Qırmızı ayı balası
Səhifə 3 / 3 · 67%
Qatar gəldi. C. Səlimov adamların arası ilə öz vaqonuna tərəf getdi. Həmin qəribə əhvalat da bu zaman baş verdi.
Əvvəlcə C.Səlimov hiss etdi ki, perronda nə isə bir çaxnaşma əmələ gəlib, sonra hay-küy qalxdı, sonra camaat bir-birini itələyərək o tərəf-bu tərəfə qısılmağa başladı. C. Səlimov təəccüblə çevrilib arxaya baxdı və yerində donub qaldı.
Qırmızı ayı balası tövşüyə-tövşüyə düz onun üstünə gəldi.
C. Səlimov ətrafındakı adamlara baxdı, sonra nə isə etmək istədi, amma heç nə edə bilmədi; qırmızı ayı balası ona çatıb iki ayağı üstə qalxdı, C. Səlimovun əllərini yalamağa başladı.
Perrondakı bütün adamlar onları dövrəyə almışdılar və hamı da bu ayı balasının qırmızı rənginə heyrət edirdi.
C. Səlimov isə bilirdi ki, ayı balası qırmızı olar.
Qırmızı ayı balası öz yöndəmsiz pəncələri ilə C.Səlimovun qolundan yapışıb çıxış qapısına tərəf çəkirdi, qabağında dombalaq aşırdı, dilini çıxarıb onun əllərini yalayırdı, zingildəyirdi, sonra yenə də ehmallıca onun qolundan yapışıb qapıya tərəf çəkirdi.
Onları dövrəyə alan adamlar qatarı tamam yaddan çıxarmışdılar, bu əcaib rəngli yekə ayı balasının canbazlığına heyrət edirdilər.
Bu canbazlığa heyrət etməyən yeganə adam C.Səlimov idi; o bu qırmızı ayı balasını tanıyırdı; o bilirdi ki, bu qırmızı ayı balası nə istəyir; o nə heyrət edirdi, nə təəccüblənirdi, nə də başını itirmişdi, təkcə qəlbinin lap dərinliklərində nə isə anlaşılmaz bir hiss keçirirdi; onun həmin ehtiraslı qətiyyəti də tamam yox olub getmişdi; əslində bu qətiyyət indi gülünc bir keçmişə çevrilmişdi; o elə sakit idi ki, elə bil bir belə camaatın arasında vağzalda ayı ilə görüşmək çox adi bir iş idi; elə bil qırmızı ayı balası həmişə beləcə onun əllərini yalayıb, bu ayı balasının isti nəfəsini həmişə beləcə yaxından hiss edib.
Küçədəki adamlar dayanıb dördayaq, atıla-atıla qabaqda gedən qırmızı rəngli ayı balasına və gülə-gülə bu ayının ardınca gedən C. Səlimova baxırdılar; hamını heyrət bürüyürdü: bu rəngdə də ayı olar? Onlar bilmirdi ki, ayı balası qırmızı olar.
Pillələri yuxarı qalxdılar və Səlimov qapını açdı və onlar içəri girdilər, sonra C. Səlimov dəhlizin işığını yandırdı, sonra yenə axırıncı dəfə özü öz zəngini basdı, amma nə bu qalın divarlar heyrət etdi, nə də otaqlar donub qaldı; sonra otağın işığını yandırdı: qırmızı ayı balası yenə də öz yerində – kreslonun üstündə oturmuşdu, şifonerin qapısı isə açıq idi.
Divar saatının səsi də daha ölgün deyildi, azad və sərbəst idi, hərçənd cəmi-cümlətanı yeddiyə işləyirdi, yəni saat on ikiyə qalırdı.
Sonra C. Səlimov telefonun dəstəyini götürdü: 22-76-84.
... Səhəri gün bütün Bakının uşaqları danışırdı ki, dünən gecə qırmızı rəngli bir ayı balası şəhəri dolaşırmış: möcüzədir!
Amma uşaqlar bilmirdi ki, möcüzə təkcə nağıllarda olmur.
Sentyabr, 1969.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qirmizi-ayi-balasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Əkrəm Əylislinin anasıParis hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara?O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən?
Üç xatirəI fəsilAxşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf baxdıq. İndi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı.
Birinci hissə, Iİlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı»pyesinin motivləri əsasında yazılmışdır.
Başqa şairlərin şeirləri
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Sevgi ilham kimidirSevgi ilham kimidir:Təmiz, yüksək, müqəddəs...
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.