tutmuşdu, sol əlində tüfəng var idi.

Səmənd ürgə altdakı qayadan yuxarı çıxdı və Nicat yalnız indi atasını tanıdı, oğlanın tar simi kimi tarım çəkilmiş əsəbləri elə bil birdən-birə süstəldi:

– Mən də deyirəm kimdi belə, ovuma güllə atır?..

Solaxay Həsənalı:

– Əlin iti deyil, gözün iti olsun barı, – dedi və Nicata tərəf çapdı. – Ovçunun ki, ovunu vurdular, demək hələ ovçu deyil.

Nicat pərt oldu yaman, özünü güclə saxladı ki, artıq-əskik söz deməsin və onun bu vəziyyətini Solaxay Həsənalı da hiss etdi.

– Amma hirsdə-hikkədə, söz götürməməkdə Güzdəkli Bayandurun nəvəsisən.

– Sonra kişi gülümsədi və onun sərt sifətindən bir mehribanlıq ötüb-keçdi...

– Əslində elə Solaxay Həsənalı da sizə çəkib...

Səmənd ürgə ilə kəhər at birgə addımladı.

– Get qırqovulu götür, – dedi Solaxay Həsənalı.

– Mən vurmamışam ki, mən götürüm, – dedi Nicat.

Solaxay Həsənalı Topxana meşəsinə tərəf baxdı:

– Onsuz da, Böyük bəyin süfrəsinə qırqovul lazımdı. Bir qırqovul yerinə ikisi hayıf olmasın. Çap get götür.

Nicat da çönüb Topxana meşəsinə baxdı və elə bil ki, atasının sözləri ağlına batdı.

Solaxay Həsənalı dedi:

– Düzdü, adam gərək ağzını ətə, altını ata öyrətməyə, amma Böyük bəy qırqovulsuz keçinmir.

Nicat yaxşı başa düşürdü ki, atası nə deyir, amma Solaxay Həsənalı daha dolayısıyla yox, elə birbaşa dedi:

– Sənin tayın deyil Şahnaz. Ona görə yox ki, o bəy qızıdı, bəy bacısıdı, sən ovçu oğlu ovçusan. Güzdəkli Bayandur Böyük bəyin atası Cavanşir bəydən əskik adam olmayıb. Bunu bütün Qarabağ bilir. Güzdəkli Bayandurun iyidliyi dastanlarda söylənilir. Ona görə də yox ki, bəylə bostan əkənin tağı çiynində bitər. Sən tağı çiynində bitənlərdən deyilsən. Ona görə ki, Solaxay Həsənalının gəlini də gərək mərd olsun, ər gəlin olsun, gecə-gündüz at belində dağları, düzləri gəzməyin qədrini bilsin, qiymətini versin...

– Sən onu tanımırsan... – dedi Nicat.

Və bu zaman aşağılardan güllə səsi gəldi, hay-küy qopdu.

Səmənd ürgə ilə kəhər at atışma gələn tərəfə birgə çapdı.

Bir azdan atışma kəsdi, hay-küy yavaşıyıb yox oldu. Topxana meşəsinə, sıldırım qayalara yenə bir sakitlik çökdü və bu sakitliyi yalnız səmənd ürgə ilə kəhər atın ayaq səsi pozurdu.

Solaxay Həsənalı atın yüyənini çəkdi və kəhər at yenə də şahə qalxdı.

Səmənd ürgə də dayandı.

Ağacların arasından bir eşşək çıxıb yavaş-yavaş addımlaya-addımlaya onlara tərəf gəlirdi.

Eşşəyin üstündə adam var idi, amma bu adam eşşəyin belində tərsinə oturmuşdu, dalı qabağa idi və onun əl-ayağını kəndirlə bağlamışdılar, başına da qatıq tökmüşdülər.

Solaxay Həsənalı:

– Bahadırın işidi, – dedi.

Nicat:

– Pristav Mirzə bəydi... – deyə eşşəkdə gələn adamı tanıdı.

Solaxay Həsənalı gülümsədi və yenə də onun sifətindən bir mehribanlıq ötüb-keçdi.

– Bu iki daşın arasında qatığı hardan tapıblar belə? – Solaxay Həsənalı oğluna baxdı.

Nicat:

– Bahadır özüylə götürüb yəqin. Mirzə bəy döşünə döyürdü ki, Bahadırın axırına çatacağam Topxana meşəsində.

Eşşək eləcə ağır-ağır gəlib onların yanından ötdü. Solaxay Həsənalı eşşəyə tərəf işarə eləyib:

– Bunların belə günləri də olur... – dedi.

Eşşək ötəndən sonra üz-gözündən qatıq süzülən Mirzə bəy atlıları gördü və görməyiylə də o boyda kişinin zır-zır ağlamağı bir oldu:

– Qırdı tökdü hamımızı... – dedi. – Qaçaq Bahadır qırdı tökdü bizi... Nikolay padşahın ölən günləridi... Gəl, a ovçu, a Solaxay Həsənalı, gəl aç düşür məni, belə girməyim Şuşaya, mən də bir kişinin oğluyam, a Solaxay...

Solaxay Həsənalı daha eşşəyə tərəf baxmadı, yanında dayanmış Nicata dedi:

– Yeri get aç onu. Biz gördük, bəsdi... – Sonra kəhər atın səmtini çöndərdi və at çapa-çapa Topxana meşəsində gözdən itdi.

Karvan-karvan buludlar isə elə hey şərqə tərəf axıb gedirdi.

Cıdır düzündə gül gülü çağırırdı, bülbül bülbülü.

Qızlar Məlikşahnəzər kahasının üstündəki çəmənlikdə xalça sərmişdilər.

Şahnaz arxası üstə xalçanın üstündə uzanıb, başını mütəkkəyə qoymuşdu, əllərini başının altında çarpazlamışdı, göyə baxırdı.

Göy tərtəmiz, buludsuz idi.

Gülgəz döşəkcənin üstündə oturub dizlərini qucaqlamışdı və bu saat bütün hiss-həyəcanıyla, bütün varlığıyla Cıdır düzünün gül-çiçəyi ilə, dörd bir yanın təmizliyi, paklığı, saflığı ilə nəfəs alan Şahnazdan fərqli olaraq bu qız deyinməkdən yorulub-usanmırdı:

– Yaman pis arvaddı Fəxrəndə xanımın gətirdiyi o çörəkçi arvad. Gözəldi adı, yalançının başına dəyirman daşı! Mən ölüm, bir gözələ bax da, iti bağlasan qalmaz onnan bir yerdə. – Gülgəz özü öz söylədiklərindən cuşa gəldi, Gözəl arvadı yamsılamağa başladı: «Nədi, balam, Böyük bəyin bu boyda bağ-bağçası azlıq eləyir sizə, gedib Cıdır düzündə xalça açırsız?..».

Bir halda ki, Cıdır düzündə bu qədər gül-çiçək vardı, bir halda ki, o beləcə tərtəmiz idi, göz işlədikcə geniş idi, qurtarmaz idi, dünyanın işləri Şahnaz xanmın vecinə deyildi; qayğısız-qayğısız və gözlərini də gömgöy göydən çəkməyib soruşdu:

– Yoxsa bir şey duyub, ay qız?

– Nə bilim? – dedi Gülgəz. – Nə bilim, xanım? Pişik kimi şeydi, yerin yeddinci qatından iy çəkir... – Sonra Gülgəz də başını qaldırıb göyə baxdı. Gülgəz də gördü ki, göy necə tərtəmizdi, göz işlədikcə necə qurtarmazdı, Gülgəzin də ürəyinin sarı simi dilə gəldi. – Vallah, xanım, mənim də bəxtim bir gün açılacaq. Uşaqlıqda o qədər eşşəyə minmişəm ki...

Şahnaz xanım şaqqanaq çəkib güldü və bu saat onun bu gülüşü də bu Cıdır düzünün, bu tərtəmiz göyün bir hissəsiydi.

Gülgəz dedi:

– Axı, deyirlər qız uşağı eşşəyə minəndə bəxti açılır. Mütləq açılacaq! Görərsən, xanım! Ölmüşdü Xankişi, mənə nə olub bəyəm? – Gülgəz qoynundan kiçik bir güzgü çıxarıb üz-gözünə sığal verdi. – Göz məndə, qaş məndə... Boy məndə – Gülgəz ayağa qalxdı – İntəhası rəngim bir az qaradı... O da keçər. Qoca nənəm deyirdi ki, qara kişmişi cibə tökərlər, ağ ayranı itə...

Və Gülgəz kiçik aynanı qoynunda gizlədə-gizlədə, Şahnaz uzanmış xalçanın başına fırlana-fırlana, oxuya-oxuya sındırmağa başladı:

Adım Qara qız,

Özüm qara qız.

Eşitmərəm söz...

Gülgəz oxuyub süzdükcə Şahnaz xanım şaqqanaq çəkdi.

Və bu zaman səmənd ürgə Məlikşahnəzər kahasının ağzından burulub yuxarı çapdı.

Gülgəz qaya başına qaçdı, yoxuşu çapan atlını gördü, qışqıra-qışqıra:

– Gəldi, xanım! – dedi. – Gəldi çıxdı ovçu!..

Şahnaz xanım o saat göylərdən yerə endi, cəld ayağa qalxıb üst-başını düzəltdi və qaça-qaça qaya başına gəldi.

Nicat qızların yanında cilovu çəkəndə səmənd ürgə qabaq ayaqlarını qoşa qaldırdı, fınxırıb boynunu dartdı və bu dəm elə bil ki, Nicat Böyük bəyin ovçusu deyildi, birdən-birə nağıllardan peyda olub Cıdır düzünə gəlmişdi.

Şahnaz xanım:

– Nə olmuşdu, ovçu Pirim, niyə gecikdin? – dedi.

Gülgəz:

– Mən yazıq səhərdən otuz dəfə bura yüyürüb, kahaya boylanmışam, – dedi. Nicat atdan sıçrayıb:

– Quş tapa bilmirdim, – dedi. – Səhər Topxana meşəsində elə duman idı ki, bir addım qabağı görmək olmurdu.

Şahnaz oğlanın qolundan tutdu:

– Çıxıb gələydin...

Nicat Gülgəzə baxdı və elə bil ki, başqa adamın yanında, Şahnazın onun qolundan tutması oğlanı bir balaca karıxdırdı.

Gülgəz dedi:

– Necə gələydi?.. Ay xanım, özün bilirsən ki, Böyük bəy qırqovulsuz plov yemir.

Nicat Şahnaz xanıma baxıb gülümsədi:

– Deyəsən, axı, bəyin bacısı da qırqovulu az xoşlamır...

Şahnaz xanım da bu hündürboylu, enlikürəkli, şumal oğlana baxdı, belindəki patrondaşa baxdı və cavan xanımın gözlərində bir qürur duydu. Şahnaz xanım dedi:

– Mən qırqovulu ona görə xoşlayıram ki, gözəldir... Gün işığında hər tükü bir rəngə çalır. Gözləri yaqut kimi alışıb-yanır.

Nicat zarafat elədi:

– Plovda qırqovul tüksüz, başı da kəsilmiş olur.

Hər zarafatda bir həqiqət var, deyiblər. Şahnaz xanımın gözlərindən ani bir pərtlik, bir kin gəlib keçdi:

– Sancırsan yenə, ovçu, – dedi və əlini oğlanın qolundan çəkdi.

Bu sözləri, əllərini başının altında çarpazlayıb uzun-uzadı göyə baxan o qız demədi, bu sözləri Böyük bəyin bacısı Şahnaz xanım dedi.

Gülgəz birdən-birə bilmədi ki, nə eləsin, gah saçına sığal vurdu, kah əyniniətəyini hamarladı.

Nicat ucundan tutub ucuzluğuna getmədi, səmənd ürgənin o biri tərəfinə keçib, atın yalına bağladığı böyürtkənli uzun sünbülü götürdü – böyürtkənlər bir-bir muncuq kimi səliqə ilə sünbülün samanına keçirilmişdi – və oğlan böyürtkən düzülmüş sünbülü Şahnaza uzatdı:

– Bu sizin, – dedi. – Sənlə Gülgəzin.

Şahnaz xanım bircə anın içində yenə dəyişdi:

– Sənin kimi ceyranı gözündən vuran bir oğlanın, bax, beləcə səliqəsini görəndə az qalır ürəyim dağa dönsün, istəyirəm səni... – Şahnaz xanım sözünü demədi, qulluqçu qıza baxdı. – Gülgəz, aşpaz sənə basdırma üçün kəklikotu tapşırmadı?

Gülgəz:

– Hə, yadıma düşdü, xanım, – dedi. – Mən qaçdım kəklikotu yığmağa...

Adım Qaraqız,

Özüm qara qız,

Eşitmərəm söz...

Gülgəz oxuya-oxuya kəklikotu yığmağa qaçdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, III

Böyük bəyin bağ-bağatı bütün Qarabağda məşhur idi və bu bağda armud, alma, tut, gavalı ağaclarının arasında böyük bir meydan vardı.Güllənin açılmağı ilə Yunis bəyin göyə tolazladığı boşqabın çilik-çilik qırılıb yerə tökülməyi bir oldu.

1 dəq
Birinci hissə, IV

Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.

5 dəq
Birinci hissə, V

Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.

10 dəq
Birinci hissə, VI

İndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.

3 dəq

Başqa şairlərin şeirləri