Böyük bəyin bağ-bağatı bütün Qarabağda məşhur idi və bu bağda armud, alma, tut, gavalı ağaclarının arasında böyük bir meydan vardı.

Güllənin açılmağı ilə Yunis bəyin göyə tolazladığı boşqabın çilik-çilik qırılıb yerə tökülməyi bir oldu.

Fəxrəndə xanım əlindəki tüfəngi aşağı saldı. Yunis bəy:

– Vallah, xala, – dedi. – Qarabağın çox igidləri gərək atmağı səndən öyrənsin! Sonra Yunis bəy əyilib yerdə düzülmüş boşqablardan ikisini götürdü və cəld hərəkətlə boşqabları bir-birinin dalınca göyə tolazladı və Fəxrəndə xanım da bir göz qırpımında tüfəngi döşünə sıxıb iki güllə ilə göydəki boşqabları dalbadal çilik-çilik elədi.

Yunis bəy özünü saxlaya bilməyib bir uşaq fəxarəti ilə:

– Afərin, xala, vallah afərin! – dedi.

Çörəkçi arvad Gözəl də meydana tərəf gələ-gələ ağacların arasından göydə çilik-çilik olan boşqabları gördü və öz-özünə:

– Allah, sən saxla! – dedi. – Arvad deyil, sifətinə baxırsan, mələkdi, amma özü şiri-nərdi!.. – Sonra ağacların arasından çıxdı, çönüb ona tərəf baxan Fəxrəndə xanımı him-cimlə çağırdı.

Fəxrəndə xanım tüfəngi Yunis bəyə verib Gözəl arvada yaxınlaşdı və Gözəl arvad da can-dildən Fəxrəndə xanımın qulağına nəsə pıçıldamağa başladı.

Yunis bəy arvadlara baxdı, sonra əyilib üst-üstə yığılmış boşqablardan birini götürdü, var gücü ilə göyə vızıldatdı, sol əlində tutduğu tüfəngi elə birəlli də yuxarı qaldırıb atdı: boşqab göydə çilik-çilik olub yerə töküldü.

Fəxrəndə xanım Gözəl arvaddan ayrılıb bacısı oğluna yaxınlaşdı, iyirmi üç-iyirmi dörd yaşlarında bu gözəl oğlanı təpədən dırnağacan süzüb:

– Bax, atmaq buna deyərlər, Yunis! Sənin damarlarından Cəfərqulu xanın qanı axır, belə də olsun gərək! – dedi.

Boşqablar yenə bir-bir göyə tolazlandı və göydə də bir-bir çilik-çilik olub yerə töküldü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri