Qırmızı ayı balası
Səhifə 2 / 3 · 33%
Niyə cəllad kimi?
Artist divarı yenə də döyəcləməyə başladı – qışda soruşanda deyir ki, xalça vururam divara, bəs indi görəsən nə vurur? Nə desən vurar, lap elə-belə də döyəcləyər.
Biz hamımız nə desən edərik, ən ağla gəlməyən işlərə qadirik və bu ağla gəlməyən işlərin dərdinə tab da gətirə bilərik, yəqin elə buna görə də bu işləri edirik, hərçənd əvvəlcədən bu barədə fikirləşsək, dəhşət basar bizi.
Hər şey baş verənəcəndir – trolleybusda bir qadının ayaqlarını basdalamaq da, bir adamı öldürmək də; baş verdikdən sonra hər şey qurtarır, sınır, çilik-çilik olur hər şey.
Biz hamımız şüşədənik, çoxumuz bunu bilmirik, çoxumuz bilmirik ki, biz şüşədənik, amma biz şüşədənik, bəzimiz sınıb çilik-çilik olanda da çoxumuz bunu hiss etmir, amma sınıb çilik-çilik oluruq, sınıb çilik-çilik olandan sonra bəzən təzədən yapışırıq, bütöv oluruq, amma çoxumuz bu bütövlükdəki yapışqanı, ləkələri, xırda şüşə qırıntılarını hiss etmirik.
Bəsdir bu fəlsəfəbazlıq, heç bir fövqəladəlik də olmayacaq, heç bir cəllad da yoxdur, bu qırmızı ayı balası bu eyni duruşla, bu eyni ifadə ilə həmişəlik belə qalacaq, möcüzə yalnız nağıllarda olur, bir də televizorda quş dönüb adam olanda.
C. Səlimov qalxıb yenə mətbəxə keçdi, yenə çaynikdən su töküb əl-üzünü yudu. Təqvim yenə də göstərirdi ki, mayın on altısıdır. O, günləri bir-bir cırmağa başladı: bu 17-si, bu 18-i, bu 19-u, bu 20-si, bu 21-i – hamısı bir-birinin eyni – bu 22-si, bu 23-ü, amma nə olsun, nə mənası var, nə fərqi var ki, bu gün mayın on altısı, ya iyirmi üçü deyil, iyulun on biridir? Bu mənasızlıq, bu fərqsizlik nə qədər davam edəcək; bu otaqların canına hopmuş ölü sükut nə qədər davam edəcək; bu qalın divarların zəng həsrəti, bu bürkülü gecələrin sonsuzluğu, bu televiziya verilişlərinin, radio musiqisinin tənhalığı, küçədən ötən bu maşın səslərinin yeknəsəqliyi, bu saat çıqqıltısının ölgünlüyü, bu təqvim günlərinin eyniliyi və heçliyi nə vaxta çəkəcək; bu qırmızı ayı balası haçanacan elə beləcə oturacaq?
Axıra qədər.
C. Səlimov küçəyə baxan eyvana çıxdı. Budur, həmin sarı bina, həmin qara daş bina, həmin yeni tikinti ayrıcında dayanmış həmin milis işçisi, qarşı eyvandakı həmin güllər, həmin meynə, o biri eyvanda çeşməyini taxıb küçəyə tamaşa edən həmin qoca – yüz ildir ki, belədir, hər şey olduğu kimi. Qabaqlar bu sarı bina da belə solğun deyildi – meyit rəngli, bu qara daş bina da bu cür matəm içində deyildi, bu yeni tikintinin toz-torpağı da projektor işığında işləyən bu traktorun tırıltısı kimi gecənin bürküsünə qatışıb ürək qısmırdı, qarşı eyvandakı həmin güllər də tabutu xatırlatmırdı, katafalk deyildi, bu meynə də bu cür quru, susuz deyildi, ayrıcgahda dayanmış həmin milis işçisi də bu cür könülsüz, həvəssiz deyildi, çeşməyini taxıb eyvandan küçəyə tamaşa edən bu qoca da bu cür miskin görünmürdü; əvvəllər – yüz il bundan qabaq – indi hər tərəfi basmış bu bozluq yox idi; onda Leyla bu eyvanda gülərdi, bu otaqlardan ev iyi gələrdi onda.
Lakin bu gülüş ki, onsuz da daimi deyildi, bu iy ki, onsuz da əbədi deyildi; on il davam edərdi bu gülüş, on il gələrdi bu iy, iyirmi il davam edəcəkdi bu gülüş, iyirmi il gələcəkdi bu iy, otuz il, lap qırx il, lap əlli il, sonra? Sonra nə? Sonra heç nə.
Bu gülüşün həsrətini çəkmək, bu iyin həsrətində olmaq nə deməkdir; bu qırmızı ayı balasından qorxmaq nə deməkdir; telefon nəzərlərini daima hiss etmək nə deməkdir?
Belə-belə işlər, yoldaş mühəndis, hörmətli C. Səlimov, zavodda planı vaxtından əvvəl yerinə yetirməklə deyil, «Neftçi»nin dərdini çəkməklə də deyil; istəyirsən qiymətli başını qaldır və bu ilğımlı göyə tamaşa et və feyziyab ol özünçün, çıxart başından bütün fikirləri və ya istəyirsən gir evə, radionu yandır, qoy musiqi çalsın, sonra da bir yaxşıca oyna öz-özünə, yaxşıca da tərlə, qoy canından çıxsın bu bədlik.
Sonra divar saatı dördü vurdu, yəni saat dörd idi, yəni artıq saat ona işləyirdi.
C. Səlimov otağa girib işığı söndürdü və divanda uzandı: və səhər durub işə getmək, sonra yenə evə qayıtmaq, sonra yenə bu qırmızı ayı balası ilə üz-üzə oturmaq, yenə bu qonşunun divarı döyəcləməsinə qulaq asmaq və yenə də səhər durub işə getmək.
Sonra ona elə gəldi ki, otaqda nə isə bir yenilik var, nə isə təzə bir səs gəlir – bu, ağcaqanad idi, vızıldayırdı, sonra səsi kəsildi, yəqin pəncərədən çıxdı.
Akvarium almaq lazımdır, cürbəcür balıqlar da alıb buraxasan içinə, üzsünlər özləri üçün – səhər, axşam.
Ya da qəfəsdə bülbül saxlamaq olar.
Mətbəxdəki soyuducu yenə tırıldamağa başladı, bir azdan yenə sakitləşəcəkdi, sonra yenə tırıldamağa başlayacaqdı.
Artist daha bu divarı döyəcləmir, yəqin o biri divarları döyəcləyir. Qışda soruşanda deyir ki, divara xalça vururam, bəs bu yayın cırhacırında nə edir görəsən?
Sonra istədi ki, heç nə fikirləşməsin, gözlərini yumub bütün fikirləri başından elədi; doğrudan da, heç nə fikirləşmirdi, amma yata da bilmirdi, nə isə hiss edirdi, nə isə duyurdu və lap dərinlikdə bunu da hiss edirdi ki, bu «nə isə» həmin durğunluqdur, həmin boşluqdur, həmin eynilikdir.
Sonra ona elə gəldi ki, yatıb, durub soyunmaq, yataq otağına keçmək lazım deyildi, ona elə gəldi ki, bax, beləcə yatacaq səhərə kimi. Amma heç özü də bilmədi ki, necə ayağa qalxdı birdən-birə; birbaş bayır qapısına tərəf getdi və özü öz zəngini basdı; yenə elə bil bu qalın divarlar heyrətə gəldi, bu qaranlıq otaqlar heyrətə gəldi, elə bil silkələndi bu divarlar, elə bil bir anlıq canlandı bu qaranlıq otaqlar; amma bu an çox qısa oldu, çox dayanmaz oldu, bir göz qırpımlıq oldu, otağın işığını yandıran kimi çıxdı getdi işinin ardınca həmin an, çünki C. Səlimov işığı yandıran kimi eyni təbəssümlə, eyni duruşda kreslonun üstündə oturmuş qırmızı ayı balasını gördü və bu eyni duruş, bu eyni ifadə həmin anı bir ildırım sürətilə qovub çıxartdı otaqdan.
C. Səlimov birdən-birə özündə heç vaxt, heç zaman hiss etmədiyi bir qətiyyət hiss etdi – bu, dəhşət idi – o, qırmızı ayı balasının pambıq qolundan yapışdı, sonra müqəvvanı şifonerin içindəki pal-paltarın arasına atdı və şifonerin qapısını açarla bağladı.
Bu, C. Səlimovun çox yaxşı yadındadır ki, qırmızı müqəvvanı – ayı balasını şifonerin içindəki pal-paltarın arasına atdı və şifonerin qapısını açarla bağladı; həmin qəribə hadisəni sonralar Şəfiqəyə danışarkən, bunu lap dəqiq xatırlamışdı; bu əhvalatı Şəfiqədən başqa heç kimə danışmamışdı, çünki Şəfiqədən başqa heç kim bu əhvalata inanmazdı.
O, işığı söndürdü və əvvəlki kimi divanda uzandı. Lakin bu dəhşətli qətiyyət ondan əl çəkmirdi, onun bütün bədənini titrədirdi, o özü də qəlbinin lap dərinliklərində bu qətiyyətin ehtirasından vahimələnirdi.
Yox! Yox! Yox! Belə davam edə bilməz. Hər şeyi qurtarmaq lazımdır. Birdəfəlik. Birdəfəlik! Getmək lazımdır. Buradan çıxıb getmək lazımdır. Həmişəlik. Hər şeyə son qoymaq lazımdır. Hər şeyə birdəfəlik son qoymaq lazımdır. Başqa şəhərə, başqa yerə. Hər yerdə iş tapılar. Cəhənnəm olsun bu ev, bu qalın divarlar, bu bürkülü gecənin bozluğu.
Qoy Şəfiqə də, Leyla ilə həmişəlik 22-76-84-də qalsın, görünür, belə olmalıymış. Lap bu gün getmək lazımdır, lap bu saat, lap indicə.
Uzaqlara, ən uzaqlara.
C. Səlimov sıçrayıb ayağa qalxdı, heç özü də bilmədi, necə siqaret yandırdı, əlinə keçənləri necə portfelinə yığdı və otaqdan çıxdı və bayır qapısını öz ardınca çırpdı və sürətlə pillələri aşağı düşdü.
O, maşına minmədi, iri addımlarla birbaş vağzala getdi və indi adını xatırlamadığı uzaq bir yerə bilet aldı.
O bu vağzalda bu cür bürkülü axşamlarda çox adam yola salmışdı, onun özünü də buradan çox yola salmışdılar, amma o, qətiyyən fərqinə varmırdı ki, bu saat heç kim onu ötürmür, onun getməyindən heç kimin xəbəri yoxdur – heyfslənmirdi, çünki bilirdi ki, həmişəlik gedir, bilirdi ki, bir daha buraya qayıtmayacaq, bilirdi ki, heç bir yaxın adamın, heç bir tanışın üzünü bir daha görməyəcək; o buna yüz faiz əmin idi; əslində o, artıq bu ehtiraslı qətiyyətilə bir kişi kimi fəxr edirdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qirmizi-ayi-balasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Əkrəm Əylislinin anasıParis hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara?O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən?
Üç xatirəI fəsilAxşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf baxdıq. İndi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı.
Birinci hissə, Iİlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı»pyesinin motivləri əsasında yazılmışdır.
Başqa şairlərin şeirləri
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Sevgi ilham kimidirSevgi ilham kimidir:Təmiz, yüksək, müqəddəs...
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.